Dövlətçilik tariximizin mühüm hadisəsi - I Türkoloji Qurultayda türk dünyasının hansı problemləri gündəmə gətirilib

 

Elə çağlar olub ki, bütün türk elləri bir ağızda danışıb. Dili, sözü, adı, ürəyi bir olub. Bu gün də ürəyi birdir türkün. Ayrı-ayrı çağlarda yollar, illər, sərhədlər ayrısı olsalar da, bu gün qaynayıb-qarışır, birləşir türk elləri. Türk dil ailəsinin ayrılmaz üzvü olan ana dilimiz-Azərbaycan türkcəsi əsrlərdir cilalanır, hamarlanır, dolğunlaşır, inkişaf edir.

Azərbaycan dövlətinin həyata keçirdiyi ana dili siyasəti sayəsində dilimiz daha da zənginləşir, bir vaxtlar itirdiyimiz sözlər, ifadələr yenidən dilimizə qaytarılır.

1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultaydan danışırıq. 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayın əhəmiyyəti, burada qaldırılan məsələlər və s. barədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov özünün «Türkiyə türkcəsi də, Azərbaycan türkcəsi də, digər türkcələr də bir kökə bağlıdır» məqaləsində çox dəyərli faktlar üzə çıxarır. Professorun fikirlərinin bir hissəsini keçən sayımızda təqdim etdik, indi də davam etdiririk.

Buludxan Xəlilov qeyd edir ki, türk dillərinin öz aralarında və monqol, tunquz, fin-uqor, yafəs dilləri ilə qohumluq əlaqələri haqqında qurultayda böyük məsələ qaldırılıb. O bildirir ki, I Türkoloji Qurultayda B.Çobanzadənin «Türk ləhcələrinin yaxın qohumluğu», N.N.Poppenin «Türk dillərinin Altay dilləri ilə qohumluq əlaqələrinin tarixi və müasir vəziyyəti», A.Qenkonun «Türk dillərinin yafəs dilləri ilə əlaqələri» məruzələri geniş müzakirə obyekti olub: «Qəbul olunan qətnamələr çağdaş türkologiyamızın qarşısında duran ən vacib məsələlərdən hesab oluna bilər. Onların bəzilərinə diqqətimizi yönəldək:

a) Ayrı-ayrı türk dillərini, dialekt və şivələrini dərindən, hərtərəfli öyrənmək, toplanmış dil materiallarını çap etmək, ayrı-ayrı elmi qrammatikaların və lüğətlərin tərtib olunmasını təşkil etmək. Bu məsələ həmişə türkoloqların diqqət mərkəzində olub, indi isə aktual olmaqla yanaşı, həlli istiqamətində xeyli geniş imkanlar yaranıb. Bu imkanların ən başlıcası ondan ibarətdir ki, Sovet imperiyası dağıldıqdan sonra beş müstəqil türkdilli dövlət yarandı: Azərbaycan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan. İndi Birləşmiş Millətlər Təşkilatında altı türk dövləti təmsil olunur: Türkiyə, Azərbaycan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan. Bundan başqa, Rusiya Federasiyasında əhalisinin əksəriyyətini türkdilli xalqlar təşkil edən muxtar qurumlar yaranıb: Tatarıstan, Başqırdıstan, Çuvaşiya, Saxa, Tuva, Qaraçay-Çərkəz. Bu muxtar qurumların ərazisi 8,2 milyon kvadrat kilometrdir, əhalisinin sayı isə 126 milyondur. Eyni zamanda, türk respublikalarına Qərb (Avropa və ABŞ), Şərq (Yaponiya və Çin), Qafqazda təsir gücünə malik olan Rusiya böyük maraq göstərir. Bütün bunlar imkan yaradır ki, türk dilləri, dialektləri, şivələri dərindən öyrənilsin, elmi qrammatika kitabları, lüğətlər yazılsın. Bu işə türkoloqların birgə qoşulması türk xalqları arasında əlaqələrin fəallaşmasına, problemlərimizin həllinə yardımçı ola bilər.

b) Müqayisəli-tarixi qrammatika kitablarının yazılması müqayisəli etimioloji lüğətlərin hazırlanmasına, türk dillərinin və dialektlərinin təsnifi ilə əlaqəli işlərin görülməsinə diqqəti artırmaq lazımdır. Bu gün ayrı-ayrı türk dillərinin müqayisəli qrammatikasının, eləcə də ikidilli, üçdilli, dörddilli lüğətlərinin çapına ehtiyac var.

c) Türk dillərinin Altay, fin-uqor dilləri və yafəs nəzəriyyəsi ilə əlaqəsi barədə araşdırmaları davam etdirmək bu gün türkologiyamız üçün daha geniş imkanlar açıb. Birincisi, ona görə ki, türk respublikaları və muxtar qurumları yaranıb, ikincisi isə, türk dünyası təkcə türk xalqlarının özlərinin deyil, həm də Qərbin, Şərqin, bir sözlə, dünyanın marağındadır».

