Müstəqil dövlətçilik tarixində KİV nümayəndələrinin sosial rifahına dövlət qayğısı...

 

140 illiyini qeyd etməyə hazırlaşdığımız Milli Mətbuatımız çox uzun və şərəfli bir yol keçib. Azərbaycan mətbuatının əsas inkişaf dövrü dövlət müstəqilliyimizlə bağlıdır. Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən sonra böyük çətinliklər və problemlər içində olan mətbuatımızın dirçəldilməsinə, inkişafına xüsusi önəm verildi.

Onu da vurğulayaq ki, azad sözün inkişafına xidmət göstərən zəngin qanunvericilik bazası da Heydər Əliyevin dövründə formalaşmağa başladı. Əlbəttə, burada Azərbaycan Respublikasının Przedenti İlham Əliyevin də gördüyü işlər təqdirəlayiqdir. O, Heydər Əliyevin yolunu davam etdirərək mətbuata sonsuz qayğısını əsirgəməyib.

Azərbaycan mətbuatına göstərilən dövlət qayğısından dövlətə, dövlətçiliyə, milli maraqlara, xalqa bağlı olan bütün mətbuat orqanlarına pay düşüb desək, yanılmarıq. Dövlətin mətbuatla bağlı aydın strategiyası var. Bilirik ki, son illər Azərbaycan mətbuatının inkişafı dövlətin xüsusi diqqət göstərdiyi sahədir. Bu da məlumdur ki, milli mətbuatın çağdaş dünyanın mütərəqqi KİV-ləri ilə tənləşməsi üçün çox böyük işlər görülür. Mətbuat işçilərinə qayğı və diqqət məsələsində, deyərdik ki, ölkəmiz çox irəlidədir. Məlum olduğu kimi, bu gün dünyanın çox yerində dövlət jurnalistləri evlə təmin etmir, onların sosial qayğıları ilə maraqlanmır. Azərbaycanda isə ölkə başçısı İlham Əliyevin bu sahəyə diqqəti təqdirəlayiqdir.

Azərbaycan mətbuatının qarşıdan gələn 140 illik yubileyi ilə bağlı Prezident Sərəncamının əhəmiyyəti böyükdür. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna Azərbaycan Mətbuat Şurası ilə birlikdə Bakı şəhərində və respublikanın bölgələrində yubiley tədbirlərinin keçirilməsinin təmin edilməsi barədə tapşırıq verilib. Eyni zamanda sənəddə jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təkliflərinin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırığı verilib...

Yeri gəlmişkən, dövlətin mətbuatla bağlı siyasətini həyata keçirən qurumlardan biri - Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqda da danışmaq istəyirik. Əvvəla onu qeyd edək ki, Fondun yaradılması dövlətin mətbuata verdiyi dəstəyin bariz nümunəsidir. Fondun yaranması həqiqətən tarixi zərurət idi. Məlumdur ki, KİV-lərin iştirakı ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyası hazırlandı və ölkə Prezidentinə təqdim edildi. Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli sərəncamı ilə Konsepsiya təsdiqləndi. Konsepsiyadan irəli gələn vəzifələri həyata keçirmək məqsədilə 3 aprel 2009-cu ildə Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Onu da qeyd edək ki, Fondun əsas məqsəd və vəzifələri söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirmək, jurnalistlərin peşəkarlığı və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqramları, layihələri (bundan sonra - layihələr) və digər tədbirləri maliyyələşdirməkdir.

Onu da bildirək ki, Fond yaradıldıqdan sonra qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi, mətbuat işçilərinin sosial vəziyyətinin yaxşılışdırılması üçün müxtəlif tədbirlər həyata keçirilməyə başladı. Artıq 6 ildir fəaliyyət göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu indiyə qədər saysız işlərə imza atıb. Buna misal olaraq ölkə qəzetlərinə dəstək göstərir. Qəzetlərə, portallara maliyyə yardımı Fondun Müşahidə Şurası tərəfindən təsdiqlənmiş qaydalar və əsasnaməyə uyğun həyata keçirilir. Belə ki, maliyyə yardımları əsasən müsabiqə üsulu ilə reallaşdırılır. Konsepsiyada nəzərdə tutulan istiqamətlər layihə kimi həyata keçirilməsi üçün redaksiyalara təklif olunur, redaksiyalar isə fondla bağlanmış müqavilənin şərtləri əsasında layihləri həyata keçirirlər. Bunun müqabilində qəzetlərin dövriyyəsi, tirajı və yayımı nəzərə alınmaqla maliyyə dəstəyi göstərilir. Beş il ərzində yüzlərlə gündəlik və həftəlik qəzet maliyyə dəstəyi alıb. Onu da qeyd edim ki, dəstək prosesi daim dövlət başçısının diqqət mərkəzindədir və hər il artan templə gedir. Bundan başqa, KİVDF müstəqil və dövlət qurumları ilə birgə jurnalist peşəkarlığının artırılması, onların maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə yazı müsabiqələri keçirir.

Onu da qeyd edək ki, fərdi yazı müsabiqələrində keçən 5 il ərzində 1000-dən çox jurnalist faydalanıb, onlara ümumilikdə 500.000 manatdan artıq pul mükafatı verilib. 2015-ci ildə də bu ənənə davam etdirilir, jurnalistlər KİVDF-nin təşkilatçılığı ilə keçirilən müsabiqələrdə həvəslə iştirak edir.

