Milli rəqslərimiz milli dəyərimizdir

 

Uşaq vaxtı başı buludlarla görüşən sıra dağlara baxanda mənə elə gəlirdi ki, dağlar qolboyun olub ayaqlarını torpağın köksünə dayayıb rəqs edir. Öz ahənginə, havasına uyğun oynayır dağlar... Tərpənmədən, qımıldanmadan öz ruhunun səsinə yallı gedir. Sıra dağlar yallı oynayan azman insanlara bənzəyir. Təbii, uşaq vaxtı adam dağların möhtəşəmliyini, əzəmətini anlamır, ancaq ruhi-mənəvi yaxınlıq duyur.

Gözümü açıb toylarda, el şənliklərində rəqs edən insanlar görüb onlara valeh olmuşam. Çoxlarımız peşəkar rəqqas və rəqqasələrdən əvvəl kənd toylarında el qızlarının, el oğlanlarının, yaşlı insanların rəqslərini görmüşük. Mənim yadımdadır ki, kəndimizdə hər insanın öz havası var idi. Bunlar sırf rəqs musiqisi kimi ifa olunurdu. Sözsüz, amma dərin məna daşıyan, insanların ruhuna hakim kəsilirdi danışan rəqslər. "Telooyu", "Nənəm göyəmdən gəldi", "Camış bağa girdi", "Ağırsazı", "Qəzəməti" kimi unikal rəqslər toyları bəzəyərdi. Qara zurnanın ahəngindən qopan bu rəqslərin hər birinin tarixi qədimdən-qədim, uludan-uludur. Özündə böyük tarixi mədəniyyəti, mənəvi dünyanı daşıyan rəqslərimiz minillər boyu mövcud olub, bu günmövcuddur. Azərbaycan mədəniyyətinin vacib qolu olan rəqs sənəti incəsənətin qədim növü kimi həm tarixiliyini, qədimliyini qoruyur, həm də müasir çalarlarla zənginləşir. Milli rəqslərimiz milli dəyər kimi böyük təsir gücünə malikdir. Mayasında mədəniyyətin bir neçə şəklini, formasını birləşdirən rəqslərdə həm milli oyun tərzi, həm milli geyim forması, həm folklorumuz, həm də böyük mənəvi dəyər özünü ifadə edir. Milli dəyərlərimiz sırasında rəqslərin yeri özəldir. Etnoqraf və folklorşünaslarımız da müxtəlif tarixi dövrlərə aid aşkarladıqları nümunələrdə rəqslə bağlı kifayət qədər məlumatların olduğunu qeyd edirlər. Onu da bildirim, zaman olub ki, rəqslər insanların danışıq dilinə, ünsiyyət vasitəsinə çevrilib. Bəzən insanlar sözlə deyə bilmədiyini musiqi ahənginin gücü ilə ifa etdikləri rəqslərlə deyib. Ona görə də rəqslərdə böyük düşüncə, ürəkləri riqqətə gətirən möcüzə, güc var.

Qədim zamanlarda babalarımız həyatlarının vacib elementlərindən birinə çevrilən rəqsləri gələcək nəsillərə ötürmək məqsədilə daşların, qayaların üzərinə rəqs səhnələri həkk ediblər. Köhnə çağların insanları öz sevinc hisslərini, şadlığını, kədər və ağrısını rəqslə ifadə edibyaddan çıxmasın deyə, o elementləri daşlara yazıb. Daşların yaddaşından da bizim yaddaşımıza, yazıya, kitaba köçən bu rəqsləri rəqqaslar, rəqqasələr oyun hərəkətlərilə ifadə ediblər. Rəqs zəngin bir mədəniyyət və milli dəyərdir. Bu dəyər Qobustan qayalarında, Gəmiqaya abidəsində yaşayır. Cənubi Azərbaycanda, Göyçədə, Dərbənddə, Borçalıda və digər tarixi yurdlarımızda mövcud olan və alimlər tərəfindən aşkar edilən daş salnamələrində öz əksini tapıb. Danışan şəkillərdə qədim insanın, əcdadlarımızın ruhu, həyat tərzi yaşayır. Bugünkü nəsil üçün mənəvi dəyərə çevrilən

bu rəsmlər böyük bir tarixi gerçəkliyi ifadə edir.

