Ömər Faiq Nemanzadə - dil və mətbuat
fədaisi...
"Tərcüman" qəzetinin 7 yanvar 1900-cu il tarixli ilk sayında 28 yaşlı gənc Ömər Faiq Nemanzadə "Axalsıxdan xatirələr" məqaləsində yazırdı":Cənab mühərrir! Camaatımız çox rahatdır. Nə yeni məktəbimiz var, nə də əski! Camaatımız mərhəmətlidir. Sənət məktəbinin bir xeyli xərcini çəkib erməni, yəhudi və gürcü ətfalını məccani oxutdurur.
Camaatımız qənaətlidir. Öküz və eşşək işlərindən qeyrilərə baxmazlar. Bu səbəblə uyezdlərimizdə bir müsəlman dəmirçisi, yemənçisi bulunmaz. Amma kiçik bir köydə, məsələn, Azqurda müsəlmanların parası ilə keçinən beş böyük meyxana, altı qəhvəxana var. Bu hesabca qırx min cana bir üsul-cədid məktəbi düşdüyü halda, iyirmi evə bir meyxana ilə iki qəhvəxana isabət edir. Maarifimiz də o dərəcədədir ki, dörd saatlıq yol olan Qori darülmüəllimində bizdən ancaq bir müsəlman var. Camaata rəhbər olacaq dövlətlilərimiz, bəylərimiz az deyil. Heyf ki, maarifə, millətə olan hümmətləri pək azdır. Bu səbəbdən camelərimiz viran, məktəblərimiz pərişan, halımız yamandır". Milli qeyrət nümunəsi olan bu məqalə gənc publisist və jurnalistin maarifçilik sahəsində atdığı böyük addımlarından biridir. O dövrdə xalqının maariflənməsi işinə can yandıran qüdrətli qələm adamı bunu elmdə, təhsildə, mətbuatın inkişafında görürdü.
Tədqiqatçılar yazır ki, Ömər Faiq 24 dekabr 1872-ci ildə Gürcüstan Respublikasının Ahıska (Axalsıx) qəzasının Azqur kəndində anadan olub. O, ilk təhsilini kənd camesində alır və anasının təkidi ilə 1882-ci ildə İstanbula gedir, "Fateh" məktəbində təhsilini davam etdirir. Təbiət elmlərinə həvəsi olduğuna görə sonradan "Darüş Şəfəq" məktəbinə daxil olur. Həmin məktəbi bitirdikdən sonra (1891) Qalata poçt və teleqraf idarəsində əmək fəaliyyətinə başlayır. O burada qəzet və jurnallar vasitəsilə Avropadakı demokratik ruhlu türk mühacirlərinin əhval-ruhiyyəsi və türk inqilabçı şairlərin bədii yaradıcılığı ilə yaxından tanış olur. Bir müddətdən sonra Sultan istibdadına qarşı gizli çalışan cahillərə (cavanlara) qoşulur. Tədqiqatçılar yazır ki, Ahıskada milli münasibətlərin kəskinləşməsi dövründə (1894) vətənə qayıdır. İnqilabi dünyagörüşlü ziyalı kimi yetişmiş Ömər Faiq maarif və mədəniyyət sahəsində Azərbaycanın demokratik ruhlu vətənpərvər oğullarına qarışıb ömrünün axırına kimi biliyini və bacarığını xalqın azadlığı uğrunda mübarizəyə yönəldir. Ömər Faiq 1894-cü ildə Şəkidə ilk üsuli-cədid məktəbində dünyəvi elmlərdən dərs deyib və İstanbuldan gətirdiyi açıq fikirli əsərləri xalqa paylayıb oxutdurub. O burada M.F.Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah" pyesini səhnə üçün hazırlayır, Müsyö Jordan rolunda özü çıxış edir. 1896-cı ilin yazında xəstəliyi ilə əlaqədar Ömər Gəncəyə, oradan da Hacıkəndə gedir, orada İstanbuldan gələn Məhəmməd Əfəndi ilə yaxından tanış olur. Mətbuat tarixçiləri qeyd edir ki, Məhəmməd Əfəndi oradakı gənc müəllimlər və yazıçılara təsir edib. Ömər Faiq 1896-1898-ci illərdə xəstəliyinə görə Abastumanda və Azğurda qalır. Ahıskada milli məktəb açmaq fikrinə düşən Ömər Tiflis maarif müdirinə ərizə yazıb ondan: "Lazımsa, şkolada (məktəbdə) oxudun, ayrıca türk məktəbi olmaz" cavabını alır.
