Cəfakeş
folklorşünaslarımız - Hümmət Əlizadə və
Məmmədhüseyn Təhmasib...
Çoxlarımız uşaq olanda nənə və analarımızdan çoxlu oxşama, bayatı, nağıl, tapmaca, yanıltmac eşitmişik. O vaxt biz bilmirdik ki, ana və nənələrimizin yaddaşında yaşayan və hər gün eşitdiyimiz bu nümunələr xalqın qiymətli tükənməz sərvəti-folklor örnəkləridir. Çox vaxt görürdük ki, Bakıdan, Gəncədən, Tiflisdən gələn əli kağız-qələmli əmilər nənələri, babaları söylədir, onların danışdıqlarını lentə yazır, kağıza köçürür.
Sonradan bildik ki, onlar xalqın söz xəzinəsini itib batmağa qoymayan folklorşünas və etnoqraflardır. Əslində folklor örnəklərinin toplanması, yaddaşlardan yazıya köçürülməsi böyük hadisə olub...
Hümmət Əlizadə və bayatılar...
Hümmət Əlizadə irsinin araşdırıcılarının "Vikipediya" Açıq Ensiklopediyasında yerləşdirdiyi məlumata görə, onun bayatıların toplanıb nəşrində də böyük əməyi var. Tədqiqatçılar yazır ki, Hümmət Əlizadə Azərbaycan şifahi xalq ədəbiyyatının lirik qanadına mənsub olan ən populyar və kütləvi janrlardan birinin-bayatıların toplanması və nəşri sahəsində də unudulmaz elmi xidmət göstərib. Yazılanlara görə, ən müxtəlif bölgələrdə, el-camaat içərisində gəzib dolaşaraq folklor örnəkləri axtarışında olduğu zaman o, digər janrlarla yanaşı, bayatıların yazıya alınmasına da xüsusi diqqət yetirib. Bayatıların ayrıca folklor kitabı kimi nəşri sahəsində ilk təşəbbüs 1925-ci ildə Azərbaycan Ədəbiyyat Cəmiyyəti tərəfindən həyata keçirilsə də, həmin kitabça çox az sayda, təqribən iki yüzə yaxın bayatını çevrələdiyindən, tutumlu bir nəşr işi sayıla bilməzdi. Bu sahədəki boşluq və zərurəti duyan Hümmət Əlizadə XX əsrin iyirmi-otuzuncu illərində bayatıların toplanması işi ilə ardıcıl şəkildə məşğul olaraq sözügedən janrı əhatə edən ilk mükəmməl folklor kitabını hazırlamağın məsuliyyət və fədakarlığını da öz üzərinə götürüb. Görkəmli folklorçunun uzun illərin bitib-tükənməyən zəhməti sayəsində hazırladığı doqquz yüz səksən nümunədən ibarət bayatılar toplusu 1938-ci ildə "Azərnəşr" tərəfindən buraxılıb. "Azərbaycan bayatıları" adını daşıyan bu kitab həmin dövr üçün ən yüksək poliqrafik keyfiyyətdə, milli ornamentlərlə bəzədilmiş qalın cilddə nəşr olunub. "Azərbaycan bayatıları" o dövrün ən yüksək tirajı ilə-on beş min nüsxə halında oxuculara çatdırılıb. "Azərbaycan bayatıları" kitabı bayatıların başlama qəlibi əsas götürülməklə "Əzizim", "Əzizinəm", "Eləmi", "Mən aşıq", "Mən aşiqəm" ardıcıllığı üzrə tərtib olunan səhifə 29-dan 141-ə qədər isə örnəklər heç bir prinsip gözlənilmədən qarışıq şəkildə verilib.
Əzizim gül üşüdü,
Şeh düşdü gül üşüdü.
Güldün, ağlım apardın,
Bu necə gülüşüdü?!
bayatısı ilə başlayan kitab:
Başı bəlgəli dağlar,
Dibi kölgəli dağlar.
Gözüm yollarda qaldı,
Haçan el gəli, dağlar?!
bayatısı ilə tamamlanır.
Tədqiqatçılar yazır ki, kitabda həm sadə, həm də cinas qafiyəli bayatılar yer alıb. Tərtibçi onları ayrı bölmələr halında deyil, qarışıq şəkildə təqdim edib. Sadə qafiyəli bayatılar:
Pəncərədən daş gəlir,
Xumar gözdən yaş gəlir.
Səni mənə versələr,
Allaha da xoş gəlir.
Sən mənim baxdımı gör,
Qızıldan taxdımı gör.
Sallanıb gedən yar,
Bir bəri baxdımı gör.
Cinas qafiyəli bayatılar:
Əzizim su cahanı,
Boyun tək suca hanı?