Yeri gəlmişkən, eramızdan 2-3 min il əvvəl, tunc dövründə Azərbaycanda rəqs sənəti insanların məişətində, adət-ənənəsində müəyyən mövqe tutub. Sənətşünaslar qeyd edir ki, dünyanın bir çox inkişafda olan ölkələrində olduğu kimi, Azərbaycanda da sadə və ibtidai xalq musiqi alətləri meydana gəlməzdən çox-çox əvvəl rəqs tamaşaçıların çəpik çalması ilə əldə edilən ritmik zərblərin mahiyyəti ilə yaranıb. Müxtəlif peşələrlə, hətta ovçuluqla məşğul olan tayfalar öz sehirli ayinlərini çeviklik, qıvraqlıq, insan gücünü nümayiş etdirən plastik hərəkətlərdən ibarət rəqslərlə həyata keçirirdilər. Sənətşünaslar qeyd edir ki, beləliklə, dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da rəqs sənətinin müxtəlif növləri və janrları öz mahiyyətini şifahi xalq ədəbiyyatının bir qolu olan xalq rəqslərindən götürüb. Rəqs sənəti xalqın iqtisadi, ictimai və mənəvi həyatında meydana gələn dəyişikliklərlə əlaqədar olaraq yeni məzmun və istifadə vasitələri əldə edir. Azərbaycan xalq rəqsləri tariximizlə ayrılmaz surətdə bağlı olub, onun milli xüsusiyyətini, həm də həyat və məişətini özündə əks etdirir. Bu da ölkənin tarixində, mədəniyyətində rəqs sənətinin nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu göstərir. Milli rəqslərimizə xas olanonu başqa xalqların rəqslərindən fərqləndirən səciyyəvi cəhətlər sözsüz ki var. Azərbaycan peşəkar rəqsinin atası Əlibaba Abdullayevdir. O, Azərbaycan rəqs sənətinin inkişafında, rəqslərimizin toplanıb səhnəyə qoyulmasında, bərpasında önəmli rol oynayıb. Özündən sonra onlarla rəqs ustadı yetişdirib. Azərbaycanın tanınmış rəqqaslarından olan Əminə Dilbazi, Afaq Məlikova, Roza Xəlilova, Böyükağa Məmmədov, Tutu Həmidova, Ramiz Məmmədov və başqaları öz ifalarında milli elementləri qoruyub saxlamaqla milli rəqsi xeyli inkişaf etdirə biliblər. Onlar Əlibaba Abdullayev məktəbinin yolçuları olub. Onu da qeyd edək ki, Azərbaycan rəqslərinin nota salınması və nəşri 1930-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasının Elmi-Tədqiqat Musiqi Kabinetinin yaradılmasından sonra mümkün olub. Bu Kabinet xalq musiqisinin, eləcə də rəqslərin toplanması və nota yazılmasına aid planını sözügedən vaxtdan həyata keçirməyə başlayır. Məşhur müğənni, xalq musiqisinin dərin bilicisi Bülbül bu Elmi-Tədqiqat Kabinetinə rəhbərlik edirdi. Onun E.T.M.K-nin işində, folklorun toplanıb çap olunmasında müstəsna xidmətlərini qeyd etmək lazımdır. Onu da bildirim ki, ilk toplunun çapı 1937-ci ilə aiddir. "Azərbaycan rəqs havaları" adlanan bu toplu Səid Rüstəmov tərəfindən hazırlanıb. Məcmuəyə 30 rəqs daxil edilib. Bunlar ən məşhur rəqslərdir. Bu gün həmin rəqslər öz təravətini itirməyib. Bu məcmuə S.Rüstəmov tərəfindən 1950-ci ildə yenidən redaktə edilib nəşr olunub.

1951-ci ildə Azərbaycan Dövlət Musiqi Nəşriyyatı tərəfindən Tofiq Quliyev, Zakir Bağırov və Məmməd Saleh İsmayılovun not yazılarına əsasən "Azərbaycan xalq rəqsləri" toplusu buraxıldı. Toplunu redaktə edən və ona ön söz yazan bəstəkar S.Rüstəmov idi. Bu məcmuəyə qədim xalq rəqsləri daxil edilmişdi. 1954-cü ildə Rauf Hacıyev zurnaçı Əli Kərimovun çalğısından "Sünbülü" və "Yarış" rəqslərini nota salıb və piano üçün işləyib. Bu rəqslər əsasən konsert pyesi kimi maraq doğurur.

Bir məsələ də var, xalqın keçdiyi tarixi yolu, mədəniyyəti, sahib olduğu mənəvi dəyər xəzinəsinə bələd olmayan insan heç bir vaxt rəqs sənətini anlamaz. Milli maddi dəyər kimi mədəniyyət tariximizdə ayrıca yeri olan milli rəqslərimizin inkişafı, təbliği, rəqs korifeylərinin irsinin öyrənilməsi, onların dəyərləndirilməsi Azərbaycan dövlətinin diqqətindədir. Dövlətimiz bu sahədə çox böyük işlər görür.

Bir məqamı xüsusi qeyd edim ki, Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda azərbaycanlıların kompakt yaşadığı məkanlarda rəqs sənəti zənginliyi ilə özünü ifadə edir. Son 20-25 ilə qədər bizim ellərdə insanlar mərasim rəqsləri təqdim edirdi. İndiNovruzu, Kos-kosa, Xıdır İlyas, Qodu-qodu rəqsləri xatirələrdə yaşayır. Düzdür, mərasim və bayram rəqslərinin bir qismi rəsmi səviyyədə qorunur, el şənliklərində, bayramlarda təqdim edilir. Amma etiraf edək ki, xalqın içində mövcud olan bir sıra rəqslər itib-batıb. Keçən illərdə günəşi çağırma mərasimi keçirilərdi və insanlar bunun üçün xüsusi mərasim keçirirdi. Bəzilərimiz uşaq vaxtı bu mərasimlərdə iştirak etmişik. Adətən çənli-çiskinli günlərdə yaylaqda olan nənə-babalarımız günəşi çağırmaq üçün uşaqlara deyirdi ki, "dodu-dodu", "qodu-qodu" gəzdirin, "gün çıx, gün çıx" oxuyun. Bu, rəqslə keçirdi, oynaya-oynaya "gün-çıx, gün çıx, kəhər atını min çıx" deyə uşaqlar oxuyardı... İndi bütün bunlar şirin bir yuxu kimidir. Yaddaşlarda ona görə qalıb ki, ömür-günümdən keçib. İndio mənzərə gözlərim qarşısındadır.

