Azərbaycan kinosunun keçdiyi yol...

 

Azərbaycanda kino sənayesinin inkişafı böyük bir mədəniyyətin respublikamızda bərqərar olmasına şərait yaratdı. Azərbaycan kino tarixi mədəniyyətimizin ayrılmaz qolu kimi bir əsrdən artıqdır ki, mövcuddur. Milli kino tarixi səhifəsini vərəqlədikcə qarşımıza müxtəlif məzmunlu, ayrı-ayrı ideyalara xidmət edən filmlər çıxır. Əlbəttə, kinonun inkişafına təkan verən amillərdən biri Bakının zəngin mədəniyyət mərkəzi olması və dünyanın bura böyük maraq göstərməsi idi.

Azərbaycanda kino sənayesi inkişaf etməzdən əvvəl milli teatrımız mövcud idi və xaricdən gələn qonaqlar böyük məmnuniyyətlə bu tamaşaları seyr edirdi.

AAİMSA saytında milli kino tariximizlə bağlı maraqlı mütəxəssis fikirləri yer alıb. AAİMSA saytınının mütəxəssis fikirləri əsasında hazırladığı tədqiqat diqqətçəkəndir.

"Şəhər bağında xalq gəzintisi..."

Kinoşünaslar yazır ki, yaxın qonşuları və uzaq ölkələri ilə karvan və dəniz yolu vasitəsilə daim əlaqə saxlayan, ticarət edən Azərbaycan torpağı qədim yaşayış məskəni olaraq tarixdə yerini tutub. O da məlumdur ki, Azərbaycanın, onun paytaxtı Bakının adına müxtəlif dövrlərə aid mənbələrdə tez-tez rast gəlinir. Tədqiqatçılar onu da qeyd edir ki, XIX əsrin 70-ci illərindən sonra Bakının yüksəliş dövrü başlayıb. O vaxtlar neft sənayesinin genişlənməsi, kapitalist münasibətlərinin inkişafı kiçik feodal şəhərinin misli görünməyən yüksəlişinə həlledici təsir göstərib. Tədqiqatçıların yazdığına görə, Bakı tez bir zamanda quberniya mərkəzindən Rusiyanın irimiqyaslı birinci dərəcəli neft sənayesi mərkəzinə çevrilib. O dövrdə "neft bumu" dünyanın diqqətini Bakıya cəlb edib. Tədqiqat materialında yazılır ki, şəhər iqtisadiyyatının inkişafı çoxlarını bu yerlərə çəkib gətirirdi. Milli burjuaziya öz mövqelərini günü-gündən möhkəmləndirirdi. Yadelli kapitalistlər Bakıya sərvət toplamaq, varlanmaq həvəsilə gəlirdilər. Bakıya ucuz işçi qüvvəsi və müxtəlif sənət adamları da daimi yaşamaq və işləmək üçün axışırdılar. Tədqiqatçılar buna nümunə üçün "Kaspi" qəzetinin 20 may 1899-cu il tarixli sayında yazılan mənbəyə diqqət çəkir: "Bakıya fəhlə axını hələ də davam edir, demək olar ki, Həştərxandan Bakıya paroxodla Volqaboyu quberniyalardan yüzlərlə, hətta daha çox rus fəhləsi gəlir". Əlbəttə, bu fəhlələr əsasən Bakıda qalıb Abşeronun neft mədənlərində işə düzəlirdilər. Göründüyü kimi, neft XIX əsrin II yarısından sonra böyük iqtisadi və strateji əhəmiyyət kəsb edirdi.

Neft Bakısı kino sənayesi mərkəzi kimi...

