Azərbaycanda kitab nəşri tarixi...

 

Rusiyanın proletar yazıçısı Maksim Qorki yazırdı ki, kitab bilik mənbəyidir. Sonradan bu fikir bütün keçmiş SSRİ məkanında kitab təbliğinin əsas şüarına çevrildi. Siyasi ideologiyadan uzaq, insanları oxumağa, ədəbiyyata səsləyən bu çağırış uzun illərdir öz aktuallığını qoruyub saxlayır. Azərbaycanda kitaba həmişə böyük maraq olub. Bir vaxtlar Azərbaycan yazıçı-şairlərinin, publisistlərinin, alimlərinin, ictimai xadimlərinin, maarifçilərinin, mütəfəkkirlərinin kitabları yüksək tirajla çap edilər və ölkə boyu yayılardı.

Hətta respublika hüdudlarından uzaqlarda da bu nəşrlərin sorağı dolaşardı.

Bilirik ki, respublikamızda uzun illər keçid dövrünün ağrılarını yaşamalı olduq. Bu illərdə kitab nəşrinə elə də ciddi fikir verilmədi, yazıçı və şairlər kitablarını çap etdirməklə bağlı min bir çətinliyə qatlaşırdı. Amma bu gün vəziyyət düzəlib. Dövlətin kitaba, kitab nəşrinə, klassik irsə münasibəti kifayət qədər müsbətdir və ölkə başçısı buna böyük dəstək göstərir.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi kitab mədəniyyəti ilə bağlı çox maraqlı araşdırma təqdim edib. Azərbaycanın kitabçılıq tarixinə nəzər salan bu məlumatlar qiymətlidir.

Yazılana görə, Azərbaycanda kitab mədəniyyəti ta qədim dövrlərdən mövcud olub. Kitab nəşrinin ən vacib ünsürlərindən olan yazı və əlifba Azərbaycanda bir neçə tarixi inkişaf mərhələsi keçib. Məlumatlara görə, hələ eramızdan əvvəlki dövrlərdə respublikamızın ərazisində mixi yazılardan istifadə olunub. Əcdadlarımız olan qədim türklər isə eramızın ilk əsrlərində Orxon-Yenisey, qədim uyğurs. əlifbalardan istifadə edib. V əsrin birinci yarısında alban əlifbası meydana gəlib: "Bitkin inkişaf yolu keçən hər bir xalqın tarixində olduğu kimi Azərbaycan xalqının da mənəvi sərvət xəzinəsində ən şərəfli yerlərdən birini əlyazma kitabları tutur. Azərbaycanda əlyazma kitablarının inkişafı kağız istehsalının geniş vüsət alması ilə bağlı olub. Azərbaycanın qədim elm və mədəniyyət mərkəzlərindən biri olan Təbriz şəhərində VIII-XIII əsrlərdə kağız istehsal edən karxananın meydana gəlməsi bir çox qədim abidələrin və dəyərli əsərlərin yazıya köçürülməsinə güclü təkan verib. Çox təəssüflər olsun ki, ərəb istilasına (VIII əsr) qədər və ərəb xilafəti dövründə yaradılan əlyazma kitabları müxtəlif səbəblər üzündən günümüzə qədər gəlib çatmayıb. Günümüzə qədər gəlib çatan ən qədim əlyazma kitabının, Təbərinin "Quranın şərhi" əsərinin üzü 1220-1225-ci illərdə köçürülüb. Hazırda həmin əlyazma kitabı Paris Milli Kitabxanasında saxlanır. XIII əsrdə üzü köçürülən əlyazma kitablarından Nizami Gəncəvinin "İsgəndərnamə"si (1233) Tehranda şəxsi kitabxanada, "Sirlər xəzinəsi" (1239) Londonun "İndiya Offis" kitabxanasında, Xətib Təbrizinin "Şərhi-divani-həman" (1256), Əlaəddin Cüveyninin "Monqol tarixi" (1290) və İbn Behtuşinin "Mənəfil əl-heyvan" (1297-1298) kitabları dünyanın digər kitab xəzinələrində saxlanır. Sonrakı dövrlərdə də Azərbaycan müəllifləri tərəfindən yaradılan elmi və bədii əsərlərin həm aftoqrafları, həm də müxtəlif xətt növlərində üzü köçürülmüş nüsxələri dünyanın bir çox kitab xəzinələrinin qiymətli sərvətinə çevrilib".

