Azərbaycançılıq
ideyasının təbliği
2008-ci ildə ABŞ-ın En-Bi-Si telekanalının jurnalisti Prezident İlham Əliyevdən müsahibə götürərkən ona ilk sualı belə oldu: "Heydər Əliyevin xalqınız üçün qoyduğu irs barədə nə deyə bilərsiniz". Əlbəttə, sual aktual, maraqlı və düşündürücü idi, lakin konkret deyildi. Çünki mərhum Heydər Əliyev xalqımız üçün o qədər zəngin maddi-mənəvi, nəzəri-siyasi, hüquqi-ideoloji irs qoyub gedib ki, onları bir qəzet səhifələrində yazmaq qeyri-mümkündür.
Tariximizin önəmli bir hissəsinə çevrilən Heydər Əliyevin irsi əslində cildlərlə kitab olan Müstəqillik, Müasirlik, Azərbaycançılıq, Dövlətçilik və Vətənpərvərlik təlimlərindən ibarətdir.
İndi isə keçən əsrin sonlarına qayıdaq. O vaxt cənab Heydər Əliyev: "Azərbaycanın inkişaf yolu hayanadır" sualını belə cavablandırmışdı: "Azərbaycanın inkişaf yolu Qərbədir". "Məgər Günəş Qərbdən çıxır" sualına isə ümummilli lider belə cavab verdi: "Bizim üzümüz Qərbədir ki, yenidən Şərqdən doğaq". Bu bəlağət və fəsahətli sözlərdə həqiqətən böyük məna və hikmət var. Həm də şərqliliyinə, azərbaycanlığına işarə edən ulu öndər, həmin ifadə ilə Şərqlə Qərbin qovşağında yerləşən ölkəmizin Şərqin dəyərlərini, zəngin mədəniyyətini, xalqımızın əsrlər boyu formalaşdırdığı milli-mənəvi irsini müasir dövrdə yüksək inkişafa nail olan Qərbin elm və texnologiyası, demokratik dəyərləri ilə uzlaşdırmaqla inkişafın alternativsiz istiqamətini göstərdi. Həmin səbəbdən, mərhum Prezident Azərbaycan dövlətinin təməl prinsiplərini müəyyənləşdirərkən azərbaycançılığa xüsusi diqqət verdi. Məşhur "Mən fəxr edirəm ki, azərbaycanlıyam" kəlamının müəllifi cənab Heydər Əliyev azərbaycançılıq dedikdə xalqımızın həm də ümumbəşəri dəyərlərdən faydalanmasının vacibliyini qeyd edirdi.
Ümummilli liderin çoxşaxəli fəaliyyətində azərbaycançılıq ideyasının prioritet olması barədə Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev yazır: "Heydər Əliyevin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi azərbaycançılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçiliyin güclənməsi, siyasi amilə çevrilməsidir".
Dünya miqyasında azərbaycanlıların milli həmrəyliyə kütləvi təşəbbüs tarixi demək olar ki, Azərbaycanın müstəqillik tarixi ilə yaşıddır. 1988-ci ildən başlayaraq total erməni təcavüzünə məruz qalan Azərbaycan xalqı beynəlxalq aləmdə harayına hay verən doğma övladlarını arayıb axtarmağa böyük ehtiyac duyurdu. Ermənilərin beynəlxalq miqyasda böhtançı informasiya təbliğat-təşviqat təzyiqlərinə qarşı durmaq, əsl həqiqəti dünya ictimaiyyətinə çatdırmaq və ölkəmizə doğma olan insanların, xüsusən xaricdə yaşayan həmvətənlərimizin həmrəyliyinə böyük ehtiyac var idi. Separatçı erməni məkrinin yaratdığı illüziyanı dağıtmaq və Azərbaycan həqiqətlərinin, Xocalı soyqırımının, Sumqayıt hadisələrinin və erməni vandalizminin əsl mahiyyətini dünyaya çatdırmaqla informasiya blokadasını qırmaq lazım idi. Bu zərurəti ilk duyanların birincisi mərhum Heydər Əliyev olub. Məhz onun təşəbbüsü və təklifi ilə 16 dekabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Milli Məclisi dekabr ayının 31-ni Dünya Azərbaycanlılırının həmrəylik Günü elan etdi.
Qeyd edək ki, 1993-cü ildən başlayaraq Heydər Əliyev hər il dekabr ayının sonunda dünya azərbaycanlılarına müraciət edib, soydaşlarımızı azərbaycançılıq ideyası əsasında həmrəyliyə dəvət edib. 2001-ci ildə isə mərhum Prezident Bakıda Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi haqqında sərəncam imzaladı. Nəhayət, dünya azərbaycanlılarının nümayəndələri həmin il noyabrın 9-da Bakıda toplaşdı. Qurultayda milli həmrəylik korpusunun memarı Heydər Əliyev geniş nitq söylədi. O müstəqillik, müasirlik və azərbaycançılıq ideologiyasının konturlarını dəqiqləşdirdi. "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır" deyən Prezident bəyan etdi ki, "bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır...".
