Folklorşünaslıq elminin
Hümmət Əlizadə dövrü...
Çoxlarımız uşaq olanda nənə və analarımızdan çoxlu oxşama, bayatı, nağıl, tapmaca, yanıltmac eşitmişik. O vaxt biz bilmirdik ki, ana və nənələrimizin yaddaşında yaşayan və hər gün eşitdiyimiz bu nümunələr xalqın qiymətli tükənməz sərvəti-folklor örnəkləridir.
Çox vaxt görürdük ki, Bakıdan, Gəncədən, Tiflisdən gələn əli kağız-qələmli əmilər nənələri, babaları söylədir, onların danışdıqlarını lentə yazır, kağıza köçürür. Sonradan bildik ki, onlar xalqın söz xəzinəsini itib batmağa qoymayan folklorşünas və etnoqraflardır. Əslində, folklor örnəklərinin toplanması, yaddaşlardan yazıya köçürülməsi böyük hadisə olub...
Aşıq Ələsgərin ən böyük tədqiqatçısı...
Görkəmli folklorçunun aşıq poeziyası antologiyasının hazırlanması ilə başlanan aşıq ədəbiyyatı üzrə naşirlik fəaliyyəti ayrı-ayrı klassik ustad aşıqların, eləcə də xalq arasında dərin hörmət və nüfuza malik müasirlərinin ayrıca şeirlər toplusunu geniş oxucu auditoriyasına çatdırmaq qədər getdikcə böyüyən əhatə dairəsinə malik idi. Bu sıradan onun hazırladığı ilk fərdi aşıq kitabı 1934-cü ildə "Azərnəşr"də çap etdirdiyi "Aşıq Ələsgər" kitabı idi. Seyid Hüseynin redaktoru olduğu "Aşıq Ələsgər" kitabı Hümmət Əlizadənin "Aşıq Ələsgər haqqında" və "Aşıq Ələsgərin tərcümeyi-halı" sərlövhəli giriş yazıları ilə açılır. Ustad aşığın bioqrafiyası və sənət şəcərəsi barədə elmi ədəbiyyatda ilk dəfə öz əksini tapan dəyərli məlumatları onun öz ailəsindən, yaxınlarından və şəcərəsinə daxil olan aşıqlardan aldığını qeyd edən H.Əlizadə oxuculara təqdim olunan Aşıq Ələsgər şeirlərini də böyük əksəriyyətlə həmin adamlardan topladığını göstərir. Təqribən yüz əllidən yuxarı qoşma, gəraylı, təcnis və başqa aşıq şeiri şəkillərindəki Ələsgər yadigarlarının toplandığı kitab "Lirik şeirlər", "Gəraylılar", "Tərifnamələr", "Təcnislər və dodaqdəyməzlər", "Müxtəlif şeirlər", "Həcvlər", "Deyişmələr", "Aşıq Ələsgərə bənzətmələr" bölmələrindən ibarətdir.
Tədqiqatçılar yazır ki, o dövrdə böyük maraqla qarşılanan "Aşıq Ələsgər" kitabı növbəti illərdə bir sıra təkmilləşdirmə və əlavələr olunmaqla iki dəfə dalbadal çap edildi. 1935-ci ildəki 234 səhifəlik ikinci təkrar nəşr on min, 1937-ci ildəki 263 səhifəlik üçüncü təkrar nəşr isə on beş min tirajla çap olunaraq ictimaiyyət arasında yayıldı. Cəsarətlə demək olar ki, Aşıq Ələsgər poetik irsinin bütün sonrakı nəşrlərinin əsas zəmini rolunu məhz Hümmət Əlizadənin bu sahədəki toplayıcılıq və naşirlik təcrübəsi oynayıb. Tədqiqatçıların yazdığına görə, keçən əsrin otuzuncu illərində Hümmət Əlizadə Aşıq Ələsgərdən əlavə Aşıq Hüseyn Bozalqanlı və Aşıq Əsəd Rzayev kimi istedadlı el sənətkarlarının da şeirlər kitablarının işıq üzü görməsində əlindən gələni əsirgəməyib. Görkəmli el sənətkarı Aşıq Hüseyn Bozalqanlının 1938-ci ildə "Azərnəşr"də çap olunan "Qoşmalar" kitabı onun bu yoldakı məqsədyönlü fəaliyyətinin nəticəsi kimi ortaya çıxıb. On beş min nüsxə tirajla buraxılan "Qoşmalar" kitabında Aşıq Hüseyn Bozalqanlının müxtəlif aşıq şeiri şəkillərində olan yüzə yaxın şeiri cəmləşdirilib. Kitabda ustad aşığın klassik qoşma, gəraylı və təcnisləri ilə yanaşı, yeni həyatı-sovet quruluşunu tərənnüm edən şeirləri ("Revolyusiyadan sonra deyilmiş qoşmalar" başlığı altında) öz əksini tapıb.
