Çağdaş Azərbaycan kinosuna dövlət dəstəyinin
uğurlu nəticələri...
Müasir Azərbaycan kinosunun inkişafında dövlətin böyük rolu var. Son illər kino ilə bağlı böyük işlər görülüb, yeni filmlər çəkilib. Məlum olduğu kimi, SSRİ-nin dağılması ilə əlaqədar kino sahəsində kadrların hazırlanmasında da ciddi problemlər yaranıb və bu sahədə müəyyən çətinliklər yaşanırdı. Lakin ölkə başçısı İlham Əliyevin son illər verdiyi sərəncamlardan sonra kinonun bütün sahələrinin problemlərinin həllinə başlanıb.
Bu sərəncamlarda respublikamızda, eyni zamanda, dünyanın bir neçə ölkəsində Azərbaycan kinosu üçün kadrların hazırlanması məsələsi də öz əksini tapıb. Onu da qeyd edək ki, yerli və xarici filmlərin yüksək səviyyədə nümayiş etdirilməsi üçün kinoteatrların dünya standartlarına uyğun yenidən qurulması əsas vəzifə kimi qarşıya qoyulub. "Nizami" Kino Mərkəzi yalnız kinoteatr kimi deyil, həm də tarixi abidə kimi qorunduğu üçün ən müasir tələblərə cavab verən formada yenidən bərpa edilib, ən müasir texniki avadanlıqlarla təchiz olunub.
Bəlli olduğu kimi, 2008-ci il avqustun 4-də cənab Prezidentin sərəncamı ilə təsdiq olunan "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" artıq öz müsbət nəticələrini verməkdədir. Belə ki, proqramın qəbulundan sonra kino sənətimizdə əsaslı yeniliklər müşahidə olunmağa başlandı. Kinoda yeni inkişaf tendensiyası yarandı. Bu həm filmlərin çəkilişində, həm nümayişində, həm də texniki təchizatın gücləndirilməsində özünü büruzə verir. Onu da bildirək ki, son bir neçə ildə Azərbaycanda dövlət sifarişi ilə 70-dən çox sənədli, 30-dək tammetrajlı film çəkilib. "Mən evə qayıdıram", "Dolu", "Sübhün elçisi", "Qırmızı bağ", "Qisasını alıb öl", "Qorxma, mən səninləyəm-2" filmləri müxtəlif mövzu və janrda istehsal olunan ekran əsərləridir. 2006-2011-ci illərdə ekran əsərlərimiz 40-dək ölkədə, 100-dən artıq festivalda uğurla iştirak edib. Təkcə ötən il gənc kinematoqraflarımızın çəkdikləri qısametrajlı bədii filmlər 25-dən artıq beynəlxalq kinofestivalda göstərilib.
64-cü Beynəlxalq Kann Kinofestivalında ilk dəfə olaraq Azərbaycan pavilyonu təşkil olunub. Londonda film festivalı keçirilən "XV Rainbow" Beynəlxalq Film Festivalında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" Kinostudiyasında lentə alınmış "Çölçü" filmi "Ən yaxşı bədii film" nominasiyasında mükafatlandırılıb. Kinoşünaslar bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ümumi iqtisadi, sosial və mədəni inkişafı kino sənətinin də böyük uğurlar qazanmasına şərait yaradacaq, Azərbaycan kinosu layiq olduğu yüksək sənət zirvələrinə ucalacaq.
Ekspertlər bildirir ki, milli kinomuzun keçən illərdə çəkilən filmləri tamaşaçıların indi də sevdiyi filmlər sırasındadır. Yaşlı və orta nəslin nümayəndələri illər əvvəl çəkilən filmlərə indi də böyük maraq və nostalgiya hissilə baxır. Ancaq su bir yerdə dayana bilmədiyi kimi, kino mədəniyyətimiz də inkişafdan qala bilməz. Yeni kinonun tələblərilə köhnə kinonun şərtləri arasında böyük fərqlər var. Buna görə də onların bir-birindən seçilməsi təbiidir. Əslində çağdaş kino ilə illər öncə çəkilən filmlər arasında yaxınlıq və doğmalıq da var, olmalıdır da. Bu da ondan ibarətdir ki, milli kinomuzun seçdiyi dəst-xətt hər zaman milli olub və ictimai, eləcə də dövlətçilik maraqlarına xidmət edib. İstənilən filmimizdə ictimaiyyəti maraqlandıran məsələlər öz əksini tapıb. İndi çəkilən filmlərdə də həmçinin o ideya davam etdirilir. Azərbaycan kinosunun günü-gündən inkişaf etməsi, özünə yeni yaradıcılıq xətti seçməsi diqqəti cəlb edir. Bir tərəfdən kino ictimaiyyətinin, başqa bir yandan dövlətin milli kinoya isti münasibət və qayğısı kinomuzun daha uzaqlara gedəcəyinə bir təkandır.
