Milli mətbuatımıza dövlət
qayğısı...
140 illiyini qeyd etməyə hazırlaşdığımız milli mətbuatımız çox uzun və şərəfli bir yol keçib. Azərbaycan mətbuatının əsas inkişaf dövrü dövlət müstəqilliyimizlə bağlıdır. Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən sonra böyük çətinliklər və problemlər içində olan mətbuatımızın dirçəldilməsinə, inkişafına xüsusi önəm verildi. Onu da vurğulayaq ki, azad sözün inkişafına xidmət göstərən zəngin qanunvericilik bazası da Heydər Əliyevin dövründə formalaşmağa başladı.
Məlum olduğu kimi, ölkə Konstitusiyasında azad sözün müdafiəsi ilə bağlı təsbitlərin yer alması, müfəssəl müddəaların qeyd edilməsi, o cümlədən 1998-ci ildə senzuranın ləğvi, KİV haqqında qanunun qəbulu Azərbaycanın mətbuat tarixində mühüm hadisələrə çevrildi. Milli mətbuatımız Heydər Əliyevin timsalında öz himayədarını, dostunu tapdı. Milli mətbuatımızın tarixini, keçdiyi yolu incəliyinə qədər bilən Heydər Əliyevin 2000-ci ildə Azərbaycan milli mətbuatının 125 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncam bu gün də minnətdarlıq hissi ilə xatırlanır. Bu onu göstərirdi ki, Azərbaycan mətbuatı dövlətin diqqət mərkəzindədir. Milli mətbuatın müstəqillik dövründə ilk yubileyi-125 illiyi Heydər Əliyevin sərəncamı ilə qeyd edildi. Əlbəttə, mətbuat hər bir cəmiyyətin inkişafında xüsusi rol oynayır, dövlətin, dövlətçiliyin möhkəmlənməsində iştirak edir. Elə buna görə də mətbuat "dördüncü hakimiyyət" adlandırılır. Azərbaycan mətbuatının yaradılması, onun irəliləməsi dövlətin qarşıya qoyduğu əsas məqsədlərdəndir.
2000-ci il 22 iyul tarixində "Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi münasibətilə Azərbaycan Respublikasının mərhum Prezidenti Heydər Əliyev jurnalistlərlə görüşüb, onlarla maraqlı söhbət edib.
Rəsmi sənədlərlə qeyd edilir ki, Azərbaycanda milli mətbuatın yaranmasının 125 illiyi münasibətilə jurnalistlərlə görüşdə çıxış edən ümummilli lider Heydər Əliyev demokratik, hüquqi, dünyəvi, qanunlarla yaşayan dövlətdə jurnalistikanın çox vacib peşə olduğunu, mətbuatın çox vacib sahə olduğunu qeyd edib. O, hər zaman mətbuatın yanında olacağını da iştirakçıların nəzərinə çatdırıb.
Bildiyimiz kimi 22 iyul 1875-ci ildə Azərbaycanda görkəmli ictimai-siyasi xadim, jurnalist Həsən bəy Zərdabinin "Əkinçi" qəzeti nəşr olunmağa başlayıb. Azərbaycanın ilk milli qəzetinin işıq üzü gördüyü həmin gün hazırda respublikada Milli Mətbuat Günü kimi qeyd edilir.
Azərbaycan dövlətində insan hüquqlarının, siyasi plüralizmin, vətəndaş cəmiyyətinin mövcudluğu öz təsdiqini həm də demokratik institut kimi formalaşmış kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətində, onların inkişafı üçün yaradılmış hüquqi təminatlarda tapır. O da bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində ölkə vətəndaşlarının söz, məlumat toplamaq, öz rəyini sərbəst ifadə etmək və digər azadlıqları təsbit olunub. Bu azadlıqlar ölkə vətəndaşlarının qanuni üsullarla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək və yaymaq hüququna dövlət tərəfindən verilən təminata əsaslanır.
