2015-ci ilin mədəniyyət paytaxtları layihəsi dövlətimizin mədəniyyət siyasətinin tərkib hissəsidir...

 

Azərbaycan dövlətinin mədəniyyət siyasətinin maraqlı və diqqətçəkən məqamları həddindən artıq çoxdur. Onlardan biri də artıq beş ildir davam etdirilən xalq yaradıcılığı paytaxtları layihəsidir. Bu layihə 2010-cu ildən keçirilir və mədəniyyətimizin, onun bütün sahələrinin təbliğində böyük rol oynayır. Olduqca yüksək dəyərləndirilən bu layihənin məqsədindən biri də Azərbaycanı tam olaraq tanıtmaqdır.

Məlum olduğu kimi, bu layihə Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, xalq yaradıcılığının təbliği və təşviqi istiqamətində aparılan islahatların davamı olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilir. Layihə çərçivəsində "2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları" proqramına əsasən, Gəncə "Azərbaycanın Əfsanələr Paytaxtı", Qazax "Folklor Paytaxtı" və Şəki "Sənətkarlıq Paytaxtı" elan edilib. Bununla əlaqədar 2010-cu il ərzində nominasiya üzrə Gəncədə milli mərasim, adət-ənənələr, şifahi xalq yaradıcılığı və milli oyunlar, Qazaxda xalq musiqisi, rəqsləri və teatrı, Şəki şəhərində isə xalq tətbiqi sənəti, ənənəvi dekorativ sənəti və milli təsviri sənət ənənələri ilə bağlı silsilə tədbirlər keçirilib. Bildiyimiz kimi, belə bir layihənin reallaşdırılması, eyni zamanda, həmin regionların turizm potensialının tanıtdırılmasına da xidmət edir. Ekspertlər hesab edir ki, bu layihənin həyata keçirilməsi ilə bu bölgələrə nəinki daxili, eyni zamanda xarici turistlərin də marağı artacaq. Qeyd edək ki, 2010-cu ildə Qazaxın folklor, Gəncənin əfsanələr və Şəkinin sənətkarlıq mərkəzi seçilməsi tamamilə uyğun olub.

Bu barədə tarixçi-etnoqraf Fəzail Vəliyev "Mədəniyyət" qəzetinə verdiyi açıqlamada deyib: "Məşhur "Əsli və Kərəm" dastanının yaranma və yayılma arealı Gəncəbasar bölgəsini əhatə edir. Bu əfsanə Ziyadoğlularla bağlıdır. Gəncə bəylərbəyi Uğurlu xan, Şahverdi xanCavad xan Ziyadoğlular nəslindəndirlər. Bu dastanla bağlı rəvayətlər, deyimlər bu gün də dolaşmaqdadır. Qazaxın folklor paytaxtı kimi dəyərləndirilməsində də həqiqət var. Bu diyarın insanları fikir və düşüncələrini bayatı və hikmətli sözlə ifadə edirlər. Qazaxda saz-söz sənəti çox geniş inkişaf edib. Burada musiqi alətlərinin hazırlanması, müxtəlif ansamblların yaradılmasını xüsusilə qeyd etmək istəyirəm. Bütün bunların hamısını küll şəklində götürəndə, demək olar ki, Azərbaycanın qərb bölgəsi başdan-ayağa folklor diyarıdır. Azərbaycanın məşhur sənətkarlıq şəhərləri çox olub. Amma XIX əsri, XX əsrin əvvəllərini və bugünkü vəziyyəti götürdükdə Şəkinin sənətkarlıq diyarı olması da qanunauyğundur".

Bu layihənin dövlət tərəfindən həyata keçirilməsinin dövlətin mədəniyyət siyasətinin tərkib hissəsi olduğunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayevqeyd edib. O, mətbuata açıqlamasında deyib ki, ölkə Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan mədəniyyəti inkişaf edibbu irəliləyişlər ölkə hüdudlarından kənarda da hiss olunur.

Məlum olduğu kimi, proqrama uyğun olaraq, 2010-cu ildə Gəncə şəhərinin Azərbaycanın əfsanələr, Qazaxın folklor, Şəkinin isə sənətkarlıq paytaxtları elan olunması sayəsində il ərzində həmin şəhərlərdə incəsənət, kinematoqrafiya, turizm, elm və təhsil, həmçinin digər profilli tədbirlər, investisiya, texniki proqram layihələri həyata keçirilib. Bundan başqa, il ərzində nominasiya üzrə Gəncədə milli mərasim, ədət-ənənələr və teatr, Şəkidə xalq tətbiqi sənəti, ənənəvi dekorativ sənət və milli təsviri sənət ənənələri ilə bağlı silsilə tədbirlər keçirilib.

Məlum olduğu kimi, artıq 2015-ci ilin mədəniyyət paytaxtları elan olunub. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsinin (diyarşünaslıq, folklor, sənətkarlıq) qorunması və dəstəklənməsi istiqamətində aparılan islahatlara start verilib.

Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin yaydığı məlumatda bildirilir. Nazirliyin məlumatında bildirilir ki, Azərbaycanın qeyri-maddi mədəni irsinin təbliği və təşviqi məqsədilə nazirlik tərəfindən həyata keçirilən "2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları" Proqramının bölgələrə verdiyi müsbət töhfələri nəzərə alaraq görülən işlərin yeni formada davam etdirilməsi məqsədilə yeni "Xalq yaradıcılığı paytaxtları" Proqramı təsdiq olunub: "Yeni Proqramla əlaqədar 2015-ci il üçün Şamaxı şəhəri "Azərbaycanın Ədəbiyyat Paytaxtı" və Qax şəhəri "Azərbaycanın Milli Mətbəx Paytaxtı" elan edilib.

