40 il «Gürcüstan»
qəzetinə rəhbərlik edən Süleyman
Əfəndinin vəfatının bir ili tamam olur
O, 1992-ci ildə
yaradılan Gürcüstan Azərbaycanlıları
Birliyinə rəhbərlik edib
Ayrı-ayrı şəhərlərdə yaşayan yad insanları bir-birinə tanıdan, fikirləri qovuşduran, əlləri və duyğuları birləşdirən doğma insanlar çox olmasa da, yox da olmayıb. Bəzən o doğma insanı heç sənin özün də şəxsən tanımamısan, ancaq əməllərini, fikirlərini, düşüncə və ideyalarını bəyənmisən. O doğma adamlardan birinin adını uşaqlıqdan tez-tez eşitmişəm. Atam Kövrək Murad da, Borçalı ziyalıları da, söz-fikir adamları da hər zaman onun adını hörmətlə çəkib.
Nə gizlədim, çoxları həm də ona bir ümid, güman yeri kimi baxıb. Adı türk dünyası ilə bir olan, 79 yaşında dünyadan köç edən, Borçalının ünlü oğlu, ustad jurnalist, görkəmli ictimai xadim, müqtədir qələm adamı, «Sovet Gürcüstanı», sonradan «Gürcüstan» kimi nəşr edilən qəzetə 40 il rəhbərlik edən Süleyman Süleymanovun-Süleyman Əfəndinin vəfatının 1 ili tamam olur.
Süleyman Əfəndini şəxsən görməmişəm, amma demək olar ki, adını hər gün eşitmişəm, baş redaktoru olduğu qəzeti oxumuşam. Atamın ustadı Hüseyn Saraclı ilə bərk dost olduğunu da hələ uşaqlıqdan eşitmişəm. Süleyman Əfəndi Borçalının ağırtaxta, sanballı, sözü ötkün ziyalı kişilərindən olub. Dövrün ən populyar rəsmi qəzetinin baş redaktoru olmasına baxmayaraq, hər zaman xalqın içində olub. Vəzifə bu kişini xalqdan qopara bilməyib. Ona görə də adı həmişə əziz tutulub, urvatlı kişilər cərgəsində öndə gedənlərdən olub.
Süleyman Əfəndinin vəfatını eşidəndə çox üzüldüm. Bu ancaq bir ziyalının, yazarın ölümünün yaratdığı sarsıntı deyildi, bu, Borçalını göz bəbəyi kimi qoruyan qarapapaq kişilərindən birinin itkisinin yaşatdığı təlatüm idi. Bilirik ki, keçən əsrin 80-ci illərinin sonundan 90-cı illərinin əvvəllərinə qədər Borçalıdan Qırmızı Körpüyə qədər böyük bir köç karvanı uzanırdı, borçalılar öz dədə-baba yurdlarını tərk edirdilər. Onların arasında ziyalılar da, sözü ötkün olan adamlar da vardı... Amma nə yaxşı ki, o karvanda Süleyman Əfəndi olmadı. O, ömrünün sonuna qədər doğma vətənindən ayrılmadı. Biz də burada ürəklənirdik ki, Süleyman Əfəndi var və sözümüzü, mədəniyyətimizi, folklorumuzu ayaqda saxlayır, onları yayır, təbli? edir. Süleyman Əfəndinin rəhbərlik etdiyi «Sovet Gürcüstanı»-»Gürcüstan» qəzeti böyük bir ocaq idi. O ocağın istisinə nə qədər istedadlı qələm, fikir adamları toplanardı. Borçalının gənc şairlərinin ilk şeirləri, yazıçıların nübar hekayələri, publisistik məqalələri, müsahibələri Süleyman Əfəndinin ağsaqqallıq etdiyi «Gürcüstan» qəzeti vasitəsilə oxuculara təqdim edilirdi. Uşaq və yeniyetməlik illərimdə o şeirləri, yazıları hava kimi ciyərlərimə çəkirdim. Əslində, mənim özümün jurnalistikaya könül verməyimin səbəbkarlarından biri «Gürcüstan» qəzeti olub. Dediyim kimi, hər gün bu qəzeti alır və oxuyurduq. «Gürcüstan» qəzetində ən çox sevdiyim bir rubrika vardı -»Telli saz». Yəqin bu rubrika çoxlarının yadındadır. Burada Borçalı folklorunun bütün janrları əks olunurdu. Heç yadımdan çıxmır, uşaq folkloru nümunələri də çap olunurdu. Bütün bunlar xalqın yaddaşının mətbuata daşınması baxımından çox qiymətli bir örnəkdir. Dil içində dil, din içində din bəsləyib borçalılar həmişə. Sözsüz ki, Süleyman Əfəndi kimi işıqlı şəxsiyyətlər xalqa arxa-dayaq olduğu üçün xalq belə ürəkli, təpərli olub. Süleyman Əfəndi Borçalı türklərinin mədəniyyətini, folklorunu, aşıq sənətini, ictimai həyatını olduğu kimi, qədirşünaslıqla rəhbərlik etdiyi mətbu orqanda əks etdirib.
