Azərbaycan folkloru - ağızdan yazıya...

 

Çoxlarımız uşaq olanda nənə və analarımızdan çoxlu oxşama, bayatı, nağıl, tapmaca, yanıltmac eşitmişik. O vaxt biz bilmirdik ki, ana və nənələrimizin yaddaşında yaşayan və hər gün eşitdiyimiz bu nümunələr xalqın qiymətli tükənməz sərvəti-folklor örnəkləridir. Çox vaxt görürdük ki, Bakıdan, Gəncədən, Tiflisdən gələn əli kağız-qələmli əmilər nənələri, babaları söylədir, onların danışdıqlarını lentə yazır, kağıza köçürür.

Sonradan bildik ki, onlar xalqın söz xəzinəsini itib batmağa qoymayan folklorşünas və etnoqraflardır. Əslində, folklor örnəklərinin toplanması, yaddaşlardan yazıya köçürülməsi böyük hadisə olub. Təəssüf ki, o örnəklərin xeyli hissəsi yazıya alınmayıb, ya itib batıb, ya da yaşlı insanların yaddaşında gün işığına çıxacağı günü gözləyir. Onu da ağrı ilə qeyd etmək istəyirik ki, son on beş-iyirmi ildə bölgələrə folklor ekspedisiyaları təşkil edilmir. Çağdaş folklorşünasların böyük əksəriyyəti özlərindən əvvəlki alimlərin, folklor cəfakeşlərinin vaxtilə toplayıb nəşr etdirdiyi nümunələrdən istifadə edir. Halbuki, bölgələrə səfər edib örnəklər toplamaq tam mümkündür. Hələ bir neçə il əvvəl Prezident Administrasiyasının şöbə müdiri Fatma Abdullazadə üzünü alimlərə tutaraq xalqın yaddaşında qalan folklor örnəklərini toplamağı tövsiyə edib. O bildirirdi ki, hələ də xalq arasında kifayət qədər nağıllar, bayatılar, şeirlər və s. nümunələr var, onlar da toplanıb nəşr edilməlidir.

Bu arada bəzi folklorşünas alimlərin, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun son illərdə gördüyü işləri təqdir etməyi də unutmamalıyıq. Bu sahədə Folklor İnstitutu böyük sistemli işlər görüb. Buna baxmayaraq, hələ də mövcud sahədə çatışmazlıqlar var.

Qədim türklərin folklor örnəkləri...

Tədqiqatçılar bildirir ki, Azərbaycan folkloru Azərbaycan türklərinin yüksək mənəvi-əxlaqi dəyərlərini, etik və estetik düşüncəsinin ən aparıcı meyllərini özündə əks etdirən və ümumtürk ağız ədəbiyyatının tərkib hissəsi olan yaradıcılıq sahəsidir. Alimlər qeyd edir ki, Azərbaycan türklərinin adət-ənənəsi, ayin və etiqadları, tarixi cəngavərlik əxlaqı, vətənsevərliyi və torpaq məhəbbəti, valideyn sevgisi, həzin lirik duyğuları bu yaradıcılıqda bütöv və özünəməxsus şəkildə tərənnüm olunub. Bildiyimiz kimi, Azərbaycan türklərinin folkloru müxtəlif janrların (lirik, epik və dramatik) qovşuğunda yaranıb, elə həmin üslublara uyğun olaraq da növlərə bölünüb.

Azərbaycan folklorunun yazıya alınması...

Bildiyimiz kimi, folklor örnəkləri əsasən XIX yüzilliyin sonlarından başlayaraq yazıya alınıb. Burada bir sıra ziyalıların, folklorşünas alimlərin rolu qeyd edilməlidir.

