Ekologiya və ətraf mühitin
mühafizəsi
Bizi əhatə edən canlı aləm - bitkilər, heyvanlar, su, hava və s. Allahın yaradılana bəxş etdiyi əvəzsiz nemətlərdir. Bunlarsız həyat olmadığı kimi, bu nemətlərin zərər görməsi də bir çox problemlərə - təbiətdə balansın pozulmasına, ətraf mühitin korlanmasına və təbii ki, insanların və digər canlıların da həyatında xəstəliklərə, narahatlıqlara yol açır. Biz də təbiətin bir parçasıyıq. İnsan təbiətin, ətraf mühitin qayğısına qalmalıdır ki, ətraf aləm də insanın qayğısına qala bilsin. Ətraf mühit dedikdə, insan fəaliyyətindən asılı olmayaraq, onu əhatə edən canlı təbiətin toplusu başa düşülür.
Ətraf mühitin mühafizəsi ekoloji hüquq normalarında, qanunvericilikdə nəzərdə tutulmuş müəyyən prinsiplərə uyğun olaraq ətraf mühitdə təbii mövcud olan maddi varlıqların ilkin kəmiyyət və keyfiyyətcə dəyişməsinə yol verilməməsi, qorunub saxlanmasıdır. Onların arasında mərkəzi yeri insanların həyat və sağlamlığının mühafizəsinin üstünlüyü tutur.
Məlum olduğu kimi, XIX əsrin sonlarından dünyada başlayan elmi-texniki tərəqqi, sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlər XX əsrin ortalarında öz mənfi nəticələrini büruzə verməyə başladı. Artıq insanlar təbiətə münasibətlərini dəyişməyəcəyi, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacağı təqdirdə bu prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz fəsadlara gətirib çıxaracağını anlamağa başladılar. Sözügedən problemin miqyasının kifayət qədər geniş olmasının fərqinə vardılar. Təsadüfi deyil ki, ekoloji problemin gələcəkdə qlobal kataklizmlərə səbəb olacağını başa düşən alimlər, ekoloqlar öz etiraz səslərini ucaltmağa, həyəcan təbili çalmağa başladılar. Problemin ciddiliyini dərk edən beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya ictimaiyyəti də, öz növbəsində, məsələni daim diqqət mərkəzində saxlamağa çalışırdı.
Nəhayət, 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin İsveçin paytaxtı Stokholmda keçirilən iclasında 5 iyun tarixinin Dünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunmasına qərar verilib. O vaxtdan etibarən hər il 5 iyun bütün dünyada təntənəli şəkildə qeyd olunur.
Dünya Ətraf Mühitin Mühafizəsi Gününün hər il geniş tədbirlərlə qeyd edildiyi Azərbaycanda da ətraf mühitin mühafizəsi və ekoloji problemlər daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə, ölkədə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində də mühüm işlər görülür. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar, həmçinin Azərbaycanda hidrometeorologiyanın inkişafına dair Dövlət Proqramı uğurla yerinə yetirilir. Beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların təşkili və ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər də bu qəbildəndir. Prezident İlham Əliyevin 2010-cu ili ölkədə "Ekologiya ili" elan etməsi bu sahəyə diqqəti daha da artırıb. "Ekologiya ili" çərçivəsində, eləcə də sonrakı illərdə ölkəmizdə milyonlarla ağacın əkilməsi, yeni parkların salınması və dövlət başçısının özünün bu kampaniyalarda iştirakı ətraf mühitin qorunmasına xüsusi diqqətin göstəricisi sayıla bilər. Bütün bunlarla yanaşı, ölkə əhalisi də Prezidentin bu istiqamətdə gördüyü işləri dəstəkləyir. Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən "Hərəmiz bir ağac əkək" layihəsi də bu sahəyə böyük töhfələr verib. Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə çərçivəsində ölkədə hektarlarla sahə yaşıllaşdırılıb. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2011-ci il iyulun 12-dən fəaliyyətə başlayan İDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində ölkədə ətraf mühitin qorunması sahəsində görülən işlər Azərbaycanda ekoloji problemlərin diqqət mərkəzində saxlanmasının göstəricisidir.