Tədqiqatçılar bildirir ki, Tiflisdən müfti və şeyxülislama şikayətlənib "Rusiyadakı türklərlə Türkiyədəki rum və ermənilər arasında hüquqca böyük bir fərq olduğunu" söyləyib. Ömər Faiq milli hüquqları müdafiə məqsədilə "hər millətin mədəniyyətə və maariflənməsinə haqqı var və bu haqqı hər yerdə, hər zaman saxlamalıdır" deyir.
Xəstəlikdən sağalıb o, 1898-ci ildən 1900-cü ilə kimi Şəkidə came məktəbində müəllim işləyib. Orada dini dərslərin tədrisini azaltmaqla hesab, coğrafiya, tarix və dil fənlərini tədris edib. 1900-cu ildə Ömər Faiq ictimai həyatda fəal məşğul olmaq üçün Bakıya gəlir.
Bakı şəhərində milli məktəblərin yox dərəcəsində olduğunu, müsəlman xalqının acınacaqlı bir şəkildə yaşamasını görən Ömər Faiq "Əgər Tağıyevin açdığı qız məktəbini görməsəydim Bakının türk maarifi üzərinə qara bir cizgi çəkəcəkdim" deyib.
Onu da qeyd edək ki, Ömər Faiq 1900-cu ildə Şamaxıya gəlir. O burada milli məktəbin təşkil edilməsinə yaxından yardım edir və tarix, coğrafiya, hesab və türk dilindən dərs deyir. 1902-ci il yanvar ayının 31-də Şamaxıdakı güclü zəlzələdən sonra Ömər Faiq Tiflisə gedir. Mətbuat tarixçiləri yazır ki, Ömər Faiq 1903-cü ilin mart ayının 30-da nəşrə başlayan "Şərqi-rus" qəzetində Məhəmməd ağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Səməd ağa Qayıbov, Üzeyir Hacıbəyov, Rəşid İsmayılov, Əsəd Babayev, Yusif Əfəndizadə ilə bir yerdə işləməyə başlayıb. Bu qəzet Qafqazda ilk dəfə olaraq nəşr olunan siyasi və ictimai gündəlik türk qəzeti olur.
Bir sıra maddi çətinliklərdən sonra 1906-cı ildə ilk dəfə "Molla Nəsrəddin" jurnalı nəşr edilir. Jurnalın təsis edilməsində və onun nəşrində Cəlil Məmmədquluzadə və Ömər Faiqin müstəsna rolu olub. "Molla Nəsrəddin"də yalançı hürriyyətpərəstlərə qarşı yazdığı məqaləsində o deyirdi: "Əgər hürr yaşamaq istəyiriksə, dəliqanlı cavanlarımızı qurban verməliyik. Qurban verdikdən sonra isə onları ağlamaqla, uzun yas saxlamaqla özümüzü taqətdən salmamalıyıq. Dübarə qurban verməməliyik, təki, hürriyyət xalqın qanı ilə qazandığı halal malı olsun. Əgər oturub gözləsək və başımızı boş danışıqlarla qarışdırsaq, dilimizdə hürriyyət sözü bitsə də, onun bəhrəsi olmayacaq".
O, başqa bir məqaləsində isə belə yazırdı: "Sən ey türk! Nə əqidədə, nə məsləkdə olursan-ol, həmişə türksən! Sən gərək biləsən ki, dünyada hələ şiə, sünni, babı, şeyxi adları yox ikən sən var idin... Ey özündən xəbərsiz türk! Mədəniyyət əsrləri, nizam, idarə və asayiş üsulu "yasaq" qanunları hənuz Bağdad, Şam, Paris və Londonda yox ikən, sənin yurdunda var idi. Sənin öz dadlı dilini cığırından çıxarıb bugünkü acınacaq hala salan ərəb əlifba və yazısından əvvəl sənin göyçək əlifba və yazın var idi. Bəsdir, bəsdir, ey türk! Bir az ayıl... Əl-ayağını bir az tərpət! Vücudunu, varlıq ağacını soran, korlayan tikanları, sarmaşıqları, yad ağacların yarpaqlarını, budaqlarını qır at, qurtul. Vücuduna günəş, hava dəysin! Başını bir az yuxarı qaldır, öz varlığının, öz vücudunun qiymətini bil! İndiyə qədər yadlar üçün, özgə varlıqlar, özgə vücudlar üçün özünü həlak etmisən. Barı bundan sonra da olsa, ayıl, özünə gəl, öz gününə çalış!"