Tədqiqatçılar qeyd edir ki, Azərbaycan folklorunun yazıya alınmasının ilk mərhələsi 1830-1900-cu illər arasını əhatə edir. Bu dövrdə "Vedomosti", "Tiflisskiye vedomosti", "Novoe obozreniye", "Kafkazskiy vestnik", "Kafkaz" qəzetləri, XIX əsrin yetmişinci illərindən sonra nəşrə başlayan SMOMPK məcmuələrində Qafqaz xalqlarının, Azərbaycan türklərinin şifahi xalq ədəbiyyatının ilk nümunələri geniş şəkildə əks olunub. Mətbuat tədqiqatçıları qeyd edir ki, 1875-ci ildən nəşrə başlayan ilk milli mətbu orqan olan "Əkinçi" və sonralar çapa başlayan "Kəşkül" qəzetləri də bu işi layiqincə davam etdirdilər. Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrinin kütləvi şəkildə toplanmasının başlıca mərhələsi 1900-1920-ci illər arasında olub. Bu dövrdə Eynəli Sultanovun və Mahmudbəy Mahmudbəyovun şifahi xalq ədəbiyyatı nümunələrinin toplanması, nəşri və tədqiqi sahəsindəki fəalliyyəti folklorşünaslığımızın ilk addımları hesab edilir. Görkəmli ədəbiyyatşünas Firudin bəy Köçərli folklorşünaslığımızın tarixinə təkcə toplayıcı kimi deyil, həm də Azərbaycan folklorşünaslığının yaradıcısı kimi daxil olub. Alimlər yazır ki, həmin illərdə folklor nümunələrinin toplanması, nəşri və tədqiqində xüsusi xidmətləri olan Hənəfi Zeynallı ("Azərbaycan atalar sözü və məsəlləri" (1926), "Azərbaycan tapmacaları" (1928) kitablarının müəllifdir) ağız ədəbiyyatını ilk dəfə təsnif edən araşdırıcılardan hesab olunur.

Folklorumuzun Əmin Abid dövrü...

 

Alimlər yazır ki, folklor nəzəri fikrini öyrənən, dövrünün ən qabaqcıl tədqiqat metodlarını Azərbaycan folklorşünaslığına gətirənlərdən biri də Əmin Abid olub. Ə.Abid xalq mahnıları, bayatılar, aşıq şeiri şəkilləri, heca vəzni, türk xalqlarının yeddihecalı şeirinin törəmə tipləri, qafiyəsi, ritmi, oxşar səslərin təkrarı, alliterasiyası, bölgü və digər poetik qəlibləri barədə elmi mülahizələrin ilk müəlliflərindəndir. Burada ömrünü qürbətdə sona yetirən "Azərbaycan" qəzetinin ilk baş redaktoru Ceyhun bəy Hacıbəylinin də əməyini qeyd etməliyik. O, Qarabağ folkloruna aid saysız nümunələr toplayıb. Keçən əsrin 20-30-cu illəri ərzində folklorumuzun toplanması və nəşri işləri ilə ardıcıl məşğul olan tədqiqatçı Vəli Xuluflu olub.

O, 1927-ci ildə "El aşıqları" kitabını və Azərbaycanda ilk dəfə olaraq "Koroğlu" dastanını (1929-cu ildə ikinci nəşr) çap etdirib. Həmin vaxtlarda Azərbaycan ağız ədəbiyyatının toplanması sahəsində Salman Mümtazın və Hümmət Əlizadənin xidmətləri xüsusilə qeyd edilməlidir. S.Mümtaz 1927 və 1928-ci illər ərzində iki cildlik "El şairləri" kitabını nəşr etdirib, Qurbaninin, Sarı Aşığın şeirlərini, bayatı, atalar sözü və məsəllərin ən gözəl nümunələrini yazıya alıb. 1929-cu ildə "Aşıqlar" adlı toplunu iki cilddə çap etdirən H.Əlizadə isə ilk dəfə Azərbaycan aşıqlarının repertuarından "Koroğlu" dastanının on dörd qolunu və əllidən artıq müstəqil qoşmasını çap etdirib.

Tədqiqatçılar bildirir ki, dövrümüzə qədər folklorşünaslığımızın inkişafında böyük xidmətləri olan araşdırıcılar sırasında H.Araslı, M.H.Təhmasib, M.Seyidov, X.Koroğlu, Ə.Axundov, V.Vəliyev, M.Həkimov, P.Əfəndiyev, A.Nəbiyevin, M.Qasımlının və s. adlarını xüsusilə qeyd etmək lazım gəlir.

Folklorumuzun toplanmasında Firudin bəy Köçərlinin rolu...

