Milli Mətbuatımızın yubiley tarixləri və Prezident sərəncamları...

 

140 illiyini qeyd etməyə hazırlaşdığımız Milli Mətbuatımız çox uzun və şərəfli bir yol keçib. Azərbaycan mətbuatının əsas inkişaf dövrü dövlət müstəqilliyimizlə bağlıdır. Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən sonra böyük çətinliklər və problemlər içində olan mətbuatımızın dirçəldilməsinə, inkişafına xüsusi önəm verildi.

Onu da vurğulayaq ki, azad sözün inkişafına xidmət göstərən zəngin qanunvericilik bazası da Heydər Əliyevin dövründə formalaşmağa başladı. Məlum olduğu kimi, ölkə Konstitusiyasında azad sözün müdafiəsi ilə bağlı təsbitlərin yer alması, müfəssəl müddəaların qeyd edilməsi, o cümlədən 1998-ci ildə senzuranın ləğvi, KİV haqqında qanunun qəbulu Azərbaycanın mətbuat tarixində mühüm hadisələrə çevrildi. Milli mətbuatımız Heydər Əliyevin timsalında öz himayədarını, dostunu tapdı.

Ümumiyyətlə, milli mediamızın müstəqillik illərində keçdiyi yol, bu yolun şərəfli yolçuları, dövlətin bu sahəyə verdiyi misilsiz dəyər müqayisəyəgəlməzdir.

Keçən sayımızda Azərbaycan Milli Mətbuatının 125 və 130 illik yubileylərinin dövlət səviyyəsində keçirilməsindən bəhs etdik. Bu sayımızda isə Milli Mətbuatımızın 135 illik yubileyi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin verdiyi sərəncamdan danışacağıq. 5 il bundan əvvəl verilən sərəncam mətbuatımız üçün olduqca əhəmiyyətlidir. Bu baxımdan, tarixə qayıdıb bu sənədlərlə, onun əhəmiyyəti ilə bağlı danışmağımız yerinə düşür. Çünki bu sənəddə mətbuata komleks münasibət varonun inkişafı əsas hədəfdir.

10 iyun 2010-cu il tarixində Azərbaycan Milli Mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin verdiyi Sərəncam haqda danışarkən qeyd etməliyik ki, bu sərəncamda Azərbaycan mətbuatının keçdiyi yola nəzər salınır və milli mediamızın çətin şəraitdə öz yolundan dönməməsi qeyd edilir. Burada eyni zamanda Milli Mətbuata dövlət qayğısının əhatəli və davamlı olması əks olunur. Sənəddə bildirilir ki, mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmiş milli mətbuatımız həmişə xalqımızın şanlı tarixinin güzgüsü olub. XIX əsrin ikinci yarısı-XX əsrin əvvəllərində Əkinçi ənənələrini davam etdirən Ziya, Kəşkül, Şərqi-rus, Həyat, İrşad, Molla Nəsrəddin və digər nəşrlər insanları yüksək ideallar uğrunda mübarizəyə səsləmiş, milli oyanış və özünüdərk prosesinin aparıcı nümunələri kimi tanınaraq şöhrət qazanmışdı. Azərbaycan mətbuatı xalqımızın azadlıq arzularının gerçəkləşməsinə, mənəvi dəyərlərinin qorunmasına, mədəniyyətinin tərəqqisinə, qabaqcıl ictimai fikrin, milli şüurun formalaşmasına böyük töhfələr verib: XX əsrin sonlarında müstəqillik qazandıqdan sonra demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikasında söz və məlumat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə zəruri şərait yaradılması prioritet vəzifə kimi müəyyənləşdirilib. Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılıb.

Sənəddə o da qeyd olunur ki, ölkəmizin sürətlə inkişaf etdiyi, demokratikləşmə prosesinin dərinləşdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə kütləvi informasiya vasitələrinin, o cümlədən milli mətbuatımızın qarşısında yeni vəzifələr durur: Bu gün Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır. Bütün dünyada olduğu kimi, Azərbaycanda da mətbuat qarşıda duran vəzifələri yeni informasiya resurslarının ardıcıl inkişafı ilə şərtlənən mürəkkəb rəqabət mühitində yerinə yetirir. Azərbaycan dövlətinin artan imkanları milli mətbuatımızın inkişafı yolunda çətinliklərin aradan qaldırılması, onun aktual problemlərinin həlli məqsədilə kompleks tədbirlərin həyata keçirilməsinə şərait yaratmışdır. Bu gün mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin stimullaşdırılması, dövlət orqanları ilə mətbuat arasında səmərəli əməkdaşlığın inkişafı, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına daha münbit şəraitin yaradılması, onların sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan dövləti və cəmiyyətinin qarşısında duran mühüm vəzifələrdir.

Azərbaycan Respublikası Prezidentinin məlum sərəncamı ilə Azərbaycan Milli Mətbuatının 135 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd edildi. Bu yubiley dövründə yadda qalan hadisələr, uğurlar, sevincimizə səbəb olan hadisələr çox oldu. Bir sıra jurnalistlər, mətbuat işçiləri fəxri adlar, mükafatlar aldı, medallarla təltif olundu. Əlbəttə, bütün bunlar Azərbaycan mətbuatına göstərilən qayğının nəticəsidir. Bu eyni zamanda media təmsilçilərinə, mətbuat orqanlarına stimul verdi.