Mətbuat tarixçiləri qeyd edir ki, 1911-ci ildə C. Məmmədquluzadə Tiflisə, jurnalın müvvəqəti redaktoru Məmmədəli Sidqiyə göndərdiyi məktubda yazırdı: "Əzizim Məmmədəli! Bunu sənə əvvəllər də istəyirdim yazım ki, Faiq Əfəndi bundan sonra oranın sahibi-ixtiyarıdır, hərtərəfli".
Ömər Faiq təkcə "Molla Nəsrəddin" jurnalında deyil, eyni zamanda, o dövrdə çap edilən bir sıra qəzet və jurnallarda ("Açıq söz", "Tərəqqi", "İrşad", "Həyat", "Rəncbər", "Adıgün kolxozçusu", "Kommunist", "Qızıl bayraq", "Bağban" və s.) çıxış edib. Yazıları Ömər Faiq Nemanzadə, Ümidvar, Ümid, Faiq Nemanzadə, Lağlağı, Mozalan və s. ad və təxəllüslərlə çıxıb. Ömər Faiqin dövrün bir sıra mühüm ictimai-siyasi məsələləri haqqında müxtəlif mətbuat orqanlarındakı fəaliyyəti onu müasirlərinə yetkin qələm sahibi kimi tanıdır və sevdirir. Ömər Faiq Ahıskada erməni və gürcü dəstələrinin terror fəaliyyətini öz gözləri ilə görür. Onun bir sıra məqalələrindən aydın olur ki, Gürcüstanda səs salan "Gürcü işi" adlı əməliyyatın başlanması ilə əlaqədar o dərhal öz ictimai-siyasi fəaliyyətini dayandırır, həmin vaxtdan Gəncəyə köçüb fəaliyyətə başlayır, qəzet və jurnallarda tez-tez məqalələrlə çıxış edir. Ömər Faiqin ən fəal işlərindən biri 1917-1920-ci illərdə Ahıska (Axalsıx) bölgəsindəki fəaliyyəti olub. O, Cənub-Qərbi Qafqazda ilk müstəqil türk respublikası "Ahıska hökuməti-müvəqqətəsi"nə hökumət rəisi seçilib. Altı aydan sonra menşeviklər Gürcüstanı ələ keçirib və bu respublika ləğv olunub. "Cənubi-Qərbi Qafqaz hökuməti" yıxıldıqdan sonra o, Gürcüstan menşevik hökumətindən Ahıska və Ahılkələk əyalətlərinə muxtariyyət tələb etməyə başladı. Lakin bu arzusu həyata keçmədi. Əvəzində menşeviklər tərəfindən üç dəfə həbs olunub Metex qalasına salındı, lakin xalqın tələbi ilə yenidən azadlığa buraxıldı.
Onu da qeyd edək ki, Ömər Faiq 1920-ci ildə Gəncə Zəraət (kənd təsərrüfatı) Texnikumunun direktoru işləyib. O, 1920-1921-ci illərdə "Zəhmətkeşlərin gözü" jurnalının redaktoru, bir az sonra "Yeni fikir" redaksiya heyətinin üzvü seçilir. Sonra Gürcüstanda müsəlman işləri üzrə komitənin sədri təyin edilir. İnqilab illərində Ömər Faiq dəfələrlə həbs edilir. O, 1923-cü ildə Azərbaycana gəlib və 1924-cü ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığında işə düzəlib. O dövrdə dərsliklərin hazırlanmasına və onların çap edilməsinə yardım edir. Ömər Faiq Nemanzadə 1937-ci ildə Stalin repressiyasının qurbanı olur.
Ömər Faiq Nemanzadə böyük "Mollanəsrəddin"çi kimi tanınır. Dövrünün fəal qələm adamlarından olan Ömər Faiq Mirzə Ələkbər Sabirin şeirinin də qəhrəmanı olub. M.Ə.Sabirin həm Çar Rusiyası, həm də Abdulhamit dövrünün Osmanlısı tərəfindən inqilabçı fikirlərinə görə təqib olunan Ömər Faiq Nemanzadəyə yazdığı şeiri:
Söyləmədimmi sənə rahat otur, heyfsən,
Çəkmə bu millət qəmin, çək özünə keyf sən.
Xana deyildir sənin, getməlisən, zəifsən,
Eyləmədin
etina, qissə haman oldumu?
Şimdi sənə mən deyən mətləb hasil
oldumu?
