Folklorumuzun qədim lirik örnəkləri
- sayaçı sözlər, holavarlar, əkinçi nəğmələri...
Folklor hər bir xalqın qədimliyini, dilini, mədəniyyətini, söz, fikir ululuğunu, zənginliyini özündə ifadə edən dərin bir aləmdir. Azərbaycan folkloru bu baxımdan xalqın dünyagörüşünü, mədəniyyətini, ictimai həyatını, məişətini özündə ifadə edir. Dünyada binə quran qədim türk tayfaları öz məişəti, həyatı, elat mədəniyyəti, söz yaradıcılığı haqda folklor nümunələri ilə bizi məlumatlandırır.
Bilirik ki, qədim insan öz taleyini əməyə bağlayıb, ovçuluqla, balıqçılıqla, heyvandarlıqla, maldarlıqla, əkinçiliklə məşğul olub. İnsanlar oturaq mədəniyyətə sahib olmamışdan əvvəl köçəri yaşayıb, yayı yaylaqda, qışı qışlaqda qarşılayıb. İqlimi xoş keçən, bol otlaqlı, bol sulu bərəkətli torpaqlar türklərin əsas məskəni olub. Əcdadlarımız özləri haqda, məşğuliyyətləri, maraq çevrələri barədə gələcək nəsillərə çox dəyərli informasiyalar ötürə bilib. Bu, folklor örnəklərində özünü ifadə edən deyimlər, tapmacalar, sayaçı sözləri, əkinçilik nəğmələridir. Fikrimcə, nağıl, əfsanə, mifik mətnlər sonradan meydana çıxıb. Çünki qədim insan yaşamaq uğrunda mübarizə aparır, ovçuluq edib qarnını doyururdu. Sonra əkinçiliyin meydana gəlməsi insanları oturaq həyata alışdırıb.
Azərbaycan folkloru çox zəngindir və özündə epik və lirik janrları birləşdirir. Azərbaycan folklorunun-lirik şeirin ilk qədim nümunələrindən olan sayaçı sözləri, holavarlar, əkinçi nəğmələri keçən minilliklərdən yadigar qalan örnəklərdir.
Mən özüm hələ uşaqlıqdan sayaçı nəğmələrini, holavarları, əkinçi nəğmələrini, eydirmələri, qımqımalı, mövsüm-mərasim nəğmələrini çox eşitmişəm. Hətta yaşıdlarımla birgə oxumuşam da. İndiyə qədər yadımdadır, nənəm də, başqa qadınlar da inəkləri, camışları sağanda mütləq eydirmə nəğməsi oxuyardılar. İnəkləri, camışları əzizləyə-əzizləyə, oxşaya- oxşaya sağardılar.
Gözləri muncuq inək
Yelinin dolu olsun!
Ümumiyyətlə, lap qədimdən son illərə qədər əmək nəğmələri də, sayaçı deyimləri də hər gün səslənərdi. Sadəcə, nəsillərin dəyişməsi, cavanların yaşlı insanların yadigarı olan ənənələrə bəslədiyi soyuqluq bu nəğmələri dillərdən, ağızlardan aldı. Bəlkə indi çox az adam tapılar ki, o ənənələri yaşatsın.
Mərasimşünaslar yazır ki, əmək nəğmələri əmək prosesini əks etdirən bədii mətnlərdir. Bu mətnlərin bir çoxu ritual, etiqad, mərasim və məişət detalları ilə cilalanıb.
Əmək nəğmələrinin ən parlaq nümunələrindən biri əkinçi nəğmələridir. Mərasimşünaslar qeyd edir ki, xalq poeziyasının ən qədim nümunələrindən olan əkinçi nəğmələrində biçinçi, cütçü həyatı tərənnüm edilir. Bu nəğmələr əkinçilərin bilavasitə əmək prosesində yaratdığı, ifa etdikləri nəğmələrdir. Qədimlərdə bir hecalı, bir misralı olan əkinçi nəğmələri inkişaf edərək sonralar 2-3 hecalı, 2-3-4 misralı nəğmələrə çevrilib. Şifahi poeziyanın ən geniş yayılmış əkinçi nəğməsi holavardır. Qədim çağların məhsulu olan və hər bəndi 4 misradan ibarət olan holavarlar bayatı (yeddilik) şəklindədir:
Ala kəlim, bizə gəl,
Dağdan enib düzə gəl.
