15 iyun - ümummilli lider Heydər Əliyev tərəfindən xalqın və dövlətçiliyin xilas günü...

 

Azərbaycan xalqı tarixdə bir neçə dəfə sınaq qarşısında qalıb və hər dəfə də Tanrı ona xilaskar göndərib. Xilaskarı olmayan xalqın tarixdə heç bir izi qala bilməz. Azərbaycan xalqının ümidinin, müstəqil dövlətimizin isə taleyi tükdən asılı qaldığı bir zamanda Allah xilaskarımızı göndərdi. Çoxlarımız o günü çox yaxşı xatırlayırıq. Bu əlamətdar tarix o dövrdə uşaq olanların da yaddaşından silinməyib. Azərbaycan özünün ən ağır dövrünü yaşayırdı. İnsanların sabaha azacıq da olsa ümidi yox idi.

Bir tərəfdən ölkədəki xaos, qarışıqlıq, digər tərəfdən müharibə, başqa bir tərəfdən isə insanların çörəyə möhtac olması qarşımıza çox acı mənzərə açırdı. Xalqın keçirdiyi məşəqqətli günlər, çəkdiyi acılar artıq illərin o üzündə qalsa da, kədərli bir xatirə kimi unudulmayıb. O dövrdə çoxlarının yadındadır ki, el ağsaqqalları və ağbirçəkləri, ziyalılar, fikir adamları israrla bildirirdi ki, ümid Heydər Əliyevə qalıb, xalqı bu dərddən ancaq o qurtara bilər. Məlum olduğu kimi, xalqın təkid və tələbi ilə Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. Ümummilli liderin gəlişi insanlara sevinc gətirdi, çillədən, ümidsizlikdən qurtardı xalq. O ağır günlərdə Heydər Əliyevin xalqa simsar olması, həyatını təhlükəyə ataraq dövlətin, millətin etibarlı dayağına çevrilməsi unudulmazdır.

Heydər Əliyevin yenidən öz xalqına rəhbərlik etmək üçün qayıdışı Azərbaycan xalqının Milli Qurtuluş Günü olaraq bayram kimi qeyd edilir. Azərbaycan xalqının 15 iyun - Milli Qurtuluş Günü Azərbaycan Respublikasında rəsmi bayramlardan biridir. 1997-ci ilin 15 iyun günündən bayram elan edilib. 1997-ci ildən qeyd olunan bayrama 1998-ci ildən dövlət statusu verilib.

Tarixçilərin qeyd etdiyinə görə, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi, lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə əlamətdar idi. Ermənistanın ilhaqçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi. Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969-1982) olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, Moskvada istefa verdikdən sonra 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərən Heydər Əliyev xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.

Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildiyi vaxt ermənilərin elan olunmamış hərbi təcavüzünə məruz qalan Azərbaycanın daxilində vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdıq, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına son qoymaq həddinə çatmışdı. İki il əvvəl müstəqillik qazanmasına baxmayaraq, ölkə təbəddülatlar dalğasından hələ də xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-də Gəncədə Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni uçuruma sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı səhv və xaotik addımlar vəziyyəti daha da gərginləşdirirdi. Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü, itaətsizlik göstərən hərbi hissənin rəhbərliyi əvvəlcə baş nazirinparlamentin sədrinin, sonra isə prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun tabeliyində olan qüvvələr Gəncə civarlarından çıxaraq üzü Bakıya doğru hərəkət edirdi. Ölənlər və yaralananlar var idi. Belə bir vaxtda qorxuya düşən AXC-Müsavat iqtidarı Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi.

Tarixçilər yazır ki, iyunun 9-da Heydər Əliyev Bakıya gəldikdən sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşdü. Böyük dövlət xadimi Gəncədən qayıtdıqdan sonra Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı çıxış etdi.

Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Cəbi Bəhramov Milli Qurtuluş Günü ilə bağlı öz fikirlərini yerli mətbuata bildirib. 15 iyunun Azərbaycan dövlətinin tarixində taleyüklü xüsusi gün olduğunu vurğulayan Cəbi Bəhramov bugünkü uğurlarımızın, nailiyyətlərimizin təməlində Heydər Əliyev siyasətinin dayandığını qədirbilənliklə yüksək dəyərləndirib: "15 iyun 1993-cü il tarixi Azərbaycan Respublikasının ən yeni tarixində müstəsna rolu olan bir gündür. Bu gün baş vermiş hadisə sonrakı dövrlər üçün əlbəttə ki, bir örnək olacaq. Söhbət nədən gedir. Əgər biz Azərbaycanın son 300 illik tarixinə nəzər salsaq, XVIII əsrin I yarısı, XIX əsrin I yarısı, XX əsrin I yarısı və nəhayət, XX əsrin sonu, XXI əsrin əvvəli - bu mərhələlər Azərbaycanın tarixində xüsusi əhəmiyyət kəsb edən dövrlərdir. O vaxtlar Pyotrun tapşırığı ilə İrana qarşı hərbi planlar hazırlanırdı. Çox qəribədir ki, bu mərhələdə bu çirkin işğalçı niyyəti həyata keçirmək üçün Qafqaz xalqlarının psixologiyası, onların mentaliteti və bir-birilə münasibəti öyrənilirdi. Amma Qafqaz xalqları içində bir-birinə xəyanət edən xalq tapılmırdı. Bu məsələdə isə Pyotr İran və Osmanlı torpaqları ərazisində yaşayan ermənilərdən istifadə etməyə qərar vermişdi. 1701-ci il iyun ayının 30-da Pyotr onların nümayəndələrini qəbul edir. Bu görüşdən 21 il sonra o, Azərbaycanın Xəzər sahillərinə ilk yürüşünü həyata keçirir. Lakin əvvəlcə ermənilər vasitəsilə bu ərazilər öyrənilir və alimlər adı altında kəşfiyyat xarakterli ekspedisiyalar göndərilir. Müxtəlif şəxsləri bura göndərərək əsas hərbi strateji əhəmiyyət kəsb edən yolları öyrənirlər. 1722-ci ildə Dərbəndə hücum edirlər. Dərbəndi 3 gün top atəşinə tutduqdan sonra ələ keçirirlər. Amma Pyotr burada bir həftə qala bilir. Çünki bu məsələdə 1711-ci ildə baş verən Azov yürüşü yadına düşürona çatdırırlar ki, əgər siz burada çox qalsanız, Qafqaz xalqları sizi əsir götürərək edam edəcəklər. Bununla da onlar geri qayıdırlar. Nə üçün mən bu hadisəni xatırlatdım? Çünki Pyotr bilərəkdən öz fərmanı ilə 1724-cü ilin oktyabrında ermənilərlə bağlı xüsusi fərman imzalayır. Yəni bu işlərdə bir xəyanətkar zümrə kimi onları götürür. Bütün bu hadisələrin 15 iyun gününə bilavasitə tarixi nöqteyi-nəzərdən aidiyyəti var. Ona görə o tarixdən başladım. Əgər XIX əsrin əvvəllərinə baxsanız, eyni vəziyyət təkrar olunur. 1801-ci ildən başlanan işğal, 1809-1813-cü illər I Rusiya-İran müharibəsi, 1826-1828-ci illər II Rusiya-İran müharibəsi və 1813-cü il oktyabrın 10-da imzalanan Gülüstan müqaviləsi, 1828-ci il fevralın 10-da imzalanan Türkmənçay müqaviləsi tariximizin ağır dövrlərinin səhifələridir. Bu gün Ermənistan adlanan qondarma bir dövlətin yerləşdiyi ərazidə İrəvan xanlığı idi. Rus qoşunları dörd hərbi yürüşdən 30 ilə yaxın bir dövr ərzində çarpışmalardan sonra onu məğlub edə bilmişlər. Ümummilli liderimizin həyat yoldaşı Zərifə xanımın ana xətti İrəvan xanlığına gedir. Həmin müdafiəyə, yəni rus qoşunlarına qarşı müdafiəyə və xəyanətkar ermənilərə qarşı mübarizəyə onun ulu babaları Məhəmmədhəsən xan Qacar, İrəvan sərdarı Hüseynqulu xan Qacar, onun oğlu Həsən xan Qacar və nəvəsi Fətəli xan Qacarlar başçılıq ediblər".