Bayaq da qeyd etdim ki, Azərbaycan rəqsləri, xalqımızın milli dəyəri olan bu uca sənət toylarda, el şənliklərində yaşayıb uzun əsrlər. O da məlumdur ki, milli rəqslərin yaşaması, təbliğ olunması, onun milli dəyər kimi nəsillərə ötürülməsində rəqs təəssübkeşlərinin böyük əməyi var. Rəqs insanın mənəviyyatı, daxili aləmi ilə sıx bağlıdır. Düşünürəm ki, bu daha çox ruhi-mənəvi mədəniyyətdir. Rəqs ruhi aləmlə sıx bağlı olduğu üçün onu ifa edəndə bütün varlığın ona səfərbər olunur.

Bəlkə də yeri deyil, ancaq yazını işləyərkən bir məqamı xatırladım. Bir neçə il əvvəl Məhəmməd Peyğəmbərin doğum gününə həsr edilən ənənəvi Mövlud mərasimlərində meyxana oynayan insanların rəqsi gözüm önünə gəldi. Ona görə qeyd etdim ki, rəqs insanın ruhi aləmi ilə bağlıdır. Dərvişlər və sadə insanlar ritmə, avaza elə oynayırdılar ki, adam məətəl qalırdı. Rəqs edən insanlar ənənəyə uyğun olaraq oynayır və özü də bilmədən ətrafı unudurdu, sanki onlar uca Tanrıya qovuşurdu. Yəni rəqs edərkən bütün bədənləri, varlıqları səfərbər olunurdu. Bu da qədim milli dəyərdir. Rəqs sənəti ilə əlaqəsi olan bu mənzərə inanın ki, qeyri-adidir...

Sözümün canı odur ki, milli rəqslərimiz milli dəyər kimi özündə çoxşaxəli bir mədəniyyəti birləşdirir. İnsanın rəqslə özünü ifadə etməsi heyrət doğuran bir məqamdır.

Azərbaycan toylarında milli dəyər olan rəqsin qorunması vacibdir, onun düzgün istiqamətdə təqdim edilməsi, təbliğ olunması mütləqdir. Çünki Azərbaycan toyları bir zamanlar, sözün birbaşa mənasında, məktəb rolunu oynayıb. Rəqqas və rəqqasələrin çoxu bu məktəbdən pöhrələnib. Musiqi və rəqs biliciləri toylarda iştirak etdiyindən oynayanlar yalnız oynamaq üçün meydanda olmadıqlarını anlayır, qədim bir sənəti təqdim etdiklərini bilirdi.

Azərbaycan rəqs sənətinin milli dəyər kimi təbliğində böyük əmək sərf edən görkəmli rəqs ustadı Əlibaba Abdullayevin quruluş verdiyi rəqslərin ən uca zirvəsi "Azərbaycan toyu" sayılır. Milli adət-ənənələr üzərində qurulan, ən incə, plastik ritmlərlə ifa edilən "Qarabağ maralı" rəqsi unudulmazdır. "Azərbaycan toyu" rəqs silsiləsində Ramiz Məmmədovun solo ifasında təqdim edilən "Bəy rəqsi" də yaddaşlara yazılıb.

Azərbaycan rəqsləri sırasında öz qədimliyi, xalqa dərin köklərlə bağlılığı ilə seçilən, rəqs mədəniyyətimizin unikal nümunələri sayılan saysız rəqslər var ki, biz onların ifaçılarına valeh oluruq. Bu rəqslər xalqımızın uludan-ulu rəqs sənəti tarixini özündə ifadə edir. Milli rəqslər milli dəyərlər sistemində elə yer tutub ki, onu heç bir incəsənət növü ilə müqayisə etmək olmaz. Bu da sirr deyil ki, rəqs insan oğlunun yaratdığı ən qədim incəsənət çələngidir. İnsan övladı o çələngi məmləkətimizin hər guşəsindən dərdiyi füsunkar, rəngbərəng, əlvan çiçəklərlə cilalayıb. Bu cila heç vədə pozulmur, əsrlər ötsə də, o gözəllik solmur, daha da parlaq olur. Çünki milli rəqslərimiz Azərbaycan ellərinin mənəvi-ruhi ovqatını daşıyır, milli dəyər kimi öz qiymətini qoruyur.

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 4 iyun.- S. 15.