Kinoşünas Aydın Kazımzadənin bildirdiyinə görə, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncamı kino sənətinin sürətli inkişafına böyük təkan oldu: "Sirr deyil ki, Dövlət Proqramına qədər kinomuzun perspektivi elə də ümid doğurmurdu. Hətta kino məmurları belə onun gələcəyinə ümid bəsləmirdi. Bu da faktdır ki, keçən əsrin 90-cı illərindən başlayaraq Azərbaycanda kommersiya filmlərinin çəkilişlərinə başlanıb. "Yarasa" və digər bir-iki filmi çıxmaq şərtilə, o biri filmlərin səviyyəsi elə də yüksək deyildi. "Yarasa"nın gücü onda idi ki, peşəkar rejissor tərəfindən ekranlaşdırılmışdı. Kommersiya filmlərinin kinomuzun inkişafına, milli kino industriyasının yaranmasına heç bir xeyri olmadı. Məlumdur ki, bu dövrdə kommersiya filmlərinin bir çoxunun çəkilməsində məqsəd heç də kinonun inkişafına nail olmaq deyil, kinodan pul qazanmaq idi. Bəllidir ki, kommersiya kinosunun gəlir gətirmək imkanı olmadı. Bu da kinomuzun dayaqlarının laxlamasına səbəb oldu. Sözsüz ki, bundan peşəkar kino işçiləri daha çox zərər çəkdi. Çətin dövr yaşamasına, bir sıra itkilərə məruz qalmasına baxmayaraq, Azərbaycan kinosu sınmadı, dövlət qayğısı nəticəsində yenidən həyata qayıda bildi".
Kino tarixçisinin sözlərinə görə, Azərbaycan kinosunun inkişafı dövlət qayğısı ilə bağlıdır. O bildirdi ki, uzun illər milli kinomuz qayğıdan məhrum edilib: "Hər kəsə bəllidir ki, Azərbaycan kinosunun ən böyük himayədarı ulu öndər Heydər Əliyev olub. Onun sovet dövründə Azərbaycan Respublikasına rəhbərlik etdiyi vaxt çoxlu filmlər çəkilib. Həmin filmlər də Azərbaycan ictimaiyyətinin, xalqının maraqlarını əks etdirib. Heydər Əliyev kinoya həmişə böyük qayğı və diqqət göstərib. Onun bu qayğı ənənəsi indi də davam etdirilir. Azərbaycan kinosu son beş-altı ildir ki, inkişaf yolunu tutub. Təbii ki, dövlət qayğısı olmadan buna nail olmaq çox çətin idi. Çünki kino sənayesinin yenidən qurulması üçün kinematoqraflara külli məbləğdə vəsait lazım idi. O vəsaitin isə kimlərsə tərəfindən kinoya ayrılması müşkül məsələ olduğuna görə kinomuzun gələcəyi sual altında idi. Maliyyə mənbəyi olmadan kino inkişaf edə bilməzdi. Kinonun ağır günündə dövlət ona yardım əlini uzatdı. Ümumiyyətlə, ən ağır dövrlərdə belə, dövlət büdcəsi hesabına, az da olsa, filmlər istehsal olunurdu. Bu filmlər də çox zaman nümayiş etdirilmədiyi üçün tamaşaçıların ondan xəbəri olmurdu. Ancaq "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamdan sonra kinomuzun həyatında yeni bir səhifə açıldı. Bunu kino yaradıcılığında böyük bir hadisə saymaq olar. Çünki bu Dövlət Proqramında kino yaradıcılığından tutmuş, onun texniki problemlərinə, kadr hazırlığı kimi gərəkli bir məsələyə geniş yer ayrılıb. Bu gün o Proqramın müxtəlif bəndləri icra edilir. "Azərbaycanfilm" Kinostudiyası artıq təmir olunub, Dövlət Film Fondu üçün yeni bina tikilib. Azərbaycandan kənarda saxlanan filmlərimizin ölkəmizə gətirilməsi prosesinə başlanıb. Yeni filmlər çəkilir, gənclərə öz yaradıcılıq potensialını ortaya qoymaq üçün şərait yaradılır. Artıq gənc kinematoqraflar öz filmlərini çəkir. Bu gün dövlət sifarişi ilə ekranlaşdırılan filmlərə zəruri vəsait ayrılır, hətta xaricdən texniki avadanlıqlar da alınıb gətirilir. Filmlərin montaj prosesi bəzən xaricdə aparılır. Hər şey ideya və ssenaridən başlayır. Uğurun əsası budur. Yaxşı ssenari olmasa, istənilən texniki element, gözəl aktyor oyunu, ən müasir effektlər və s. kölgədə qalacaq. Bu gün çalışmaq lazımdır ki, dövlətin etimadı doğrulsun. Texnika sarıdan korluğumuz yoxdur, amma sirr deyil ki, peşəkarlıq problemləri hələ də mövcuddur".
