"Azərbaycanın geosiyasəti"
Əli Həsənovun kitabından qənaətə gəldiyim
düşüncələr
Dağılmış rus ordu hissələri öz silah və sursatını erməni silahlı dəstələrinə verirdilər. (Bax, s.35-36) Cənubi Qafqazda xaos və başıpozuqluq yarandığından, bütün qüvvələr bölgə uğrunda ciddi mübarizə aparmağa qərar vermişdilər. Əli Həsənov yazır: "Antanta ölkələri Mesopotamiya cəbhəsində Türkiyənin panislamçı siyasətinə qarşı etnik ərəb milliyyətçiliyini qızışdırdı.
Türkiyə üçün bu regionda artıq panislamizm şüarları ilə hərəkət etmək, hərbi əməliyyatlarda uğur qazanmaq ... mümkün deyildi. Ona görə də Osmanlı imperatorluğu və onların alman müttəfiqləri Cənubi Qafqaz istiqamətində hərəkət etməyə qərar verdilər" və müəllif bunu aşağıdakı şərtlərlə əlaqələndirir "... Hər şeydən əvvəl Azərbaycanın nefti hərbi əməliyyatların aparılmasında əsaslı rol oynayırdı... Almaniya bloku ölkələrindən Cənubi Qafqaza ən yaxın olanı və regionu daha mükəmməl tanıyan türklər idi.
İkincisi, Cənubi Qafqaz istiqamətində Osmanlı ordu hissələrinin hərəkəti üçün milli və sosial baza baxımından heç bir ciddi problem yox idi. Regionun əhalisinin böyük əksəriyyətini azərbaycanlılar, digər türkdilli xalqlar və müsəlman əhalisi təşkil edirdi... Türklərin özü də bu faktordan xüsusi istifadə edərək bu xalqların nümayəndələri hesabına özlərinin günü-gündən zəifləyən və seyrələn Qafqaz İslam ordusunun sıralarını doldurdu". (Bax, s.36-37)
Ərzincan müqaviləsinin bağlanması türk ordusunun Cənubi Qafqazda fəallaşmasına səbəb oldu. Burada söhbət yeni bir dövlətin yaranmasının işartılarından deyil, real milli dövlətlərin qurulmasından və regionda söz sahibinin kim olmasından gedirdi. Şübhəsiz, bu hərəkatda Osmanlı imperatorluğunun hərbi-strateji maraqları mövcud idi. O yazır: "Əslində Osmanlı imperatorluğunun bu mövqeyi Cənubi Qafqazın müstəqilliyi üçün geniş imkanlar yaradırdı. Türk komandanlığının müraciəti Transqafqaz komissarlığında qəbul olunsa da, irəli sürülən təkliflər bu qurumda təmsil olunan Antanta ölkələri ilə o dövr üçün müəyyən münasibət yaratmağa nail olmuş qeyri-müsəlman nümayəndələri tərəfindən müəyyən təsirlər nəticəsində qəbul edilmədi... Hadisələrin sonrakı gedişi Transqafqaz komissarlığının Çar Rusiyasından ayrılaraq özünün müstəqilliyini elan etməkdə maraqlı olmadığını ortaya çıxardı. (Bax, s.40)
Bunun da, heç şübhəsiz, məntiqi və siyasi sonluğu olmalı idi. 22 aprel 1918-ci ildə Transqafqaz Seyminin gürcü və Azərbaycan nümayəndələrinin əksər çoxluğu tərəfindən Cənubi Qafqaz müstəqil dövlət - Demokratik Federativ respublika elan edildi.
Lakin Cənubi Qafqazda anarxiya və xaos, millətlərarası qarşıdurma və lokal döyüşlər dayanmırdı. Transqafqaz Seymi bu qırğınları dayandırmaq üçün məsul olsa da, ona nail ola bilmirdi.