Dırnağının gözüylə
Qara düzü bəzə gəl.
Sayaçı nəğmələri də əmək nəğmələri silsiləsinə aiddir. Mərasimşünas və etnoqraflar yazır ki, şifahi poeziyamıza köçəri tayfaların ilk əmək nəğmələri kimi daxil olan sayaçı nəğmələrində qoyunçuluq həyatı tərənnüm edilib. Bu nəğmələrin ilk yaranışı qoyunların əhliləşdirilməsi dövrünə təsadüf edir. Bu nəğmələr qoyun qırxımı, döl vaxtı, yaylağa köçərkən və s. mərasimlər zamanı ifa edildiyi üçün mərasim nəğməsi də hesab edilir:
Qoyunlu evlər gördüm,
Qurulu yaya bənzər.
Qoyunsuz evlər gördüm,
Qurumuş çaya bənzər.
Nənəm, a narış qoyun,
Yunu bir qarış qoyun.
Bulamanı tez yetir,
Gözləyir uşaq, qoyun.
Balaca-balaca çəpişlər,
Yovşanın başın dişlər.
Gedər yaylağı gəzər,
Gələr aranda qışlar.
Dağlardan
endi qoyun,
Dolaşdı bəndi qoyun.
Süd-qaymağı
bol eylə,
Sevindir kəndi, qoyun.
Sağın nəğmələri, bayaq onun
adını eydirmə nəğməsi kimi təqdim etdim, eldən
eşitdiyim sözdür. Amma mərasimşünaslar
ona sağın nəğməsi adını verib. Fikrimcə, çox uyğundur.
Mərasimşünaslar yazır ki, xalqımızın
qədim dövr maldarlıq həyatı ilə bağlı nəğmələri
içərisində sağın nəğmələri də
müəyyən yer tutur. Saya nəğmələrindən
fərqli olaraq sağın nəğmələri
köçəri tayfalar içərisində yaransa da, oturaq
həyat şəraitinə keçmiş tayfalar tərəfindən
asanlıqla qəbul olunub.
Dutum,
dutum,
Nənəm, dutum.
Səni sağan,
Dutum, dutum,
Mənəm,
dutum,
Bacım, dutum.
Məişət nəğmələri sırasında
ovçu nəğmələrinin yeri ayrıcadır. Mərasimşünasların
bildirdiyinə görə, daha qədim dövrlərə aid
olan ovçu nəğmələri həmin peşə ilə
bağlı yaranıb, nidalı,
çağırışlı sözlərlə şifahi
poeziyamıza daxil olub. Ovçu nəğmələri
bir sıra hallarda tuluqda, tütəkdə, fitdə
çalınan havalarla müşayiət olunub:
Ova gedən,
Ovun tuş.
Ovun olsun
Maral,
quş...
Balıqçı nəğmələrinə də
diqqət ayırmaq istəyirəm. Alimlər bildirir ki, əmək
nəğmələri içərisində
balıqçı nəğmələri də xüsusi yer
tutur. Dünya xalqlarının şifahi
poeziyasında bu nəğmələrin dəniz və
çay ətrafında yaşayan xalqların poetik
düşüncəsində olduğu kimi, ilkin inkişaf mərhələlərində
yarandığı ehtimal olunur. Balıqçı
nəğmələrinin hamısında «Yahu» nəqarəti
mühafizə olunur. Misal:
Yahu
Röyama
girdi,
Yahu
Sirrimi bildi.
Yahu
Dəryalara
Tor
atdım,
Üzümə
güldü
Yahu...
İpəkçi nəğmələri də
xalqımızın məişətində önəmli yer
tutur.
Mərasimşünaslar yazır ki, ipəkçi nəğmələri
xalq içərisində bəzən kümçü
(kümzar) nəğmələri adı ilə
tanınır.
Bu nəğmələrdə əsasən barama, onun əhəmiyyəti,
baramanın bədnəzərdən qorunması və s. tərənnüm
edilir:
Çıxdı
qızım
Tərəcəyə,
Büküb
qoydum
Bələcəyə
Naz-naz olsun.
Yarpağı
Az-az olsun.