Azərbaycan dövlətinin jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün həyata keçirdiyi tədbirlər də bu sırada xüsusi vurğulanmalıdır. Bildiyimiz kimi, 2010-cu ildə jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Prezident İlham Əliyev jurnalistlər üçün yaşayış binasının tikintisi barədə sərəncam imzaladı. 2013-cü ilin iyul ayında isə ölkə başçısı İlham Əliyevin iştirakı ilə həmin binanın açılışı keçirildi və jurnalistlərin istifadəsinə verildi. Beləliklə, 156 jurnalist ailəsi mənzillə təmin edildi. Bəlli olduğu kimi, binanın açılış mərasimində Prezident jurnalistlər üçün ikinci binanın tikintisi barədə Sərəncam imzaladı və binanın təməlqoyma mərasimi keçirildi. Hazırda həmin binada inşaat işləri davam etdirilir.

Birinci bina 2 blokdan və 17 mərtəbədən ibarətdir və binanın ümumi yaşayış sahəsi 17 min 600 kvadratmetrdir. Rəsmi məlumata görə, bina qısa müddətə və yüksək keyfiyyətlə inşa olunub. Ümumi sahəsi 22 min kvadratmetrə yaxın olan binanın həyətində geniş abadlıq-quruculuq işləri görülüb. Həyətdə uşaq meydançası quraşdırılıb, müxtəlif attraksionlar qoyulub. Binanın 354 nömrəli elektron ATS-i, iki su anbarı var.

Qeyd edək ki, 2013-cü ildə jurnalistlərin peşə bayramı günü 22 iyulda baş tutan tədbirdə Prezident junralistlərə dövlət qayğısının davamlı olacağını bildirmişdi: ...Deyə bilərəm ki, bu təşəbbüs dünya praktikasında ilk dəfədir reallaşır. Şadam ki, Azərbaycan bu sahədə də öz liderliyini göstərir. Çünki bildiyiniz kimi, jurnalistlərin peşəsi çox ağırdır, məsuliyyətlidir. Ancaq jurnalistlərin əksəriyyəti aldıqları maaşla bu cür evdə mənzil ala bilməzdi. Bu məqsədlə və eyni zamanda, öz sahəsində peşəkarlıq göstərmiş, uzun illər mətbuatda çalışmış jurnalistləri mükafatlandırmaq üçün hesab edirəm ki, bu təşəbbüs ən məqbul yol idi.

Mətbuat işçiləri ilə görüşlərimin birində jurnalistlər tərəfindən irəli sürülmüş bu təşəbbüsə dərhal dəstək verildi və qısa müddət ərzində belə gözəl, yaraşıqlı bina tikilmişdir. Əminəm ki, bu binanın ətrafında gələcəkdə böyük bir kompleks yaranacaqdır.

Prezident həmçinin onu da qeyd edirdi ki, mənzillər verilərkən jurnalistlər arasında ayrıseçkiliyə yol verilməyib:Bildiyiniz kimi, bu evdə mənzil alan jurnalistlərin arasında müxtəlif mətbu orqanların nümayəndələri, müxtəlif siyasi baxışlara malik olan insanlar vardır. Bu da təbiidir və bu təşəbbüs, burada aparılan bölgü bir daha göstərir ki, Azərbaycanda heç bir sahədə ayrı-seçkiliyə yol verilmiryol verilməməlidir. Məhz buna görə hesab edirəm ki, cəmiyyətdə çox sağlam mühit, sağlam ab-hava vardır. Əlbəttə ki, jurnalistlərin peşəkarlığı, onların ictimai rəydəki fəaliyyəti bu sağlam ab-havanı daha da sağlam edəcəkdir. Azərbaycanda söz azadlığı tam şəkildə təmin edilibdir. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyev tərəfindən senzuranı ləğv etməklə bağlı irəli sürülmüş təşəbbüs azad mətbuata təkan verdi. Çünki senzura olan bir ölkədə azad mətbuatdan söhbət gedə bilməzdi. Hesab edirəm ki, məhz o gündən başlayaraq Azərbaycanda azad mətbuatın tam formalaşması başlamışdır və bu gün Azərbaycanda söz azadlığı tam şəkildə təmin edilir. Yüzlərlə mətbu orqan sərbəst fəaliyyət göstərir, əlbəttə ki, senzuradan söhbət gedə bilməz. Azərbaycan, eyni zamanda, müasir texnologiyaların tətbiqində də öz sözünü deyir.

Qeyd edək ki, jurnalistlərin peşəkarlığının artırılması, jurnalist kadrlarının hazırlanması ilə bağlı dövlət dəstəyini əsirgəmir. Dövlətin arzusu odur ki, Azərbaycanda gənc peşəkar jurnalist kadrların hazırlanması daha da sürətlə getsin.

Əlbəttə, jurnalistlər də həmişə dövlət maraqlarının müdafiəsində öz sözünü deməlidir, deyir də. Azərbaycan jurnalistikası öz dövlətinə, xalqına, dövlətçiliyinə bağlıdır. Ölkə başçısı da 2013-cü ildə jurnalistlərlə görüşündə bildirirdi ki, gənc müstəqil dövlətlərdə vətənpərvərlik hissləri daha da güclü olmalıdır və daim o bu məsələ ilə bağlı öz fikirlərimi bildirir: Bir daha demək istəyirəm ki, bu sadəcə olaraq bir şüar, bir söz deyil, bu zərurətdir. Bizim gənclərimiz vətənpərvərlik ruhunda böyüməlidir, tərbiyə almalıdır və jurnalistikanın bu sahədə çox böyük rolu vardır.

 

əvvəli  var

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 30 iyun.- S. 15.