Onu da qeyd edim ki, keçən ilin iyun ayının 26-da 79 yaşında həyatla vidalaşan Süleyman Əfəndi 1992-ci ildə yaradılan Gürcüstan Azərbaycanlıları Birliyinə rəhbərlik edib. S.Əfəndi (Süleymanov) 1935-ci il mayın 5-də Gürcüstanın Marneuli rayonunda anadan olub. 1960-cı ildə Tiflis Pedaqoji Universitetinin Azərbaycan ədəbiyyatı və tarixi fakültəsini bitirib. 1972-ci ildə S.Süleymanov Azərbaycan dilində nəşr olunan «Sovet Gürcüstanı» qəzetinə, 1990-cı ildən isə «Gürcüstan» nəşrinə rəhbərlik edib. 93 illik tarixi olan bu qəzet Gürcüstanda azərbaycanlıların maarifləndirmə, onlarda milli özünüdərkin və mədəniyyətin inkişafı mərkəzinə çevrilib. Onu da bildirim ki, S.Əfəndinin redaktəsi ilə qəzet Gürcü-Azərbaycan lüğətini nəşr edib. Bu da faktdır ki, onun rəhbərliyi ilə Gürcüstanın tarixi və coğrafiyası Azərbaycan dilinə tərcümə edilib, müxtəlif danışıq kitabçaları, bukletlər, məktəblilər üçün dərs vəsaitləri nəşr edilib. Onu da vurğulayım ki, Süleyman Əfəndi 1990-2000-ci illərdə BBC radiostansiyasının Azərbaycan xidməti üçün Gürcüstandakı azərbaycanlıların həyatı haqqında reportajlar hazırlayıb. O, Gürcüstan SSR Ali Sovetinin deputatı seçilib, 1981-ci ildə «Şərəf nişanı» ordeni, 1997-ci ildə müstəqil Gürcüstanın «Şərəf» ordeni ilə təltif edilib, əməkdar mədəniyyət işçisi adına layiq görülüb.
Belə böyük bir şəxsiyyəti xatırlamaq nə qədər xoşdursa, onun fiziki yoxluğu barədə düşünmək o qədər ağırdır. Elə ağırdır ki, adam onu bütün varlığı ilə çiyinlərində, ürəyində hiss edir. 2009-cu ildə «Qarapapaqlar» jurnalında Süleyman Əfəndinin ömür-gün yazısına çevrilən maraqlı bioqrafiyası çap olunub. Müəllif yazısına ustad özü «Ləyaqət» adı verib. Bu ona tam yaraşan, xarakterini, şəxsiyyətini ehtiva edən ifadədir. «Ləyaqət» məqaləsində yazır: «Babam daşyonan olub. Onun üzünü görməmişəm. Atam deyərdi ki, o özünü bu sənətə həsr etmişdi. Əlindən çıxan iş təmiz, səliqəli, göz oxşayardı. O, daşa nəfəs verməkdən zövq alarmış. Deyərmiş ki, ocaq daşı da yaraşıqlı olmalıdır. İşini bitirəndə üstünün tozunu çırpıb ürəyincə iş yaratdığından, razılıqla əlini halal çörəyinə uzadıb, məmnunluqla gülümsəyərmiş. Onun sözüdür: hər insan oğlu öz ləyaqətini, qədir-qiymətini bilməlidir, bununla öyünməli və heç kəsin qarşısında əyilməməlidir, - babam belə deyərmiş. Mən onun üzünü görməmişəm, atamdan eşitmişəm.
