Sovet dövrü Azərbaycan kinosu, yaxud müstəqilliyə doğru...

 

Azərbaycanda kino sənayesinin inkişafı böyük bir mədəniyyətin respublikamızda bərqərar olmasına şərait yaratdı. Azərbaycan kino tarixi mədəniyyətimizin ayrılmaz qolu kimi bir əsrdən artıqdır mövcuddur. Milli kino tarixi səhifəsini vərəqlədikcə qarşımıza müxtəlif məzmunlu, ayrı-ayrı ideyalara xidmət edən filmlər çıxır. Əlbəttə, kinonun inkişafına təkan verən amillərdən biri Bakının zəngin mədəniyyət mərkəzi olması və dünyanın bura böyük maraq göstərməsi idi.

Azərbaycan kinosunda yaşanan ağrılar...

Uzun illər böyük templə inkişaf edən Azərbaycan kinosu birdən-birə özünün eniş dövrünü yaşamağa məhkum edilir.

Tədqiqatçılar qeyd edir ki, SSRİ süqut edəndən sonra dövlətin vahid kinematoqrafik monopoliyası da ölkə kimi dağılır. İttifaq respublikaları, o cümlədən Azərbaycan müstəqillik əldə etdi. Dövlət müstəqilliyimiz bizə çox şey yaşadıb, azadlığa, hürriyyətə qovuşduq. Xalq olaraq özümüzə qayıtdıq. Hər bir xalqın müstəqilliyi onun ən böyük sərvəti, var-dövlətidir.

Tədqiqatçılar yazır ki, 90-cı illərin keçid dövrünü yaşayan Azərbaycan kinosu bazar iqtisadiyyatı şəraitində çətin vəziyyətə düşdü. Buna baxmayaraq, kinematoqraflarımız vəziyyətdən çıxış yolları arayır, dövlət və sponsor vəsaiti hesabına filmlər çəkirdilər. «Qətl günü», «Qətldən yeddi gün sonra», «Nakəs», «Pəncərə», «Təhminə», «Yuxu», «Yük», «Dağıdılmış körpü»,»Ailə», «Vahimə», «Təsadüfi görüş», «Sarı gəlin», «Nə gözəldir bu dünya» müstəqillik dövrünün uğurlu filmlərindəndir.

Uşaq filmlərimiz...

Tədqiqatçılar yazır ki, Azərbaycan kinosunda müxtəlif illərdə uşaqlar haqqında və uşaqlar üçün filmlər yaradılıb. Bunların arasında «Bir qalanın sirri», «Sehrli xalat», «Qərib cinlər diyarında», «Gilas ağacı», «Skripkanın sərgüzəşti», «Şir evdən getdi», «Mən mahnı qoşuram», «Asif, Vasif, Ağasif», «Gəmi saatının sirri», «Pəncərə» və s. filmlərin adlarını qeyd etmək olar.

Kino tarixçilərinin qeyd etdiyinə görə, ölkəmizdə kinematoqrafiya yarandığı gündən sənədli kinofilmlər istehsal olunub. Bütün dövrlərdə bu ara vermədən davam etdirilib, kino sənətimizin bu sahəsində də müəyyən uğurlar qazanılıb. 50-60-cı illərdə çəkilən «Mingəçevir», «Arazın sahillərində», «Kür», «Sabir», «Bu, Qum adasında olmuşdur», «Hanı mənim övladlarımğ», «M.F.Axundov», «Məhəmməd Füzuli», «Balıqçılar», «Qobustan», «Bu, həqiqətin səsidir», «Bəstəkar Qara Qarayev», «Azıx mağaraları», «Şirvanşahlar Sarayı», 70-80-ci illərin kino məhsulları olan «İçərişəhər», «O geri çəkilməlidir», «Bizim 416», «General Aslanov», «Son söz», «Səfillər», «Kreslo», «Meydan», «Ata», «Dissonans», «Ölü zona», «Ağ-qara dünya», «Naməlum torpaq», «Qaçqınlar», «Vətən mənə oğul desə», «Əsrin kontraktı» və s. filmlər bu qəbildəndir.

Uşaq könlünə açar olan cizgi filmləri...

Tədqiqatçılar yazır ki, 1968-ci ildə kinostudiyada cizgi filmləri sexi bərpa olunandan sonra burada «Cırtdan», «Fitnə», «Çaqqal oğlu çaqqal», «Bulud niyə ağlayırğ», «Dınqıl sazım, dınqıl», «Şah və xidmətçi», «Meşəyə insan gəlir», «Toral və Zəri», «Akvarium», «Gəldi Kosa», «İthaf», «Söhbətül-əsmar» - ümumiyyətlə, 100-dən artıq cizgi filmi çəkilib.

