Heydər Əliyev və Azərbaycan mədəniyyətinin, incəsənətinin və ədəbiyyatının inkişafı...

 

15 iyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. 1993-cü il 15 iyun tarixində Azərbaycanın sabiq prezidenti Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə, bir sıra sahələr kimi, mədəniyyət, incəsənət, ədəbiyyat sahəsində də böyük inkişaf, tərəqqi baş verib. Heydər Əliyev irsini araşdıran tədqiqatçıların fikrincə, bu böyük şəxsiyyəti səciyyələndirən xüsusiyyətlərdən birionun elmə, ədəbiyyata, incəsənətə və mədəniyyətə daim diqqət göstərməsidir.

Onların bildirdiyinə görə, Heydər Əliyevin qayğısı sayəsində 1969-1982, 1993-2003-cü illərdə respublikamızda elmin bütün sahələri inkişaf edib. Məlumatlara görə, dünya miqyasında tanınan alimlərimiz tərəfindən fundamental əsərlər yaradılıb. Tədqiqatçıların qeydlərinə görə, geniş profilli, yüksək ixtisaslı kadr potensialı yetişib. Tədqiqatçılar bildirir ki, Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra Milli Elmlər Akademiyası sistemində, ədəbiyyata, mədəniyyətə, tarixə, incəsənətə qayğı məsələsində ciddi problemlər olub. O isə, Akademiyanın normal fəaliyyəti üçün hər cür şərait yaradıb. Hazırda respublikamızda onlarla ali məktəb fəaliyyət göstərir, elmi-tədqiqat institutları elmimizin inkişafına layiqli töhfələr verir. Tədqiqatçılar bildirir ki, bütün bunlar respublikamızda yaradılan sabitliyin, əminamanlığın, işgüzar fəaliyyətin nəticəsidir.

Tədqiqatçılar Heydər Əliyevin "Ümumi çətinlik nə qədər çox olsa da, biz elmə, təhsilə daim qayğı göstərməliyik və elmin inkişafı üçün mövcud imkanlardan daha da çox istifadə etməliyik" fikrini önə çəkir, ona şərhlər verir.

Tədqiqatçılar qeyd edir ki, Heydər Əliyev 1969-1982-ci illərdə respublikamıza birinci dəfə rəhbərlik etdiyi dövrdə də mədəniyyətə xüsusi diqqət yetirib. Onun dövründə ölkənin mədəni həyatında yaddaşlarda qalan canlanma müşahidə edilib. Bu mənzərə Azərbaycanın tanınan mədəniyyət, ədəbiyyat, incəsənət, fikir adamlarının xatirəsində yaşayır. Həmin illərdə respublikamızda 3677 klub, 4794 kütləvi kitabxana, 906 kino qurğusu, 25 peşəkar teatr, 4 filarmoniya, 7 musiqi kollektivi, 123 muzey fəaliyyət göstərib. H.Əliyevin diqqət və qayğısı sayəsində doğma Bakımız dünyanın ən möhtəşəm memarlıq tələblərinə cavab verən, orijinal görünüşə malik arxitektura nümunəsinə çevrilib. Misilsiz sənət abidələri olan "Gülüstan" və "Respublika" sarayları , idman kompleksi, kondisioner zavodu, neçə-neçə inzibati və yaşayış binası, yazıçı, şairictimai-siyasi xadimlərin ucaldılmış heykəlləri böyük öndəri tarixdə yaşadacaq.

Tədqiqatçılar yazır ki, H.Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə bütün rayon mərkəzləri öz görkəmini dəyişib. Məlum olduğu kimi, ədəbiyyatın, incəsənətin inkişafını daim diqqət mərkəzində saxlayan Heydər Əliyevin bu sahəyə verdiyi töhfələr misilsizdir. Bu illərdə tarix diyarşünaslıq muzeyləri, poeziya evləri açılıb. Tarixi yerlərin mühafizəsi gücləndirilib. 1977-ci ildə "İçərişəhər" dövlət tarix- memarlıq qoruğu elan edilib. Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir şəhərləri sürətlə böyüyüb, inkişaf edib.

Özünəməxsus memarlıq görünüşü olan paytaxtımızın adı XXI əsrdə də dünyanın inkişaf etmiş şəhərləri sırasında çəkilir. Dünya praktikasından bəllidir ki, sivil ölkələr tərəqqiyə məhz bazar iqtisadiyyatı sayəsində çatmışlar. Bu baxımdan İstanbulu, Romanı, Parisi, Dubayı, Nyu-Yorku göstərmək olar.

