Ağız ədəbiyyatından örnəklər - layla, oxşama, sanama, yanıltmac, tapmaca...

 

Folklor hər bir xalqın qədimliyini, dilini, mədəniyyətini, söz, fikir ululuğunu, zənginliyini özündə ifadə edən dərin bir aləmdir. Azərbaycan folkloru bu baxımdan xalqın dünyagörüşünü, mədəniyyətini, ictimai həyatını, məişətini özündə ifadə edir. Dünyada binə quran qədim türk tayfaları öz məişəti, həyatı, elat mədəniyyəti, söz yaradıcılığı haqda folklor nümunələri ilə bizi məlumatlandırır.

Bilirik ki, qədim insan öz taleyini əməyə bağlayıb, ovçuluqla, balıqçılıqla, heyvandarlıqla, maldarlıqla, əkinçiliklə məşğul olub. İnsanlar oturaq mədəniyyətə sahib olmamışdan əvvəl köçəri yaşayıb, yayı yaylaqda, qışı qışlaqda qarşılayıb. İqlimi xoş keçən, bol otlaqlı, bol sulu, bərəkətli torpaqlar türklərin əsas məskəni olub. Əcdadlarımız özləri haqda, məşğuliyyətləri, maraq çevrələri barədə gələcək nəsillərə çox dəyərli informasiyalar ötürə bilib. Bu, folklor örnəklərində özünü ifadə edən deyimlər, tapmacalar, sayaçı sözləri, əkinçilik nəğmələridir. Fikrimcə, nağıl, əfsanə, mifik mətnlər sonradan meydana çıxıb. Çünki qədim insan yaşamaq uğrunda mübarizə aparır, ovçuluq edib qarnını doyururdu. Sonra əkinçiliyin meydana gəlməsi insanları oturaq həyata alışdırıb.

Azərbaycan folkloru çox zəngindir və özündə epik və lirik janrları birləşdirir. Azərbaycan folklorunun-lirik şeirin ilk qədim nümunələrindən olan sayaçı sözləri, holavarlar, əkinçi nəğmələri keçən minilliklərdən yadigar qalan örnəklərdir.

Mən özüm hələ uşaqlıqdan sayaçı nəğmələrini, holavarları, əkin nəğmələrini, eydirmələri, qımqımalı, mövsüm-mərasim nəğmələrini, laylaları, oxşamaları, sanamaları, yanıltmacları, tapmacaları çox eşitmişəm və hətta yaşıdlarımla birgə oxumuşam, söyləmişəm də.

Bakı Dövlət Universitetinin Folklor kafedrasının əməkdaşı, tədqiqatçı Lətafət Ələkbərova bildirir ki, sayaçı nəğmələrində qoyunçuluq həyatı tərənnüm olunur. Başlıca məşğuliyyəti qoyunçuluq

olan köçəri tayfaların əmək həyatı ilə bağlı olan saya nəğmələri sonralar köçəri tayfaların müxtəlif mövsüm mərasimlərinin, o cümlədən "sayaçı" mərasiminin yaranmasına mühüm təsir göstərib. Sayaçının oxuduğu nəğmələrdən görünür ki, tərəkəmələrin ev təsərrüfatında saxladıqları heyvanlara nə dərəcədə bağlılığı var. Sayaçılar qoyun, inək, camış, dəvə, hətta ulağı belə böyük qayğıkeşliklə təsvir edirlər. Qoyunla keçiyə münasibət isə xüsusilə seçilir. Salamla başlayan bu nəğmələrdə, "nənəm, a qara qoyun", "nənəm, a cavan qoyun" kimi nəzakətli müraciətlər işlədilir: "Bundan sonra sayaçı nəğmələrinin mətnləri rusca və Azərbaycan dilində əski əlifba ilə verilib. Burada sayaçının obrazı da təsvir olunub: "Saya" sizə gəlibdi, siz onu görmüsünüz.

Və yaxud: Saya kimdən törəyib?

Adəm peyğəmbərdən!

Nəzərimizi aşağıdakı sayaçı sözü cəlb etdi. Burada dünyanın yaranması haqqında bəhs olunur:

Adəm peyğəmbər gələndə,

Qızıl öküz ayaq üstə dayananda,

Qızıl buğda bitəndə,

Dünya yarananda,

Musa peyğəmbər çoban olanda

Bizə kabablıq üçyaşlı qoyun verdilər.