Mükafatlar, ödüllər-uğurlar...

 

Tədqiqatçılar qeyd edir ki, filmlərimiz müxtəlif illərdə bir çox beynəlxalq və ümumittifaq kinofestivallarda mükafatlara layiq görülüb. Onların arasında «Sovet Azərbaycanı», «Dənizi fəth edənlər». «Dissonans», «Sərhəd» və s. sənədli, «Nəsimi», «Yaramaz», «Yarasa», «Hər şey yaxşılığa doğru», «Sarı gəlin», «İstintaq», «Ad günü», «Çalışqan adam» bədii filmləri var. Kinodramaturq, həmyerlimiz R.İbrahimbəyov «Günəşdən usanmışlar» (Rusiya) bədii filminə görə Amerika Kino Akademiyasının «Oskar» mükafatına layiq görülüb. 1988-ci ildə «Azərbaycanfilm»in nəzdində xronikal-sənədli filmlər birliyinin bazasında yaradıcılıq birliyi kimi 3 studiya -»Salnamə», «Yaddaş» və «Rakurs» təşkil olundu. 1993-cü ildən bunlardan ikisi - «Salnamə» və «Yaddaş» Dövlət Sənədli Filmlər Studiyası statusu ilə fəaliyyətini davam etdirir. 1987-ci ildə təşkil olunan «Debüt» eksperimental - gənclik yaradıcılıq studiyasında qısametrajlı bədii və sənədli filmlər çəkilir, burada gənclər öz bacarıqlarını sınaqdan çıxarmaq imkanı əldə edə bilirlər. «Debüt» bir müddət fəaliyyətini dayandırsa da, Azərbaycan dövlətinin dəstəyi ilə bir neçə il əvvəl yenidən bərpa edilib. 1990-cı ildə yaradılan «Azanfilm» studiyasında cizgi filmləri istehsal olunur.

 «Mozalan» - kinomuzun satirik lövhəsi...

Tədqiqatçıların verdiyi məlumata görə, 1970-ci ildə C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyası nəzdində yaradılmış «Mozalan» satirik kinojurnalının ilk nömrəsi 1971-ci ildə işıq üzü görüb. 1980-ci ildən kinostudiyanın tərkibindən ayrılıb, Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsinin orqanına-»Mozalan» respublika satirik kinojurnalının təsərrüfat hesablı müstəqil baş redaksiyasına çevrilib. Kinojurnalın əvvəllər 8, son illərdə 4, hazırda isə 1 nömrəsi ekrana çıxarılır.

C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında 1990-cı ilə qədər ildə təqribən 7 bədii film, 20-dən artıq sənədli və elmi-kütləvi film istehsal olunub. Tədqiqatçılar qeyd edir ki, respublikada 2000-dən artıq kinoqurğu (1985) olub (bu gün Azərbaycan dövlətinin dəstəyi ilə «Azərbaycanfilm» Kinostudiyası əsaslı şəkildə bərpa edilib, maddi-texniki bazası möhkəmləndirilib, bütün zəruri tədbirlər görülüb-İ.S). O da qeyd edilir ki, 7-ci və 21-ci Ümumittifaq kinofestivalları (1974, 1988), kino həvəskarlarının 40-cı beynəlxalq festivalı (UNİKA-78) Bakıda keçirilib.

Tədqiqatçıların bildirdiyinə görə, 1994-cü ildə Azərbaycan Dövlət Film Fondu yaradılıb ( Hazırda Film Fondunun ayrıca binası varqurum burada fəaliyyət göstərir-İ.S). Fondda 2000-ə qədər adda Azərbaycan və xarici ölkə studiyalarında istehsal olunmuş bədii, sənədli və cizgi filmlərinin surətləri, bundan başqa, filmlərin ilkin materialları qorunub saxlanır. Tədqiqatçılar yazır ki, burada həmçinin filmlər, onların yaradıcıları haqqında müxtəlif sənədlər də var. Filmfond FİAF-ın - Beynəlxalq Kinoarxivlər Federasiyasının üzvüdür. Bu, filmfonda dünyanın filmotekaları ilə sıx əlaqə saxlamağa imkan verir. Azərbaycan Dövlət Filmfondu nəzdində Kino muzeyi fəaliyyət göstərir.

Azərbaycan televiziya filmləri...