Nazirliyin müvafiq şöbəsinin hazırladığı mətndə bildirilir ki, hazırda dünya kitabxanaları və muzeylərində Nizami Gəncəvinin "Xəmsə" əsərinin 792, Füzulinin əsərlərinin isə 800-ə qədər nüsxəsi hifz olunur. Yazılana görə, Azərbaycanın ən böyük mənəvi sərvətlərindən biri olan və 1300 illiyini 2000-ci ildə qeyd etdiyimiz "Kitabi-Dədə Qorqud" dastanının XV-XVI əsrlərdə yazıya köçürülmüş ən nadir nüsxələri DrezdenVatikan kitabxanalarının bəzəyidir: "Mətbəə üsulu ilə çap edilən ilk Azərbaycan kitabı isə görkəmli alim Nəsrəddin Tusinin 1594-cü ildə İtaliyanın Roma şəhərində, "Mediçi" mətbəəsində ərəb dilində çap olunan "Təhriri Oqlidis" əsəri olub. Həmin kitab 1657-ci ildə latın dilinə çevrilərək Londonda da nəşr edilib. Azərbaycan kitabının mətbəə üsulu ilə xarici ölkələrdə çapı sonrakı dövrlərdə də davam etdirilib. XVII əsr tarixçisi, milliyyətcə azərbaycanlı olan Oruc bəy Bayatın "İranlı Don Жuanın kitabı" İspaniyanın o vaxtkı paytaxtı Valyadoliddə (1604), İ.Qutqaşınlının "Rəşid bəy və Səadət xanım" hekayəsi fransız dilində Varşavada (1835), A.Bakıxanovun "Qanuni-Qüdsi" əsəri fars (1831) və rus (1844) dillərində Tiflisdə, M.Kazım bəyin "Türk-tatar dillərinin qrammatikası" əsəri Kazan (1839) və Sankt-Peterburqda (1846), N.Tusinin "Əxlaqi-Nasiri" əsəri Bombeydə (1851), M.Ş.Vazehin şeirlər kitabı Berlində (1851) çap olunub. Azərbaycanın özündə isə müasir çap üsulu ilə kitab nəşrinə XIX əsrin sonlarında təşəbbüs göstərilib. XIX əsrin sonları - XX əsrin əvvəllərində Azərbaycanda ilk müasir mətbəələr meydana gəlib. 1889-cu ildə Bakıda 5 mətbəə və 1 tipolitoqrafiya var idisə, 1900-cu ildə burada artıq 16 mətbəə fəaliyyət göstərirdi. Kitab nəşri işi Azərbaycanda sovet hakimiyyəti dövründə daha geniş vüsət tapdı. Kitab nəşri işinin ən güclü ideoloji silahlardan biri olduğunu yaxşı dərk edən kommunistlər respublikada nəşriyyat işi ilə bağlı sahələri dərhal milliləşdirdilər. Mətbuat və nəşriyyat işlərinə rəhbərlik etmək üçün 1920-ci ilin may ayında Xalq Maarif Komissarlığında Azərbaycan Mətbuat Mərkəzi təşkil edildi. 1923-cü ildə nəşriyyatların fəaliyyətinə nəzarəti gücləndirmək məqsədilə Ədəbiyyat və Nəşriyyat Komitəsi təsis olundu. 1924-cü ildə Azərbaycan Dövlət Nəşriyyatı-"Azərnəşr" yaradıldı və kitab nəşri işi ilə yanaşı, kitab ticarəti də ona tapşırıldı. Bu nəşriyyat fəaliyyətinin ilk illərində bədii ədəbiyyat və uşaq kitabları nəşr edirdi.

Sovet hakimiyyətinin ilk illərində - 1920-1926-cı illərdə Azərbaycanda 779 adda 4 milyon nüsxədən çox kitab nəşr olunub".

Qeydlərə görə, sovet dövrünün sonrakı illərində də respublikada kitab nəşri işinin dinamikası yüksələn xətt üzrə inkişaf edib.