O da bəllidir ki, Azərbaycan Respublikası söz və mətbuat azadlığının təmin edilməsi sahəsində bir sıra beynəlxalq konvensiya və sazişlərə qoşulub. Ümummilli lider Heydər Əliyevin "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" 16 avqust 1998-ci il tarixli Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Mərhum Prezidentin bu fərmanı kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, cəmiyyət həyatında onların səmərəli rolunun artırılması sahəsində geniş dövlət proqramının əsas istiqamətlərini müəyyənləşdirib. Mətbuatımızın inkişafına böyük töhfə verən digər bir mühüm amil Azərbaycanın nüfuzlu beynəlxalq təşkilat olan Avropa Şurasına üzv qəbul edilməsi olub. Təşkilata üzvlükdən sonra ölkədə aparılan demokratik islahatlar söz və mətbuat azadlığının daha geniş bərqərar olmasına imkan yaradıb. Rəsmi məlumatlara görə, Mətbuat və İnformasiya Nazirliyinin ləğvi kütləvi informasiya vasitələrinin təsis olunmasını və onlardan istifadə qaydalarını qat-qat asanlaşdırıb, bu sahədəki bürokratik əngəlləri tamamilə aradan qaldırıb. Ölkədə ictimai televiziyanın yaradılması da adıçəkilən sahələrdə irəliyə atılmış addımlardan biridir.
Məlum olduğu kimi, respublikada mətbuatın problemlərini həll etmək, mətbuatla cəmiyyət, eləcə də dövlət arasında münasibətləri tənzimləmək məqsədi daşıyan Mətbuat Şurası yaradılıb. Şura yaradılarkən Avropa standartlarına önəm verilib, Avropa təcrübəsindən istifadə olunub. Qurumun tərkibində hüquq, dil, təhsil və şikayətlərlə bağlı komissiyalar fəaliyyət göstərir.
Azərbaycan mətbuatının inkişafına xüsusi qayğı göstərən Heydər Əliyev mətbuatın maddi-texniki bazasının təkmilləşdirilməsinə daim böyük əhəmiyyət verib. Bununla bağlı 2001-ci ildə KİV-lərə dövlət qayğısının artırılması üçün iki mühüm sənəd imzalanıb. KİV-lər əlavə dəyər vergisindən azad edilib. Onlara uzunmüddətli kreditlərin verilməsi qərara alınıb. Qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcları beş il müddətinə dondurulub.
Heydər Əliyevdən sonra onun qoyduğu
ənənələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
davam etdirib. 2000-ci ildə
Heydər Əliyev Azərbaycan milli mətbuatının
yaranmasının 125 illiyinin keçirilməsi
barədə Fərman vermişdisə, 2005-ci ildə Prezident İlham Əliyev milli mətbuatımızın 130 illiyinin geniş miqyasda keçirilməsi haqqında sənəd
imzaladı. 2000-2005-ci illərdə qəbul olunan
dövlət sənədlərində və həyata
keçirilən əməli işlərdə dövlətin
mətbuata qayğısı özünü
aydın göstərir. Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev milli mətbuatın
130 illiyi münasibətilə
imzaladığı sərəncamlara əsasən, ölkənin
aparıcı KİV-lərinin böyük
bir qrupuna maddi yardım göstərilib. Eyni zamanda 140-dan artıq jurnalist orden, medal və digər fəxri adlara layiq görülüb. Daha sonra
isə "İnformasiya
əldə etmək haqqında" Azərbaycan
Respublikasının Qanunu
qəbul olunub.
Rəsmi
sənədlərə istinadən
onu da qeyd
edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci il iyulun
31-də Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Konsepsiyasının təsdiq
edilməsi haqqında
Sərəncam imzalayıb.
Sərəncama əsasən, dövlət
orqanları ilə kütləvi informasiya vasitələri arasında
səmərəli əməkdaşlıq
münasibətlərinin inkişaf
etdirilməsi, kütləvi
informasiya vasitələrinin
iqtisadi müstəqilliyinin
və jurnalistlərin
peşəkarlığının artırılması məqsədilə
Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Konsepsiyası təsdiq
edilib.
