Azərbaycan tarixində böyük hadisə - türk dünyasını birləşdirən I Türkoloji Qurultay...

 

Elə çağlar olub ki, bütün türk elləri bir ağızda danışıb. Dili, sözü, adı, ürəyi bir olub. Bu gün də ürəyi birdir türkün. Ayrı-ayrı çağlarda yollar, illər, sərhədlər ayrısı olsalar da, bu gün qaynayıb-qarışır, birləşir türk elləri. Türk dil ailəsinin ayrılmaz üzvü olan ana dilimiz-Azərbaycan türkcəsi əsrlərdir cilalanır, hamarlanır, dolğunlaşır, inkişaf edir.

Azərbaycan dövlətinin həyata keçirdiyi ana dili siyasəti sayəsində dilimiz daha da zənginləşir, bir vaxtlar itirdiyimiz sözlər, ifadələr yenidən dilimizə qaytarılır.

Türk xalqının ana dili tarixində zaman-zaman böyük hadisələr, dilin inkişafına təkan verən əhəmiyyətli addımlar atılıb. Böyük türkoloqlar, dilçilər, dil təəssübkeşləri bu hərəkatın başında durub. O şəxsiyyətlərin gördüyü işlər əvəzsizdir. Sevindirici hallardan biri odur ki, Azərbaycan dövləti bu məsələlərdə, xüsusən də müasir Azərbaycan türkcəsinin hansı yolla inkişaf etdirilməsi, onun hələ uzun əsrlər işlək olması yönündə gördüyü işlərdə o alimlərin miras qoyduğu ənənələrə, fundamental elmi əsərlərə istinad edir. Dövlətin xalqın dilinə, mədəniyyətinə bu qədər həssaslıqla yanaşması həqiqətən də təqdirəlayiq haldır.

Türk xalqının ana dili tarixində əlamətdar bir hadisə var ki, son illər o barədə xüsusi danışılır, haqqında geniş məqalələr yazılır, tədbirlər keçirilir. Özü də bu yığıncaqlarda türk dünyasının qüdrətli dil təəssübkeşləri, alimləri iştirak edir. 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultaydan danışırıq. Bu barədə danışmazdan əvvəl istəyirik ki, II Türkoloji Qurultayın keçirilməsi təkliflərinə nəzər salaq. Qeyd edək ki, 2016-cı ildə I Türkoloji Qurultayın 90 illiyi tamam olur. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik, tanınan türkoloq Tofiq Hacıyev II Türkoloji Qurultayın 2016-cı ildə Bakıda keçirilməsini təklif edib. T.Hacıyev Azərbaycan Alimlərinin Birinci Qurultayında çıxışı zamanı deyib ki, ilk Türkoloji Qurultay XX əsrin əvvəllərində keçirilib: «Bu qurultayın yenidən keçirilməsi vacibdir. Sovet dövründəki antimilli qüvvələr hələ də tükənməyib, onlar bu gün də milli tariximizə zərbə vurmaqda davam edir. Belə qüvvələrə qarşı mübarizəni davam etdirmək zəruridir. Ümummilli lider Heydər Əliyevin Azərbaycan yazılı ədəbiyyatı ilə bağlı verdiyi tapşırıqlar, bu istiqamətdə imzalanan fərmanlar bəzi mübahisəli məqamlara son qoyulmasında mühüm rol oynayıb. Türkiyənin dədə qorqudşünasları deyirdilər ki, Dədə Qorqudun tarixi 16-cı əsrdən o yana getmir. Ancaq Heydər Əliyev «Kitabi-Dədə Qorqud»un 1300 illiyinin keçirilməsi ilə bağlı fərman verdi və bu yubiley keçirildi. Bununla bağlı bir çox tədqiqatlar aparıldı, kitablar nəşr edildi. UNESCO da bunu qəbul etdi və bununla da Azərbaycan yazılı ədəbiyyatının tarixinin 7-ci əsrə gedib çıxdığı öz təsdiqini tapdı».

Onu da qeyd edək ki, 23 aprel 2006-cı ildə Bakıda I Türkoloji Qurultayın 80 illiyinə həsr edilən elmi konfrans keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Təhsil Nazirliyinin birgə keçirdikləri konfransda Azərbaycan türkoloqları ilə yanaşı, Türkiyə, Qazaxıstan, Tatarıstan, Qaqauz Yeri, İran, Gürcüstan və Moskva alimləri, səfirlər iştirak edib.