Firudin bəy Köçərli də digər ziyalılarımız kimi hər səhifənin sonunda mətnin daxilində olan bəzi ifadələri, anlayışları izah edib. Məsələn: "Qızıl öküz dayananda" ifadəsi haqda yazır: "Müsəlmanların inamına görə, yer qızıl öküzün üstündə dayanıb". Həmçinin burada qoyunların zahiri görünüşü və daxili orqanları da təsvir edilib.

Bildiyimiz kimi onlardan da mətbəxdə istifadə edilərək dadlı təam bişirilir. Qoyun əti və südündən düzəldilən digər yeməklərin "dələmə", "kürəmə", "qovurma" adları da çəkilir və izahı verilir. Eyni zamanda poetik parçalarda qarğış da ifadə olunub:

Sənə baxan paxılın

Gözünə bıçaq batsın!

Bir sayaçı sözü isə "nənəm, a kürd qoyunu!"-misrası ilə başlayır. Hamımıza uşaqlıqdan məlum olan, "yumru-yumru qayalar" misrası ilə başlayan çoban haqqında mahnı da sayaçı sözlərinin tərkib hissəsidir. Burada artıq çoban tərif olunur, onun əməyi, yaşayışı, xidməti, xeyirxahlığı, qəhrəmanlığı ön plana çəkilir. Bu nəğmələrdən biri:

Göydə gəzən buludlar,

Yorğanıdır çobanın.

Tədqiqatçı yazır ki, bu nümunələr SMOMPK-un 42-ci buraxılışında F.Köçərli tərəfindən toplanaraq çap edilib.

Onun sözlərinə görə, burada nəşr olunan sayaçı nəğmələrində həmçinin qoyunun südünü sağan qız-gəlinə də tərif deyilir:

Qoyunu sağan qızların

Əlini xınalayaram!

* * *

Əllərində sərniclər

Qızlar qoyunu gözlər!

Keçiyə həsr olunmuş sayaçı sözləri də çap edilib:

Nənəm, a xallı keçi!

Məməsi ballı keçi,

Ayağı nallı keçi.

Uca qaya başında

Tutubdu yallı keçi.

Daha sonra çox maraqlı bir şeir parçası verilib. Burada ardıcıl olaraq keçi, camış, öküz, inək, ulaq və dəvə hərəsi öz müsbət xüsusiyyətlərini önə çəkərək özlərini tərifləyir: "Həmin deyişmə SMOMPK-un XIII buraxılışındakı "Yaylaqla aranın bəhsi" və "Yerlə göyün bəhsi"ni xatırladır. Firudin bəyin toplayıb çap etdirdiyi bu mətndə həmçinin Novruz bayramında cavan qoyun-quzunun doğulması, daha sonra balalayan qoyunlarla damazlıq verməyənlərin ayrılmasından danışılır. Həmçinin aprel ayında "sayaçı", yəni "leysan" yağışın yağmasından bəhs olunur.

Azərbaycanlılar arasında geniş yayılmış bir inanc var ki, qızıl qiymətinə dəyərləndirilən qoyun qeyri-adi heyvandır, onu hər nəyə toxundursan qızıla çevirir, qoyunun "kimyadan" törəndiyi fikri də burada xatırlanır. Sayaçı sözlərinin arasında xeyli alqışlar da var:

Yağ verənin oğlu olsun,

Həmişə oğlu olsun!

Az gətirənin ovcu dar olsun!

Çox gətirənin ovcu bol olsun!

Xeyir-bərəkəti çox olsun,

Siz də şad və firavan olun!

Sonda isə müsəlman aləmində hər bir işin avand, xeyir-bərəkətli olması üçün deyilən salavat gətirilmiş və izah edilib:

Məhəmməd peyğəmbərin eşqinə,

Məhəmməd peyğəmbərin sənətinə,

Hərəmiz bir "salavat deyək"!