Tədqiqatçılar bildirir ki, Azərbaycan televiziyasında çoxlu sənədli, cizgi və bədii televiziya filmi yaradılıb. 1958-ci ildə «Səməd Vurğun» ilk sənədli, 1960-cı ildə «Aygün» ilk bədii, 1965-ci ildə «Danışan işıqlar» ilk cizgi filmləri istehsal edilib. 1968-ci ildə «Ekran» Yaradıcılıq Birliyi təşkil olunub. 1973-cü ildən «Azərbaycantelefilm» YB adlanır. Bu illərdə Birlikdə «İnsan Xəzəri xilas edir», «Bu, Səttar Bəhlulzadədir», «Xuraman», «Bakı. Müharibə illəri», «Göylər sonsuz bir dənizdir», «Tənha ruh», «Deportasiya», «Vulkanla üz-üzə»’. «Arşın mal alan»-55 və s. sənədli, elmi-kütləvi filmlər «Zəncirlənmiş adam», «Poçt qutusu», «Bəşir Səfəroğlu», «Aktrisanın təbəssümü», «Bayramda yağış», «Başmaq» və s. bədii, «İlham», «Göyçək Fatma», «Ustalar-qızıl əllər», «Möcüzələr adası», «Sağ ol, dostum» və s. cizgi televiziya filmləri çəkilib. Kinoşünasların verdiyi məlumata görə, SSRİ dağılandan sonra bazar iqtisadiyyatı şəraitində yaşayan Azərbaycanda 25-dən artıq müstəqil kinostudiyakino şirkəti, dövlət kino sistemində bir neçə studiya fəaliyyətə başladı.

Bu studiya «Lətifə», «Gecə qatarında qətl», «Girişmə, öldürər», «Bəxt üzüyü», «Sonuncu məhəbbət», «Etiraf», «Kənar adamlar», «Müqəddəs torpaq», «O dünyadan salam», «Qırmızı qatar», «Köpək», «Son döyüş» və s. bədii filmlər istehsal olunub. Hazırda kommersiya müstəqil studiyaların bir çoxu maliyyə çatışmazlığı ucbatından öz fəaliyyətini dayandırıb.

Kino işçilərinin vətəndaş mövqeyi...

Tədqiqatçılar yazır ki, Azərbaycan kinematoqrafları vətəndaşlıq mövqeyindən çıxış edərək ermənilərin Qarabağa təcavüzünü, Qarabağ müharibəsinin mahiyyətini və səbəblərini kinonun geniş imkanları vasitəsilə açıb göstərən «Hücum», «Tələ», «Fəryad», «Haray», «Ağ atlı oğlan», «Ümid», «Qarabağ şikəstəsi», «Hər şey yaxşılığa doğru», «Sarı gəlin», «Ailə» bədii filmlərini yaradıb, özlərinin vətənpərvərlik borcuna sadiq qalaraq ön cəbhədən çoxlu kinomateriallar çəkib gətirib, bu mövzuda «Qarabağ düyünü», «Vətən mənə oğul desə», «Naməlum torpaq», «Ulu diyarın harayı», «Qaçqınlar», «Qədirin sorağında» sənədli, «Ana», «Xocalı-əsrin faciəsi», «Həsrət», «Ruhum dağlar aşarsa...», «Qan yaddaşı», «Elan olunmamış müharibə», «Azadlıq ordusu», «Sərkərdə» və s. sənədli videofilmlər çəkmişlər. Bu gün Azərbaycan kinosu ölkənin bir formasiyadan digər formasiyaya keçid dövrünü yaşasa da, o artıq bazar iqtisadiyyatı şəraitində fəaliyyətini davam etdirir, azad bazara daxil olur.

Tədqiqatçılar yazır ki, kinomuz bu yolu mütləq keçməlidir, çünki kino işçilərimizin yeni nəsli özəl kino istehsalı şəbəkəsini daha da genişləndirəcək, yeni şəraitə uyğunlaşıb dünya kinosunun tərkib hissəsi kimi Azərbaycan kinematoqrafiyasını inkişaf etdirəcək, xalqımıza layiq sənət əsərləri yaradacaq.

Bu, Azərbaycan kinosunun son 15-20 ilə qədər olan dövrünü əhatə edən yazıdır. Mövzunu isə son illərdə yaradılan kino silsiləsi, eləcə də kinonun inkişafı naminə atılan addımlarla, dövlət tərəfindən qəbul edilən sənədlərin şərhi ilə davam etdirəcəyik.

 

Ardı var

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 6-8 iyun.- S. 15.