Hana nəğmələrini qədim zamanlarda nənələrimiz
həmişə oxuyub, bununla da toxuduğu xalçanın,
kilimin, cecimin, çulun, palazın, xurcunun gözəlliyini
birəbeş artırıblar.
Əmək nəğmələri içərisində
toxuculuq və xalçaçılıqla bağlı nəğmələr
mühüm yer tutur. Hana nəğmələri əsasən ilmə vurularkən,
ilmə döyülərkən və s. söylənən nəğmələrdir.
İlk hana nəğməsi aşağıdakı şəkildə
bizə çatıb:
Asma
gül,
Basma gül.
Gülüm
xınalı
Döşü
minalı!
Mərasim
nəğmələri arasında doğumla bağlı nəğmələr
də var. Mərasimşünaslar yazır ki, xalq
poeziyasında övladsızlıqla bağlı ənənəvi
süjet doğumu müqəddəsləşdirib, xalq
doğumla bağlı müxtəlif nəğmələr
yaradıb:
Sancılar
gələr-gedər,
Atalar gülər gedər.
Nənələr
nənni qoyar,
Nəvəsin bələr gedər.
Xalq poeziyasını öyrənən alimlər qeyd edir
ki, bu nümunələrdən söz düşəndə
ilk olaraq əmək nəğmələri xatırlanır. Bu nəğmələr əməyə
bağlılıq, iş prosesini
yüngülləşdirmək, müəyyən mənada həvəs
oyatmaq məqsədilə ifa edilib. Əsasən
əkinçilik, maldarlıq, ovçuluq zamanı istifadə
olunub. Əmək nəğmələri
içərisində sayaçı sözləri xüsusi
yer tutur. «Sayaçı» kəlməsi
«sayalı olan, xeyir gətirən» mənasını
daşıyır. Görkəmli ədəbiyyatşünas
Firudin bəy Köçərli araşdırmalarında
yazır ki, «saya» fars dilində «kölgə»
deməkdir. Məcazi mənası isə himayə,
müdafiədir. Xalq arasında bu söz
nemət, yaxşılıq, xeyirxahlıq mənalarında
işlənir. Burada daha çox ev
heyvanlarına məhəbbət, qayğı ifadə olunur.
Bu
mahnılar arasında çobanlara həsr olunan nümunələr
də var. Belə nəğmələrdə çoban təriflənir,
işi-gücü, xeyirxahlığı və igidliyi
haqqında söz açılır:
Göydə
gəzən buludlar
Yorğanıdır çobanın.
Yastı-yastı
təpələr
Yastığıdır çobanın.
Yumru-yumru
qayalar
Yumruğudur çobanın.
Yaz-payız əkini zamanı və yaxud taxıl
biçilib döyülərkən oxunan mahnılara «holavar» deyirlər. Tanınmış
folklorşünas, filologiya elmləri doktoru, AMEA-nın
müxbir üzvü mərhum Azad Nəbiyev holavarlar
haqqında yazırdı: «Çin, hind və skandinav
xalqlarının folklorunda «ho» müqəddəs öküz
(inək) toteminin adı olub. Türkdilli xalqların - Azərbaycan,
uyğur, özbək folklorundakı mərasim nəğmələrində
«ho»lar müqəddəs varlıq, səadət
rəmzi kimi tərənnüm edilir. Holavar həm
də müqəddəs varlıqlar haqqında mahnı mənasını
daşıyır».
Tədqiqatçıların
yazdığına görə, dahi bəstəkar Üzeyir
Hacıbəyov xalq mahnılarımızın nota salınan
nümunələri barədə bildirirdi: «El
mahnılarında Azərbaycan xalqının əhval-ruhiyyəsi
və zövq musiqisi bəyan edilir. Həmin
şeir və musiqidəki yaradıcılıq qabiliyyətinin
dərəcəsini təyin edə bilən böyük bir
material da var. Onun musiqi, ədəbi, psixoloji və istərsə
də etnoqrafik əhəmiyyəti çox
böyükdür».
Azərbaycan xalq mahnılarının toplanması
işinə XIX əsrdə başlanıb. 1828-ci ildə
şərqşünas A.Xodzko Azərbaycan xalq mahnılarını
toplayaraq nəşr etdirib. Onların əksəriyyəti
tarixi mərasim və lirik mahnılar olub. XIX
əsrdə P.Siyalski də «Səkkiz asiyalı mahnısı
və bir ləzginka» adı ilə məcmuə çap
etdirib. Tədqiqatçılar onu da
bildirir ki, XX əsrdə Üzeyir Hacıbəyov və
Müslüm Maqomayevin əməyi xüsusi qeyd edilməlidir.