XX əcrin əvvəllərində Azərbaycan folklorşünaslığını araşdıran tədqiqatçı Fərqanə Hüseynova qeyd edir ki, Azərbaycan xalqının tarixində XX əsr çox ziddiyyətli dövrlərdən biridir. Onun bildirdiyinə görə, bu illərdə ictimai-siyasi həyatda baş verən hadisələrlə əlaqədar şifahi xalq ədəbiyyatına olan maraq da güclənib: "Azərbaycanda, xüsusilə Bakıda fəhlə sinfinin meydana gəlməsi, inqilabi hərəkatın güclənməsi və başqa amillər, öz növbəsində, ədəbiyyatın, incəsənətin qarşısında bir sıra yeni tələblər qoyurdu. XIX əsrin sonu, XX əsrin əvvələrində Azərbaycan folklorşünaslığında dövrün hadisələri ilə bağlı olaraq bir sıra özünəməxsus yeni keyfiyyətlər meydana çıxırdı. Bu da ondan ibarətdir ki, folklor yalnız yazılı ədəbiyyatla deyil, o zamanın pedaqoji fikirləri ilə də sıx bağlı idi. Folklora yazıçı və şairlərlə birlikdə həm də pedaqoji fikir nümayəndələri yaxından maraq göstərirdilər. Əgər dəqiqləşdirsək, yazılı ədəbiyyat nümayəndələrinin əksəriyyəti folklordan öz pedaqoji fikirlərini yaymaq üçün bir vasitə kimi istifadə edirdilər. Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Süleyman Sani Axundov, Abdulla Şaiq, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Rəşid bəy Əfəndiyev, Firudin bəy Köçərli kimi görkəmli şəxslərin ədəbi-pedaqoji fəaliyyətinə diqqət etsək görərik ki, bunların hamısının tərbiyə xarakteri daşıyan əsər və məqalələrinin əsasında məhz xalqdan seçilib götürülən folklor materialı durub. Başqa sözlə desək, onlar məhz xalqın bu səpkidə, tərbiyə mövzusunda yaradılmış əsərlərini axtarıb seçib, yenidən canlandırıblar.

XX əsrin əvvəllərində ictimai həyatda baş verən hadisələrlə əlaqədar olaraq folklor ana dili, milli dil, xalq dili məsələləri ilə sıx bağlı idi. Şifahi xalq ədəbiyyatı ana dilinin, sadə xalq dilinin əsas mənbəyi hesab edilirdi. Bu dövrdə ana dilindən söhbət düşəndə xalqımızın qabaqcıl övladları ilk növbədə folklorun dilini-ana laylasının dilini irəli atırdılar. Bunu biz yazıçı və maarif xadimlərimizin həm bədii əsərlərində, həm də məqalələrində çox aydın şəkildə görürük. "Molla Nəsrəddin"in xalq ədəbiyyatına, demək olar ki, hər nömrəsində müraciəti, C.Məmmədquluzadənin "Anamın kitabı", "Kamança" pyeslərində folkloru, xalqın dünyagörüşü, Ü.Hacıbəyovun xalq ədəbiyyatı, xalq musiqisi əsasında əsərlər yazması, uşaq yazıçılarımızın folklordan istifadə ilə yazılmış əsərləri, F.Köçərli, A.Şaiq, R. Əfəndiyev, Y.V.Çəmənzəminli və başqalarının bir sıra məqalə və məktubları məhz bəhs etdiyimiz bu məsələlərlə əlaqədar idi. XX əsrin əvvəllərində gərgin ictimai, ədəbi mübarizələr dövründə burjua ideologiyası, demokratik ədəbiyyata, milli xalq dilinə olduğu kimi, folklora da kəskin hücumlar edirdi. Bir çox sənətkarlar folklorun ədəbi dilin inkişafındakı, demokratik ədəbiyyatın xalqda milli hisslərin oyanmasındakı mühüm rolunu çox yaxşı başa düşürdülər. Ona görə də onlar dilə, demokratik ədəbiyyata və folklora eyni dərəcədə hücum edirdilər. Burjua ideoloqları Azərbaycan xalqının əsrlər boyu yaratdığı ədəbiyyat, mədəniyyət abidələrini, folklorunu inkar edirdilər. Onlar folkloru sənət cərgəsinə heç daxil etmir, xalqın əsrlər boyu yaratdığı mənəvi sərvətləri heçə çıxarmaq istəyirdilər. Firudin bəy Köçərli Azərbaycan mədəniyyəti tarixində böyük rol oynamış bir şəxsiyyətdir. F. Köçərlinin fəaliyyəti zəngin və hərtərəflidir. O, qabaqcıl pedaqoq, folklortoplayan, həm də xalq ədəbiyyatının nəzəriyyəçisi, ədəbiyyat tarixçisi idi. F.Köçərli, sözün həqiqi mənasında, ilk Azərbaycan folklorşünası olub. Elə yalnız "Balalara hədiyyə" kitabı F.Köçərliyə folklorşünaslıq tariximizdə müəyyən mövqe qazandırıb. Hər şeydən əvvəl F. Köçərlidən biz xalq ədəbiyyatının toplayıcısı kimi danışmalıyıq. Çünki hər bir folklorşünas eyni zamanda dövrə görə xalq ədəbiyyatı nümunələrini toplamaqla da məşğul olur".