Sovet ideologiyasını tərənnüm edən aşıq şeirləri...
Tədqiqatçılar qeyd edir ki, aşıq ədəbiyyatında sovet ideologiyasının inikası məsələsi H.Əlizadənin 1939-cu ildə "Azərnəşr"də çap etdirdiyi "Aşıq Əsəd" kitabında daha qabarıq nəzərə çarpırdı. "Yaşa Stalin", "Moskva", "Oktyabr", "Pervıy may", "Qızıl ordu" və s. bu sıradan olan şeirlər kitabın əsas yükünü təşkil edirdi. Otuzuncu illərdə ölkədə gedən siyasi proses folklorun, o cümlədən də aşıq ədəbiyyatının nəşrində yeni cəmiyyətin, onun ideoloq və rəhbərlərinin tərənnümü, bunun əksinə olaraq, tarixi-mənəvi dəyərlərin, milli-dini ənənələrin tənqidi məsələsini diqqət önündə saxladığından, "Aşıq Əsəd" kitabındakı şeirlərin qayə və məqsədi başadüşüləndir. Özü də bu proses həmin dövrdə o qədər gücləndirilmişdi ki, otuzuncu illərdə "Din və mövhumat əleyhinə el şeirləri" ("Azərnəşr", 1937, hazırlayan H.Əlizadə), "Lenin və Stalin haqqında aşıq şeirləri" ("Azərnəşr", 1937, hazırlayan H.Əlizadə) kimi siyasi-ideoloji səciyyəli kitablar sifarişlə, zorla hazırladılır və dönə-dönə nəşr olunurdu. Repressiya, təqib və mənəvi-fiziki təzyiqlərin tüğyan etdiyi bir zamanda (V.Xuluflu, H.Zeynallı, S.Mümtaz, Ə.Abid kimi folklorçular müxtəlif bəhanələrlə artıq güllələnmişdilər) sözügedən siyasi sifarişlərdən nə aşıqların, nə də folklorçu naşirlərin boyun qaçırmaq imkanı yox idi. Hümmət Əlizadə təkcə aşıq poeziyasının deyil, həm də dastanların toplanması və nəşri istiqamətində hər cür fədakarlıq göstərib, onlarla dastanı aşıq repertuarından yazıya alaraq çapa hazırlayıb. Bu sıradan onun ortaya çıxardığı ilk sanballı nəşr işi "Dastanlar və nağıllar" (Bakı, Azərnəşr, 1937-ci il) kitabıdır. Tədqiqatçılar yazır ki, kitaba "Aşıq Valeh", "Aşıq Əmrah", "Novruz", "Şah İsmayıl", "Tahir Mirzə", "Məsum", "Alı xan və Pəri xanım", "İbrahim", "Dilsuz və Xəzangül", "Səyyad və Səadət", "Qasım" dastanları və iyirmi nağıl daxil edilib. Diqqətçəkicidir ki, Hümmət Əlizadə hər bir dastan və ya nağılı konkret olaraq nə zaman, harada və kimdən yazıya aldığını kitabın sonundakı "Qeydlər" bölməsində göstərib. Məsələn, "Aşıq Valeh" dastanını Tovuzda 1927-ci ildə şair Vəlidən, "Novruz" dastanını 1928-ci ildə Tovuzda Aşıq Əlidən, "Alı xan və Pəri xanım"ı 1927-ci ildə Qazaxda Aşıq Əlidən və s. yazıya alıb. Nağılların folklor pasportu da bu qaydada verilib. Bu, Hümmət Əlizadənin folklor toplayıcısı və naşiri kimi öz işini elmi prinsiplər əsasında, professional şəkildə qurduğunun əsas göstəricisidir.
Hümmət Əlizadə və "Koroğlu" dastanı...
Tədqiqatçıların yazdığına görə, Hümmət Əlizadənin "Koroğlu" dastanının tədqiqi, nəşri sahəsində əməyi, zəhməti böyükdür.