Azərbaycan Respublikası Prezidentinin
ictimai-siyasi məsələlər
üzrə köməkçisi
Əli Həsənov Azərbaycan dövlətinin
son 15 ildə milli mətbuata göstərdiyi
qayğıdan danışarkən
mətbuatımızın yubiley
tarixlərinə də
toxunub: "Azərbaycan
dünyada keçmiş
mədəniyyəti yaşadan
və bu gündə onu bəşəri dəyərlərlə
zənginləşdirən inkişaf edən bir dövlət kimi tanınır. Və bu tanınmada da bizim ziyalılarımız,
mətbuat orqanlarımız,
onların apardığı
təbliğat fəal
rol oynayır. Həsən bəy Zərdabi də öz dövründə, zamanında o dövrdə
ən ali
məqsədli, ali təfəkkürlü ziyalının
edə biləcəcyi
işləri görürdü.
Ona görə də haqlı olaraq ümummilli liderimiz Heydər Əliyev 1995-ci ildə Azərbaycanda milli mətbuatın ilk yubiley ənənəsini qoyaraq Həsən bəy Zərdabinin xatirəsini faktiki olaraq dövlət siyasəti səviyyəsində
əbədiləşdirdi. 1995-ci ildə ilk dəfə
Azərbaycanda milli mətbuatın yubiley tədbiri keçirildi.
İlk dəfə Milli Mətbuat Gününün
22 iyul olmasının
təsdiqlənməsi ilə
bağlı prezident sərəncamı oldu və ondan sonra
Azərbaycanda milli mətbuatın yubileylərinin
keçirilməsi ənənəsi
qoyuldu. 1995-ci ildə, 2000-ci ildə,
2005-ci və 2010-cu ildə
yubiley tədbirlərini
keçirdik. Prezidentin xüsusi
sərəncamı ilə
bir neçə mətbuat nümayəndəsi
təltif olundu".
Qeyd edək ki, 2005-ci il 20 iyun tarixində
Azərbaycan milli mətbuatının 130 illik
yubileyinin keçirilməsi
haqqında Azərbaycan
Respublikası Prezidentinin
Sərəncamı milli
mətbuatımıza göstərilən
qayğının bariz
nümunəsidir.
Sözügedən sərəncamda bildirilir
ki, 2005-ci ildə zəngin tarixi, mütərəqqi və şanlı ənənələri
olan Azərbaycan milli mətbuatının
130 ili tamam olur: "1875-ci il iyulun 22-də "Əkinçi"
qəzetinin nəşrə
başlaması ilə
böyük maarifçi,
naşir Həsən bəy Zərdabi tərəfindən əsası
qoyulmuş Azərbaycan
milli mətbuatı ölkəmizdə həmişə
qabaqcıl ideyaların
carçısı, dövrün,
ictimai-siyasi həyatın
güzgüsü olmuşdur.
XIX əsrin sonu
- XX əsrin əvvəlində
milli azadlıq ideyalarının, milli şüurun, mədəniyyətin,
maarifçiliyin inkişafında
Azərbaycan mətbuatının
rolu danılmazdır.
İctimai fikrin digər
ifadə vasitələrinin
kifayət qədər
inkişaf etmədiyi bir zamanda mətbuat
qabaqcıl ideyaları
cəsarətlə təbliğ
etmiş, xalqın geniş dairələrini düşündürən, zehnini
məşğul edən
problemləri diqqət
mərkəzinə gətirmiş,
ictimaiyyətin müzakirəsinə
çıxarmışdır. Xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında
və zənginləşməsində,
Azərbaycan ədəbi
dilinin inkişafında
milli mətbuat müstəsna xidmətlər
göstərmişdir. Azərbaycan Respublikasının müstəqillik
qazandığı və
suveren dövlət quruculuğu prosesini yaşadığı müasir
dövrdə kütləvi
informasiya vasitələri,
o cümlədən milli
mətbuatımızın qarşısında
tamamilə yeni vəzifələr durur.
Bu gün mətbuat müstəqil dövlət,
sivil, demokratik vətəndaş cəmiyyəti
quruculuğunda, iqtisadi
və sosial islahatların həyata keçirilməsində, cəmiyyətdə
sosial ədalət və şəffaflığın
təmin edilməsində,
insan hüquqlarının
müdafiəsində, həmrəylik
və tolerantlıq mühitinin yaradılmasında,
milli şüurun, siyasi mədəniyyətin
və bütövlükdə
sağlam mənəvi
dəyərlərin formalaşmasında
mühüm rol oynamalıdır. Hazırda ölkəmizdə
həyata keçirilən
bütün bu proseslərin mətbuatın,
kütləvi informasiya
vasitələrinin iştirakı
olmadan reallaşdırılması
təsəvvür edilə
bilməz.