"Sayaçı sözləri", "Aşıq Valeh" kitabları...

Tədqiqatçılar qeyd edir ki, F.Köçərli məşhur ədəbiyyat tarixçisidir. Bu işlə əlaqədar ədib xalq ədəbiyyatını toplayıb və çap etdirib. Bütün məşhur ədəbiyyat tarixçiləri kimi o da ədəbiyyat tarixinin məhz şifahi xalq yaradıcılığından başlandığını çox yaxşı bilirdi. Bu mənada F.Köçərli böyük həvəslə folkloru yığır və təbliğ edirdi. F. Köçərlinin yığdığı folklor əsərləri o zamanlar müxtəlif mətbuat səhifələrində çap olunurdu: "Onun çap etdirdiyi xalq yaradıcılığı əsərləri içərisində "Balalara hədiyyə", "Sayaçı sözləri", "Aşıq Valeh" və sairə var idi. F.Köçərli xalq ədəbiyyatına, ədəbiyyatın müəyyən məsələlərinə dair yazdığı məqalələrində bolluca folklor nümunələri gətirirdi. Bu da o zamana görə çox doğru bir hərəkət idi. Çünki ayrıca çap etməyə imkan olmayan toplanmış xalq ədəbiyyatı nümunələrini ədib bu yolla nəşr edib yaradıb. F.Köçərli bütün qabaqcıl ziyalıların da diqqətini bu işə, folklorun toplanması işinə cəlb etmək istəyirdi. F.Köçərli xalq ədəbiyyatını xalqın sərmayəsi adlandırır, folklorun təlim-tərbiyə üçün əhəmiyyətini ilk plana çəkərək deyirdi: "O millət ki, öz tarixini, vətənini, dilini sevir-bu qisim əsərləri kamal-şövq və diqqətlə cəm edib sərmayə kimi saxlayır və balalarının ilk təlim və tərbiyəsini onları oxutmaq ilə başlayır". Biz F.Köçərli haqqında həm də həqiqi bir folklorşünas kimi, yəni xalq ədəbiyyatı haqqında olan elmimizin görkəmli bir nümayəndəsi kimi danışmalıyıq. Ədib xalqını, vətənini sevdiyi qədər də onun şifahi ədəbiyyatını sevirdi. F.Köçərlinin xalq ədəbiyyatı haqqındakı nəzəri fikirləri təsadüfdən-təsadüfə deyil, müəyyən bir sistem əsasında söylənib, ədəbi, elmi-pedaqoji fəaliyyətinin əvvəlindən axırına qədər inkişaf edən bir xətt üzrə gedib.

Onun folklor barədəki nəzəri müddəaları o dövrün ictimai-siyasi həyatından doğmuşdu. F.Köçərlinin xalq ədəbiyyatı haqqındakı fikirlərini diqqətlə öyrəndikdə ədibin həqiqətən də folklorun xüsusiyyətlərini, incəliklərini dərindən duyduğunun, hiss etdiyinin, bu nümunələrlə qəlbən yaşaya bildiyinin şahidi oluruq. F.Köçərli xalq ədəbiyyatı nümunələrinə seyirçi münasibət bəsləmir, onları bir material kimi, əsər kimi toplayıb çap etməklə işini bitmiş hesab etmirdi. F.Köçərli folkloru cəmiyyətdə insanların tərbiyəsi, ayılması, savadlanması üçün mühüm vasitələrdən hesab edirdi. O, XX əsrin əvvəllərində siyası, sinfi, ədəbi mübarizədə xalq ədəbiyyatının mühüm rolunu düz başa düşürdü. Ona görə də xalq ədəbiyyatının toplanması, nəşri üçün car çəkir, bütün silahdaşlarını-ziyalıları, sənət yoldaşlarını bu işə cəlb etməyə çalışırdı".

 

Ardı var.

 

İradə SARIYEVA

Bakı xəbərş-2015.- 18 iyun.- S. 15.