Alimlər qeyd edir ki, belə bir vaxtda Fransada ixtira olunmuş sinematoqraf dünyanın ən iri şəhərlərində olduğu kimi, çox keçmədən Bakıda da peyda oldu. Tezliklə neft Bakısında yerli həyatdan bəhs edən müxtəlif mövzuda ilk kinosüjetlər çəkildi. Alimlər yazır ki, 1898-ci il yanvarın 8-də Bakıda xarici filmlər göstərilməyə başlanıb. Həmin il iyunun 21-də Bakıda Vasili Vyatskinin teatr-sirkində sirk tamaşası vaxtı Bakı həyatından bəhs edən "Şəhər bağında xalq gəzintisi", "Qatarın dəmiryol stansiyasına daxil olması", "Qafqaz və Merkuri" Cəmiyyətinə məxsus paroxodun limandan yola düşməsi" və "Bazar küçəsi sübh çağı" kinosüjetləri nümayiş etdirildi. Eksperiment xarakteri daşıyan bu baxışdan fərqli olaraq, həmin il avqustun 2-də yeni proqram müstəqil şəkildə göstərildi. Bu proqrama "Bibiheybətdə neft fontanı yanğını", "Əlahəzrət Buxara əmirinin "Velikiy knyaz Aleksey" paroxodunda yolasalma mərasimi", "Qafqaz rəqsi" xronikal-sənədli və "İlişdin" bədii kinosüjetləri daxil edilib. Tədqiqatçıların qeyd etdiyinə görə, bu kinosüjetləri fransız yəhudisi, Rusiyada anadan olub böyüyən, 25 ildən artıq Bakıda yaşayıb işləyən, Bakı elmi foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mixayloviç Mişon lentə alıb. Tədqiqatçılar qeyd edir ki, həmin kinosüjetlərdən 2-si - "Bibiheybətdə neft fontanı yanğını" və "Balaxanıda neft fontanı" 2001-ci ildə Azərbaycan Dövlət Film Fondunun təşəbbüsü ilə Fransanın kinoarxivindən Azərbaycana göndərilib. Həmin kinosüjetlər hazırda Film Fondda 35 mm-lik plyonkada və videokasetdə qorunub saxlanır. Bu kəşfin nəticəsi olaraq, ümummilli lider Heydər Əliyev 18 dekabr 2000-ci il tarixli Sərəncamı ilə avqustun 2-sini kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü elan edib.

Kino tariximizin ilk səhifələrini vərəqləmək adamda qürur hissi yaradır. Düzdür, ilk illərdə milli kinematoqrafların fəaliyyəti nəzərə çarpmır. Bu da o illərdə milli kino kadrlarının olmaması ilə əlaqədardır.

Azərbaycan kinosunun başlanan uğurları...

Tədqiqatçılar bildirir ki, artıq XX əsrin ilk onilliklərində milli kadrlar da meydana çıxır. Onu da bildirək ki, 1915-ci ildə Pirone qardaşları Bakıda "Filma" Səhmdar Cəmiyyətini yaratdı və 1915-1916-cı illərdə həmin Cəmiyyət bir neçə bədii film, o cümlədən "Neft və milyonlar səltənətində" və "Arşın mal alan" kinolentlərini çəkib. Xüsusilə bu iki filmdə təsvir olunan xalqın adət-ənənəsi, əxlaqı və məişəti o dövrdə tamaşaçılarda böyük maraq doğurub. "Neft və milyonlar səltənətində" filminin süjeti 2-ci dəfə 80-ci illərdə "Qızıl uçurum" adı altında səsli və rəngli variantda yenidən ekrana çıxarılıb. Tədqiqatçılar yazır ki, 1920-ci ildə Azərbaycan XI Qırmızı ordu tərəfindən işğal olunandan sonra ölkənin kino tarixinin yeni dövrü başlandı. Reportaj səciyyəli "XI Qırmızı ordu hissələrinin Bakıda paradı", "Bakıda Şərq xalqlarının I qurultayı", "26 Bakı komissarı cənazələrinin dəfni", "XI Qırmızı ordu komandirləri dağlıların qonağıdır", "Pyotr meydanında iməcilik", "Sovet Azərbaycanının I ildönümü" xronikal lentləri yeni (həm də bizə yad-İ.S) ideologiyanın ilk nümunələridir. Tədqiqatçıların fikirlərinə istinadən qeyd edək ki, Sovet Azərbaycanı kinosunun başlanğıcı hesab olunan bu lentlərin çəkilişindən üç il sonra, yəni 1923-cü il aprelin 28-də Bakıda AFKİ nəzdində I Dövlət Kino Fabrikinin rəsmi açılışı oldu. Burada texnika cəhətdən mükəmməl olmasa da, kinolaboratoriya, çəkiliş üçün yararlı pavilyon, geyim tikilən, dekorasiyalar hazırlanan emalatxanalar vardı.

AFKİ 1924-cü ildə "Qız qalası" bədii filmini ekranlara buraxdı. Bir il sonra yaradıcı kadrların hazırlanması məqsədilə AFKİ nəzdində 2 illik aktyor və rejissor studiyası təşkil olundu. Burada Moskvadan və Leninqraddan dəvət olunan kino mütəxəssisləri dərs deyib, yerli kadrlar təhsil alıb, kino sənəti ilə bağlı ümumi kurs keçib.