"Azərbaycançılıq" termini isə ölkədə yaşayan bütün etnik qurum və millətləri ümumdövlət mənafe və dəyərləri əsasında real surətdə birləşdirmək ideyasının verballaşdırılması kimi əsasən 1992-1993-cü illərdə, xüsusilə geniş yayılan şovinist və separatçılıq əhval-ruhiyyəsinə qarşı mübarizə ideyası kimi təşəkkül tapıb. Vurğulayaq ki, bu anlayış ictimaiyyət tərəfindən kifayət qədər tez dəstəklənmiş və yeni, məzmunlu elementlərlə zənginləşdirilib. Həmin səbəbdən özünün bütün tərkib hissələri ilə birlikdə azərbaycançılığı tamamilə milli ideologiyanın konkret, spesifik forması hesab etmək olar.
İdeologiya olaraq azərbaycançılığın mahiyyəti ölkəni mənəvi və fiziki baxımdan zəiflətmək cəhdlərindən qorumaqdır. Bu ideologiya inzibati - ərazi quruluşuna görə unitar, siyasi quruluş və dövlət idarəçiliyinə görə hüquqi və demokratik dövlət olan Azərbaycanın möhkəmlənməsi və inkişafına xidmət edir. Bu gün azərbaycançılıq milli həyatın harmoniyasının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə yaşayan bütün etnosların birgəyaşamasının ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir. Azərbaycançılıq qarşılıqlı dəstək, tolerantlıq, əməkdaşlıq və bərabərliyin əsasıdır. Məhz azərbaycançılıq vasitəsilə "Vətən, onun tarixi, dili və adət-ənənələri olmadan mən bir heç olardım" fikrini dərk edən fərd vətəndaşa çevrilir. Çünki başa düşür ki, "vətənə olan təhlükə şəxsən mənə də, ailəmə də, yəni mənim və ailəmin firavanlığına və hətta həyatımıza da təhlükədir".
Lakin dünyanı öz gözləri ilə görüb dərk etmək, qloballaşan dünya ilə birgə addımlamaq üçün hər bir insan təkcə milli ənənəyə deyil, həm də dünya sivilizasiyasına mənsub olduğunun fərqinə varmalıdır. Ailə, soy, icma, etnos, dil, din birliyi həyatımıza təbii surətdə daxil olan kateqoriyalar olsa da, fəqət, millətin fövqündə duran və onun dünyagörüşünün formalaşmasında fəal iştirak edən dəyərlər də var. Bu, yalnız milli təəssübkeşliklə məhdudlaşmayan, dünyaya inteqrasiya edən milli ideologiyadır. Məhz bu dəyərlərin təsiri nəticəsində millət və dövlətlər yaranır, dünya tərəfindən qəbul edilir, öz unikallığını saxlamaqla inkişaf edir, digər dövlətlərlə qarşılıqlı münasibətlər qurur.
Danılmaz faktdır ki, milli ideologiyamızın spesifik formasını-multikultural, tolerant azərbaycançılığı zəruri edən faktorlardan biri də ölkəmizin Avropa və Asiyanın qovuşduğu məkanda yerləşməsidir. Bunun nəticəsi olaraq mənsub olduğumuz sivilizasiya əsasən bu iki güclü qüvvənin təsiri altında formalaşıb: Şərq təməli və Qərb təsiri. Bu baxımdan, azərbaycançılığın məzmunca mahiyyətini burada yaşayan müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin, konfessiyaların vəhdəti təşkil edir. Azərbaycançılığın gücü həm də ondadır ki, o, etnik və fərdi maraqları dövlətin siyasəti ilə birləşdirməyə, Azərbaycan vətəndaşlarının milli-mənəvi eyniyyətini qoruyub saxlamağa, mühafizə etməyə qadirdir. Elə ölkəmizdə vahid həmrəy cəmiyyət, vahid xalq formalaşdıran ideologiya da məhz bu ideologiyadır. Etiraf edək ki, cəmiyyətin müəyyən hissəsinin modernləşməsi, kosmopolitləşməsi və buna müvafiq olaraq öz əsli və nəslindən qopmaq meylləri də göz qabağındadır. Belə vəziyyətdə dövlət-insan, dövlət-cəmiyyət vəhdətinə daha böyük ehtiyac duyulur. Göründüyü kimi, həqiqi azərbaycançılıq həm də güclü dövlət hakimiyyətini və möhkəm milli intizamı, milli maraqları və milli özünüdərki birləşdirən ideyanın nüvəsi, mayası və özüdür.
