Milli dövlətçilik və mətbuat
tariximizdəki simalar - Əli bəy
Hüseynzadə...
İctimai fikir, mətbuat, ədəbiyyat, dövlətçilik tariximizdə elə işıqlı şəxsiyyətlər var ki, onlar bütün zamanlarda mənən xalqın yanında, daxilində, ürəyində olur. Özləri getsə də, miras qoyduqları sərvət dünya durduqca xalqına gərək olur. Azərbaycan tarixində iz qoyan bu şəxsiyyətlər xalqın qan yaddaşında, mənəvi dünyasında, mədəni həyatında sönməz bir işıq kimidir. Bu əbədi işıqlardan biri Əli bəy Hüseynzadə-Turandır.
Türk dünyasının böyük oğlu fəaliyyəti, yaradıcılığı boyu Azərbaycan xalqının, bütövlükdə türk dünyasının, turan elinin arxa-dayağı olub. Görkəmli Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri olan Əli bəy Hüseynzadə uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərib. Tədqiqatçıların yazdığına görə, o bu sahələrin hər birində özünəməxsus iz qoyub. Mətbuat tədqiqatçıları və Əli bəy Turanın irsini öyrənənlər qeyd edir ki, XX əsr Azərbaycan mətbuatı və publisistikası sahəsində müstəsna xidmətləri misilsizdir.
Tədqiqatçıların yazdığına görə, Əli bəy Hüseynzadə 1864-cü il 24 fevralda Salyanda anadan olub. Kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Tiflisə köçür. Atasını erkən itirən Ə.Hüseynzadə o zaman Qafqaz şeyxülislamı olan babası axund Əhməd Səlyaninin himayəsində böyüyür. 1875-ci ildə Tiflis Gimnaziyasına daxil olur, 1885-ci ildə isə bu təhsil ocağını bitirir. Tədqiqatçılar yazır ki, ədib uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənir.
Onu da qeyd edirlər ki, Əli bəy Hüseynzadə babası Şeyx Əhməd ilə onun dostu - Azərbaycan dramaturgiyasının banisi, ictimai xadim Mirzə Fətəli Axundovun (1812-1878) söhbətlərindən faydalanır və onların tərbiyəsi altında zamanının ədəbi çevrəsini tanıyıb. Tədqiqatçıların bildirdiyinə görə, gimnaziyada təhsil aldığı dövrdən etibarən türkcəyə, türkçülüyə və Türkiyəyə dayanmaq gərəkliyi fikrinin yaranmasında Şeyx Səlyaninin və Mirzə Fətəli Axundovun böyük təsiri olub.
Tədqiqatçılar qeyd edir ki, görkəmli ictimai xadim Ziya Gökalp (Göyalp-İ.S) (1876-1924) Əli bəy Hüseynzadədən bəhs edərkən onun Rusiyadakı millətçilik cərəyanlarının təsirilə türkçü olduğunu, kollecdə ikən gürcü gənclərindən son dərəcə millətsevər olan bir yoldaşının ona millət sevgisini aşıladığını yazıb. Əli bəy Hüseynzadə babası Qafqaz şeyxülislamı Əhməd Hüseynzadənin və Mirzə Fətəli Axundovun tərbiyəsi, onların söhbətlərinin təsiri altında böyüdüyü üçün şübhəsiz ki, onda artıq millət sevgisi uşaqlıqdan formalaşıb. Tədqiqatçılar yazır ki, Hilmi Ziya Ülkənin qeyd etdiyi kimi, türkçülüklə bağlı fikirlərin formalaşmasında Əli bəy Hüseynzadəyə bu iki şəxsiyyətin böyük təsiri olub. Mirzə Fətəli Axundov Ziya Gökalp tərəfindən də böyük türkçü kimi qəbul edilib. Bu faktlar Ziya Gökalpın Əli bəy Hüseynzadə haqqında yazdıqlarını təkzib edir.