Belə şəraitdə may ayının 26-da Transqafqaz Seyminin sonuncu iclasında gürcü nümayəndələri Seymi tərk edərək öz müstəqil dövlətlərini yaratmaq haqqında bəyanat verdilər. Bunun ardınca qurum özünün buraxılması haqqında qərar qəbul etdi. Yaranmış vəziyyətlə əlaqədar mayın 27-də Seymdə təmsil olunan Azərbaycan fraksiyasının nümayəndələri fövqəladə iclas keçirir və Azərbaycan Müvəqqəti Milli Şurasının yaradılması qərarına gəlir. Milli Şuranın mayın 28-də keçirilən ilk iclasında çıxış edənlər Azərbaycanın müstəqil respublika elan edilməsinin vacib olduğunu bildirdilər. İclasda Azərbaycanın İstiqlaliyyətinin elan edilməsi haqqında qərar qəbul olunur və altı bənddən ibarət "İstiqlal bəyannaməsi" bəyan edilir. Burada Azərbaycanın daxili və xarici siyasətinin əsas istiqamətləri müəyyən olunmuşdu". (Bax, s.40-41)
Müəllif bunu fəxrlə yazır. Fikir, verin heç bir dövlətçilik təcrübəsi olmayan, lakin yüz illərlə itirilmiş dövlətin arzusu ilə yaşayan, onun ağrısını ürəyində daşıyan bir qrup ziyalı insan müstəqil Cumhuriyyət elan edərək onu yaradır. Özü də dərhal, ilk "bəyannamədə" onun daxili və xarici siyasətini müəyyənləşdirirlər.
Müəllif bunun üçün tarixi şəraitin yetişdiyini də bildirir. Məlumdur ki, Birinci Dünya müharibəsi böyük imperiyaların geosiyasi, hərbi-geostrateji, geoiqtisadi maraqlarının toqquşması nəticəsində baş vermişdi. Təsadüfi deyildi ki, birinci dünya savaşı başa çatdıqda
dörd böyük imperiya labüd olaraq parçalanmışdı. Bunlar bir tərəfdən müharibədə məğlub olan Almaniya, Avstriya-Macarıstan və Osmanlı imperiyaları, digər tərəfdən isə inqilablar alovuna bürünmüş və ilk növbədə özünün daxili problemlərini həll etməyə çalışan, ancaq dünya hegemonluğunu əldən vermək istəməyən Rusiya idi. Bir zamanlar Rusiyanın təsiri altında olan Cənubi Qafqaz, o cümlədən Azərbaycan müstəqilliyinə bu qədər yaxın olmamışdı. Əli Həsənov "tarixi şərait" dedikdə bunu nəzərdə tuturdu. Həm daxili insan resursları, yəni Avropada, Türkiyə və Rusiyada yüksək təhsil görmüş insanlar, onların çevik siyasi addımları, diplomatik bacarıqları, daxili iqtisadi resurslar , həm də beynəlxalq şərait Azərbaycanın müstəqilliyini şərtləndirən ən mühüm amillərdən biri idi.
Eyni zamanda, Əli Həsənovun yazdığı kimi, Azərbaycan Xalq Cumhuriyyəti dövlətinin təbii-tarixi olaraq formalaşmış vahid inzibati ərazisi mövcud idi. Azərbaycan dövlətini yaratmaqdan ötrü bundan başqa daxili amillər-Azərbaycan xalqı və onun vahid etnik ərazisi də formalaşmışdı. Proseslərin gedişində bütün əhalini idarə edən mərkəzi hakimiyyətin də yaradılması dövlət quruculuğunu şərtləndirən əsas daxili amillərin mövcudluğunu göstərdi.
Və nəhayət müəllif yazır: "Müstəqil dövlətin yaradılması üçün əlverişli beynəlxalq şərait də mövcud idi. Osmanlı imperatorluğunun xarici siyasət konsepsiyası, geosiyasi niyyətləri Azərbaycan xalqının arzu və istəkləri ilə üst-üstə düşürdü. Osmanlı yardımları dövlətin yaradılması üçün mühüm xarici faktor rolunu oynayırdı..." (Bax, s.43)
Burada Əli Həsənovun "Azərbaycanın geosiyasəti" kitabından böyük bir iqtibas verməli olacağam, çünki Cumhuriyyətimiz yarananda özünün coğrafi ərazisini, qonşularını, etnik əhalinin sayını və tərkibini də elan və müəyyən etmişdi. Qoy gələcək nəslimiz müəyyənləşdirsin ki, yaradılan ilk respublika hansı ərazidə yerləşmiş və etnik kimlikləri kimlər olmuşdu. O dövrün yaradılan ərazisindən, təəssüflər olsun ki, beynəlxalq geosiyasətin və ermənilərin torpaqlarımızı işğalı nəticəsində, əhali sayının bir neçə dəfə artmasına baxmayaraq, ərazimizin demək olar ki, yarısına qədərini itirmişik.
