Folklor cəfakeşləri - fədakar alimlər...

 

Çoxlarımız uşaq olanda nənə və analarımızdan çoxlu oxşama, bayatı, nağıl, tapmaca, yanıltmac eşitmişik. O vaxt biz bilmirdik ki, ana və nənələrimizin yaddaşında yaşayan və hər gün eşitdiyimiz bu nümunələr xalqın qiymətli tükənməz sərvəti-folklor örnəkləridir.

Çox vaxt görürdük ki, Bakıdan, Gəncədən, Tiflisdən gələn əli kağız-qələmli əmilər nənələri, babaları söylədir, onların danışdıqlarını lentə yazır, kağıza köçürür. Sonradan bildik ki, onlar xalqın söz xəzinəsini itib batmağa qoymayan folklorşünas və etnoqraflardır. Əslində, folklor örnəklərinin toplanması, yaddaşlardan yazıya köçürülməsi böyük hadisə olub.

"Hər bir el yaşadıqca..."

Tədqiqatçı Fərqanə Hüseynova XX əsr maarifçilərinin folklorşünaslığın da cəfakeşi olduğunu qeyd edir. Onun bildirdiyinə görə, bu dövrdə bir sıra yazıçı və maarifçilər folklor toplama hərəkatına könüllü olaraq qoşulub.

Görkəmli fikir adamı, yazıçı Rəşid bəy Əfəndiyevin də folklorşünaslıq elminə verdiyi böyük töhfələri xatırladan tədqiqatçı qeyd edir ki, o, Azərbaycan xalqının məşhur maarif xadimi və yazıçısıdır: "XIX əsrin sonlarında R. Əfəndiyev xalqımızın yaratdığı bir çox əfsanələr, rəvayətlər barədə, xalq etiqadı, adət-ənənələri, hətta xalq təbabətinə aid çox maraqlı etnoqrafik məlumatları toplayıb rus mətbuatında çap etdirib. Hələ inqilabdan əvvəl (tədqiqatçı bolşevik işğalından əvvəlki dövrü nəzərdə tutur-İ.S) yazdığı dərsliyində o, xalq ədəbiyyatına mühüm yer ayırıb, folklor əsərləri barədə kiçik nəzəri məlumat da verib. Müəllif burada xalq ədəbiyyatının poetik janrlarından olan bayatı, şikəstə, ağı, mahnı barədə həm nəzəri məlumat verir, həm də misallar gətirir. Burada folklor əsərləri barədə nəzəri və elmi izahlar kiçik yaşlı uşaqların yaş xüsusiyyətlərinə uyğun şəkildə yazılıb. Ədib öz əsərlərində xalq ədəbiyyatında olan nağıl, lətifə, əfsanə, dastanbaşqa janrların xüsusiyyətlərindən danışır və misallar gətirir. O, şifahi xalq ədəbiyyatının yaranmasına, mənşəyinə toxunaraq yazırdı: "Hər bir el yaşadıqca həyatı gedişində təsadüf etdiyi hadisələri, təcrübələri, səadətli və fəlakətli halları qeyd olunmuş əsərlər o elin ruhunu, zövqünü və təbii incəliyini oxşarona zövq verirbununla bərabər o elin adət və ənənələrini tərbiyələndirir". Göründüyü kimi, R. Əfəndiyev burada folkloru xalqın həyatı, tarixi ilə bağlayır və onun bədii-estetik, tərbiyəvi əhəmiyyətini xüsusilə qeyd edirdi".

Abdulla Şaiqin çap etdirdiyi "Bayatılar" kitabı...