Dodağın təşnəsiyəm,
Alsa da su cahanı.
"Azərbaycan bayatıları" kitabında Hümmət Əlizadə özünün başqa folklor nəşrlərində olduğu kimi mətnin orijinalındakı şəklinə-söyləyici tələffüzündəki vəziyyətinə uyğun şəkildə çatdırmaq ənənəsini qoruyub saxlamağa çalışıb. Aşağıdakı bayatı örnəyinin timsalında bunu daha əyani görmək mümkündür:
Mən aşığam keşgə sən,
Körpü üstən keşgə sən.
Gəldin dərdim artırdın,
Gəlməyəydin keşgə sən.
Tədqiqatçılar bildirir ki, göründüyü kimi, bu bayatı cinas şəklində qurulub. Lakin həmin mətnin söyləyicinin tələffüz etdiyi tərzdə yazıya alınması ilə cinas sistemini heç cür qurmaq mümkün ola bilməz. Ədəbi-qrammatik görməyə görə, "keşgə sən" ifadəsi "keç gəl sən" şəklində, "keşgə sən" isə "kaş ki sən" biçimində yazılmalıdır. "Keç gəl sən" və "kaş ki sən" ifadələri isə yazıldığı tərzdə söyləndikdə bir-birilə çox da rahat uyuşmur, onların qafiyə, özü də cinas qafiyə halına gəlməsi üçün məhz canlı danışıq dinamikasına əsaslanan söyləyici tələffüzü əsas götürülməlidir. Hümmət Əlizadə bu səbəbdən "keç gəl sən"i "keşgə sən", "kaş ki sən"i isə (keşgə sən) şəklində yazıya alaraq bayatının el arasındakı cinaslı mənzərəsini qorumağa müvəffəq ola bilib. Tədqiqatçılar yazır ki, poliqrafik və tekstoloji keyfiyyəti rəğbət doğuran bu nəşrin bir sıra çatışmazlıqları da nəzərə çarpmaqdadır. Belə ki, bu cür əhatəli bir nəşr işinin bayatı janrını səciyyələndirən bir müqəddimə ilə təchiz edilməməsi, eləcə də mətnlərin pasport qeydiyyatı ilə bağlı hər hansı şərh-açıqlamanın verilməməsi onun elmi siqlətini xeyli dərəcədə azaldır. Bir sıra hallarda çətin anlaşılan sözlərin, ləhcə ifadələrinin ətək yazısı şəklində izahına ehtiyac duyulur ki, bunlara da lazımi diqqət yetirilməsi zəruri idi. Kitabın tərtibi konkret bir elmi prinsipə söykənmədiyindən, nümunələri hansı meyar əsasında tapa bilməyin mexanizmi yoxdur. Göstərilən qüsur və iradlara baxmayaraq, "Azərbaycan bayatıları" kitabı bir folklor nəşri kimi bu sahədə həyata keçirilən ilk irimiqyaslı fəaliyyət olaraq böyük elmi-tarixi və mədəni əhəmiyyət kəsb edir. Tədqiqatçılar yazır ki, Hümmət Əlizadənin ölümündən (1941-ci il) sonra onun bu toplama-tərtib işi 1943-cü ildə M.H.Təhmasibin adına çıxıb. Sonralar M.H.Təhmasib bu işin zorla həyata keçirildiyini bildirərək həmin nəşrin müəllifliyindən imtina edib.
Hümmət Əlizadənin adı niyə unudulurdu?
Tədqiqatçılar yazır ki, Azərbaycan bayatılarının ötən əsrin 60-80-cı illərindəki ən müxtəlif nəşrlərində Hümmət Əlizadənin "Azərbaycan bayatıları" kitabındakı materialların demək olar ki, hamısı istifadə olunsa da, bu barədə heç bir qeyd verilməyib. Alimlərin fikrincə, həmin kitabın təkrarən nəşr edilməsinə və H.Əlizadənin tarixi haqqının bərpa olunmasına ehtiyac var. Hümmət Əlizadənin Azərbaycanı Tədqiq və Tətətəbbə Cəmiyyəti "Xəlqiyyət şöbəsi" xətti ilə başlanan, daha sonra isə Azərbaycan Elmi-Tədqiqat İnstitutunun "Şifahi xalq ədəbiyyatı" şöbəsində davam edən toplama və nəşr fəaliyyəti, sözün həqiqi mənasında, bir fədakarlıq, elsevərlik örnəyi olub. Onun hazırladığı mətnlər Azərbaycan folklor kitabı istiqamətində iyirmi-otuzuncu illərdə həyata keçirilən elmi-təşkilati fəaliyyətin ən uğurlu nəticələri sırasında yer almaqdadır.