Beləliklə, Əli Həsənov yazır: "Rus çarizmin yeritdiyi Qafqaz siyasəti nəticəsində regiona yerləşdirilən ermənilərə ayrılan Azərbaycan torpaqları istisna olmaqla, Azərbaycan Xalq Cumhuriyyətinin xəritəsi belə idi: Bakı quberniyası və Dağıstan vilayəti, bütün Yelizavetpol quberniyası(keçmiş inzibati sərhədlərində), Sıqnax qəzasının qərb hissəsindən Qəbələ çayına qədər Zaqatala dairəsi, Sıqnax qəzasının cənub-qərb hissəsi, Naxçıvan, Şərur-Dərələyəz və Sürməli qəzaları, İrəvanın cənub hissəsi, (İrəvan şəhərinin özü Milli Şura tərəfindən ermənilərə verilmişdi) Göyçə gölünün şərq sahilinə qədər, Borçalı qəzasının orta hissəsi, Yeni Bəyazit qəzasının bir hissəsi.
Azərbaycan sərhədləri aşağıdakı kimi müəyyənləşdirildi: Şimaldan dağlı xalqlar, Şimal-qərbdən Gürcüstan, Qərbdən Ararat respublikası (Ermənistan), Şərqdən Xəzər dənizi ilə Türküstan, Cənubdan İran, Cənub-qərbdən Osmanlı imperatorluğu.
Azərbaycan Xalq Cumhuriyyəti Cənubi Qafqazda mühüm geosiyasi mövqe tutaraq regionun ərazi baxımından ən böyük ölkəsi idi. Ölkənin mübahisəsiz ərazisi 97.297 kv.km təşkil edirdi. Ermənistan və Gürcüstanla mübahisəli ərazilərlə birlikdə Azərbaycan ərazisi ümumən 113.895 kv.km göstərilirdi.
Cənubi Qafqazda əhali baxımından ən çoxsaylı xalq da azərbaycanlılar, idi. O zaman bütün Cənubi Qafqazda 7 milyon 687 min 770 nəfər əhali yaşayırdı ki, onun 3 milyon 306 min nəfəri azərbaycanlı, 1 milyon 786 mini erməni, 1 milyon 641 nəfəri isə gürcü idi.
Azərbaycan Xalq Cümhuriyyətinin əhalisi 2 milyon 861 min nəfər idi. Bunun 1 milyon 952 min 250 nəfəri və ya 68.2%-i azərbaycanlı, 622 min 6 nəfəri və ya 14.7%-i erməni ..." (Bax, s, 44), qalan əhali isə başqa xalqların (rus, gürcü, talış, ləzgi və s) nümayəndələri idi.
Göründüyü kimi ilk yaranan dövlətimizin coğrafi ərazisi, etnik tərkibi həm o zaman, həm də bu gün imkan verir qeyd edək ki, Xəzər-Qara dənizləri hövzəsində, xüsusən Cənubi Qafqaz regionunda yerləşən Azərbaycan dövləti özünün geosiyasi mövqeyinə, təbii qaynaqlarına görə öncül sıralardan, hətta deyərdim ki, birinci yeri tutur və buna uyğun olaraq da sərbəst siyasətini yürütməyə çalışır. Amma bu sərbəst, yaxud başqa dillə desək, balanslaşdırılmış siyasət dünyada söz və güc sahibi olmaq istəyən nəhəngləri qane etmir, Azərbaycanı və onun başında durmaq istəyənləri sındırıb özlərinə tabe etmək və işlətmək istəyirlər. Bu barədə müəllifin də qeyd etdiyi və geniş yer verdiyi digər bölmələrdə bəhs edəcəyik.
Hələlik isə yeni yaradılmış və müstəqilliyini elan etmiş, amma qeyd etdiyi ərazilərə tam nəzarət edə bilməyən Azərbaycan dövləti vardı və bu dövləti özünə tabe etdirmək, təbii qaynaqlarından istifadə etmək üçün nəhəng dövlətlər hərəkətə keçmişdilər.