Görkəmli uşaq şairi, ağız ədəbiyyatının dərin bilicisi, pedaqoq, maarifçi Abdulla Şaiqin də folklorşünaslığa verdiyi töhfələr tədqiqatçı tərəfindən araşdırılıb. O qeyd edir ki, Abdulla Şaiqbu dövrdə xalq ədəbiyyatının bir sıra məsələləri barədə maraqlı fikirlərlə çıxış edib: "Onun zəngin və çoxcəhətli yaradıcılığı xalq ədəbiyyatı əsərləri ilə vüsət tapır. 1926-cı ildə A.Şaiq topladığı bayatıları nəşr etdirir. Kitabda 650-yə qədər bayatı var. Burada Azərbaycan bayatılarının ən gözəl və rəvan nümunələri toplanmışdı. Müqəddimədə qeyd edilirdi ki, çap olunan toplanmış bayatıların yalnız bir hissəsidir. A.Şaiq folklor nümunələrini yalnız toplamaqla kifayətlənmir, xalq ədəbiyyatı, onun xüsusiyyətləri, bədii dil, bədii-nəzəri fikirlər də söyləyirdi. Xalq ədəbiyyatımızda ifadə edilən sağlam fikirlər, gözəl, oynaq, aydın dil şairi valeh edirdi. A.Şaiq xalqımızın adətlərinə, məişət tərzinə, mərasimlərinə də dərindən bələd bir sənətkar idi. A.Şaiqin bədii yaradıcılıqda xalq ədəbiyyatına müraciətini bironun yaşadığı dövrlə, ictimai-siyasi hadisələrlə əlaqələndirmək lazımdır. Xalq ədəbiyyatı A.Şaiq üçün sadəcə material deyildi. XX əsrin əvvəllərindəki kəskin sinfi ziddiyyətlər şəraitində öz ictimai-pedaqoji, tərbiyəvi fikirlərini xalqa çatdırmaq üçün folklor ədibə bir vasitə, bir köməkçi idi. XX əsrin əvvəllərində folklora müraciət özünə görə siyasi əhəmiyyət kəsb edirdi. Həmin dövrdəki mətbuatda dərc edilən bir sıra yazılar, qabaqcıl ziyalıların məktublaşmaları fikrimizi sübut edən aydın bir dəlildir".

Tədqiqatçının bildirdiyinə görə, XX əsrin əvvəllərində Azərbaycan görkəmli maarif xadimləri, folklorşünasları Azərbaycan ədəbi dilini doğru istiqamətdə inkişaf etdirmək üçün şifahi xalq ədəbiyyatından geniş şəkildə istifadə etməyə çağırır, el dilinin zənginliklərinə müraciət etməyi, onun incəliklərinə dərindən yiyələnməyi ən doğru yol hesab edirdilər.

 

Folklora bir ömür bəxş edən Hümmət Əlizadə...

Azərbaycan xalqının minillər boyu yaratdığı folklor örnəkləri, ağız ədəbiyyatı nümunələrinə maarifçilərin münasibəti bəllidir və onların bu sahədə gördüyü işlər təqdirəlayiqdir.

Təbii ki, folklor sahəsinə peşəkar münasibəti tədqiqatçı alimlərin, folklorşünasların dəst-xəttində görməliyik. Görürük də. Azərbaycan folklorşünaslıq elminin əsasını qoyan alimlər bu gün də rəhmətlə anılır. Onlardan biriömrünü Azərbaycan folklorunun toplanmasına, tədqiqinə, çapına həsr edən, saysız elmi mətnlər hazırlayan Hümmət Əlizadədir.

Qeyd edək ki, Hümmət Əlizadə 10 oktyabr 1907-ci ildə Qazax qəzasının Həsənsu mahalının Köçəsgər kəndində doğulub.