Tədqiqatçılar yazır ki, Ziya Gökalp Rusiyadan İstanbula gələn Əli bəy Hüseynzadənin Tibbiyyədə türkçülüyün əsaslarını izah etdiyini, "Turan" adlı şeirinin turançılıq (pan-turanizm) ideologiyasının ilk görünümü kimi dəyərləndirir. 1885-ci ildə Sankt-Peterburq Universitetinin riyaziyyat fakültəsinə daxil olub, həm də Şərq fakültəsində görkəmli professorların mühazirələrini dinləyib. Burada dövrün məşhur elm xadimləri - Dmitri Mendeleyev, Yeqor Vaqner, Nikolay Menşutkin, Nikolay Beketov, Valentin Jukovski və başqalarından dərs alan Ə.Hüseynzadə imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərlə də yaxından tanış olur, "xalqçılar" hərəkatına rəğbət bəsləyir. Bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalır. Rusiya imperiyasının paytaxtındakı ictimai-siyasi təlatümlərlə əlaqədar olaraq Ə.Hüseynzadə Türkiyəyə, İstanbula gəlir və burada darülfünunda əsgəri-tibbiyyə fakültəsində tədris almaqla dermatoloq ixtisasına yiyələnir və yüzbaşı hərbi rütbəsi qazanır. 1897-ci ildə o, Qırmızı Aypara Cəmiyyəti heyətinin tərkibində İtaliyaya gedir. Üç ildən sonra geri qayıdaraq müsabiqə yolu ilə İstanbul Darülfünunda əsgəri-tibb fakültəsində professor köməkçisi vəzifəsinə təyin edilir. O burada da inqilabçı gənc türklər hərəkatına qoşulduğundan və "İttihad və tərəqqi" partiyasının ilk özəyini yaradanlardan biri olduğundan təqib olunur.
Tədqiqatçılar yazır ki, Əli bəy Hüseynzadə 1940-cı ildə İstanbulda vəfat edib.
Əli bəy Hüseynzadənin ailəsindən yazan alimlər bildirir ki,
nəslin ilk bilinən nümayəndəsi şeyxülislam axund Əhməd Səlyanidən qabaq 39 il Qafqaz şeyxülislamı olmuş axund Məhəmmədəli Səlyanidir (1791-1852). Məhəmmədəlinin qardaşı Əlidən axund Əhməd Səlyani (1812-1884) dünyaya gəlib.
Əli bəyin nənəsi Hüsniyyə şeyxülislam axund Məhəmmədəlinin iki qızından biridir. Digər qızı isə Nisə xanımdır və Əli bəyin çəkdiyi "Azərbaycanlı ailəsi" tablosunda təsvir olunan yaşlı qadın həmin bu Nisədir. Şeyxülislam axund Əhməd isə Hüsniyyənin həyat yoldaşıdır.
Hüseynzadənin çəkdiyi "Şeyxülislamın portreti"ndə təsvir olunan axund Əhmədlə Hüsniyyənin isə iki qızı vardı: Xədicə, Fatma. Xədicə xanım Qruzma bəylərindən Kazım bəy Hüseynzadənin dörd oğlundan ən kiçiyi olan molla Hüseyn Hüseynzadə ilə ailə qurub. Kazım Hüseynzadənin axund Əhmədlə ya qardaş, yaxud da əmioğlu olduqları ehtimal edilir.
Tədqiqatçılar bildirir ki, Əli bəy Hüseynzadə özünün yazdığına görə, "24 fevral 1864-cü ildə Qafqaz Azərbaycanında Kür nəhri sahilində" yerləşən Salyan şəhərində anadan olub. Atası "Tiflis Müsəlman Məktəbinin müəllimlərindən molla Hüseyn Hüseynzadə", anası "Xədicə Qafqaz şeyxülislamı axund Əhməd Hüseynzadənin qızıdır".
Salyandan Tiflisə köçüb buradakı ruhani məktəbində riyaziyyat müəllimi işləyən molla Hüseyn və Xədicə xanım vəfat edəndə övladlarının-Əli bəyin 6, İsmayılın isə 2 yaşı vardı.
