Bədii qiraət ustaları arasında
parlayan səs sahibi - Zülfiyyə Eldarqızı...
"Səməndər
Rzayevin anadan olduğu kənd-sovxoz hər ay mənə təqaüd
göndərirdi"
"Təbliğatımın
zəif olmasına baxmayaraq, çox aktivəm, inanın ki,
boş vaxtım olmur..."
"Turan ellərinə salam söyləyin"- böyük Cəfər Cabbarlının gündoğandan günbatana qədər geniş bir üfüqə yayılan, azadlıq türküsünə çevrilən, illərlə qadağa aşırımlarını aşa bilməyən bu şeiri olduqca təsirlidir. Şeirin təsirini bədii qiraətçi ifası da artırır, daha uzaq hədəflərə ismarlayır. Bu möhtəşəm şeiri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, günümüzün tanınan bədii qiraətçilərindən olan Zülfiyyə Eldarqızının ifasında dinləmişəm ilk dəfə. Açığı, çox xoşuma gəlib, düşünmüşəm ki, aktrisa bu şeiri sadəcə şeir xatirinə deməyib, o şeiri ürəyinin süzgəcindən keçirib və bütün varlığı ilə o ovqata köklənib.
Bu gün Zülfiyyə Eldarqızının doğum günüdür. Yaşını deməyəcəyəm, çünki heç buna ehtiyac da yoxdur, axı sənət adamının yaşı olmur...
Doğum günü münasibətilə müsahibə götürmək üçün Zülfiyyə xanımı "Bakı-Xəbər"ə dəvət etdim.
- Həyatını incəsənət kimi çətin və mühüm sahəyə həsr edən bir qadın kimi bu ömrü, taleni yaşamaq sizə çətin olmadı ki?
- Əlbəttə, asan keçmədi bu illər. Çətin günlərim çox oldu. Çəkdiyim çətinliklərlə bağlı bir dəfə tanınan yazıçı-dramaturq Əli Əmirli mənə bir ağıllı söz dedi. Dedi ki, Zülfiyyə xanım, bu gün çox çətinliklər çəkirsən, arzularına nail olmaq üçün əziyyətlərə qatlaşırsan, ancaq darıxma, gün gələcək bu əziyyətlərinin qarşılığını yaxşı mənada görəcəksən.
- Yəqin hörmətli Əli Əmirli bu təsəllini sizə verərkən zəhmətinizin hədər getməyəcəyinə sizi inandırmaq istəyirmiş.
- Tamamilə
razıyam. Doğrudan da elə oldu. Bu gün şükür Allaha, çəkdiyim zəhmətin
bəhrəsini görürəm. Sumqayıt
şəhərində doğulmuşam, hələ orta məktəbin
10-cu sinfində oxuyandan bədii qiraətlə məşğul
olmağa başlamışam. Sumqayıtın
mədəniyyət evində və digər yerlərdə
keçirilən bütün tədbirlərdə iştirak
edirdim. Onu da deyim ki, 1988-ci ildə II
Ümumittifaq Xalq Yaradıcılığı
Festivalının iştirakçısı olmuşam. Yaxşı yadımdadır, Xəlil Rzanın o vaxt
belə bir şeiri vardı - "Kak takaya partiya". Bu
şeiri dedim, inanın ki, yeniyetmə olmağıma baxmayaraq,
tədbir iştirakçıları məni ayaq üstə
alqışladı. Sonra ali məktəbə
daxil oldum. Tələbəlik vaxtı da
çox fəal olmuşam, qrup nümayəndəsi
seçilmişəm. O illərdə Cəfər
Cabbarlı və Səməndər Rzayev mükafatı
almışam. Səməndər Rzayevin anadan olduğu kənd-sovxoz
hər ay mənə təqaüd göndərirdi...
- Ali məktəbi
bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində
qaldınız...
- Bəli.
Açığı, elmi
yaradıcılığa marağım böyük olub.
Ona görə də taleyimi doğma universitetimlə
bağladım. Bütün əldə etdiyim
nailiyyətlərə, uğurlara görə xeyirxah insanlara
borcluyam. Bu xeyirxah insanlar mənim doğma
universitetimin müəllim və professor heyətidir.
- Siz nədənsə
özünüzü çox gec təsdiq etdiniz. Aktiv olmusunuz, mükafatlar almısınız, amma
bunun müqabilində o qədər də üzdə
olmamısınız. Bunun səbəbi nə
ilə bağlıdır?