Kitab nəşrinin 1991-ci ildən sonrakı durumunu şərh edən araşdırmada qeyd edilir ki, 1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra özəl nəşriyyat və nəşriyyat-poliqrafiya müəssisələri əmələ gəlməyə başladı. Məlumata görə, nəşriyyat-poliqrafiya fəaliyyətinə dövlət nəzarəti zəiflədi və 1998-ci ildə senzura tamamilə aradan qaldırıldı. Dövlət nəşriyyatlarına dövlət təminatı xeyli azaldıldı: "İlk dövrdə həm dövlət, həm də özəl nəşriyyatların fəaliyyətində müəyyən canlanma hiss olunurdu. Lakin bu canlanma çox da uzun sürmədi. Bazar iqtisadiyyatına keçidlə bağlı üzə çıxan problemlər kitab nəşri işinə də öz mənfi təsirini göstərdi. Əhalinin alıcılıq qabiliyyətinin ildən-ilə aşağı düşməsi, kənardan gətirilən kağız və digər poliqrafiya materiallarının qıtlığı, eləcə də dövlət təminatından məhrum olan nəşriyyatların bazar iqtisadiyyatına keçid dövründə çeviklik göstərə bilməməsi ölkədə kitab nəşri işinin xeyli zəifləməsinə səbəb oldu.

Hazırda Azərbaycanda kitab nəşrinin üç səciyyəvi xüsusiyyəti diqqəti cəlb edir.

1. Bəzi kitabların nəşri dövlət tərəfindən maliyyələşdirilir. Buraya ibtidai sinif dərslikləri, görkəmli şəxsiyyətlərin və tarixi hadisələrin yubileyləri ilə bağlı nəşrlər daxildir. Dərsliklər istisna edilməklə, belə nəşrlərin xüsusi çəkisi çox azdır.

2. Bir çox kitablar müəlliflərin öz vəsaitləri hesabına çap olunur. Bu cür kitablar əksəriyyət təşkil edir.

3. Bir qisim kitablar isə sponsorların, eləcə də xarici şirkət və səfirliklərin vəsaiti hesabına çap olunur.

Son dövrlərdə nəşr edilən kitabların tirajı hədsiz dərəcədə kiçikdir. 60-80-ci illərdə bədii əsərlər orta hesabla 20-30 min nüsxə, elmi kitablar isə 3-7 min nüsxə tirajla nəşr olunurdusa, indi bədii kitabların tirajı əksər hallarda 500-1000 nüsxə, elmi kitabların tirajı isə 300-500 nüsxə olur.

Azərbaycanda kitab nəşri işinin zəifləməsinə, tirajların xeyli aşağı düşməsinə başqa bir obyektiv amil də mənfi təsir göstərib. Bu amil əlifba dəyişikliyi ilə bağlıdır. Son əsrdə Azərbaycanda əlifba üç dəfə dəyişib. 1929-cu ildən ərəb əlifbasından latın qrafikasına, 1939-cu ildən kiril əlifbasına, 1992-ci ildən isə təkrar latın əlifbasına keçilməsi kitab nəşri işində də böyük çətinliklər törədib".

Mətndə qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin "Dövlət dilinin tətbiqinin təkmilləşdirilməsi haqqında" Fərmanına uyğun olaraq 2001-ci ilin avqustundan bütün nəşrlər, o cümlədən dövri mətbuat latın qrafikasına keçib.

Nəşr məhsullarının çeşidlərinin də araşdırılıb analiz edildiyi rəsmi məlumatda qeyd edilir ki, sovet dövründə nəşr olunan kitabların xeyli hissəsini kütləvi-siyasi ədəbiyyat təşkil edirdi. Qeydlərə görə, bununla yanaşı, digər ədəbiyyatların - elmi, bədii, uşaqs. kitabların da nəşrinə ciddi fikir verilirdi: "70-80-ci (keçən əsrin-İ.S) illərdə kitab sektorunun müxtəlif sahələrində ixtisaslaşan müəssisələr yaradılıb. Belə ki, dərsliklərin və digər tədris-pedaqoji ədəbiyyatların nəşri ilə əsasən "Maarif" nəşriyyatı, bədii əsərlərin nəşri ilə "Azərnəşr" və "Yazıçı" nəşriyyatları, uşaq və gənclər üçün ədəbiyyatın nəşri ilə "Gənclik" nəşriyyatı, plakat, fotoalbom, incəsənətə dair əsərlərin nəşri ilə "İşıq" nəşriyyatı, elmi əsərlərin nəşri ilə isə "Elm" nəşriyyatı məşğul olurdu.

Həmin illərdə xarici ölkələrin ədəbiyyat nümunələrinin nəşrinə də xeyli diqqət yetirilirdi. 80-ci illərdə "Gənclik" nəşriyyatı hər bir cildi 40 min nüsxə tirajla 53 cildlik "Dünya Uşaq Ədəbiyyatı Kitabxanası" seriyasını nəşr edərək başa çatdırmışdı. "Yazıçı" nəşriyyatı isə 100 cildlik "Dünya Ədəbiyyatı Kitabxanası" seriyasının nəşrinə başlamış və bu seriyadan 30-dan çox kitab nəşr edilib. İqtisadi tənəzzül ucbatından həmin seriyanın nəşri sonralar dayandırılıb".