Dediklərimizi təsdiq edirmiş kimi hörmətli professorumuz yazır: "Yeni müstəqil dövlətlərin yaradılması Antanta ölkələrini də hərəkətə keçirmişdi. Onlar nə regionun Osmanlı təsiri altına düşməsində, nə də ki, Sovet Rusiyasının nəzarəti altında qalmasında maraqlı ildilər və hər vəchlə türk hücumlarının qarşısını almağa çalışırdılar. İngilislər Bakı neftinə sahib olmağa, Xəzər üzərində nəzarət qazanmağa və Orta Asiyaya gedən yola yiyələnməyə, Şimali Qafqazda gedən antisovet hərəkatını gücləndirməklə Rusiyada devrilmiş rejimi bərpa etməyə cəhd edirdilər. Lakin onların bu niyyətlərini reallaşdırmağa kömək edən güclü qüvvə regionda mövcud deyildi. Onlar da əsasən çarizmin müstəmləkəçilik siyasəti gedişində Cənubi Qafqazda yerləşdirdiyi xalqlara ümid edirdilər". (Bax, s. 48)
May ayının 30-da Xalq Cumhuriyyəti aktiv xarici siyasətə başladı, hətta Osmanlı dövlətinin Avropa ölkələrində yerləşən türk səfirliklərindən Azərbaycan və Avropa dövlətləri arasında vasitəçi olmağı xahiş etdi. Bununla yanaşı, Osmanlı imperatorluğu ilk addımı özü atdı, yəni Azərbaycan Xalq Cumhuriyyətini ilk olaraq tanıdı, iyun ayının 4-də Batumda Azərbaycan və Ermənistan arasında "Sülh və dostluq" müqaviləsi imzalandı.
Daha sonra Azərbaycan, Gürcüstan və Osmanlı arasında, əsasən neftin nəqli haqqında birinci saziş imzalandı Bu isə bölgədə həm yeni geosiyasi, həm də geoiqtisadi vəziyyət yaradırdı.
Baxın, müəllif əsrin əvvəli ilə əsrin sonunda neftin nəqli ilə bağlı müqayisəli analiz aparmayıb, amma onun bu barədə geniş, ətraflı yazması və intellektual biliklərinə əsaslanan faktları bir daha sübut edir ki, nə əsrin sonunda, nə də əsrin əvvəlində Azərbaycan dövlətinin yürütdüyü siyasət dəyişməyib, əksinə, təbii qaynaqların nəql olunması miqyası əsrin sonunda daha da genişləndirilib və Azərbaycan Türkiyə ilə yanaşı regional oyunçudan beynəlxalq oyunçu subyektinə çevrilib. Bizim göstərdiyimiz bu amili Əli Həsənov Azərbaycanın çağdaş dövrünü əks etdirən digər bölmədə geniş şərh edib və ətraflı yazıb.
Azərbaycan hökuməti Cənubi Qafqazda aktiv geoiqtisadi fəaliyyətinin əsasını qoydu və bununla işini bitmiş hesab etmədi. Bu hələ başlanğıc idi.
Müəllif qeyd edir ki, dəmir yoluna aid olan ikinci saziş isə Osmanlı, Azərbaycan, Gürcüstan və Ermənistan arasında imzalandı. Sənəddə Rusiya dövlətinin mülkiyyəti olan dəmiryolu nəqliyyat vasitələri müqaviləni imzalayan tərəflər arasında ərazi hüdudlarına görə bölünürdü. Belə çıxırdı ki, Cənubi Qafqazda üç dövlət arasında ən böyük payçı Azərbaycan olacaqdı. Amma bu heç də belə deyildi, çünki...
Əli Həsənov yazır: "Azərbaycan hökuməti müvəqqəti paytaxt olan Gəncədə yerləşmişdi. Ölkənin təbii, tarixi paytaxtı olan Bakı isə Bakı Xalq Komissarları Sovetinin əlində idi". (Bax, s. 50)
Belə olan şəraitdə Osmanlı imperatorluğu ilə nəqliyyat haqqında imzalanan müqavilə də öz əhəmiyyətini itirdi, çünki bu müqavilə Xəzər və Qara dəniz hövzəsi arasında tam qüvvəyə mindikdən sonra xüsusi Geosiyasi gücə malik olacaqdı.
Bakı Xalq Komissarları isə daha böyük ərazilər iddiasında idi. Bunun səbəbini isə müəllif belə qeyd edir: "... Bu hakimiyyət (söhbət Bakı Xalq Komissarları Sovetindən gedir-Y.O) Azərbaycan xalqına zülm edirdi. Eyni zamanda Cənubi Qafqazı nəzarət altına almağa hazırlaşırdı. Bakı dövrün beynəlxalq münasibətlərində və böyük dövlətlərin xarici siyasət strategiyasında mühüm rol oynayırdı. Bakı Osmanlı imperatorluğu, Almaniya, Böyük Britaniya və Sovet Rusiyası arasında gedən amansız geosiyasi mübarizə məkanına çevrilmişdi". (Bax. s, 50)
əvvəli,
ardı var
Yunus Oğuz
Bakı xəbər.-2015.- 18 iyun.-
S. 13.