- Əslində burada səbəblər müxtəlifdir. Amma insan var
ki, səhər durur məşhurdur. İnsanı
məşhur edən efirdir, müsabiqələrdir. Hesab edirəm ki, bir sənət adamının,
ifaçının piarının təşkili maddiyyatdan,
puldan keçir. Başımı
aşağı salıb həmişə öz işimlə
məşğul olmuşam. İndiyə qədər
heç bir radionun, televiziyanın qapısını döyməmişəm
ki, məni efirə çıxarın. Bu
tamamilə xarakterimə yaddır. İkinci
bir tərəfdən, elmi fəaliyyətlə məşğul
oluram, universitetdə dərs deyirəm. Əsas işim tələbələrlə
iş olub, eyni zamanda da bədii qiraətlə məşğul
olmuşam. Son illər Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin
keçirdiyi tədbirlərdə mütəmadi olaraq
iştirak edirəm, bir çox tədbirlərin
aparıcısı oluram. Bu günlərdə
Naxçıvanda Qurtuluş Gününə həsr ediləm
böyük bir tədbir keçirildi, orada da iştirak etdim.
Təbliğatımın zəif olmağına
baxmayaraq, çox aktivəm, inanın ki, boş vaxtım
olmur, həmişə işlə məşğulam.
- Bayaq
dediniz ki, adam var bir günə məşhur
olur. Ancaq o da həqiqətdir ki, çox zaman o məşhurluğun
zəhmətlə deyil, pulla qazanıldığı
üçün ömrü gödək olur...
- Bəli.
Mən zəhmətlə çox uzun bir yol
keçib bu günə gəlmişəm. Aşıq
Veysəl demişkən, uzun incə bir yoldayam...
Həmişə çalışmışam ki, bu yolda
özümün cığırım olsun, heç kəsi
yamsılamayım, heç kəsi təkrarlamayım,
özüm olum. Bəzən deyirlər ki, şeir deməyə nə
var ki... Ancaq elə deyil, şeir demək elə də asan
iş sayılmamalıdır. Biz universitetdə tələbələrə
mətn üzərində iş prosesini öyrədirik. Mətn
üzərində iş prosesinin o qədər çətinlikləri
var. İnanın ki, hər sözə, hər hərfə
münasibət var. Hər bir şeirə özünü
kökləməlisən.
- Bura səhnənin
xofunu da əlavə etsək, doğrudan da çətin
işdir şeir demək... Səhnəyə çıxanda
özünüzü necə hiss edirsiniz?
- Deyim ki,
neçə illərdir məndə eyni əhval təkrar
olunur-səhnəyə çıxana qədər çox həyəcanlı
oluram. Mən özümdən yaşlı bədii
qiraətçilərə bu həyəcan barədə sual
vermişəm. Deyiblər ki, bu, məsuliyyət
hissindən irəli gəlir. Bir hadisə
danışmaq istəyirəm. Milli Qəhrəman
Mübariz İbrahimov haqqında xalq artisti Vaqif Əsədov
bir tədbir hazırlayırdı. Mən
səhnəyə çıxmazdan on dəqiqə əvvəl
heç kəslə danışmırdım ki, həyəcansız
olum. Amma bir aktyorumuz var, adını
çəkməyəcəyəm, lətifə
danışa-danışa səhnəyə çıxdı
və çox uğurla tamaşaçılar
qarşısında çıxış etdi.
- Təbii
ki, böyük bir təhsil ocağında
çalışırsınız. Bu ali məktəbin
özündə də ənənəsi çox qədim olan
bədii qiraət məktəbi var. Çox peşəkar bədii
qiraətçilərlə ünsiyyətdə olursunuz. Daha çox kimdən öyrənmisiniz?
-
Hamıya qulaq asıram. Ancaq üzərində
işlədiyim materialı öz daxilimin süzgəcindən
keçirirəm, kimisə təkrarlamaq, yamsılamaq hissindən
uzağam. Bilirsiniz ki, mənim işlədiyim səhnə
danışığı kafedrasında sizin də
yaxşı tanıdığınız bədii qiraət
ustaları var. Ağalar Bayramov, kafedra müdirimiz Azad
Şükürov, Nadir Hüseynov, Məleykə xanım və
başqaları. Səhnə
danışığı kafedrası yeganə sənət
ocağıdır ki, burada tələbələrə səhnə
danışığı öyrədilir. Ən çox Nadir Hüseynovdan öyrənmişəm.