Faidə
verməz dedim etdiyin əfqan sənə,
Halına yandıqların eyləməz ehsan sənə.
Məskən
olur aqibət guşeyi-zindan sənə,
Guşeyi-zindan sənə iştə məkan oldumu?
Şimdi sənə mən deyən mətləb hasil
oldumu?
Mətbuat
tarixçiləri bildirir ki, XX əsr Azərbaycan
publisistikasının inkişafında böyük xidmətləri
olan şəxslərdən biri də görkəmli jurnalist,
molla nəsrəddinçilərin ideya rəhbərlərindən
biri, C.Məmmədquluzadənin yaxın dostu və məsləkdaşı
Ömər Faiq Nemanzadə fəal ziyalı kimi ölkədə
baş verən ictimai-siyasi və mədəni hadisələrin
fəal iştirakçısı olub. Mətbuat
tarixçiləri yazır ki, xalqın maariflənməsi və
azadlığı uğrunda yorulmadan mübarizə aparan
Ömər Faiq cəmiyyətdə gördüyü
nadanlığı, savadsızlığı və ədalətsizlikləri
qələmə alaraq müxtəlif ədəbi məcmuələrdə
dərc etdirirdi. 1905-ci ildə isə Ö.F.Nemanzadə
Tiflisdə "Qeyrət" mətbəəsi
açmağa nail olur. Adından
göründüyü kimi, müəllif əqidəli, Vətən,
millət təəssübü çəkən yurddaşlarını
milli dirçəliş və milli birlik uğrunda qeyrət
göstərməyə çağırırdı.
Tədqiqatçıların bildirdiyinə görə,
Ömər Faiq Nemanzadə cəsarətli bir publisist kimi
1906-cı ildən 1917-ci ilə qədər "Molla Nəsrəddin"
jurnalının məsul katibi olur. Professor Əziz Mirəhmədov
Ömər Faiqin bu ədəbi məcmuələrdəki fəaliyyətini
qiymətləndirərək yazırdı ki,
gördüyü işin böyük əhəmiyyətini dərindən
dərk etdiyi üçün Faiq bütün
varlığını, bacarıq və qüvvəsini bu
işə verirdi: "İstər "Qeyrət"in, istərsə
də "Molla Nəsrəddin"in fəaliyyəti
dövründə o, dostu Mirzə Cəlillə əl-ələ
verib irticanın hücumlarını dəf edib, lazım gəldikdə
hətta qaragüruhçularla açıq mübahisə və
mübarizəyə də qoşulub. Faiq
dostundan çevikliyi, yorulmazlığı, tez ünsiyyət
bağlamaq xüsusiyyəti ilə də seçilirdi".
Tədqiqatçılar
qeyd edir ki, başqa molla nəsrəddinçilər kimi
Ömər Faiq də təhqirlərə, təqiblərə,
təhdidlərə və həbs olunmasına baxmayaraq, öz
kəsərli qələmi ilə ictimai həyatda və
xalqın maariflənməsində inamla mübarizə
aparırdı. Ö.F.Nemanzadənin ədəbi yaradıcılığı
geniş və çoxşaxəlidir: bura mətbəəçilik
və redaktorluqdan tutmuş, müxtəlif ədəbi dərgilərdə
şeir, hekayə, məqalə, felyeton və s. janrlarda
yazıb yaratması və maarifçilik sahəsində
apardığı işlər daxildir. Mətbuat tarixi ilə
bağlı keçən yazılarımızda da qeyd edirdik
ki, Ö.F.Nemanzadə "Şərqi-rus", "Tərcüman",
"Molla Nəsrəddin", "İrşad", "Həyat",
"Açıq söz", "Sərvəti-fünun"
və s. ədəbi məcmuələrdə çap olunub.
Bu məqalə və felyetonları o, 40-dan çox, o cümlədən
"Heyrani", "Məşrutəçi",
"Lağlağı", "Ümidvar",
"Ümid" imzaları ilə çap etdirib. Tədqiqatçılar yazır ki, həyatda
rastlaşdığı bütün çətinliklərə
baxmayaraq, bu vətənpərvər jurnalist xalqın xoşbəxt
gələcəyinə ümidlə baxırdı. Bəllidir ki, dövrün qabaqcıl ziyalısı
kimi o, öz xalqını dünyanın ən mədəni xalqları
səviyyəsində görmək arzusu ilə yaşayır
və nicat yolunu elmdə, təhsildə, xalqın maariflənməsində
görürdü. Başqa millətlərin irəli
getdiyi halda, o, "müsəlmanlarda bir tərpəniş"
görmür, daxili bir təəssüf və narahatlıq
hissi keçirərək yazırdı: "Qiyamətə qədərmi
kor gəlib, kor gedəcəyiz? Qafil doğub,
qafil öləcəyiz? Boynumuzdakı bu
ağır cəhalət zəncirlərini, qəflət
yüklərini məhşərə qədərmi
sürükləyib götürəcəyiz?"