Bakı Dövlət Universitetinin folklor kafedrasının əməkdaşı Lətafət Ələkbərova «Bir daha sayaçı sözlərinə dair» yazısında qeyd edir ki, Azərbaycan folklorunun toplanması, nəşri, öyrənilməsi tarixində SMOMPK məcmuəsi mühüm yer tutur: «Milli folklorşünaslığın yaranmasında bir mərhələ olan bu məcmuə Azərbaycan və bütün Qafqazın təbiəti, tarixi, coğrafiyası, incəsənəti, kənd təsərrüfatı, burada yaşayan xalqların folkloru və etnoqorafiyasını öyrənmək üçün zəngin mənbədir. Bildiyimiz kimi, milli folklorumuz qədim bir tarixə malikdir. AMEA-nın müxbir üzvü, professor A.M.Nəbiyev qeyd edir ki, bizim ağız ədəbiyyatımızın yaranma və janrlaşma tarixi nə qədər qədimlərə gedib çıxsa da, milli folklorşünaslıq elmimizin meydana gəlməsi ötən əsrin əvvəllərinə təsadüf edir. Alimin fikrincə, Azərbaycan folklorşünaslığı gecikmiş folklorşünaslıq idi. Professor Azad Nəbiyev Azərbaycan folklorşünaslığında üç mərhələnin olduğunu göstərir. Birinci mərhələ 1830-1900-cu illəri əhatə edir. İkinci mərhələ 1900-1940-cı illər arasında olub. Üçüncü mərhələ-yeni dövr-Böyük Vətən Müharibəsi illərindən başlayaraq bu günə qədər davam edir. Birinci mərhələdə «Tiflisskiye vedomosti», «Novoye obozreniye», «Sbornik svedeniy o Kavkaze», «Sbornik svedeniy o kavkazskix qorçax», SMOMPK məcmuəsi və digər mətbu orqanlarda bizim bir çox şifahi yaradıcılıq nümunələrimiz toplanıb nəşr edilirdi. Alimin bu fikri bizə SMOMPK məcmuəsinin Azərbaycan folklorşünaslığının inkişafında mühüm rol oynadığını deməyə tam əsas verir».
Tədqiqatçı yazır ki, SMOMPK-un buraxılışlarından birində F.Köçərlinin topladığı sayaçı nəğmələri çap olunub. Alim qeyd edir ki, bu yazı çox əhəmiyyətlidir. Çünki həmin Azərbaycan folklorşünaslığında «sayaçı» sözünün etimiologiyası haqqında müxtəlif fikirlər var: «Bunlardan biri də Firudin bəy Köçərlinin fikridir. Həmin mülahizə də onun SMOMPK-un həmin buraxılışında nəşr edilən «sayaçı nəğmələri» adlı məqaləsində əks olunub. Beləliklə, mətnin əvvəlində izah olunur ki, «saya» sözü fars dilində «kölgə», məcazi mənada «himayədarlıq», «müdafiə» deməkdir. Zaqafqaziya tatarları (azərbaycanlılar - L.Ə.) onu «xeyir», «bərəkət» mənasında işlədirlər. Deməli «sayaçı» - xeyir-bərəkət gətirəndir. Doğrudan da məişətimizdə «gəlinin ayağı sayalı olsun», «bayramın ayağı sayalı olsun» ifadələri işlənir ki, bunların da mənası «xeyirli, bərəkətli olsun» deməkdir. Sayaçılar da öz nəğmələrində hər evə rifah, ruzi arzulayırlar. Firudin bəy sayaçını adi tərəkəmə kimi təsvir edir. Adətən, o, payızın sonu və qışda oba-oba gəzib ev heyvanlarını tərif edir, əvəzində ərzaq məhsullarından pay alırdı. Şifahi poeziyamıza köçəri tayfaların ilk əmək nəğmələri kimi daxil olub».
Ardı var...
İradə SARIYEVA
Bakı xəbər.-2015.- 24 iyun.- S. 15.