Azad müəllimi də, Ağalar müəllimi
də heyranlıqla dinləyirəm. Hamısı
mənim üçün əzizdir. Biz
Xızıda tədbirdə idik. Azad Şükürov
orada Ramiz Rövşənin "Qapı" şeirini dedi,
inanın ki, o səhnə indi də gözümün
önündən çəkilmir. Şeiri o qədər təsirli
dedi ki... Xalq artistləri Həsən
Əblücün də, Mikayıl Mirzənin də lentlərinə
qulaq asıram. Allah hər ikisinə rəhmət
eləsin, onlar böyük məktəbdir. Mənim bir müəllim kimi
formalaşmağımda isə Əzizağa Quliyevin əməyi
böyükdür.
-
Zülfiyyə xanım, siz teatrda da özünüzü
sınamısınız. Ancaq teatrda çox az
qaldınız. Niyə bağlana bilmədiniz
teatra?
- Paytaxt
teatrlarının birində çox az
müddət işlədim. Lakin mühitə alışa
bilmədim. Ali məktəb mühiti ilə
teatr mühiti arasında fərqlər böyükdür.
Bəlkə də 20 yaşım olsaydı,
teatra alışardım. Qayıtdım
universitetə. Sizə bir sirr açım,
yenidən teatrların birinə dəvət almışam.
Sağlıq olsun, çox güman, sentyabrdan
işə başlayacağam. Ancaq hələ
o teatrın adını açıqlamaq istəmirəm.
Bilirsiniz, içimdə o qədər istək
var ki, çox rollar oynamaq istəyirəm, daxili enerjimi üzə
çıxarmaq niyyətindəyəm. Bir
neçə serialda çəkildim, amma kino ilə teatrın
fərqi böyükdür. Məni teatr
daha çox özünə çəkir. Seriallarda adam daxilindəki enerjini bir qədər paylaya
bilmir. Bunun da səbəbi, bildiyiniz kimi, rejissor
yanaşmasının zəif olmasıdır. Siz əvvəlki bədii filmlərə baxmayın,
çünki orada sırf peşəkarlar işləyib.
İndi isə belə deyil, təəssüf
ki, bir çox hallarda serialları qeyri-peşəkarlar çəkir.
Ümumiyyətlə, peşəkarlar önə
çəkilməlidir. Bu işlə
sırf peşəkarlar məşğul olsa, bizim də
seriallar Türkiyə seriallarından əskik olmaz. Hazırda bu sahədə qeyri-peşəkarlar
çoxdur. Rejissorlar əsasən öz
dostunu, tanışını, uşaqlıq
yoldaşını gətirib çəkir. Bu da səviyyəni aşağı salır,
işin keyfiyyəti qənaətbəxş olmur.
- Sizin
çəkildiyiniz seriallardan biri "Bir aləm var"
serialıdır. Amma razılaşaq ki, sizin
rolunuz çox zəif alınıb. Əslində
tamaşaçılar sizdən daha yaxşı ifa gözləyirdi.
Bu obrazda özünüzü ifadə edə
bilməməyinizin səbəbkarı rejissordur, yoxsa
özünüz?
-
Çox şadam ki, bu sualı mənə verdiniz, sual ürəyimdən
oldu. Əslində Tünzalə rolu mənim
xoşuma gəlirdi. Rol mənfi olsa da,
personajın özünün həqiqəti vardı. On il onunla yaşayan bir kişinin onun yanında
qalmasını, ailəsinin yanına getməsini istəmirdi və
bunun uğrunda mübarizə aparırdı. Niyə
o obrazı aça bilmədim? Burada mənim
təqsirim yoxdur. Ssenari müəllifi
yazmalı idi ki, mən də obrazı aça biləydim.
Mənə peşəkar insanlar da irad tuturdu ki, sənin
sözün çox azdır, az
danışırsan... Mənə sözü az
verirdilər. Bununla bağlı fikrimi ssenari
müəllifinə bildirirdim, görünür, bu onun
xoşuna gəlmədi. Onlarla müqaviləm
birillik idi, sözüm xoşlarına gəlmədiyi
üçün əməkdaşlığı
dayandırdıq.
- Əlbəttə, aktyorun, aktrisanın obrazı
açması üçün rejissordan çox şey
asılıdır.
- Elədir.