Keçən əsrin 20-30-cu illərində istehsal olunan bədii filmlərin, o cümlədən "Bismillah", "Müxtəlif sahillərdə", "Hacı Qara", "Sevil", "Lətif", "26 komissar", "İsmət", "Bakılılar", "Kəndlilər" kinolentlərinin əsasını yaxın tarixin hadisələri, qadın azadlığı, ölkədə gedən dəyişikliklər təşkil edirdi. Bu filmlərin bəziləri "montaj" kinematoqrafı prinsipləri üzərində qurulub. Bu dövrdə kinofabrikdə hər il onlarla sənədli və elmi-kütləvi film çəkilib: "Azərbaycanda çəyirtkə ilə mübarizə", "Azərbaycanda ipəkçilik sənayesi", "Hərbi dənizçilərin həyatı", "Suraxanı neft mədənlərində yanğın", "Azərbaycana səyahət", "Azərbaycan balığı", "I Türkoloji Qurultay", "Şərqə doğru" və s. filmlər o dövrün mənzərəsini, maraqlarını özündə əks etdirir.

Səsli kinonun doğulması...

XX yüzilliyin 30-cu illəri Azərbaycan kinosunda üç hadisə xüsusilə diqqəti cəlb edir. Tədqiqatçılar yazır ki, bunlardan birincisi, Azərbaycanda ilk dəfə cizgi kinosunun əsası qoyulur, 1933-cü ildə istehsal olunan "Çat" təlimat filmi bütünlüklə cizgi kinosu üsulu ilə yaradılıb, 1935-ci ildə isə Azərbaycan xalq nağıllarının motivləri əsasında "Abbasın bədbəxtliyi" cizgi filmi çəkilib. Kino tarixçilərinə görə, ikinci hadisə respublikada ilk səsli bədii filmin -"Mavi dənizin sahilində" (1935) çəkilib ekranlara buraxılmasıdır. Bu film bir tərəfdən səssiz kinonun ən yaxşı təcrübəsini özündə cəmləşdirib, digər tərəfdən səsdən istifadə etməklə Azərbaycan kinosunun imkanlarını daha da artırıb. Ekranda biz şahə qalxan dalğaların qorxunc səsini, balıqçıların şaqraq gülüşlərini, əməkçi insanların söhbətlərini eşidirik. Bu filmdə dəniz artıq fon rolunu oynamır, fəal şəkildə hadisələrə müdaxilə edir, eyni zamanda musiqi ekranda cərəyan edən hadisələrin tamaşaçı tərəfindən asanlıqla qavranılmasına yaxından köməklik göstərir. Kinoşünaslara görə, üçüncü hadisə Azərbaycanda ilk dəfə filmlərin Azərbaycan dilində səsləndirilməsinə 1937-ci ildə başlanmasıdır. Həmin il bütün SSRİ-də məşhur olan "Çapayev" bədii filmi dublyaj olunub.

30-cu (XX əsr) illərin sonunda film istehsalında nəzərəçarpan böhran 40-cı illərdə və 50-ci illərin əvvəllərində daha da dərinləşdi. Bu əsasən "film qıtlığı", sovet dövlətinin başçısı Stalinin estetik baxışları və zövqü, sənətdə irəli sürdüyü "az olsun, yaxşı olsun" prinsipi ilə bağlı idi. Tədqiqatçılar yazır ki, o, bütün bədii filmlərə şəxsən özü baxır, müəyyən göstərişlər verir, onun bir filmlə bağlı söylədiyi fikir heç bir əsas olmadan digər filmlərə də şamil edilirdi. Yaradıcılıq totalitar rejimin bu cür ideoloji çərçivəsinə süni şəkildə salındığına görə iki tammetrajlı bədii film - "Fətəli xan" və "Bakının işıqları" çəkilib başa çatdırılmasına baxmayaraq, ekranlara buraxılmayıb.

"Hamı cəbhə üçün..."

Tədqiqatçıların yazdığına görə, 1941-1945-ci illər müharibəsi ərəfəsində və müharibə başlanarkən Bakı kinostudiyasında 2 bədii film - "Yeni horizont" və "Səbuhi" istehsal olundu. Müharibə illərində sənədli kino ustaları ilə yanaşı, bədii kinoda çalışanlar da əsasən xronikal-sənədli filmlərin, kinojurnalların çəkilişində iştirak edirdilər. O dövrün sənədli filmlərindən "Beş dəqiqəlik konsert", "Cənub sərhədlərinin keşiyində", "Vətən uğrunda", "Mahnılar və şeirlər", "Biz Bakını müdafiə edirik", "416-cı", "Almanların Şimali Qafqazda vəhşilikləri", "Bakı döyüşür", "Qayğı", "Cərrah qız", "General Həzi Aslanov" və s. qeyd etmək olar.

Tədqiqatçılar qeyd edir ki, müharibə dövründə "Vətən oğlu", "Bəxtiyar", "Sovet pəhləvanı", "Sovqat" qısametrajlı, "Bir ailə", "Sualtı qayıq T-9" tammetrajlı bədii filmləri çəkilib. 1945-ci ildə "Arşın mal alan" musiqili komediyası ekranlaşdırıldı. Bu film nəinki Azərbaycan, həm də sovet kinematoqrafiyasına ümumdünya şöhrəti qazandırdı. Həmin əsər 1965-ci ildə genişekranlı və rəngli variantda 3-cü dəfə istehsal olundu.