Azərbaycanı Tədqiq Cəmiyyətinin (1923-1929) və onun davamı olan digər elmi təşkilatların (Azərbaycan Elmi-Tədqiqat İnstitutu, AzOZFANs.) xətti ilə xalqımıza məxsus zəngin şifahi söz sərvətinin toplanması və nəşri istiqamətində ən məhsuldar fəaliyyət göstərən folklorçular sırasında Hümmət Əlizadənin də unudulmaz xidmətləri olub. H.Əlizadə irsini araşdıran tədqiqatçıların bildirdiyinə görə, keçən əsrin iyirminci-otuzuncu illərində folklor ekspedisiya və ezamiyyətlərində onun qədər fəal iştirak edən ikinci bir folklorçu yoxdur. Tədqiqatçılar yazır ki, az qala ilin çox hissəsini Azərbaycanın müxtəlif bölgələrində el ədəbiyyatı nümunələri toplamaqla keçirən Hümmət Əlizadənin fədakar toplayıcılıq və nasirlik fəaliyyəti nəticəsində çoxsaylı folklor kitabları işıq üzü görüb. Bu sıradan onun elmi ictimaiyyətə təqdim etdiyi ilk folklor kitabı 1929-cu ildə ATTC-nin nəşriyyatında buraxdırdığı "Azərbaycan el ədəbiyyatı" (birinci hissə) məcmuəsidir. Həmid Sultanov və Hənəfi Zeynallının müştərək redaktorluğu altında buraxılan bu kitaba Hümmət Əlizadənin Qazax və Gəncə qəzalarından topladığı xalq nağılları daxil edilib. "Azərbaycan el ədəbiyyatı" məcmuəsinin ikinci hissəsi 1936-cı ildə buraxılıb və oraya həm nağıllar, həm də aşıq dastanları daxil edilib. "Azərbaycan el ədəbiyyatı"nın 1929-cu il nəşrində yer alan "Kötükçü Abbas", "Ovçu oğlu Uluxan", "Şahzadə İbrahim", "Ayğır Həsən", "Nardan Xatun", "Şah Abbas", "Şahzadə Bəhram", "Məlik Məhəmməd" və başqa nağıllar toplanıldığı ərazinin - Gəncə-Qazax-Borçalı bölgəsinin dil-ləhcə xüsusiyyətləri saxlanmaqla nəşr edilib. Hər bir nağılın harada, kimdən yazıya alınması barədə kitabın sonunda məlumat verilməsi də onun elmi dəyərini artırır. Kitaba "Gəncə və Qazax nağılları haqqında" başlıqlı rəy-müqəddimə yazan Hənəfi Zeynallı buradakı materialların elmi əhəmiyyətini vurğulayaraq göstərirdi: "El yaradıcılığının ən qüvvətli və zəngin bir qismini təşkil edən nağıllar xəlqiyyəti öyrənmək üçün ən qiymətli bir sahədir. Burada elin keçmiş olduğu ictimai, qövmi, ənənəvi və dini məqamları tamamilə görmək olur". Tədqiqatçılar qeyd edir ki, həm H.Zeynallının giriş məqaləsində, həm də bütövlükdə kitabın tərkibində dövrün siyasi-ideoloji ab-havası qabarıq şəkildə öz təsirini göstərib. Belə ki, məcmuəyə daxil edilən nağılların "Yoxsulortabab kəndli təbəqəsi arasında yayılanlar" ("Avçı oğlu Uluxan", "Fatmacıq", "Piyalə göz", "Nardan Xatun" və s.) "Bəylər, ağalar məclisində söylənən "gəlmə" nağıllar" ("Şahzadə Bəhram", "Nəcəf", "Şahzadə İbrahim", "Kötükçü Abbas" və s.) kimi ideoloji meyarlarla qruplaşdırılması hər hansı başqa bir səbəbə söykənmir. Kitabın girişində bu cür qruplaşdırılmanın ATTC Folklor Komissiyasının rəyi əsasında aparıldığının xüsusi şəkildə vurğulanması da sözügedən toplama-tərtib işinə marksist ideoloji yanaşmanın zorla tətbiq edildiyindən xəbər verirdi. Hümmət Əlizadənin 1929-cu ildə nəşr etdirdiyi ikinci folklor kitabı "Azərbaycan aşıqları" adlanır. Yetmişdən yuxarı aşıq və el şairinin çoxsaylı şeirini əhatə edən 295 səhifəlik bu kitabın poliqrafik ölçüsü 21x12 sm., tirajı üç min nüsxə, qiyməti iki manatdır. Kitaba Abdulla Şaiq müqəddimə, Hümmət Əlizadə özü isə "El ədəbyyatı və inqilab" adlı ümumi səciyyəli giriş məqaləsi yazıb. "Göyçəli Aşıq Ələsgər" başlığı ilə açılan toplama-tərtib işi "Zeynalov İsmayıl Katib"lə tamamlanır. Kitabda Şair Vəli, Aşıq Söyün, Xəyyat Mirzə, Aşıq Əsəd, Aşıq Əmrah, Aşıq Qərib, Aşıq Qurban, Məsum, Divarqanlı (Tufarqanlı) Abbas, Xəstə Qasım və s. cərgəsi üzrə gedən materiallar verilib. Təqdim olunan sənətkar haqqında olduqca yığcam bilgi verilir, bəzi hallarda isə yalnız ad və təxəllüs göstərilir. Təqdim olunan bioqrafik məlumatların xeyli hissəsində natamamlıq, dolaşıqlıq və ziddiyyət olduğu açıq şəkildə nəzərə çarpır.