Mədəniyyətə dair xüsusi dövri nəşrlərə də toxunan mütəxəssislər bildirir ki, sovet dövründə mədəniyyətin müxtəlif sahələrinə aid 4 adda jurnal, 1 adda qəzet nəşr olunurdu. "Azərbaycan", "Ulduz" jurnalları və "Ədəbiyyat və İncəsənət" qəzeti Azərbaycan Yazıçılar İttifaqı, "Qobustan" toplusu Teatr İşçiləri İttifaqı, "Mədəni-maarif işi" jurnalı isə Mədəniyyət Nazirliyi tərəfindən nəşr edilirdi.

Hazırda mədəniyyətə dair xüsusi dövri nəşrlərin sayı sovet dövrünə nisbətən çoxalıb. Həmin dövrdə çap edilən nəşrlərə "Xəzər" jurnalı, "Mədəniyyət" qəzeti, "Musiqi dünyası", "İncəsənət" topluları kimi bir neçə nəşr əlavə olunub. Mədəniyyətə dair xüsusi nəşrlərin əksəriyyəti yaradıcılıq birliklərinin orqanı kimi fəaliyyət göstərir:

"Azərbaycan", "Ulduz", "Xəzər", "Qobustan" jurnalları və "Ədəbiyyat" qəzetinə Yazıçılar Birliyi büdcə vəsaiti hesabına maliyyə yardımı göstərir. Bəstəkarlar İttifaqının "Musiqi dünyası" və Rəssamlar İttifaqının "İncəsənət" nəşrləri isə satışdan gələn vəsaitlər hesabına maliyyələşdirilir.

Nazirliyin materialında o da bildirilir ki, mədəniyyətə dair xüsusi dövri mətbuat orqanlarının sayca artmasına baxmayaraq, onların tirajı sovet dövrü ilə müqayisə edilməyəcək dərəcədə azdır: "Belə ki, sovet dövründə spesifik nəşr sayılan aylıq "Mədəni-maarif işi" jurnalı, rüblük "Qobustan" toplusu kimi nəşrlər 5-10 min nüsxə, populyar nəşrlər olan aylıq "Azərbaycan" və "Ulduz" jurnalları, həftəlik "Ədəbiyyat və İncəsənət" qəzeti 40-50 min nüsxə tirajla çap olunurdusa, bugünkü nəşrlərin əksəriyyətinin tirajı 500 nüsxədir. Burada yalnız Mədəniyyət Nazirliyinin nəşrləri olan "Mədəni-maarif işi" və "Mədəniyyət" qəzetləri istisna təşkil edir. Onların abunə yolu ilə toplanan tirajı 1500-2500 nüsxə arasında dəyişir.

Kitab yayımına da toxunan araşdırmada bildirilir ki, sovet dövründə kitab yayımı vahid sistemə malik idi. Keçmiş Mətbuat və İnformasiya Nazirliyinin "Azərkitab" Kitab Ticarəti İdarəsi şəhər yerlərində, "Azərittifaq"ın "Kəndkoopkitab" Kitab Ticarəti İdarəsi kənd yerlərində kitab satışı ilə məşğul olurdu. Kitabxana Kollektoru respublikadakı kitabxanaları kitabla təmin edirdi.

Bazar iqtisadiyyatına keçid dövründə bu sistem iflasa uğradı. "Azərkitab"ın mağazalarının əksəriyyəti özəlləşdirildi və öz profilini dəyişdi. Hazırda kitab yayımı ilə ya nəşriyyatların, ya da kitab müəlliflərinin özləri məşğul olur. Nəşriyyatların, demək olar ki, heç birinin ("Azərnəşr" və "Gənclik" istisna edilməklə) öz mağazası yoxdur. Marketinqreklam işi sıfır dərəcəsindədir. Özəl kitab satışı mərkəzləri olduqca azdır və onların nəşriyyatlarla əlaqələri son dərəcə zəifdir.

Keçən əsrin 90-cı illərindən son bir neçə ilə qədər olan dövrü əhatə edən rəsmi məlumatda çox maraqlı məqamlar öz əksini tapır.

Mövzunu yeni məlumatlarla davam etdirəcəyik.

ardı var

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 10 iyun.- S. 15.