Azərbaycan folklorşünaslıq elminin çox görkəmli, eyni zamanda da zəhmətkeş, fədakar simalarından biri-Hümmət Əlizadə haqqında təqdim etdiyimiz bu material hesab edirik ki, elmi ictimaiyyətin və oxucuların ürəyindən xəbər verəcək. Hümmət Əlizadə kimi fədakar alimlərin təmənnasız gördüyü bu misilsiz işlər zamanında öz qiymətini almasa da, müasir folklorşünaslar tərəfindən yüksək qiymətləndirilir. Hümmət Əlizadənin folklorun ayrı-ayrı janrları ilə bağlı toplayıb elmi mətn, izah yazıb çap etdirdiyi kitabların hamısı çağdaş folklorşünasların stolüstü kitabıdır. Elə oxucular da o kitablardan bəhrələnir. Onun və həmkarlarının sayəsində, zəhməti, fədakarlığı nəticəsində Azərbaycan folklorunun xeyli hissəsi xalqın yaddaşından yazıya gəlib. Sonralar Hümmət Əlizadə və digər alimlərin açdığı cığırla saysız folklorşünas ordusu irəliləyib. Bir məsələni xüsusi vurğulamaq istəyirik ki, Hümmət Əlizadə çox ağır dövrdə yaşayıb, işləyib, bu müqəddəs işlə məşğul olub. Represiya qılıncının sağa-sola çapdığı bir zamanda o, xalqın dilində danışıb, onun irsini toplayıb, yayıb. Bu gün, şükür Allaha, Azərbaycan müstəqildir və alimlərin işləməsi üçün hər cür şərait yaradılıb. Dövlət elm adamlarından qayğısını əsirgəmir. Amma Hümmət Əlizadənin zamanı ayrı zaman idi. Fədakarlıq, zəhmət və milli təəssübkeşlik hissindən irəli gələn işlərdir böyük alimin gördüyü işlər...
Məmmədhüseyn Təhmasib və Azərbaycan folkloru...
Azərbaycan folklorşünaslıq elminin zirvələrindən sayılan Məmmədhüseyn Abbasqulu oğlu Təhmasibin bu sahədəki zəhməti danılmazdır. 1907-ci il 5 oktyabr tarixində Naxçıvan şəhərində anadan olan ədəbiyyatşünas, folklorşünas, dramaturq, tərcüməçi, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1965), professor (1970), Azərbaycan yazıçısı, ssenari müəllifi M.Təhmasib 1982-ci ildə vəfat edib. M.Təhmasibin irsini araşdıran tədqiqatçılar yazır ki, o, 1923-1927-ci illərdə
Bakı Pedaqoji Texnikumunu bitirib, 3 il Naxçıvan şəhər orta məktəbində müəllimlik edəndən sonra Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirib. 1933-1936-cı illərdə Kürdəmir, Əli Bayramlı, Göyçay şəhər maarif şöbələrində metodist, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim (1939-1951), dosent (1951-1959), Azərbaycan Elmlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunda xalq yaradıcılığı şöbəsinin elmi əməkdaşı, şöbə müdiri işləyib (1944-cü ildən 1982-ci ilədək).
Ədəbi yaradıcılığa 1934-cü ildən başlayıb. "Qaçaq Nəbi" adlı ssenarisini 1938-ci ildə "İnqilab və mədəniyyət" jurnalında çap etdirib. "Bir qalanın sirri" (1960), "Onu bağışlamaq olarmı?" (1960) ssenariləri əsasında eyni adlı filmlər çəkilib. "Bahar" (1938), "Aslan yatağı" (1941), "Çiçəklənən arzular" (1951), "Hind nağılı" (1956), "Rübailər aləmində" (1968) və b. pyes-nağılları respublikanın teatr səhnələrində müvəffəqiyyətlə tamaşaya qoyulub. "Azərbaycan xalq dastanları (orta əsrlər)" mövzusunda doktorluq dissertasiyası müdafiə edib (1965). 1946-1977-ci illərdə "Koroğlu", "Molla Nəsrəddinin lətifələri", "Aşıq Ələsgər", "Kitabi-Dədə Qorqud", "Azərbaycan dastanları" və digər xalq incilərinin toplanması, tərtib edilməsi və nəşr olunmasında fəal çalışıb. Tədqiqatçılar yazır ki, "Azərbaycan folkloru kursu" (1940), "Azərbaycan xalqının qəhrəmanlıq eposu (parçalar)" (1941), "Azərbaycan xalqının qəhrəman oğulları" (1942), "Çiçəkli dağ (nağıl-pyes)" (1965), "Azərbaycan xalqının dastanları" (1972) və s. kitabların müəllifidir.