I Türkoloji Qurultay türk xalqlarının tarixində ən böyük hadisələrdən biridir. Onu da qeyd edək ki, I Türkoloji Qurultayın 80 illik yubileyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 9 noyabr tarixli Sərəncamına əsasən qeyd edilib.

Sözügedən konfransda vurğulanırdı ki, birinci qurultayın işində keçmiş SSRİ məkanının türkdilli xalqlar yaşayan bütün bölgələrindən, xarici ölkələrdən dəvət olunan 131 tanınan alim iştirak edib. Qurultayda 600 nəfər alim iştirak edib. Doqquz gün ərzində 17 iclas keçirilib, türkdilli xalqların tarix və etnoqrafiyasına, ədəbiyyatına, dilçilik məsələlərinə, türk dillərinin tədrisi problemlərinə həsr olunan 37 məruzə dinlənib. Mənbələrdən də məlumdur ki, qurultayın diqqət mərkəzində olan əsas məsələ bütün türkdilli xalqlar üçün latın qrafikasına əsaslanan yeni əlifbanın qəbul edilməsi idi. Burada bütün sahələrdə, o cümlədən terminologiya, orfoqrafiya, ana dilinin tədrisi metodikası sahəsində olan problemləri meydana çıxarmış və onların həlli yollarını göstərmiş qurultay türkdilli xalqların həyatında böyük rol oynayıb, onların tarixinin, etnoqrafiyasının, ədəbiyyatının, incəsənətinin elmi cəhətdən dərindən öyrənilməsi, inkişaf etdirilməsi sahəsində yeni üfüqlər açıb.

AMEA-nın sabiq humanitar və ictimai elmlər bölməsinin akademik-katibi, Akademiyanın müxbir üzvü Ağamusa Axundov «Birinci Türkoloji Qurultay və müasir türk dünyası» mövzusunda məruzəsində bildirib ki, ötən illər ərzində bu böyük tarixi hadisə öz təsirini göstərməkdə davam edib:» Türkiyədə Sami N.Özerdimin, M.Şakir Ülkütaşırın, Zeynep xanım Korkmazın, Necmettin Hacıeminoğlunun, Mertol Tulumun, Hamza Zülfikarın, Hasan Erenin kitab və məqalələrində birinci qurultayın əks-sədasını görürük. Azərbaycanda əlifba, terminologiya, orfoqrafiya sahələrinə aid müdafiə olunmuş dissertasiyalarda da qurultayın ruhu yaşayır. Eyni sözləri başqa türkdilli ölkələrin dilçilik, tarix, ədəbiyyatşünaslıq sahələrində qazandıqları uğurlar haqqında da demək olar. Lakin qurultayın qarşıya qoyduğu ortaq dil, ortaq əlifba, ortaq orfoqrafiya, terminlər sahəsində ortaqlıq kimi məsələlər keçmiş SSRİ məkanında yasaq olunan tədqiqat mövzuları idi. Ancaq imperiyanın dağılması bütün türk dünyası üçün də yeni üfüqlər açdı, yeni müstəqil dövlətlər yarandı. Azərbaycanın müstəqillik illərində əldə etdiyi ən böyük nailiyyətlərdən biri də ana dilimizin dövlət dili statusu qazanması, bütün sahələrdə geniş inkişaf yoluna çıxmasıdır. Hələ sovet dövründə, 1978-ci ildə ümummilli liderimiz Heydər Əliyev Konstitusiyamıza Azərbaycan dilinin dövlət dili olması barədə ayrıca maddə salınmasına nail olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin «Birinci Türkoloji Qurultayın 80 illik yubileyi haqqında» Sərəncamında çox dəqiq qeyd edildiyi kimi, Heydər Əliyev tərəfindən imzalanan «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında» 18 iyun 2001-ci il tarixli və «Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında» 9 avqust 2001-ci il tarixli fərmanlar isə ana dilimizin inkişafında mühüm istiqamətverici sənədlər hesab edilməlidir. Bütün bunlar I Türkoloji Qurultayın qərarlarının məntiqi davamı olmaqla, həmin qərarların tarixi əhəmiyyətini təsdiq edir və onların obyektiv zərurətdən meydana gəldiyini göstərir. I qurultayda müzakirə edilən məsələlərin bir çoxu postsovet məkanının türkdilli xalqlar yaşayan bəzi bölgələrində hələ də həllini tapmayıb. Orfoqrafiya sahəsindəki problemlərin bəziləri 1966-cı ildə Bakıda I Türkoloji Qurultayın 40 illiyi münasibətilə keçirilən Ümumittifaq Türkoloji Konfransın səviyyəsindən, demək olar ki, hələ də irəli gedə bilməyib. Latın qrafikalı əlifba qəbul edilərkən türk dillərinin fonetik quruluşu, ahəng qanunu, görünür, lazımınca nəzərə alınmayıb və nöqtəli saitlərin yazılışında müəyyən problem yaranıb. «Çərşənbə» sözünün yazılışında nöqtə düzməkdən şikayətlənən (ərəb əlifbası ilə həmin sözdə 7 nöqtə var) babalarımızın xələfləri indi «üzümçülüyümüzünkü sözünün görünüşü» kimi cəmi üç kəlmədən ibarət söz birləşməsində 30 nöqtədən istifadə etməli olurlar...».