Ramiz Rövşən, Musa Yaqub, gənc yazarlardan Xuraman
Hüseynzadə və başqalarının iştirakı ilə
Vaqif Azəryar bir tədbir hazırlayırdı. İş prosesində mənə verdiyi
tapşırıqları yerinə yetirirdim, hər dəfə
"alınmadı, mən bunu istəmirəm" deyirdi.
Sonra elə oldu ki, məni başqa bir işlə
əlaqədar tanışlarımdan biri kənara
çağırdı, onunla söhbətim oldu,
açığı çox əsəbi idim.
İçəri girdim, yenidən material üzərində
işə başladıq, Vaqif müəllim məni bu vəziyyətdə
görəndə dedi ki, mən bu ovqatı, bu əhvalı tələb
edirdim səndən. Yəni rejissor məni
işlədə bildi. Rejissordan çox
şey asılıdır.
- Bilirik
ki, işiniz çox olur. Ancaq buna baxmayaraq, ailə də əsasdır...
- Ailəmdən
çox razıyam. Həyat yoldaşım mənə
həmişə arxa-dayaq olub. Övladlarım
üzümü ağ edir. Qızım
Ayşə İsazadə "Region" TV-nin əməkdaşıdır,
oğlum Azərbaycan Dövlət Dillər Universitetində
ispan dili üzrə oxuyur. Mənə
heç əziyyət vermirlər.
- İndiyə qədər bir neçə diskiniz
çıxıb. Onlardan hansı sizin üçün daha
doğmadır, ürəyinizcədir?
- Hamısında əməyim, zəhmətim var. Lakin keçən il böyük ədibimiz Cəfər Cabbarlının 115 illiyi münasibətilə görkəmli şairin şeirlərindən ibarət "Turan ellərinə salam söyləyin" diskini buraxdım. Burada elə şeirlər var ki, onlar ilk dəfə səslənib. Diskdə Cəfər Cabbarlının sandıq şeirlərinə üstünlük verilib. Bu şeirləri mənə görkəmli ədəbiyyatşünasımız, tədqiqatçı Asif Rüstəmli verdi. Onu da deyim ki, Cəfər Cabbarlının "Ana" şeirinin bəzi bəndlərini də Asif müəllim tədqiqat nəticəsində üzə çıxardı, mən şeiri tam şəkildə səsləndirdim.
- Sizi uzun illərdir tanıyıram. Gülşən xanım Kəngərli, Həmidə xanım Ömərova və başqaları ilə dostluq etdiyinizi bilirdim. Elə adamlar var ki, ətrafı genişləndikcə köhnə dostlarla əlaqəni üzür, ya da soyuqluq göstərir. Siz necə, dostlara sadiqsinizmi?
- Bəli, Həmidə xanımla da, Gülşən xanımla da, başqa dostlarımla da köhnə qaydadadır münasibətlərimiz. Mən professor Nizami Şəmsizadənin mənim üzərimdəki zəhmətini də unutmuram. Ondan çox yaxşılıqlar görmüşəm. Dostluğa sadiq adamam, dostlarımın hamısı əvvəlkilərdir. Yeni tanıdığım adamları yaxına buraxmıram, onlarla işgüzar münasibətlərimiz var. Dostlarım isə gözümün işığıdır.
- Ad gününüzdür. Bir arzunuz, istəyiniz varmı?
- Sizdən?
- Ümumiyyətlə.
- Binəqədi Rayon İcra Hakimiyyətindən bir xahişim var. Bizim binanın lifti qəza vəziyyətindədir, çox təvəqqe edərdim ki, hər hansı bir faciə yaşanmamış, o liftə bir əncam çəksinlər. Bina sakinləri Rayon İcra Hakimiyyətinə məktub yazıb, problemlə onları tanış edib, lakin hələ problem həll edilməyib. Liftimiz düzəlsə, bu mənim üçün çox böyük ad günü hədiyyəsi olar...
- Qəribə istəkdir. Düşündüm ki, fəxri ad, mükafat umacaqsınız, amma başqa bir istəyiniz oldu.
- Bilirsiniz ki, illərdir dövlət tədbirlərində çıxışlar edirəm, dövlətə, dövlətçiliyə, xalqa bağlı adamam. İşim göz qabağındadır. Elə hallar olur ki, aparıcısı olduğum tədbiri çəkən jurnalistlər məni əməkdar artist kimi təqdim edir. Mən də deyirəm ki, əməkdar artist deyiləm, bədii qiraətçiyəm, məni belə təqdim edin...
İradə
SARIYEVA
Bakı xəbər.-2015.- 20-22 iyun.- S. 12.