M.Təhmasib 1967-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə, 1977-ci ildə "Əmək veteranı" və digər medallarla təltif olunub.
Tədqiqatçılar yazır ki, professor M.Təhmasib şifahi ədəbiyyatımızın qədim, zəngin və möhtəşəm janrı olan dastanların toplanması sahəsində də ciddi işlər görüb. Onun yaxından iştirakı və köməyi ilə çoxsaylı dastanımızın müxtəlif variantları yazıya alınıb, müqayisələr aparılıb, daha geniş yayılmış variant əsas götürülərək 5 cildlik "Azərbaycan dastanları" 60-cı illərdə işıq üzü görüb. M.Təhmasibin həmin nəşrə yazdığı geniş müqəddimədə dastanın bir janr kimi ədəbi-bədii xüsusiyyətləri şərh olunub, bu janrın tarixən daşıdığı adlara aydınlıq gətirilib. Azərbaycan dastançılığının ənənələri geniş izah olunan müqəddimədə aşıq, buta, buta verilməsi, buta vermədə Xızır İlyas, nurani dərviş, Həzrət Əli kimi obrazların bədii-estetik funksiyaları haqqında məlumatlar əksini tapıb, ayrı-ayrı dastanların mövzu və motiv müxtəlifliyinə toxunulub.
Bütün zamanlarda yaşayan alim...
Tədqiqatçıların yazdığına görə, M.Təhmasib aşıq yaradıcılığı haqqında fundamental araşdırmalar aparıb, Azərbaycan folklorunun dastan janrını dərindən tədqiq edən alimlərimizdən biri olub. Tədqiqatçı alimlərin "Vikipediya" Açıq Ensiklopediyasında yerləşdirdiyi məlumatda qeyd edilir ki, 1949-cu ildən ömrünün sonunadək M.Təhmasib "Koroğlu" dastanı üzərində işləyib, onu müxtəlif yönlərdən təhlil edib, dəfələrlə nəşr edilməsinə nail olub: "Eposun ayrı-ayrı nəşrlərinə yazdığı müqəddimələrdə "Koroğlu"nun xalqımızın milli-mənəvi sərvəti olmasını, onun məhz Azərbaycan mühitində yaranıb formalaşmasını, sonralar başqa xalqların folkloruna da yayılmasını danılmaz faktlarla sübuta yetirib. Onun bu sahədəki xidmətləri bir fədakarlıq nümunəsi hesab olunmalıdır. Dünya xalqlarının eposları ilə müqayisədə ləyaqətli yer tutan "Koroğlu"nun ən mükəmməl nəşri M.Təhmasibin çoxillik əməyinin məhsulu sayılır. M.Təhmasib doktorluq dissertasiyalarından birinə yazdığı rəydə "Koroğlu" eposu ilə bağlı qeyd edib: "Öz yayılma vüsətinə görə dünya eposunda "Koroğlu" kimi bir əsər təsəvvür etmək çətindir. O, din və dil ayrılıqlarına baxmayaraq, orta əsrlərdə çox möhkəm olmuş bütün siyasi-inzibati sərhədləri aşmış, ən azı Qafqaz, İran, Əfqanıstan, Orta Asiya, Ərəbistan, Sibir və Avropanın bir sıra xalqları içərisində çox geniş şəkildə yayılmış, variantlar, versiyalar əmələ gətirmişdir". Ümumiyyətlə, Məmmədhüseyn Təhmasibin folklorşünaslığın inkişafında, eləcə də folklorşünaslar nəslinin yetişməsində çox böyük xidmətləri var".
Folklorşünas ömrü fədakarlıqla yaşanan bir ömürdür. Söhbət sovet ideoloji maşınının sürətlə işlədiyi, ülgüc kimi kəsib doğradığı bir zamanda fəaliyyət göstərən fədakar tədqiqatçılardan gedirsə, onda deyə bilərik ki, onların çəkdiyi zəhmət, gördüyü işlər iynə ulduzundan keçib gəlib.
Hümmət Əlizadə də, Məmmədhüseyn Təhmasib və Vəli Xuluflu da, Salman Mümtaz da, Həmid Araslı da, adını çəkmədiyimiz digər görkəmli elm xadimləri də xalqımız üçün böyük, eyni zamanda da təmənnasız işlər görüb. Tanrı sanki onları folklorşünaslıq elminə bəxş etməklə xalqımızı, dövlətçiliyimizi, ana dilimizi, mədəniyyətimizi mükafatlandırıb. Allah o böyük insanlara rəhmət eləsin.
əvvəli var
İradə SARIYEVA
Bakı xəbər.-2015.- 23 iyun.-
S. 12.