Qayıdaq I Türkoloji Qurultaya. 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayın əhəmiyyəti, burada qaldırılan məsələlər və s. barədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov özünün «Türkiyə türkcəsi də, Azərbaycan türkcəsi də, digər türkcələr də bir kökə bağlıdır» məqaləsində çox dəyərli faktlar üzə çıxarır: «I Türkoloji Qurultay işini 1926-cı il fevralın 26-da başlayıb və martın 6-na kimi davam etdirib. Qurultay Bakı şəhərində çağırılıb. Türk xalqlarının tarixində ictimai-siyasi əhəmiyyət daşıyan toplantıya kimi türk xalqlarının keçmişi və gələcəyi ilə bağlı ən vacib məsələləri müzakirə obyektinə çevirən belə bir qurultay olmayıb. Qurultay dünya mədəniyyəti tarixində türk xalqlarının da payının az olmadığını bir daha sübuta yetirdi. Eyni zamanda, türkoloqların və geniş ictimaiyyətin diqqətini cəlb etdi. I Türkoloji Qurultayın proqramı, orada müzakirə olunan gündəlik məsələlər hazırda da türkologiyamızın qarşısında duran ən vacib məsələlərdir. Bu mənada qurultayda müzakirə olunan mühüm məsələlərdən bəzilərinin çağdaş türkologiyamız üçün də aktual olduğunu nəzərdən keçirək. Türk xalqlarının tarixinin öyrənilməsinin vəziyyəti ilə bağlı akademik V.V.Bartoldun məruzəsi dinlənib və bu məruzə əsasında qətnamə qəbul edilib. Qətnamədə qeyd edilirdi ki, türk xalqlarının yazılı abidələrinə ciddi şəkildə fikir vermək lazımdır. Yazılı abidələrin siyahısı tutulmalı və onlar qorunmalıdır. Hətta onlardan ən iriləri qoruq yeri elan olunmalıdır. Müqayisə üçün təkcə onu qeyd etmək kifayətdir ki, indi Ermənistan adlanan ərazidə Azərbaycan türklərinə aid yazılı abidələr ermənilər tərəfindən məhv edildi, dağıdıldı. Məsələn, Cücəkənd yazılı abidələri, Nüvədi yazılı abidələri və s. Hələ gizli qalan, aşkarlanmamış neçə-neçə yazılı abidəmiz ermənilərin əlindədir, daha doğrusu, işğalı altındadır. I Türkoloji Qurultayda türk xalqlarının tarixini öyrənməklə bağlı qəbul olunmuş qətnamədə monoqrafik tədqiqatları gücləndirməyin lazımlı olduğu da nəzərə alınıb. Çağdaş türkologiyamızın qarşısında da monoqrafik tədqiqatlara xüsusi diqqət yetirmək kimi vacib tələblər durur. Hər bir xalq öz tarixini, tarixi, mədəni irsini bilməlidir və buna borcludur. Hazırda bütün dünyada insan təfəkkürü inkişaf edir, elmin, texnikanın tərəqqisi baş verir. Ancaq bu qloballaşmada xalqlar öz milli irsini qoruyub saxlamalıdır. Bütün türkdilli ölkələrdə ümumi türk tarixinin, mədəniyyətinin tədrisi həyata keçirilməlidir. Bunun üçün, hər şeydən əvvəl, türk xalqlarının tarixi yazılmalıdır. Bu iş ayrı-ayrı tarixçilərin fərdi fəaliyyət dairəsinə çevrilməməlidir. Əksinə, tanınmış tarixçilərin birgə fəaliyyəti ilə, koordinasiya olunması ilə, koordinasiya şurasının nəzarəti ilə həyata keçirilməlidir. Fakt ondan ibarətdir ki, türk xalqlarının tarixini öyrənən tarixçilərin koordinasiyası yoxdur. Bu isə ümumi məqsədin, amalın nədən ibarət olması işinə böyük əngəl törədir».