Tədqiqatçılar qeyd edir ki, H.Əliyev həmişə yaradıcı ziyalılara yüksək qiymət verib. Bu mənada onun ədəbiyyat və incəsənət xadimlərinə münasibəti diqqətəlayiqdir. Məlumdur ki, yazıçı və şairlərin mədəni irsinə qayğı, onların kitablarının nəşri, ayrı-ayrı incəsənət xadimlərinin yubileylərinin keçirilməsi olduqca təqdirəlayiq işdirbütün bunlar dövlət səviyyəsində aparılır.

Tədqiqatçıların bildirdiyinə görə, dahi Azərbaycan şairi Nizami Gəncəvinin bu gün Lüksemburqda Rusiya Federasiyası səfirliyinin binası önündə yad edilməsi bunu aydın sübut edir. Dahi Azərbaycan mütəfəkkiri Məhəmməd Füzulinin 500 illik yubileyinə türkdilli dövlətlər qurumundan nümayəndələrin gəlməsi, N.Nərimanovun Tiflisdə ev muzeyinin açılması, Ulyanovskidə büstünün qoyulması, Molla Pənah Vaqifin Şuşadakı məqbərəsinin açılması, H.Cavidin qəbrinin Sibirdən doğma torpağı Naxçıvana gətirilməsi və orada dəfn edilməsi H.Əliyevin Azərbaycan mədəniyyətinə dair siyasətinin bir hissəsidir.

H.Əliyevin sərəncamı ilə "Dədə Qorqud"un 1300 illik yubileyinin təntənəli surətdə qeyd olunması bunun bariz nümunəsidir.

Heydər Əliyev Azərbaycan mədəniyyəti haqda deyirdi: "Xalq bir çox xüsusiyyətlərilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir".

Heydər Əliyev haqqında danışan sənət adamları, mədəniyyət xadimləri bildirir ki, işinin həddindən artıq çoxluğuna, vaxtının isə hədsiz azlığına, vacib dövlət işləri ilə məşğul olmasına baxmayaraq, hər zaman mədəniyyət adamlarının işinə diqqət yetirir, teatra gəlir, yeni tamaşalara baxır, hər zaman tamaşa sonunda səhnə arxasında sənətçilərlə görüşüb, konkret tamaşa və ümumən teatr sənətimiz barəsində strateji xarakterli, dərin məzmunlu fikirlərini söyləyirdi: "Mən həmişə teatra bağlı və yaxın olmuşam. Bu ötəri hiss deyil, içimdən gələn bir məhəbbətdir. Teatrı çox sevirəm. Teatra məhəbbət mənim içimdədir. İncəsənətin, o cümlədən kino və teatrın təsiri və tərbiyə qüvvəsi çox böyükdür. Bu qüvvədən bacarıqla istifadə etmək həmişə vacibdir. Teatr və incəsənət sahəsində çalışanlar çox fədakar insanlardır. Səhnədə onlara baxdıqda çox vaxt hər biri qayğısız, xoşbəxt insan kimi görünür, həmişə şəndirlər. Ancaq onların həyatının səhnə arxasında necə olmasını çoxları bilmir, heç təsəvvürlərinə də gətirmir. Mən bunları bilirəm. Ona görə də incəsənət adamlarını cəmiyyətdə çox yüksək tuturam.

Musiqi sənətimizin inkişafına xüsusi qayğı ilə yanaşan Heydər Əliyevin sərəncamı ilə 24 bəstəkar və musiqişünasa "Prezident təqaüdü" verilib. Onların bir çoxu "Şöhrət" ordeninə layiq görülüb. Tədqiqatçılar yazır ki, Arif Məlikov, Müslüm Maqomayev, Zeynəb Xanlarova, Arif Babayev, Habil Əliyev kimi musiqi xadimləri "İstiqlal" ordenilə təltif olunub.

Tədqiqatçılar qeyd edir ki, Heydər Əliyev özü də Azərbaycanın xalq mahnılarının vurğunu olub. Rəsmi yazılarda bildirilir ki, yeri gələndə, onun özü də zümzümə edərdi. Heydər Əliyev "Alagöz" mahnısı ifa edilərkən musiqiyə o qədər həssas yanaşırdı ki, lirik mahnı onu kövrəldirdi.

Kinoşünasların bildirdiyinə görə, Azərbaycan kinosunun inkişafı da Heydər Əliyevin adı ilə bağlıdır. Bir sıra filmlərin yaranmasında onun şəxsi təşəbbüsü olub. "Uzaq sahillərdə", "İstintaq", "Bir cənub şəhərində", "Nəsimi", "Babək" ekran əsərlərinin yaranmasında, sovet senzurasından keçməsində Heydər Əliyevin səyləri danılmazdır.