Orfoqrafiyanın ümumi əsaslarının sözügedən qurultayda müzakirə edildiyini qeyd edən alimin sözlərinə görə,

I Türkoloji Qurultayda orfoqrafiya ilə bağlı L.V.Şerbanın «Orfoqrafiyanın əsas prinsipləri və onların ictimai mahiyyəti», L.İ.Jirkovun, Q.İbrahimovun, Ş.Raximinin, A.B.Baytursunun məruzələri dinlənib. Məruzələrin müzakirəsindən sonra qəbul olunan çağdaş türkologiyamız üçün də aktual olan bəzi qətnamələrə diqqət yetirək:

a) Mədəni dillərdə düzgün yazmaq üçün dörd elmi prinsipdən istifadə olunur: fonetik, morfoloji, etimioloji, tarixi-ənənəvi prinsiplər.

b) Latın əlifbası orfoqrafiyanı tənzimləmək üçün daha əlverişli şərait yaradır. Hazırda türk xalqlarının hamısı latın qrafikalı əlifbadan istifadə etmir. Deməli, türk xalqlarının hamısının latın qrafikalı əlifbaya keçməsi olduqca vacibdir. Ona görə ki, səmərəli surətdə düzgün yazmaq, vahid fonetik transkripsiyaları təşkil etmək üçün latın əlifbası mühüm rol oynayır».

Dilçilik və texnika baxımından əlifba yaradılmasının əsasları haqda danışan B.Xəlilov «I Türkoloji Qurultayda bu mövzuda N.Tyuryakulovun, U.Aliyevin, B.Berdiyevin məruzələri dinlənib və qətnamə qəbul olunub:

a) Latın qrafikalı əlifba texniki cəhətdən ərəb əlifbasından mükəmməldir. Türk xalqlarının hər biri latın qrafikalı əlifbanı həyata keçirmək işini fəallaşdırmalıdır. Açığı deyək ki, bu istiqamətdə Türkiyəni və Azərbaycanı çıxmaqla yerdə qalan türk respublikaları və muxtar qurumları latın əlifbasının mütərəqqi mahiyyətinə nüfuz edə bilməmişlər. Halbuki, ortaq əlifbanın yaradılması ilə bağlı düşünməli, daşınmalı və ortaq fikrə gəlinməlidir. Türkiyə türkcəsi də, Azərbaycan türkcəsi də, digər türkcələr də bir kökə bağlıdır. Amma eyni kökdən olan bu dillərin də sabitləşmiş fərqli özəllikləri var. Günün tələbi, zamanın istəyidir ki, bu dillər bir-birinə daha yaxın olsun, daha artıq ortaqlaşsın. Elə olsun ki, aralarındakı ən uzaq məsafələrə baxmayaraq, bu dildə danışanların hər biri digər qardaşının dilində çap olunmuş qəzeti, kitabı oxuyarkən rahat başa düşsün. Bunu o zaman etmək mümkündür ki, vahid əlifbadan-latın qrafikalı əlifbadan hər bir türk xalqı istifadə etsin.

b) Latın qrafikalı əlifbanın həyata keçirilməsi ilə bağlı görülmüş müsbət işlər sırasında Türkiyənin, Azərbaycanın təcrübəsindən istifadə etmək lazımdır»-deyə qeyd edir.

1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultay

barəsində tanınan tədqiqatçı, publisist, «Ədəbiyyat» qəzetinin baş redaktoru Azər Turan da yazıb. A.Turan Əli bəy Hüseynzadəyə həsr etdiyi kitabında I Türkoloji Qurultaydan da yazır. O bildirir ki, Bakıda keçirilən I Türkoloji Qurultaya Türkiyədən üç görkəmli alim

dəvət olunub - Hüseynzadə Əli bəy, Fuad Köprülü və Yulius Mesaroş. O yazır ki, türkiyəli nümayəndələr - Əli bəy Hüseynzadə, Fuad Köprülü, Etnoqrafiya

muzeyinin direktoru Yulius Mesaroş İstanbuldan fevralın 16-da yola çıxıblar. Həmin günlərdə Türkiyədə olan leninqradlı professor Bartold da onlarla bərabər olub...