Kinoda müharibədən sonrakı ab-hava...

Tədqiqatçılar yazır ki, Azərbaycan kinosunun yeni inkişaf mərhələsi 50-ci illərin ortalarına təsadüf edir. ÜİDKİ-ni bitirmiş bir dəstə gənc artıq Bakı kinostudiyasında fəaliyyətə başlayır. Bunların arasında ssenaristlər, rejissorlar, operatorlar, rəssamlar var idi. 50-ci illərin II yarısında artıq bədii və sənədli filmlərin istehsalının həcmi nəzərəçarpacaq dərəcədə genişləndi. Sənətkarlıq baxımından bir-birindən xeyli fərqlənən filmlər istehsal olundu: "Görüş", "Bəxtiyar" "Qara daşlar", "Qızmar günəş altında", "Mahnı belə yaranır", "Onun böyük ürəyi", "Bir məhəllədən iki nəfər", "Uzaq sahillərdə", "Ögey ana". Bu illərdə iki məşhur film - "Xəzər neftçiləri haqqında dastan" və "Dənizi fəth edən" tammetrajlı bədii-sənədli filmləri çəkilib ekranlara çıxarıldı.

Keçən əsrin 60-cı illəri kino tariximizə çox maraqlı filmlər bəxş edildiyi dövrdür. Tədqiqatçıların bildirdiyinə görə, Azərbaycan kinosunda həm bədii, həm də məzmun cəhətdən tədricən yeniləşmə dövrü kimi diqqəti cəlb edir. Həmin vaxtlar "Telefonçu qız", "Yenilməz batalyon", "Sən niyə susursan?", "İyirmialtılar" və başqa filmlər istehsal olundu.

Yeni nəslin yenilikləri, yaxud kinomuzun kamillik dövrü...

Kinoşünaslar qeyd edir ki, 60-cı illərin sonu - 70-ci illərin əvvəllərində Azərbaycan kinosuna yeni nəslin böyük bir dəstəsi gəldi. Onların işə fəal girişməsi sayəsində Azərbaycan kinosunun yeni mərhələsi başlandı və bu yeniləşməyə nisbətən orta və yaşlı nəslin nümayəndələri də qoşuldu. Bu dövrdə milli kinonun professional səviyyəsinin yüksəlməsi, təsvir vasitələrinin genişlənməsi, ideoloji stereotiplərin müəyyən dərəcədə yumşalması, sosial və əxlaq problemlərinin daha kəskin həlli nəzərə çarpır. Tədqiqatçılar bildirir ki, "Bir cənub şəhərində" filmi Azərbaycan kinosunda mərhələ təşkil etsə də, onun ətrafında uzun müddət mübahisələr gedib. Tədqiqatçılar bildirir ki, bu, hər şeydən əvvəl yeni ideyalar və yeni baxışların gerçəkləşməsi ilə bağlı idi. Dövrün başqa filmlərindən - "Bizim Cəbiş müəllim", "Yeddi oğul istərəm", "Axırıncı aşırım", "Ad günü", "Sevinc buxtası", "İstintaq", "Gün keçdi", "Şərikli çörək", "Nəsimi", "Dədə Qorqud", "Babək" və s. buna misal göstərmək olar. 80-ci illərdən başlayaraq Azərbaycan kinosunda tənqidi pafos artır, ictimai müdaxilə getdikcə güclənirdi. Biz artıq sovet miflərinin məhvinin, illüziyaların tədricən dağılmasının şahidi oluruq. Bunları "Bağlı qapı arxasında", "Özgə ömür", "Şeytan göz qabağında", "Təxribat", "Sahilsiz gecə", "Lətifə" və s. filmlərdə də müşahidə edirik. İnamla demək olar ki, 80-ci illər Azərbaycan kinosunun kamillik dövrü idi.

Onu da qeyd edək ki, kinematoqrafçılarımız bu illərdə sənətlə bağlı ən çətin məsələləri həll etmək qabiliyyətinə malik idilər. Tədqiqatçılar yazır ki, onlar bu vəzifələrin öhdəsindən bacarıqla gəlirdilər. "Təkcə adanı özünlə apara bilməzsən", "Üzeyir ömrü", "Yeddi gözəl", "Sizi dünyalar qədər sevirdim", "Pirverdinin xoruzu", "Cansıxıcı əhvalat", "Yaramaz", "Ölsəm... bağışla", "Əlaqə" filmləri həmin illərin kino məhsullarıdır.

 

Ardı var

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 5 iyun.- S. 15.