Tədqiqatçılar qeyd edir ki, Hümmət Əlizadənin dastanların toplanması və nəşri sahəsindəki dəyərli, unudulmaz fəaliyyətinin mühüm bir istiqaməti də "Koroğlu" eposunun Azərbaycandakı ilk genişhəcmli nəşrini gerçəkləşdirməsi ilə bağlıdır. Keçən əsrin iyirmi-otuzuncu illərində mütəmadi şəkildə Azərbaycanın əsas aşıq bölgələrinə elmi ezamiyyətə yollanan görkəmli folklorçunun xüsusi diqqət yönəltdiyi bir məsələ də ustad aşıqların repertuarından "Koroğlu" dastanının müxtəlif qollarını yazıya almaq olub. Tədqiqatçılar yazır ki, Hümmət Əlizadənin əsasən Qazax, Tovuz, Şəmkir və Gəncə aşıqlarının repertuarlarından yazıya aldığı "Koroğlu " qollarının arxiv mənzərəsi barədə doğru-dürüst məlumat almaq imkanının xeyli dərəcədə məhdud olmasına baxmayaraq, toplanmış materialların əsas hissəsi 1941-ci ildə "Azərnəşr"də çap olunduğundan, onun iyirmi-otuzuncu illərdə etdiyi qolların say göstəricisinin təqribən elə mövcud nəşrdəki qədər, yəni on dörd olduğunu söyləmək olar. Əslində sözügedən "Koroğlu" mətni nəşriyyata xeyli qabaq-1939-cu ildə təqdim edilməsinə və 1940-cı ildə çapa imzalanmasına baxmayaraq, sovet-alman müharibəsinin başlanması ilə bu iş sürətləndirilib və müharibə başlanandan az sonra kitab nəşr olunub. Tədqiqatçıların bildirdiyinə görə, bunun əsas səbəbi "Koroğlu" dastanının qəhrəmanlıq səciyyəsi daşıması və düşmənə qarşı yenilməz mübarizə ruhu kəsb etməsi idi. Yüksək poliqrafik keyfiyyət və qalın üz qabığı ilə buraxılan 225 səhifəlik kitabın doqquz min nüsxədən ibarət yüksək tirajı da xalq, o cümlədən də azərbaycanlı əsgərlər arasında qəhrəmanlıq, döyüşkənlik, düşmənə qarşı amansızlıq ruhunu gücləndirmək məqsədi daşıyırdı. Dastan həqiqətən də bu istiqamətdə güclü təsir imkanına malik idi və xalq arasında olduğu kimi cəbhədə də əldən-ələ gəzirdi. Öz dövrünün mənəvi-ictimai və siyasi-ideoloji havası ilə yaxından səsləşən bu kitab Vəli Xuluflu nəşrindən (1927,1929) sonra "Koroğlu"nun folklor kitabı halına gəlməsi istiqamətində həyata keçirilən ən böyük və ən mükəmməl bir folklor nəşri kimi xüsusi əhəmiyyət daşıyırdı. Kitabda on dörd qol, "Koroğlunun qocalığı" ilə bağlı iki əlavə qol-variant və təqdim olunan qollarda olmayan əllidən yuxarı Koroğlu şeiri toplanıb. Hər bir qolun folklor pasportu-hansı aşıqdan, harada və nə zaman toplanması barədə toplayıcı qeydi də verilib. Qolların kitabdakı düzülüş ardıcıllığı və pasport təqdimatı aşağıdakı kimidir: "Koroğlu" (1937-ci il, Qazaxda Aşıq Əlidən), "Koroğlunun İstanbul səfəri", 3), "Koroğlu ilə Aşıq Cünun" (1938-ci il, Qazaxda Aşıq Əlidən, 4), "Koroğlunun Türkmən səfəri" (1934-cü il, Qazaxda Aşıq Əlidən), "Koroğlu ilə Dəmirçioğlu" (1938-ci il, Tovuz, Aşıq Mirzədən), "Koroğlunun Ərzurum səfəri (1938-ci il, Kirovabad (Gəncə), Aşıq İbrahim Qaracaoğlundan, 7), "Koroğlunun Ərzəngan səfəri" (1937-ci il, Qazaxda Aşıq Əlidən, 8), "Koroğlunun Toqat Səfəri" (1938-ci il, Qazaxda Aşıq Sadıqdan), "Koroğlunun Bağdad səfəri" (1938-ci il, Kirovabadda (Gəncə) Aşıq İsrafildən), "Koroğlunun Ballıca səfəri" (1930-cu il, Ordubadlı Aşıq Muxtardan), "Koroğlunun Rum səfəri" (1929-cu il, Qazaxda Aşıq Məhəmməddən), "Koroğlunun Bəyazid səfəri" (1934-cü il, Qazaxda Aşıq Əlidən), "Koroğlunun Dərbənd səfəri" (1932-ci il, Tovuzda Aşıq Vəlidən), "Koroğlunun qocalığı" (1938-ci il, Şəmkirdə Aşıq Qənbərdən). Qeyd etmək lazımdır ki, kitabda "Koroğlunun qocalığı" qolu üç variant halında verilib. Tərtibçi nəşrin Aşıq Qənbərdən yazıya aldığı yuxarıda adı çəkilən qolunu əsas mətnə, 1938-ci ildə Tovuzda Aşıq Məhəmməddən və 1934-cü ildə Qazaxda Aşıq Əlidən topladığı eyni adlı qolları isə kitabın "Variantlar" bölməsinə daxil edib. Tədqiqatçılar yazır ki, kitabın mündəricatının mənzərəsindən də göründüyü kimi, Hümmət Əlizadə təqribən on il ərzində dastanın qollarını müxtəlif aşıqların repertuarından yazıya almaqla məşğul olub. 1929-cu ildə Qazaxda Aşıq Məhəmməddən "Koroğlunun Rum səfəri" qolunun yazıya alınmasından başlanan bu ağır, məşəqqətli, bununla belə, həm də şərəfli iş 1938-ci ildə "Koroğlunun qocalığı" qol-variantların toplanması ilə yekunlaşıb və 1939-41-ci illərdə kitabın tərtibi, nəşri prosesi gedib. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, sözügedən nəşrdə yer alan "Koroğlunun qocalığı" qol-variantları "Koroğlu" istiqamətindəki mövcud toplama-nəşr təcrübəsində folklor mətnini həm də variantlar halında təqdim etməyin ilk nümunəsi idi. Hümmət Əlizadə "Koroğlu"su dil və üslub səciyyəsinə görə folklor kitabı parametrlərinə cavab verən bir nəşrdir. Burada folklor söyləyicisinin-aşığın təhkiyə tərzinin qorunması, folklor və etnoqrafiya realilərinin mühafizəsi, dastan ifaçılığına məxsus danışıq-nitq koloriti və s. kimi incə nüanslara mümkün olduğu qədər diqqət yetirilib və həssaslıqla yanaşılıb: "Aşpaz istədi ki, Koroğlunu aşpazxanadan çıxarsın. Koroğlu bir əlinnən aşpazın boğazından yapışdı, bərk sıxdı, aşpaz cıqqırığını da çıxarmadı. Koroğlu aşpazı belinnən iki qatlayıb qulplu boş qazanlardan birinin içinə soxdu, ağzına sini çöyürüb üstündə oturdu. Aş qazanlarını qabağına çəkdi. Bir oturuma yeddisini aşırdı. Sonra qalxdı, şələ bığlarını eşdi, qulaqlarının dalınnan keçirdi". Səsyazma texnologiyası imkanlarının son dərəcə məhdud olduğu iyirmi-otuzuncu illərdə əsasən "qələm-kağız üsulu" ilə işləyən folklorçunun aşıq təhkiyyəsinə məxsus dinamik canlılığı və etnoqrafik koloriti bu şəkildə qoruyaraq mətni, demək olar ki, orijinaldakı şəkildə qeydə alması ondan xüsusi həssaslıq və səriştə tələb edirdi. Hümmət Əlizadə şifahi epik ənənə məhsulu olan "Koroğlu" dastanını "folklor kitabı"na çevirərkən bu çətinliyin öhdəsindən ləyaqətlə gəlməyi bacarıb. Məhz bu keyfiyyətinə görə Hümmət Əlizadənin "Koroğlu" nəşri sonralar "Azərbaycan ədəbiyyatı inciləri" çoxcildli seriyası içərisində yenidən kütləvi tirajla geniş oxucu auditoriyasına və elmi ictimaiyyətə çatdırılıb.
əvvəli,
ardı var
İradə SARIYEVA
Bakı xəbər.-2015.- 20-22 iyun.- S. 15.