Keçən il Bakıda gənc rejissorlar üçün ustad dərsləri keçən məşhur polşalı kinorejissor Kşiştof Zanussi belə bir fikir söylədi ki, tamaşaçının görmək istədiyi, səmimi hesab etdiyi film uğur qazanır. O qeyd edirdi ki, Azərbaycan kinosu tamaşaçını sadə yolla - həqiqəti göstərməklə də heyrətə sala bilər. Azərbaycan kinosu bu gün millətinin səsini, reallığını, yaşantılarını göstərməlidir.
Məlum olduğu kimi, hər bir millətin öz kinosu var və o mütləq olaraq özünün özəl keyfiyyətlərini göstərə bilir. Bizim kinomuz da bizi, dərdlərimizi, həyati gerçəklərimizi təsvir etməlidir.
A.Kazımzadə onu da qeyd etdi ki, pafos və ya qışqırdıcı kadrlarla yox, insan taleləri, insan faktoru ilə kino irəliləyə bilər: "O gerçəkləri kino dilində bugünkü müasir tələblərə uyğun təqdim etməliyik. Bədii zövq, bədii səviyyə - ssenari, ideya, ideologiya tam olaraq bir-birini tamamlamalıdır. Əslində bu gün kinoda ideologiya sözündən qaçmağa çalışırlar. Amma unutmaq olmaz ki, kino ideoloji olmasa, baxımlı da olmaz. Bu gün dünya kinosuna nəzər yetirin, artıq vizuallıq, texniki meyarlar yerini ideologiyaya, insan amilinin əsas götürüldüyü filmlərə verib. Bu da o deməkdir ki, bütün hallarda kino səmimi və real məqamlara söykənəndə maraqlı və baxımlı olur. Burada dövlətçilik prinsipləri, dövlət və ictimai maraqların müdafiəsinə də böyük önəm verilməlidir. Bir çox hallarda buna nail olunur". Kinoşünas dedi ki, 2012-ci ildə bir neçə bədii və sənədli filmin istehsalı baş tutub. Onun sözlərinə görə, bədii filmlər arasında "Qorxma mən səninləyəm-2", "Ən adi soyad", "Dolu", "Sübhün səfiri", "Dərvişin ölümü", "Çölçü", "Ehram TV", "Mən evimə qayıdıram", "Qisas almadan ölmə" və digər ekran işləri də olub. Ekspertin bildirdiyinə görə, o filmlərin artıq bir neçəsinin çəkilişləri başa çatdırılaraq tamaşaçılara təqdim edilib, bəziləri isə hələ də çəkiliş prosesini yaşayır. Azərbaycan kinematoqraflarının xaricdəki həmkarları ilə müştərək çəkdikləri filmlərin də sayı günü-gündən artır. Bura son vaxtlar Azərbaycan və Türkiyənin birgə istehsalı olan "Mahmud və Məryəm" bədii filminin, fransızlarla birlikdə "Aleksandr Düma", almanlarla bərabər "Caz və muğam" sənədli filmlərinin çəkilişləri aiddir: "Bunlar çox maraqlı işlərdir. Azərbaycan kinosu özünü hələ dünyada təsdiqləməyib. Amma hesab edirəm ki, belə müştərək işlər kinomuzu dünyada populyar edəcək. "Azərbaycan kinosu 2008-2018-ci ilər üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi kinomuzun qarşısında böyük üfüqlər açdı. Rəsmi məlumatlara görə, Dövlət Proqramının icrasına 6,5 milyon manat ayrılıb. Məlum olduğu kimi, Azərbaycanda milli teleserialların yaradılması üçün dövlət səviyyəsində maliyyə vəsaiti ayrılıb və hazırda bu istiqamətdə qızğın işlər gedir, bir neçə serial çəkilib".
Onu da qeyd edək ki, bəzi telekanallar teleserial çəkilişlərinə
elə də peşəkarlıqla başlamayıb. Bəzi istisnaları nəzərə
almasaq, hələ də normal bir serial yoxdur. Bildiyimiz kimi, keçən il
dövlət tərəfindən
serial çəkilişinə vəsait ayrılıb. Bəllidir ki, dövlət telekanallara serial çəkilişləri
üçün ilkin
mərhələdə 5 milyon
manat vəsait ayırıb, sonra bu məbləğ artırılıb. Artıq üçüncü
ildir ölkəmizin telekanallarında yayımlanan
bütün xarici seriallar dayandırılıb.
Onu da vurğulayaq ki, son aylar çəkilən
serialların bir çoxuna artıq peşəkarlar cəlb edilir. Keçən illərdə qeyri-peşəkarların
çəkdikləri seriallar
tamaşaçıların da, kino tənqidçilərinin
də narazılığına
səbəb olub.
Azərbaycan dövlətinin kino siyasəti peşəkarlar
tərəfindən dəstəklənir. Onlar hesab
edirlər ki, kinomuzun inkişafı üçün böyük
şərait var və onun gələcəyi
işıqlıdır.
İradə SARIYEVA
Bakı
xəbər.-2015.- 9 iyun.- S. 15.