Alim deyir ki, sonralar 1828-ci il mart ayının 21-də bütün azərbaycanlılar Novruz bayramını qeyd edən zaman insanlıq cildini itirmiş çar hökuməti həmin işğal olunmuş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində qondarma erməni vilayəti yaratdı. Amma bu uzun çəkmir. 20 ildən sonra, 1849-cu ildə erməni vilayəti ləğv edilirburada İrəvan quberniyası yaradılır. Kütləvi surətdə erməniləri bura köçürürlər. Əgər siz 1826-1830-cu illərin tarixinə nəzər salsanız, bütövlükdə Türkiyədən 85 min, İrandan isə 40 min erməni ailəsi köçürülüb. Hətta onları rus məmuru, rusların çox böyük hörmətlə yada saldıqları Qriboyedov özü təşkil edib. O, İrəvanın ələ keçirilməsinə xüsusi fikir verirdi. Paskeviçdən bunu xüsusi olaraq tələb edirdi: "XX əsrin əvvəllərində eyni proses davam edir. 1917-ci ildə Rusiyada çar-monarxiya sistemi devrildikdən sonra Rusiya imperiyası ərazisinə daxil olan digər ərazilər, məsələn, Finlandiya, Polşa, Baltikyanı ölkələr müstəqillik əldə etdilər. Amma bu, Cənubi Qafqaza, xüsusilə Azərbaycana şamil edilmir. 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin yaradıcılarının çox böyük xidmətlərinin olmasına baxmayaraq, onların bağışlanmaz bir səhvi olub. Bu, İrəvan şəhərinin güzəştə gedilməsi idi. Kim məni qınayırsa, qınasın. Bu mənim subyektiv fikrimdir. Çünki faktlar çox ağırdır. 10 min kv. km-ə yaxın ərazi güzəştə gediləndən sonra dövlətçilik anlayışı olmayan bir zümrə üçün Qərb dövlətləri burada bir dövlət yaratdılar. Bundan sonra ermənilərin işğalı getdikcə artmağa başladı.

Azərbaycana qarşı ərazi iddiasından əl çəkmədilər. 1920-ci ildən başlayaraq iddialar daha da artdı və 1929-cu il fevral ayının 18-nə qədər Sovet Rusiyasının birbaşa təzyiqi ilə Azərbaycanın 19,8 min kvadratkilometr ərazisi zorla qoparılaraq ermənilərə verildi.üçün biz 15 iyun tarixini qeyd edirik? Çünki Heydər Əliyev bu hadisələri çox dərinliyi ilə, nöqtəsinə qədər bilirdi. O, 1967-ci ildə, hətta ondan əvvəlki dövrlərdə də dövlətin təhlükəsizlik orqanlarında işləyərkən tarixçi alimlərlə mütəmadi görüşürdü. 1969-cu ildən 2003-cü ilə qədər bütün mərhələlərdə onun maraqlandığı sənədləri ona veriblər. Özü də dəfələrlə söhbətlərində tarixçi alimlərimizə "sizin 1918-ci il hadisələrinə, XI Qızıl Ordu və Dağlıq Qarabağla bağlı məsələlərə münasibətinizi bilmək istəyirəm" deyirdi. 1945-ci ildə, 1956-cı ildə, 1967-ci ildə, 1972-ci ildə, 1977-ci ildə, 1985-ci ildə olan tarixi hadisələr bir növ 15 iyuna gedən yollardır. XX əsrin əvvəllərində Hacı Zeynalabdin Tağıyev kimi insanlar öz vəsaitlərini xərcləyib millətin çiçəklənməsi üçün sərf etdilər. Heydər Əliyevə gəldikdə isə o, sovet dövlətinin bütün imkanlarını maksimum dərəcədə Azərbaycan xalqının inkişafına yönəltmişdi. Müasir Azərbaycanda müxtəlif sahələrdə çalışan rəhbər işçilərin əksəriyyəti 70-80-ci illərdə SSRİ-nin ən yüksək təhsil ocaqlarında oxuyan tələbələrdir. Başda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olmaqla. O tələbələr içərisində mən də varam. Akademik Ziya Bünyadov deyərdi ki, bir tarixi hadisəni tədqiq etmək üçün ən azı 10 il vaxt lazımdır".