Tədqiqatçılar qeyd edir ki, kitabın tərtibində xronoloji ardıcıllığa, demək olar ki, diqqət yetirilməyib. Məsələn, əsasən XIX yüzilliyin sənətkarı olan Aşıq Ələsgərlə açılan kitabda Qurban, Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım kimi orta əsr aşıqlarına orta sıralarda yer ayrılması heç bir tərtib prinsipinə sığışmır. Antologiyanın ən böyük qüsuru isə ayrı-ayrı aşıqlar və ya el şairləri ilə aşıq dastanlarındakı qəhrəmanların qarışdırılması və bir arada verilməsi idi. Sonralar bu məsələnin üzərinə qayıdan professor M.H.Təhmasib tarixi təcrübəni təhlil edərək yazırdı: "Bizcə, bu kitablarda ən böyük nöqsan ondan ibarətdir ki, bir sıra dastan şeirləri həmin dastanların qəhrəmanlarının müstəqil qoşmaları kimi verilib, belə ustadların yaşamış olduqları dövr isə əksərən dastanda surət kimi iştirak edən şahın yaşamış olduğu illərlə müəyyənləşdirilib". Görünür, özübubuna bənzər nöqsanların, çatışmazlıqların olduğunu nəzərə alan Hümmət Əlizadə bir il sonra həmin kitabdakı materialları bir çox əlavələrlə daha da zənginləşdirərək xronoloji ardıcıllıq üzrə yenidən tərtib edib və "Azərnəşr"də (həcmi 274 səhifə, qalın cildli, ölçüsü 21x12 sm., tirajı üç min nüsxə, qiyməti 2 manat 35 qəpik) çapdan buraxdırıb. Kitabın tərtibindəki Divarqanlı Abbas, Aşıq Qurbani, Aşıq Ələsgər, Aşıq Hüseyn, Molla Cümə... ardıcıllığı bunun əyani sübutudur. Tufarqanlı Abbas (XVII) ilə Qurbaninin (XVI əsr) tarixi sıralanmasında olduğu kimi, Xəstə Qasımın (XVIII əsr) Molla Cümədən (XIX-XX əsrlər) sonraya salınması kimi qüsurların yenə də özünü göstərməsinə baxmayaraq, "Azərbaycan aşıqları" antologiyasının 1930-cu ildəki nəşri aşıq ədəbiyyatı materiallarının sistemli-xronoloji tərtibatdakı ilk mühüm nəşrlərindən biri kimi böyük elmi əhəmiyyətə malik bir hadisə idi. Aşıq ədəbiyyatı örnəklərinin toplanması işini davam etdirən Hümmət Əlizadə özünün bu sahədəki mövcud fəaliyyətinin növbəti məhsulunu 1935-ci ildə ortaya çıxardı. "Aşıqlar" adı altındakı ikicildliyin birinci cildi həmin il "Azərnəşr" tərəfindən oxuculara təqdim olundu. Qalın cilddə nəfis poliqrafik tərtibatda nəşr olunan "Aşıqlar" yüksək tirajla-on min nüsxə buraxılır. Yüksək tirajlı nəşrin səbəbi Hümmət Əlizadə tərəfindən buraxılmış əvvəlki aşıqlar antologiyasının geniş ictimaiyyət arasında rəğbətlə qarşılanması və yayılması idi.

"Aşıqlar"ın 1936-cı ildə nəşr olunan ikinci cildibu cür böyük tirajla-on min nüsxə çap edildi. Birinci cilddə on beş, ikinci cilddə isə qırx dörd aşıq və el şairinin şeirləri cəmləşdirilib. Hümmət Əlizadə tərəfindən hazırlanmış əvvəlki aşıq poeziyası antologiyaları (1929,1930) ilə müqayisədə ikicildlik "Aşıqlar" (1935 və 1936) kitabları daha mükəmməl təsir bağışlayır. Doğrudur, əvvəlki antologiyalardakı bəzi aşıq və el şairləri açıqlanmayan səbəbə görə ikicildliyə daxil edilməyib, lakin bunun əvəzində öncəki nəşrlərdə yer almayan bir sıra yeni müəlliflər oxuculara tanıdılıb. Bu, Hümmət Əlizadənin aşıqlar antologiyası üzərində ardıcıl olaraq işlədiyindən, lazımi dəqiqləşdirmə, təkmilləşdirmə apardığından, toplunu yeni əldə olunmuş materiallarla daim zənginləşdirdiyindən xəbər verirdi. "Aşıqlar" ikicildliyi yüksək tirajla nəşr olunmasına baxmayaraq, qısa müddət ərzində əldən-ələ gəzərək özünə böyük oxucu auditoriyası qazandığı üçün 1938-ci ildə tələbata uyğun şəkildə (I cild-10min; II cild-15 min nüsxə) növbəti dəfə çap edilib. Tədqiqatçıların qeyd etdiyinə görə, təkcə belə bir faktı diqqət önünə çəkmək kifayətdir ki, H. Əlizadənin sözügedən ikicildliyinin son nəşri üst-üstə min səhifədən yuxarı (I cild 522 səhifə; II cild 489 səhifə) həcm göstəricisinə malikdir. Otuz min misraya yaxın aşıq şeirinin cəmləşdiyi antologiya Azərbaycan aşıq poeziyası örnəklərinin toplanması və nəşri sahəsində təkrarsız bir tarixi xidmətdir.

 

Ardı var.

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 19 iyun.- S. 15.