Azərbaycan Milli Mətbuatının 135 illiyi ilə əlaqədar yaddaqalan hadisələrdən biri də Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oldu. Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi və Azərbaycan Respublikasının bir sıra kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2010-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 1,0 milyon manat məbləğində vəsait ayrıldı. Azərbaycan Milli Mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 280,0 min manat məbləğində birdəfəlik maliyyə yardımı edildi.

Bununla bərabər 32 qəzet redaksiyasının hər biri 20,0 min manat birdəfəlik maliyyə yardımı aldı.

Onu da xatırladaq ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2006-cı il fevralın 8-də imzaladığı Sərəncama əsasən, redaksiyaların Azərbaycan nəşriyyatına olan 400 min manat məbləğində borcu dövlət büdcəsindən ödənilib. 2005-ci ildən son illərə kimi 300-ə yaxın KİV əməkdaşı dövlət mükafatlarına və fəxri adlara layiq görülüb, 2005-ci ildə 30 qəzet redaksiyasının hər birinə 2 min manat, 2008-ci ildə 38 mətbuat orqanının hər birinə 5 min manat, 2009-cu ildə isə 39 qəzet redaksiyasına yenə də ayrılıqda 10 min manat məbləğində dövlət tərəfindən yardım ayrılıb.

Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 2008-ci il 31 iyul tarixli Sərəncamla təsdiq edilmiş Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası söz və məlumat azadlığının, KİV-lərin müstəqilliyinin təmin edilməsi məqsədilə kompleks tədbirlər nəzərdə tutan mühüm sənəddir. Konsepsiyada əks olunmuş məsələlərin həlli üçün 2009-cu ildə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ardıcıl tədbirlər həyata keçirir. 2009-cu ildə bu məqsədlə dövlət büdcəsindən Fonda 1,3 milyon manat, 2010-cu ildə isə 2 milyon manat ayrılıb.

Bildiyimiz kimi, bu il iyul ayının 22-də Azərbaycan Milli Mətbuatının 140 yaşı tamam olur. Azərbaycan dövlətinin qayğısı ilə özünün yeniinkişaf dövrünü yaşayan milli mətbuatımıza göstərilən dövlət qayğısı ilbəil artırılır, geniş miqyas alır.

Qeyd edək ki, bu ilin 2 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, hazırda Azərbaycanda 200-dən artıq qəzet, 100-ə yaxın jurnal, 50-dən çox televiziyaradio kanalı, onlarla mətbuat yayımı şirkəti və jurnalist təşkilatı fəaliyyət göstərir. Sənəddə qeyd edilir ki, internetin sürətli inkişafı çoxsaylı informasiya resurslarının yaranmasına səbəb olub, ölkə əhalisi arasında internet yayımı 75 faizə çatıb, sosial şəbəkə istifadəçilərinin sayı 2 milyona yaxınlaşıb: 2008-ci ildə təsdiq olunmuş Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasına uyğun olaraq milli mətbuatın müstəqilliyinin dəstəklənməsi, redaksiyalara yardım mexanizminin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi, cəmiyyət və mətbuat arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, sosial təminatının yaxşılaşdırılması və əməyinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir.

Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycan Respublikası regionun siyasi, iqtisadihumanitar mərkəzi statusunu qazanaraq beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuşdur. Mövcud inkişaf dinamikası Azərbaycanın milli informasiya resurslarından da yan keçməmiş, onların ümumdünya informasiya şəbəkəsindəki çəkisini artırmış, rəqabət qabiliyyətini yüksəltmişdir. Qlobal informasiya məkanının gündən-günə genişləndiyi, beynəlxalq təbliğat fəaliyyətinin ayrı-ayrı ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərdiyi müasir dövrdə kütləvi informasiya vasitələrimiz daha peşəkar, obyektivprinsipial olmalı, yüksək milli şüur və vətənpərvərlik nümayiş etdirərək Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tutmalıdırlar. Mətbuatımız ölkəmizdə müasir cəmiyyət quruculuğu, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsi, siyasi mədəniyyətin inkişaf etdirilməsi, mənəvi-əxlaqi dəyərlərin qorunub saxlanması və təbliğində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir.

Sənəddə vurğulanır ki, Azərbaycan Milli Mətbuatının ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı yeri, vətəndaş cəmiyyətinin inkişafı, milli mənəvi dəyərlərin təbliği, gənc nəslin vətənpərvərlik tərbiyəsi sahəsində xüsusi rolu var. Ölkə başçısının imzaladığı Sərəncamda Azərbaycan Milli Mətbuatının 140 illik yubileyinin Azərbaycan Respublikasında geniş qeyd olunması əks olunub...

Əlbəttə, Prezidentin bu sərəncamı da mətbuat təmsilçiləri tərəfindən sevinclə qarşılanıb. Azərbaycan dövlətinin Azərbaycan Milli Mətbuatına göstərdiyi diqqət və qayğının əhatəsi, məzmunu çox genişdir və növbəti sayımızda bu barədə fikirlərimizi qeyd edəcəyik.

 

əvvəli, ardı var

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 30 iyun.- S. 13.