Ömər Faiq zəmanəsinin bütün
insanlarını-şeyxülislamları, müftiləri,
qazıları, mollaları, axundları, müəllimləri,
qulluqçuları "geri qalan camaatın dərdinə
qalmağa", öz mənəvi suverenliyi uğrunda
mübarizəyə çağırırdı. Özgə millətlər,
dünya gündən-günə dəyişib inkişaf
etdiyi halda mübariz publisist özünəməxsus daxili bir
yanğı ilə yazırdı: "Əsil islamiyyətdən,
zəmanənin təqazasından bixəbər yatırıq,
halbuki, zaman dəyişir, dünya dəyişir, hər zərrə
dəyişir. İnsaf və mürvətmidir
ki, bizlər hər şeydən də dışarı olaq?
Dəyişməli, biz də mütləq
dünyəvi əməllərimizi, göz görə təhlükələrə,
səfalətlərə sürükləyən köhnə
adətlərimizi, cahilanə fikirlərimizi, əməllərimizi
dəyişməliyik. Və illa özgələr
bizləri bütün özgə yolda dəyişdirib yox edərlər".
Maarif və mədəniyyəti inkişaf etdirməyin ən
birinci şərtini o, kitab və qəzetlərdə-mətbuatda
görürdü. Onun fikrincə, "hər millətin mədəniyyət
və qüvvəti mətbəələrin sayı ilə
mütənasibdir".
Ömər
Faiq məqalələrindən birində yazırdı:
"Ay mənim sevgili məzlum millətim, vaxtdır oyanaq,
vaxtdır iş görək". Tədqiqatçılar
yazır ki, Ö.F.Nemanzadənin publisistik
yaradıcılığında dil məsələlərinə
həsr etdiyi məqalələri xüsusi yer tutur. Qeyd edilənə görə, o, mübariz bir mətbuat
işçisi, vətənpərvər ziyalı kimi daim Azərbaycan
dilinin təmizliyi keşiyində dayanıb və bu sahəyə
aid bir sıra məqalələr yazıb çap etdirirdi.
Tədqiqatçılar onu da yazır ki, Ömər
Faiqə görə, milləti sevməyin birinci əlaməti
onun dilini sevməkdir. Professor Şamil Qurbanov
yazırdı: "Milli dil problemi onun
yaradıcılığında başlıca yer tuturdu. Bu da təsadüfi deyildi. Çünki
XX əsrin Azərbaycan ziyalılarının əsas
mübarizə hədəflərindən biri də milli dilə
xor baxan, ona biganə olanlar idi. Ana dilinə olan məhəbbətin
ifadəsidir ki, Ömər Faiq yazırdı: "Dil
yoxluğu millət yoxluğudur", "Mən inanmıram
ki, dilini sevməyən xalqını sevsin", "Məhəbbətlərimizin
ən üst qatına dil məhəbbətini
çıxarmalıyıq" və s. "Yazımız,
dilimiz", "İkinci il"imiz adlı məqaləsində
müəllif dilimizin ahəng qanununu inkar edib, onu ərəb-fars
qəlibinə salmaq istəyənlərə tutarlı cavab
verirdi. Dilimizdə əsl öz sözlərimiz olduğu
halda, alınma sözlərin işlədilməsinə öz
etirazını bildirirdi: "Biz deyirik: çox heyflər
olsun ki, dilimizin yarısını ərəb və fars sözləri ilə doldurub bizi dilsiz və
bədbəxt etmişlər. Elm və mərifətin
camaat arasında yayılmağına böyük əngəl
olmuşlar. Dilimizi genişləndirərkən,
qaşımızı qayırarkən gözümüzü
çıxarmışlar".
"Eşq
və məhəbbət" məqaləsində Ömər
Faiq qeyd edir: "Dilimiz dünyadakı asan və gözəl
dillərdən biridir".
Ana dilimiz haqqında belə dəyərli fikir söyləyən
Ömər Faiq həm dil, həm millət, həm də mətbuat
fədaisi olub.
İradə SARIYEVA
Bakı xəbər.-2015.- 22 iyul.- S. 15.