Azərbaycançılığın təbliği istiqamətində həm xaricdə yaşayan soydaşlarımızın, həm də son illərdə ölkəmizdə keçirilən müxtəlif səpkili beynəlxalq tədbirlərin rolu əvəzsizdir. Bu tədbirlərin istər I Avropa Oyunlarından qabaq, istərsə də bilavasitə Oyunlar vaxtı keçirilməsi azərbaycançılıq ideyasının təbliği üçün gözəl bir fürsətdir. Axı İlk Avropa Oyunlarının respublikamızda keçirilməsi təkcə idman yarışı deyil. Bu möhtəşəm beynəlxalq tədbir Azərbaycanın bütün maddi-mənəvi varidatının və bu varidat sahibinin - tolerant, multikultural, Şərq əsaslı, Qərb təsirli, sülhməramlı azərbaycançılığın nəyə qadir olmasının sərgisidir. Deməli, ölkə vətəndaşı olaraq hər birimiz bu fürsətdən yararlanaraq bir təbliğatçı, təşviqaçı olmalıyıq. Lakin Azərbaycan Respublikası dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların da yeganə müstəqil ölkəsi olduğu üçün bu şərəfli işin məsuliyyətini həm də diasporumuz daşıyır. Mübaliğəsiz demək olar ki, diasporumuz "Bakı-2015"in yüksək səviyyədə tanıdılması istiqamətində mühüm işlər görüb. Sosial sahə üzrə ekspert İlqar Hüseynlinin sözlərinə görə, "əcnəbi bilet alıcıları, xüsusən Böyük Britaniya, Rusiya, Hollandiya və Almaniyanın vətəndaşları daha fəaldırlar. Bu isə o anlama gəlir ki, həmin ölkələrdə Azərbaycan daha geniş şəkildə təbliğ olunur".
Qeyd edək ki, Azərbaycan dövləti ilə yanaşı, xalqımız, ictimai institutlarımız - KİV və QHT-lər də Avropa Oyunlarına öz töhfəsini verməklə azərbaycançılıq ideyasını təbliğ edirlər. Müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının bu dövrdə təşkil etdiyi sərgilər, elmi-praktik konfranslar, humanitar, turizm və digər tədbirlərin kökündə azərbaycançılıq dayanır. Bu ərəfədə "Azərbaycanın milli geyimləri sərgisi", "Avropa haqqında düşüncələr", "Zamanın rəngləri" və digər sərgilərin keçirilməsi həm tarixi, həm də multikultural azərbaycançılığın təbliğinə xidmət edir.
Azərbaycanlı olmaq həm də bizim alın yazımız - taleyimizdir. Həmin səbəbdən azərbaycançılıq və onun təbliğinin alternativi yoxdur. Çünki azərbaycanlı olaraq biz öz vətənlərindən üz döndərib başqa yerlərdə yaşayan xalqların qarışığından yox, türk əsilli azəri əcdadlarımızın xələfi kimi Azərbaycan torpağının varisləriyik. Və biz varis olaraq valideynlərimizdən imtina etmədiyimiz kimi, əcdadlarımız və onların bizə əmanət verdiyi dəyərlərdən nəinki imtina etmirik, əksinə, həmin dəyərləri qoruyub inkişaf etdiririk. Bu baxımdan Şərqdə ilk demokratik cumhuriyyətin qurulması, ilk operanın yaradılması, müstəqil Azərbaycanın müstəqil siyasət yürütməsi, kosmik klubun üzvü olmağımız, Bakının dünyanın multikultural mərkəzinə çevrilməsi, İlk Avropa Oyunlarının standartlarını Azərbaycan müəyyənləşdirməsi, ümumiyyətlə, bütün maddi-mənəvi yüksəlişimiz bilavasitə azərbaycançılıq ideyasından qaynaqlanır.
Göründüyü kimi, dövlət siyasətinin strategiyası olan azərbaycançılıq ideyası xalqımızın keçmişinin, bu gününün qavranılmasını və qiymətləndirilməsini müəyyən edib, gələcəyini etibarlı təməl üzərində qurur. Sözsüz ki, bu təməlin qloballaşan dünyada daha güvənli olması bir azərbaycanlı kimi hər birimiz və hamımızın əməli işindən asılıdır. Təfəkkürümüz, davranışımız elə olmalıdır ki, "görən desin nə gözəldir Azərbaycan, azərbaycançılıq".
Vaqif CƏLİLOĞLU, Tex.e.üzrə
fəlsəfə doktoru
Bakı xəbər.-2015.- 23 iyun.- S. 15.