Məşhur professor Ə.Cəfəroğlu saya mövzusu ilə uzun müddət məşğul olub. Alim saya probleminə hər dəfə müxtəlif aspektlərdən yanaşıb. 1934-cü ildə çap etdirdiyi məqaləsinə sayaçı sözlərinin SMOMPK-dakı F.Köçərli nəşri izah və şərhlərlə əlavə olunub. Həmin məqalədə o, "sayaçı" sözünün etimiologiyası ilə bağlı da fikir söyləyib, F.Köçərlinin verdiyi izahla razılaşmayıb. Ə.Cəfəroğlu sayaçını F.Köçərlinin hesab etdiyi kimi, "nemət gətirən, bolluq gətirən" tərəkəmə-köçəri yox, vergi toplayan məmur sayır. Alim öz fikrini əsaslandırmaq üçün mənbələrə üz tutur, əski türk dövlət idarəçilik formalarından, lüğətlərdən örnəklər gətirir və belə hesab edir ki, sayaçı sözü saymaq feilindən əmələ gəlib. Ə.Cəfəroğluya görə, saymaqla məşğul olan vergi məmurlarının adı "sayıcı"dan "sayaçı"ya çevrilib.

Ə.Cəfəroğlunun bu şərhində öncə diqqəti cəlb edən saya-sayaçı sözlərinin, F.Köçərlidə olduğu kimi, fars dili əsasında yox, türk dili əsasında izah edilməsidir. Göründüyü kimi, F.Köçərli tərəkəmə türk mədəniyyətinə məxsus "saya" adının bu mədəniyyətin daşıyıcısı olan etnosun

öz dilində olması qanunauyğunluğunu nəzərə almır. Təbii ki, F.Köçərli dilçi deyildi, ancaq onun sayaçı sözlərinin çapı sahəsindəki xidmətini Ə.Cəfəroğlu çox yüksək qiymətləndirib. Ancaq onunla bərabər yanlış izahla razılaşmır. Qədim dövrlərdən Azərbaycan ərazisində maldarlıq, xüsusilə qoyunçuluq geniş yayılmış peşə məşğuliyyətlərindən olub. Bununla bağlı Azərbaycan xalqı "Qoyunun oldu əlli, adın oldu bəlli", "Qoyunu olan yüz, yağ selində üz" atalar sözlərini, "Qoyunsuz evlər qurumuş çaya bənzər, qoyunlu evlər qurulu yaya bənzər" zərbi-məsəli, eləcə də "Üstü zəmi biçərəm - altı bulaq içərəm" tapmacasını yaradıb)".

Alim yazır ki, vaxt ötdükcə "Salam, say bəylər" (Salam, salam, say bəylər, bir-birindən yey bəylər-İ.S), ("Sayaçı-oyun tamaşası") adlı xalq dramı da yaranıb. Ekspert qeyd edir ki, SMOMPK məcmuəsinin Azərbaycan sayaçı nəğmələri ilə yanaşı, milli sərvətimiz olan əfsanə və rəvayətlər, uşaq folkloru, nağıl, lətifə, tapmaca, atalar sözü və məsəlləri, oyun və tamaşalarının çapında xidməti əvəzsizdir və onun daha dərin tədqiq olunması milli folklorşünaslığımız üçün zəruridir.

Minillər boyu babalarımızın yaratdığı bu nümunələr əsrlərin sınağını keçərək günümüzə gəlib çıxıb. Nə xoşbəxtik ki, zəngin folklor örnəklərimiz var. Gələcək nəsillər də bizim kimi bu örnəklərdən bəhrələnərək onları təbliğ etməlidir.

Xalq ədəbiyyatının məişət qoluna aid olan janrlar çoxdur. Onlar əsrlərdir məişətdə öz yerini tutub. Layla və oxşamalar bu baxımdan diqqəti çəkir.

Bilirik ki, laylalar beşik başında anaların xüsusi ritm və ahənglə zümzümə etdiyi nəğmələrdir. Bu, bir çox bölgələrimizdə beşik nəğmələri adlanır. Təbii, laylalar ananın körpəsinə olan məhəbbəti, onun övladı ilə bağlı arzu və istəklərini ifadə edir:

Laylay gözüm, bəbəyim,

Hər arzum, hər diləyim.

Dar gündə, dar ayaqda

Sənsən mənim köməyim.

Balam, laylay, a laylay!

Oxşamalar da nənə və analarımızın minillərdir balalarını əzizləyib oxşadığı kəlamlardır. Tədqiqatçılar yazır ki, layla və oxşamalar uşağı oxşatma, əyləndirmək məqsədilə söylənən və uşaqların zövqünü, düşüncəsini oxşayan mətnlərdir. Oxşamalar körpənin lap kiçik vaxtlarında, hələ özləri hərəkət edib, deyib-gülə bilmədikləri vaxtlarda söylənir. Misallar:

Ay Tanrı, bundan beş dənə ver,

Göydə uçan quşlara ver.