Tədqiqatçılar qeyd edir ki, 1911-ci ildə İstanbulda əslən çərkəz olan süvari zabiti Şəmsəddin bəyin qızı Əthiyə xanımla evlənən Əli bəyin üç övladı olub: 1914-cü il aprelin 6-da, bazar ertəsi, axşam saat səkkizdə Saida bəyim, 1915-ci il iyun ayının 9-da, çərşənbə günü saat 11-də Səlim Turan, 1920-ci ilin 31 dekabrında Feyzavər dünyaya gəlib. Səlim Turan Şahiqə xanımla, Feyzavər uzun illər vali işləmiş Əli Alpsarla, Saida atom fizikası üzrə professor, İngiltərə Akademiyasının həqiqi üzvü olmuş Mustafa Santurla ailə qurub. Rəssam Səlim Turan Parisdə yaşayırdı. Abstaksionizmin dünyada tanınan təmsilçilərindən biri idi. 1995-ci ildə dünyasını dəyişib. Tədqiqatçılar yazır ki, "Feyzavər Üsküdardakı Qız İnstitutunu bitirdikdən sonra Gözəl Sənətlər Akademisinə davama başladı" (Ə.Hüseynzadə). İstanbulda məşhur olan Feyza Sənət Qalereyasını açdı. Fransada ali təhsil almış Saida riyaziyyat müəllimi idi: "Qızım Saida Liondan qayıtdığı doqquz ay qədər olar. İndiki halda "Kabataş qız lisesində matematik müəllimidir". Əli bəyin hər üç övladının nəsil davamı yoxdur. Onların övladları olmayıb. Beləliklə, Hüseyzadə Əli bəyin nəsli bu üç övladla tamamlanmış olur.
Əli bəy Hüseynzadənin yaradıcılığını tədqiq və təhlil edən alimlər bildirir ki, bu böyük şəxsiyyət bütün şüurlu ömrü boyu öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ edib, türkün tərəqqisi naminə öz parlaq istedadının bütün gücü ilə çarpışıb.
Tədqiqatçıların
yazdığına görə, Türkiyədəki təqiblərdən
sonra Azərbaycana qayıdan
Ə.Hüseynzadə "Kaspi" qəzeti
ilə əməkdaşlığa başlayır, publisistik yazılarını dərc etdirir və "Gənc türkçülük
nədir?" adlı məqaləsi ilə türk
tənzimat hərəkatının mahiyyətini
açıqlayır. Ə.Hüseynzadə bu zaman islahatçı-reformist
ideya adamı kimi tanınır. Az sonra o, dövrünün məşhur
teoloq alimi, ictimai xadim və
publisisti Əhməd bəy Ağaoğlu ilə birlikdə milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə "Həyat" qəzetinin nəşrinə başlayır.
Bu qəzet Ə.Hüseynzadəni
Azərbaycana "ağır
başlı" filosof,
"sədrə şəfa
verən" sözlər
(ağla qida verən sözlər) söyləyən mütəfəkkir
kimi tanıdır.
Onun səhifələrində əsərlərini
dərc etdirməklə
ictimai-mədəni mühitə
yeni ab-hava gətirir, ümumxalq dünyagörüşünün məntiqi əsaslarını
yeni prinsiplərlə
zənginləşdirməyə çalışır. Ə.Hüseynzadənin fəlsəfi mühakimələri
bu mənada maraqlıdır. Məsələn,
o deyirdi:
Həqiqətin də dadı və ləzzəti var.
Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin
bütün ruh və mənəviyyatını
sövq ediyor!..
Qalib olmaq o camaatındır ki, həyata açıq göz ilə nəzər edər, zəmanənin ruhunu, icabatını anlar, dərk edər...
Türklər ya ölər, ya hicrət edərlər, fəqət,
qul olmazlar.
Hər kəsə
ki uşaqlıqda ədəb və tərbiyə verilməsə,
böyüklükdə onun
nicatı olmaz. Yaş ağacı hər tövr istəsən əymək mümkündür,
lakin quru ağacı ancaq od ilə
düzəltmək mümkün
olur...
XX əsrin əvvəllərində
ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya
mühitinin formalaşmasında
milli mətbuat nümunələri əhəmiyyətli
rol oynayıb. Jurnalistikanın ictimai fikir tribunasına
çevrilməsi də
həmin tarixi mərhələnin məhsuludur.
"Füyuzat" jurnalı və onun redaksiya heyətinin xidmətləri
bu mənada diqqətəlayiqdir. Çünki onlar yalnız bir jurnal nümunəsi
nəşr etməklə
məhdudlaşmadılar, füyuzatçılıq
xətti-hərəkatını, "Füyuzat" jurnalistikası
məktəbini yaratmaqla
tarix səhifələrinə
öz imzalarını
həkk etdilər.
Tədqiqatçılar qeyd edir ki, "Füyuzat"da Əli bəy Hüseynzadə məqalələrinin birində
yazırdı: "Bizə
fədai lazımdır!