Alimin bildirdiyinə görə, I Türkoloji Qurultayda qəbul olunan qətnamədə qeyd olunurdu ki, türk xalqlarının tarixinə dair ən vacib mənbələrin çapına ardıcıl surətdə başlamaq lazımdır: «Hələ də bu məsələlər öz həllini gözləməkdədir. Çap olunmamış arxiv materiallarının türk xalqlarının dilinə tərcümə edilərək çap olunması olduqca vacibdir. Türk xalqları ilə bağlı müxtəlif salnamələr toplanmalı və çap olunmalıdır. Hələ də türk xalqlarının tarixinə dair rus və xarici alimlərin ən vacib işləri türk dillərinə tərcümə olunmayıb».

Türk xalqlarının etnoqrafiyasının öyrənilməsinin hazırkı vəziyyəti və yaxın vəzifələri məsələsini araşdırmaq məqsədilə tarixi mənbələrə müraciət edən alim yazır ki, bu mövzuda I Türkoloji Qurultayda S.İ.Rudenkonun «Türk tayfalarının etnoqrafiyasının öyrənilməsinin hazırkı vəziyyəti və yaxın vəzifələri», Y.Messaroşun «Balkan türklərinin etnoqrafiyasının öyrənilməsinin hazırkı vəziyyəti və yaxın vəzifələri», Q.T.Çursinin «Qafqaz türklərinin etnoqrafiyasının öyrənilməsinin yaxın vəzifələri» məruzələri geniş müzakirələrə səbəb olub: «Bu müzakirələrin nəticəsi olaraq qəbul olunmuş qətnamələr hazırda da böyük əhəmiyyət kəsb edir. Onlardan hansılarının çağdaş türkologiyamızın qarşısında duran vəzifələr olduğunu əsas götürərək nəzərdən keçirək:

a) türk xalqlarının tayfa tərkiblərinin dəqiq hesaba alınmasının böyük əhəmiyyəti var;

b) ayrı-ayrı türk respublikalarında və türk xalqlarının yaşadığı ərazilərdə ətraflı tayfa xəritəsinin yaradılması son dərəcə vacib bir işdir;

c) türk xalqlarına aid olanları öyrənmək üçün türklərin mərkəzi mədəniyyət muzeyinin yaradılmasına ehtiyac var. Həmin muzeyin türk xalqlarının yaşadığı respublikalarda və ərazilərdə şöbələrinin yaradılmasının da xüsusi əhəmiyyəti var;

ç) türk xalqlarının məişətinin, adət-ənənəsinin, folklorunun, şifahi xalq ədəbiyyatının, dialekt xüsusiyyətlərinin hərtərəfli öyrənilməsi əhəmiyyətli bir məsələdir.

Qeyd etmək yerinə düşər ki, bu gün türk xalqları qarşısında böyük tarixi imkanlar açılıb. Bundan yetərincə bəhrələnməliyik. Birliyimizi gələcək nəsillərə şərəflə ötürməliyik. Bu gün türk dünyasının özünün də maraq dairəsindədir ki, türk xalqları arasında sosial, iqtisadi, mədəni əlaqələr daha da gücləndirilsin».

 

Ardı var...

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 2 iyun.- S. 15.