Günümüzdə özünü dərk edən, özünə hörmət etməyi bacaran hər kəs, təbii olaraq, ailə, vətən və ictimaiyyət - insanlıq qarşısında məsuliyyətini də hiss etməlidir. Hansı müdriksə deyib ki, insan olmaq, birinci növbədə başqa insanlar qarşısında məsuliyyət hiss etmək, öz ləyaqətini dərk etmək deməkdir...».
Süleyman Əfəndinin qızı Leyla Süleymanova atasının 80 illiyinə, ustadın ölümünün 10-cu ayının tamamında yetişən 80 yaşına ürəkləri titrədən kiçik bir yazı həsr edib iki ay əvvəl: «Dünyasını dəyişməsindən 10 ay keçməsinə baxmayaraq, bu gün də dünyanın müxtəlif bölgələrindən Süleyman Əfəndinin dostları zəng edərək onun dünyasını dəyişdiyinə inanmaq istəmirlər. Onun haqqında xoş xatirələr danışırlar. Dünyada ən əziz varlıq kimi, mehriban, səmimi bir ata olub dədəm. Süleyman Əfəndi! O, bütövlükdə ailəsinə, övladlarına, nəvələrinə qarşı çox mehriban idi. Nəvələri hər gün «dədəm niyə gəlmirğ»-deyə soruşurlar. Bu suala cavab vermək çox çətindir. O, özü gördüyü əhəmiyyətli işlər haqqında danışmazdı. Təvazökarlıq mənəvi meyarı idi. İnsanlar arasında mehribanlığı sevirdi, kin-küdurət ona yad idi.
Dünyanın əşrəfi olan insanda mənəvi dəyərlərin ucalığını görmək istəyirdi. Dədəm bizim hər gün, hər saat, hər dəqiqə qəlbimizdədir. Ay dədə, yoxluğuna inana bilmirəm, istəmirəm inanmaq...».
Süleyman Əfəndinin ölümünə heç kəs inanmır, əziz Leyla xanım. O bu dünyadan yalnız sizin atanız, nəvələrinin babası kimi köçməyib, elin oğlu, minlərin, milyonların əzizi, babası, dədəsi kimi köçüb. Süleyman Əfəndinin vəfatı aman vermədi ki, ustad ömrünün 80-nini də yaşasın. Hələ neçə bahar, neçə qış yaşamaq ümidi vardı ustadın. Çünki bir dəqiqə də olsa əlini işdən, ürəyini sözdən ayırmırdı. Bakı-Tiflis arasında uzanan yolların hərdən zəvvarı olardı Süleyman Əfəndi. Onda vaxt tapan kimi yetirmələrini, köhnə dostlarını başına yığardı. Biz ona əzəmətli bir dağ kimi baxmışıq həmişə. Həmişə ucalıqda dayanıb Süleyman Əfəndi. O ucalıq onun əlçatmayan sadəliyi olub.
Hələ çox zaman keçəcək, hələ neçə-neçə fəsillər, nəsillər dəyişəcək, çox şey unudulsa da, xalqının yolunda ürəyini çıraq edən Süleyman Əfəndi kimi dəyərli şəxsiyyətlər unudulmayacaq. Bu pafosla deyilən söz deyil, bir həqiqətdir. Qızılı qara torpaq udsa da, onu məhv etmir, əritmir, yenidən insanlara qaytarır. Ləyaqətlə ömür sürən insanlar da belədir. Onlar unudulmur, itmir, hər zaman yeni nəsillərin yaddaşından göyərir, pöhrələnir, şaxəli bir ağaca çevrilib insanları kölgəsinə alır... Allah sizə rəhmət eləsin, doğma adam - Süleyman Əfəndi!
İradə
SARIYEVA
Bakı xəbər.-2015.- 24 iyun.- S. 13.