Əli bəy Hüseynzadə «Yeni fikir» qəzetinə verdiyi müsahibəsində uzun illərdən bəri ayrıldığı Azərbaycana gələrkən dərin bir sevinc duyduğunu deyir.

Eyni zamanda, onun 16 illik fasilədən sonra Bakıya gəlişi Azərbaycan cəmiyyətində də dərin həyəcanlar oyandırmışdı və Bakının bütün elmi-ədəbi dairələrində Əli bəyin şərəfinə yığıncaqlar və ziyafətlər təşkil olunmaqdaydı, qəzetlər daha çox onun haqqında yazır, Azərbaycan Yazıçılar Cəmiyyəti martın 5-də Əli bəy Hüseynzadəni fəxri üzvlüyə qəbul edirdi.

Əli bəy Hüseynzadəyə Türkoloji Qurultay günlərində istər nümayəndələrin, istərsə də Azərbaycan elmi ictimaiyyətinin münasibəti onun dünya türkoloqları arasında və Azərbaycanın elmi-ədəbi çevrələrindəki nüfuzunun yaxşı bir göstəricisi

idi. Əvvəla Əli bəy qurultayın başlandığı gün sadəcə rəyasət heyətinə deyil, Daniya Kral Elm Cəmiyyətinin prezidenti, run yazılarının sirrini açan dahi türkoloq Vilhelm Lüdviq Tomsen, Peterburq Akademiyasının üzvü məşhur Marr və SSRİ xalq maarif komissarı Lunaçarski ilə bir sırada fəxri rəyasət heyətinə seçilmişdi. Onun dünya türkoloqlarını geniş miqyasda qapsayan belə ali bir tədbirdə türkoloqlar arasında Tomsenlə bir sırada dəyərləndirilməsi türkolojidə Əli bəyə münasibətin dərəcəsini aydın ifadə edir. Türkoloji Qurultay günlərində çəkilmiş kinoxronikadan da göründüyü kimi, ona münasibət türkolojinin patriarxına münasibətə bənzəyir. Əli bəy Hüseynzadənin 1923-cü ildə yazmağa başladığı

«Qərbin iki dastanında türk» əsərini məruzə mətni olaraq qurultaya təqdim etdiyini söyləsələr də, bu əsər Əli bəyin çıxışı kimi qurultayın stenoqrammasına əlavə edilməyib.

Əlibəyşünasların yekdil rəyi isə belədir ki, elə həmin il Bakıda «İnternasional» mətbəəsində nəşr olunan «Qərbin iki dastanında türk» kitabçası Hüseynzadənin

qurultaya təqdim etdiyi məlum məruzənin mətnidir.

Əli bəy qurultayın yalnız yekun iclasında çıxış edib. Qurultayın 6 martda keçirilən sonuncu iclasında Oldenburq, F.F.Mentsel, Əbdülrəhman Sədi və qurultaya gecikmiş xakasların nümayəndəsi nitq söyləyib. Əslində son çıxış Əli bəyin olub və Əli bəyin çıxışı radio səsgücləndiriciləri vasitəsilə İsmailiyyə binasının ətrafına toplanıb qurultayın gedişini izləyən şəhər əhalisinə çatdırılırdı.

Bu çıxışında Hüseynzadənin nədən danışdığını aydınlaşdırmaq üçün Hilmi Ziya Ülkenin (1901-1974) şəxsi arxivini araşdırmaq lazımdır. «Türkiyədə çağdaş düşüncə tarixi» adlı çox dəyərli kitabında «1926-cı ildə Bakıda toplanan birinci Türkoloji Konqresinə qatılan Hüseynzadə, bu konqresə aid qeydlər buraxıb»- deyə yazan Hilmi Ziya əlavə edir ki, «bu qeyd dəftəri basılmamış olaraq kitabxanamızdadır...».

Hörmətli Azər Turanın üzə çıxarıb oxuculara təqdim etdiyi bu meteriallar həqiqətən də dəyərlidir. Hesab edirik ki, I Türkoloji Qurultayda iştirak edən elm xadimlərinin, fikir adamlarının məruzələri, irəli sürdüyü ideyalar yenidən çap olunmalıdır. O da faktdır ki, hələ arxivlərdə qatı açılmayan materiallar, məqalə və məruzələr də var. Bu da tədqiqatçıların üzərinə düşən işdir. Fikrimizcə, bu məsələlər də alimlər tərəfindən gün işığına çıxarılacaq. Qarşıda türk xalqını gözləyən saysız uğurlar var, bu uğurlardan biri də ortaq əlifba, ortaq dil məsələsidir ki, günbəgün ona yaxınlaşırıq.

 

Ardı var...

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 3 iyun.- S. 15.