Ümumilikdə görünən odur ki, bu gün Azərbaycanda ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsi məsələlərinə daha çox diqqət yetirilir. Milli parkların yaradılması işi uğurla davam etdirilir, təbii ehtiyatların qorunması üçün uzunmüddətli dövlət planları nəzərdə tutulub. Onu da qeyd edək ki, son illər ölkədə ətraf mühitin mühafizəsi sahəsində bir sıra böyük layihələr uğurla həyata keçirilir. Ekoloji vəziyyətin sağlamlaşdırılması üçün həyata keçirilən bu layihələr su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, biomüxtəlifliyin qorunması, yaşıllıqların artırılması, atmosferin mühafizəsi, torpaqların deqradasiyasının qarşısının alınması, o cümlədən neft və digər tullantılarla çirklənmiş torpaqların təmizlənməsi, bərk sənaye və məişət tullantılarının, o cümlədən, təhlükəli tullantıların idarə olunmasının təkmilləşdirilməsi sahələrinə yönəldilib. Ötən müddət ərzində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq olunan "Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair", "Azərbaycan Respublikasında Hidrometeorologiyanın İnkişafı Proqramı" və digər proqramlarda nəzərdə tutulmuş tədbirlər ardıcıllıqla həyata keçirilib. Dövlət başçısının sərəncamı ilə ətraf mühitlə bağlı problemlərin həllinə yönəldilən mühüm və çox qiymətli sənəd olan "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"nın icrasını təmin etmək məqsədilə ölkənin gərgin ekoloji vəziyyətdə olan bölgələrinin, əsasən də Bakı şəhəri və Abşeron yarımadasının ətraf mühitinin sağlamlaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Kompleks Tədbirlər Planından irəli gələn ətraf mühitin qorunmasına yönəldilmiş Bakı Buxtasının, Bibiheybət zonasının, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ətrafının, Abşeron yarımadasındakı göllərin, neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, bərk məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi və s. tədbirlər uğurla həyata keçirilib. Azərbaycan ətraf mühitin mühafizəsi sahəsindəki son on illik fəaliyyətinə görə dünyada ikinci yerdə qərarlaşıb. ABŞ-ın Yel və Kolumbiya universitetləri tərəfindən hazırlanan "Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksi" (Environmental Performance İndex) adlı sənəddə Azərbaycanın bu mövqeyi öz əksini tapıb. Sənədə əsasən, Azərbaycan ətraf mühitlə bağlı xəstəliklərin azalması sahəsində birinci yerdədir. Buna insan sağlamlığına mənfi təsir edən ekoloji problemlərin aradan qaldırılması istiqamətində görülmüş işlər zəmin yaradıb. Belə ki, təhlükəli tullantıların idarə olunması sahəsində dəyişikliklər, o cümlədən 300 min tona yaxın civə tərkibli toksiki tullantıların müasir təhlükəli tullantılar poliqonunda tam zərərsizləşdirilməsi, əhalinin içməli su ilə, o cümlədən regionlarda 340 minə yaxın əhalinin Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə cavab verən içməli su ilə təmin edilməsi, bərk məişət tullantıları və çirkab suların idarə olunmasındakı irəliləyişlər, neftlə çirklənmiş ərazilərin reabilitasiyası və s. belə nəticələrin əldə olunmasına gətirib çıxarıb.
Azərbaycan, həmçinin, meşələrlə bağlı qiymətləndirmədə hər 3 komponent üzrə - meşə ehtiyatlarının vəziyyəti, meşə örtüyünün dəyişməsi və meşə itkiləri sahəsində - həm ətraf mühitin vəziyyətinin indeksi, həm də ekoloji inkişafın göstəricilərinə görə ən yüksək nəticə göstərərək 132 dövlət arasında birinci yeri tutub.
Ötən il də ətraf mühitin mühafizəsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsini həyata keçirən qurumları tərəfindən il ərzində hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 2995 akt və 774 protokol tərtib olunub və aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 1180 müddətli "məcburi göstəriş" verilib.
Su ehtiyatlarının mühafizəsi üzrə görülmüş işlər də öz nəticəsini verib. Bu sahədə 304 akt və 70 protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 160 müddətli "məcburi göstəriş" verilib.
Atmosfer havasının çirklənməsi də ətraf mühitə çox güclü təsir göstərir. Ona görə də ETSN havanın çirklənməsinin qarşısını almaq üçün davamlı tədbirlər həyata keçirib. Bu sahə üzrə 345 akt və 73 protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 280 müddətli "məcburi göstəriş" verilib. Torpağın mühafizəsi üzrə 178 akt və 87 protokol, yerin təkinin mühafizəsi üzrə 176 akt və 78 protokol, məişət tullantıları üzrə 397 akt və 95 protokol, istehsalat tullantıları üzrə 479 akt və 56 protokol tərtib olunub ki, onların da icrası müvafiq orqanlar tərəfindən nəzarətə götürülüb.
Flora və fauna ehtiyatlarının mühafizəsi də nazirliyin daim diqqət mərkəzində olub. Hazırda bu istiqamətdə işlər uğurla davam etdirilir.
Bütövlükdə, ekologiya və ətraf mühitin mühafizə olunmasında təkcə müvafiq qurumlar deyil, bütün vətəndaşlar aktiv olmalıdır. Yalnız o zaman daha effektiv nəticələr ortaya qoymaq olar.
Vidadi XUDAŞOV
Bakı xəbər.-2015.- 26 iyun.-
S. 14.