Türk hissiyyatlı, islam etiqadlı, Avropa (müasir) qiyafəli fədai!" Bu fikir
füyuzatçı mətbuat
orqanları tərəfindən
təkmilləşdirildi və
"Tazə həyat",
"İrşad", "Yeni füyuzat", "Həqiqət", "Tərəqqi",
"İqbal", "Sədayi-həqq",
"Şəlalə", "Açıq söz",
"Bəsirət", "Qurtuluş", "Dirilik",
"Azərbaycan", "Övraqi-nəfisə" mətbuat
orqanları tərəfindən
"Türkləşmək, islamlaşmaq, müasirləşmək"-azərbaycançılıq şəklində
formulə edilərək
təbliğ olundu.
Tədqiqatçılar bildirir ki, Əli bəy
Hüseynzadənin islam-türk
millətlərin qalxması
və müasirləşməsində
üç düstura
görə hərəkət
edilməsinin zəruriliyini
iddia etdiyini bildirən Hilmi Ziya Ülkən bu düsturun türkləşmək, islamlaşmaq
və avropalaşmaq olduğunu yazıb: Bu üçlü görüş
daha öncə bir az qeyri-müəyyən, sistemsiz
bir şəkildə Əli Suavi tərəfindən irəli
sürülüb və
müdafiə edilib. Fəqət,
Əli Suavi hələ türkçülüyün
oyanmadığı və
Namiq Kamalın Osmanlı-islam görüşünün
hakim olduğu bir dövrdə yaşadığı
üçün fikirləri
unudulub. Əli bəy
Hüseynzadənin təklifi
tam zamanında idi.
Əli bəy Hüseynzadənin türkçülüyə dair
baxışlarının Ziya
Gökalpa təsiri ilə əlaqədar məsələlər Hilmi
Ziya Ülkənin yaradıcılığında parlaq şəkildə öz əksini tapır: 1905-ci ildə Tiflisdə Əli bəy Hüseynzadə tərəfindən irəli
sürülən türkləşmək,
islamlaşmaq və avropalaşmaq fikri 1911-ci ildə hərarətli tərəfdarlar tapdı.
Ziya Gökalp "Türkləşmək,
islamlaşmaq, müasirləşmək"
adlı məqalələrini
və 1918-ci ildə bu məqalələrdən
ibarət kitabını
çıxardı. Fəqət, Əli bəy Hüseynzadənin məqaləsində
Əli Suavinin, bu son əsərdə də Hüseynzadənin adları çəkilmir.
Bununla birlikdə, Gökalp, Əli bəy Hüseynzadənin dəyərini
anlamışdı və
onu "Yalavaç"
adlandırıb. "Yalavaç" sözü
isə peyğəmbər,
gələcəyi xəbər
verən, müjdəçi
və s. kimi mənaları daşıyır.
Tədqiqatçıların qeyd etdiyinə görə, Azərbaycan Xalq Cumhuriyyəti dövründə
dövlət bayrağında
üç rənglə
(mavi, qırmızı,
yaşıl) simvollaşan
Azərbaycan vətəndaşının
ideya-mənəvi dəyərləri
Əli bəy Hüseynzadənin həmin
tezisi və füyuzatçıların tarixi
xidmətləri ilə
bağlıdır.
Tədqiqatçılar bildirir ki, Hilmi
Ziya Ülkən Əli bəy Hüseynzadəni gənclərin
qayğısına qalan,
onlara yol göstərən bir insan kimi xarakterizə
edib. Mütəfəkkir siyasi
həyata dalmış
olan Ziya Gökalpa yaxınlaşmanın
çətin olduğunu
bildirərək göstərib:
"Məhz bu sırada Hüseynzadə türkçülərin rəhbərlərindən
və bizi dinləyən, yol göstərən biricik insan oldu".
Əli bəy Hüseynzadə irsini araşdıran alimlər deyir ki,
o həmçinin Sankt-Peterburq
İmperator Rəssamlıq
Akademiyasında təhsil
alıb və bir sıra portret
və mənzərələrin
müəllifidir. Onun rəsmləri
Bakı muzeylərində,
İstanbul və Parisdə şəxsi kolleksiyalarda saxlanır.
İradə
SARIYEVA
Bakı xəbər.-2015.- 23 iyul.- S. 15.