Qarımış, qaralmışlara,

Evində qalmışlara ver.

...

Dağda darılar,

Sünbülü sarılar.

Qoca qarılar

Bu balama qurban.

Sanamalar da folklorumuzun ən geniş yayılan formasıdır.

Tədqiqatçılar yazır ki, sanamalar əsasən say sistemini öyrənmək, yaxud uşağa öyrətmək məqsədilə yaranıb. Sanamalar vaxtilə ibtidai təfəkkürün yaratdığı, ilkin insanların təbiətdəki ayrı-ayrı predmetlərin sayını, sırasını, rəngini, əlamətini və s. müəyyənləşmə dövrünü daha çox xatırladan poetik parçalardır:

Bir-iki,

Qırmadı.

Üç-dörd,

Vurmadı.

Beş-altı,

Xurmadı.

Yeddi-səkkiz,

Qurmadı.

Doqquz-on,

Durnadı.

Folklor nümunələrindən biri də yanıltmaclardır. Yanıltmaclarda əsas məqsəd dildə olan çətin sözləri yaxşı tələffüz etməyi bacarmaq, söz ehtiyatını artırmaq, tez-tez danışmaq vərdişlərinə yiyələnməkdən ibarətdir. Yanıltmaclar həm nəsr, həm də nəzm (şeir) şəklində olur. Hətta bir-birilə oxşar, eyni samitlərlə dalbadal gələn çaşdırıcı sözləri el sənətkarları elə ustalıqla sıralamışlar ki, onları ağır templə oxumadıqda təkcə uşaqları deyil, böyükləri də çaşdırır.

Getdim, gördüm bir dərədə iki kar, kor, kürküyırtıq kirpi var. Dişi kar, kor kürküyırtıq kirpi erkək kar, kor, kürküyırtıq kirpinin kürkünü yamamaqdansa, erkək kar, kor kürküyırtıq kirpi dişi kar, kor kürküyırtıq kirpinin kürkünü yamayır.

Atı min, iti qov, iti qov, atı min; atı min, iti qov, iti qov, atı min...

Cüt cücə

Cüt-cüt cücə

Üç cüt cücə.

Qırx küp, qırxının da qulpu qırıq küp.

Tapmacalar vasitəsilə qədim zamanlarda nənə-babalarımız öz nəvə-nəticələrinin ağıllı, düşüncəli olmaları üçün onları hazırcavab böyütməyə çalışıb.

Onları təkcə fiziki cəhətdən deyil, həm də əqli cəhətdən sağlam və zirək görmək istəyiblər. Folklorumuzun dürlü bir qolu olan tapmacalar məhz bu səbəbdən meydana gəlib.

Tapmacalar ağlı və şüuru inkişaf etdirmək üçündür. Burada əşyanın bir neçə əlaməti gizlədilir, amma əsas xarakterik əlaməti təsəvvürdə canlandırılır. Uşaq öz təfəkkürü və ağlı sayəsində doğrunu tapır. Tapmacalar nəsrlə olduğu kimi, nəzmlə də olur. Aşağıda sizlərə bir neçə tapmaca təqdim edirik:

Alçaq dağdan qar yağar.

(ələk və un)

Bir sinidə iki toyuq, biri isti, biri soyuq.

(Ay və Günəş)

Çəpər üstə çal xoruz.

(boranı-balqabaq)

O hansı heyvandı anadan saqqallı doğular?

(keçi)

Suya girər lillənər, sudan çıxar dillənər.

(zınqırov)

Aşıq su deyib ağlar,

Bülbül su deyib ağlar,

Dəryada bir gül bitib,

O da su deyib ağlar?

(ürək)

Ağız ədəbiyyatımız çox zəngindir. Bu zəngin irs bizə əcdadlarımızdan miras qalıb. Biz də onları qoruyub gələcək nəsillərə əmanət etməyə borcluyuq. Azərbaycan xalqının söz xəzinəsi, sərvəti tükənməzdir. Bu da bizim fəxr və qürur duyduğumuz bir aləmdir.

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 25 iyun.- S. 15.