Azərbaycanda demokratik, plüralist mətbuatın formalaşmasından,
onun hüquqi-normativ bazasının yaradılmasından,
azad sözün, fikir və məlumat
azadlığının təmin
edilməsindən danışarkən
ümummilli liderimiz Heydər Əliyevin xidmətlərini ayrıca
qeyd etmək lazımdır".
Sənəddə qeyd edilirdi ki, azad mətbuatın
inkişafına əngəl
yaradan süni məhdudiyyətlərin, o cümlədən
senzuranın aradan qaldırılması, qanunvericiliyin
təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki
bazasının möhkəmləndirilməsi
və onlar üçün çoxsaylı
güzəştlərin müəyyənləşdirilməsi,
bu istiqamətdə verilmiş bir sıra fərman və sərəncamlar, mətbuat işçiləri
ilə mütəmadi
görüşlər ənənəsinin
yaradılması, KİV-lə
bağlı problemlərə
operativ və prinsipial müdaxilə - bütün bunlar Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına
münasibətini səciyyələndirən
faktlardır: "Bu gün
dövlət-mətbuat münasibətlərində
Heydər Əliyevin siyasətini və ənənələrini davam
etdirərək, Azərbaycan
dövləti mətbuatın
fəaliyyətinə normal şərait yaradılması,
onun cəmiyyət həyatına təsirinin,
demokratikləşmə proseslərində
rolunun təmin edilməsi və artırılması, vətəndaşların
və jurnalistlərin
informasiya almaq hüququnun tam reallaşdırılması
üçün ardıcıl
tədbirlər görür.
Qloballaşma və informasiya
əsrində bütün
dövlət orqanlarının
fəaliyyətində professionallıqla
yanaşı, şəffaflıq
prinsiplərinin də
tətbiq olunmasını
təmin etmək zərurəti yaranır, onların ictimaiyyətlə
əlaqələrinin fəallaşdırılması
üçün təsirli
tədbirlər görülür.
İndiki şəraitdə dövlət qurumları qarşısında KİV-lə
normal, işgüzar münasibətlərin
qurulması, jurnalistlərin
informasiya almaq hüquqlarına hörmətlə
yanaşılması, mətbuatla
hərtərəfli əməkdaşlıq
edilməsi vəzifəsi
qoyulmuşdur. Bundan başqa,
mətbuatın müstəqilliyinin,
maddi bazasının, maliyyə təminatının
möhkəmləndirilməsində, jurnalistlərin peşəkarlıq
səviyyəsinin, jurnalist
nüfuzunun yüksəldilməsində
dövlətin maraqlı
olduğu bəyan edilir və bunun üçün konkret tədbirlər görülür. Mətbuat və
informasiya sahəsində
münasibətləri tənzimləyən
dövlət qurumunun olmadığı şəraitdə
ictimai özünütənzimləmə
orqanı kimi Mətbuat Şurasının
rolu artırılmalıdır.
Mətbuat Şurası dövlət-mətbuat,
vətəndaş-mətbuat münasibətlərinin sivil
yolla nizamlanmasında,
jurnalist etikasına əməl olunmasında, jurnalistlərin hüquqlarının
müdafiəsində, informasiya
almaq imkanlarının
genişləndirilməsində getdikcə daha fəal rol oynamalıdır.
Mətbuatdan və bütün
kütləvi informasiya
vasitələrindən daha
çox obyektivlik, peşəkarlıq, qərəzsizlik,
yüksək milli şüur və vətənpərvərlik, aktual
problemlərə diqqət
yönəldilməsi gözlənir".
Azərbaycan milli mətbuatının
130 illiyi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamı ilə
Azərbaycan milli mətbuatının 130 illik
yubileyi ölkəmizin
şəhər və
rayonlarında geniş
şəkildə qeyd
edildi, Azərbaycan milli mətbuatının inkişafında xüsusi
xidmətləri olan jurnalistlər mükafatlandırıldı.
Ardı var.
İradə SARIYEVA
Bakı xəbər.-2015.- 26 iyun.-
S. 15.