1993-cü ilin 15 iyununun xalqımızın və dövlətçiliyimizin xilas günü olduğunu qeyd edən C.Bəhramov deyir ki, Azərbaycan xalqı müdrik xalq olmaqla bərabər həm də dünyanın ən qədim xalqlarından biridir: "Heydər Əliyev tərəfindən qurulan dövlətçilik mexanizmi dəqiq və səmərəli işləyir. Azərbaycanın iqtisadi cəhətdən, hərbi cəhətdən qüdrətlənməsi, beynəlxalq layihələrdə əsas aktor kimi, söz sahibi kimi, regional lider kimi iştirak etməsi təsadüfi deyil. Dövlətin qüdrəti varsa, potensialı varsa, düzgün idarə olunursa, şübhəsiz ki, o öz effektini verəcək. Elə buna görə də 15 iyun tarixinə baxanda Heydər Əliyevin xalq tərəfindən rəhbərliyə gəlməsi həyati zərurət idi. Son dövrlərdə Rusiya mətbuatında çap olunan çoxsaylı əsərlərin müəllifləri də belə bir faktı birmənalı şəkildə etiraf edirlər ki, əgər SSRİ-nin başında Heydər Əliyev kimi bir adam olsaydı, o dövlət yəqin ki, dağılmayacaqdı. Rusiya Federasiyasının Prezidenti V.Putin onun dəfn mərasimində belə bir ifadə işlətmişdi ki, Heydər Əliyev "Siyasi qayadır". Bu təsadüfi deyil. Çünki keçmiş tariximizə nəzər salsaq, Atropat kimi sərkərdəmiz İsgəndər kimi bir dünya hökmdarını özünə dost edib. Babək kimi bir sərkərdə ərəb xilafətini qarşısında diz çökdürdü. 13 yaşında olan Şah İsmayıl bir dövlətin əsasını qoyub. Bunlar Azərbaycan xalqının yetişdirdiyi dühalardır. Nəhayət, bu torpağın XX əsrin II yarısında belə bir şəxsi dünyaya bəxş etməsi də təsadüfi deyil. O, dünyaya xüsusi missiya ilə gəlmişdi və bu missiyanı şərəflə yerinə yetirib. Vaxtilə Şah İsmayıl Xətai deyib: "Mən sizə üç şeyi vəsiyyət edirəm. Birincisi, möhtəşəm Azərbaycan dilimizi, ikincisi, vətənim Azərbaycanı, birbu torpağı qorumaq üçün qeyrət deyilən anlayışı qoruyub yaşadın." Heydər Əliyev bunu bacardı. Azərbaycanı qorudu, xilas etdi. O, Azərbaycan dilini dövlət dili kimi Konstitusiyada təsbit etdi. QURTULUŞ GÜNÜ mənim üçün vətənimin-Azərbaycanın xilası deməkdir".

 

Ardı var.

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 12 iyun.- S. 15.