Heydər Əliyev mədəniyyətin misilsiz gücü haqqında belə deyirdi: "Şübhəsiz ki, insanlara şeir qədər, ədəbiyyat qədər güclü təsir edən, yəni insanların mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur".

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov "Bakı-Xəbər"ə bildirdi ki, 15 iyun Azərbaycan dövlətçiliyinin xilası kimi tarixə düşüb. Onun sözlərinə görə, Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan mədəniyyətinə, teatr sənətinə xüsusi diqqət və qayğı göstərib. B.Osmanovun bildirdiyinə görə, Azərbaycan teatrının 40-50 illik inkişaf dövrü Heydər Əliyevin adı ilə bağlıdır: "Azərbaycan teatrının inkişafına xüsusi önəm verən Heydər Əliyevin dövründə teatr sənəti özünün yüksəliş dövrünü yaşayıb. Bu illərdə yalnız teatr deyil, mədəniyyət-incəsənət və ədəbiyyat sahəsində böyük bir inkişaf baş verib. Milli teatrla bağlı nəzəri və praktik təhlillər göstərir ki, Heydər Əliyevin teatrla bağlılığı həddən artıq böyükdür. Bu illərdə teatrlar üçün yeni binalar tikilib, teatrlar təmir edilib, teatr adamlarına fəxri adlar, mükafatlar verilib. Onu da qeyd edim ki, o, həmişə teatrla bağlı idi. Tamaşalara baxırdı, tamaşa haqda, aktyor oyunu, rejissor işi barədə fikirlərini bildirirdi. Hər bir aktyorun tərcümeyi-halını onun özündən yaxşı bilirdi. Bəzən görürdün ki, aktyor keçmişdə oynadığı əsərin, rolun adını səhv deyir, onun səhvini də düzəldirdi. Heydər Əliyev yaxşı bilirdi ki, yalnız elm və texnikanın inkişafı yox, mədəniyyətin də inkişafı vacibdir. Teatr canlı sənət olduğu üçün onun təsir imkanları daha böyükdür".

Akademik OperaBalet Teatrının solisti, xalq artisti Gülyaz Məmmədova da bizimlə söhbətində Heydər Əliyevin mədəniyyətə göstərdiyi misilsiz qayğıdan danışdı: "Allah ulu öndərimiz Heydər Əliyevə qəni-qəni rəhmət eləsin. Çox böyük şəxsiyyət idi. Onun mədəniyyətə, incəsənətə qayğısı, diqqəti o qədər çox idi ki, sözlə ifadə etməkdə çətinlik çəkirəm. Onunla görüşlərimiz çox olub. Tamaşadan və konsertdən sonra səhnə arxasına gələr, çox məzmunlu çıxışlar edər, sənət adamları ilə söhbət edər, tövsiyələr verərdi. Heydər Əliyev unudulmaz şəxsiyyətdir. Heydər Əliyevin sərəncamı ilə mənə və Gülyanaq xanıma əməkdar artist fəxri adı verilib. Onda mənim 28 yaşım vardı. Opera sənətində xidmətlərimə görə almışdım bu adı. Mənim üçün əziz və unudulmaz bir tarixdir həmin gün. Heydər Əliyev sənət adamlarını çox sevirdi, onlara qayğısı hədsiz idi".

Xalq şairi Nəriman Həsənzadə "Bakı-Xəbər"ə açıqlamasında Heydər Əliyevin ədəbiyyatı xilas etməsindən danışdı.

O bildirdi ki, Heydər Əliyevin hakimiyyətə gəlməsi dövlətçiliklə yanaşı, mədəniyyəti, ədəbiyyatı da tənəzzüldən qorudu: "İnanın ki, Heydər Əliyev şairi şairdən, yazıçını yazıçıdan, alimi də alimdən qoruyurdu.

Ədəbiyyata böyük qayğı göstərirdi. O qədər səmimi adam idi ki. Həm milli ədəbiyyatı, həm də dünya ədəbiyyatını dərindən bilirdi. Çox geniş mütaliəsi vardı. Sənətkarı tanıyırdı, ona qiymət verirdi. Bu günonun yolunu hörmətli Prezidentimiz İlham Əliyev davam etdirir.

Onun da ədəbiyyata xidmətləri böyükdür. Bilirsiniz ki, 2004-cü ildə İlham Əliyev klassik Azərbaycan və dünya ədəbiyyatı nümunələrinin latın qrafikası ilə çap edilməsi haqda sərəncam imzaladı. Bu da ədəbiyyata çox böyük qayğının təzahürüdür".

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 13-15 iyun.- S. 15.