Bu münasibətlə martın 4-də Xalça Muzeyində 2015-ci il üçün Azərbaycanın xalq yaradıcılığı paytaxtlarının təqdimat mərasimi keçirilib. Məsələ ilə əlaqədar Şamaxı və Qax rayonlarında il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfrans, "dəyirmi masa", konsert, müsabiqə, festival, sərgi, yarmarka, infotursair tədbirlərin təşkili nəzərdə tutulub".

Qeyd edək ki, Xalça Muzeyində keçirilən tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev layihə haqqında məlumat verərək deyib ki, xalq yaradıcılığı paytaxtlarının seçilməsinin əhəmiyyəti böyükdür: "Azərbaycanın qeyri-maddi mədəni irsinin təbliği və təşviqi məqsədilə nazirlik tərəfindən həyata keçirilən "2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları" Proqramı çərçivəsində 5 il ərzində üç nominasiya üzrə 15 "paytaxt" elan edilib. Ötən müddət ərzində xalq yaradıcılığı paytaxtlarında müxtəlif səviyyəli bir sıra tədbirlər keçirilib".

Tədbirdə Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları" Proqramının bölgələrə verdiyi müsbət töhfələri nəzərə alaraq görülən işlərin yeni formada davam etdirilməsi məqsədilə yeni "Xalq yaradıcılığı paytaxtları" Proqramının təsdiq olunduğunu söyləyib: "Beş ildir davam edən layihə bir çox uğurlu tədbirlərin keçirilməsinə səbəb olub. Bu layihə regionlarda mədəni həyatın canlandırılmasına, mədəniyyətin təbliğinə imkan verib. Proqram çərçivəsində Qəbələ, Şəki və Masallıda keçirilən mürəbbə, şirniyyatfolklor festivalları artıq ənənəyə çevrilib. Bu gün ilk dəfə olaraq yeni nominasiyalar üzrə layihəyə start verilir. Yeni proqramla əlaqədar 2015-ci il üçün Şamaxı şəhəri "Azərbaycanın Ədəbiyyat Paytaxtı", Qax şəhəri isə "Azərbaycanın Milli Mətbəx Paytaxtı" elan edilib. Yeni paytaxtların elan olunması bölgələrdə mədəniyyət tədbirlərinin canlanmasına təkan verəcək".

Ə.Qarayev cari ildə Şamaxı və Qaxda nominasiyalara uyğun olaraq təntənəli mərasimlər, "dəyirmi masa", qiraət müsabiqələri, poeziya axşamları, təqdimatlar və digər tədbirlər keçiriləcəyini bildirərək mətbəx ustaları və ədiblərin bu işə fəal qoşulacağına inandığını vurğulayıb:

"Bu gün Azərbaycan mətbəxinin və mədəniyyətinin dünyaya tanıdılmasında mühüm işlər görülür. Əsas məqsəd mənfur ermənilərin Azərbaycana aid yeməkləri öz adlarına çıxmalarının qarşısını almaqdır. Ölkəmizin düzgün siyasəti nəticəsində bunun qarşısını almağa nail olmuşuq".

Məlum olduğu kimi, Azərbaycan ədəbiyyatı nümunələri xarici dillərə tərcümə olunur, bu əsərlər dünya teatrlarında səhnələşdirilir. Tədbirdə iştirak edən Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov ölkəmizin regionlarında tarix boyu özünəməxsus mədəniyyətin, ədəbiyyatın, eləcə də mətbəxin mövcudluğunu vurğulayaraq, bunların içərisində ədəbiyyatın xüsusilə fərqli düşüncəli olduğunu bildirib: "Bu layihə sayəsində bölgələrdə yeni yaranan ədəbi əsərlər və müəlliflər barədə məlumat almaq mümkün olacaq".

Qeyd edək ki, 2013-cü ildə Xaçmaz şəhəri "Azərbaycanın Əfsanələr Paytaxtı", Zaqatala şəhəri "Azərbaycanın Folklor Paytaxtı" və Göygöl şəhəri "Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan edilib. Ekspertlər bildirir ki, Azərbaycan xalqının qədim və rəngarəng qeyri-maddi mədəni irsi minilliklər boyu millətin mentalitetinişüurunu formalaşdıran əsas mənbələrdən biri olmaqla, xalq yaradıcılığının nailiyyətlərini özündə ehtiva edən unikal bəşəri fenomendir. Təbii, Xaçmaz, ZaqatalaGöygöl rayonları bu ölçüyə uyğun gəlir. Bəlli olduğu kimi, 2013-cü ildə nominasiyalara uyğun olaraq hər üç rayonda təntənəli mərasimlər, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfranslar, "dəyirmi masa"lar, konsertlər, müsabiqələr, festivallar, sərgilər, yarmarkalar, infoturlarsair tədbirlər keçirilib.

Onu da deyək ki, 2012-ci ildə xalq yaradıcılığı paytaxtları Quba, Gədəbəy və Masallı olub. Bu layihə çərçivəsində

Qəbələ "Azərbaycanın əfsanələr paytaxtı", Balakən "Folklor Paytaxtı", Abşeron rayonu isə "Sənətkarlıq Paytaxtı" elan edilib. Demək istəyirik ki, bu proqramın davamlı şəkildə həyata keçirilməsi nəticəsində bütün qədim rayon və şəhərlər diqqətdən kənarda qalmır. Onların hər birinə ayrıca yanaşma mövcuddur. Çünki Azərbaycan tarixinin, mədəniyyətinin, etnoqrafiyasının, ədəbiyyatının, dəyərlərinin, folklorunun yaşadıldığı məkanlar bizim üçün doğmadır. Bu məkanların öz statusunda tanıdılması, təbliği vacib məsələdir.

Dövlətimizin mədəniyyət siyasətinin inkişafına təkan verən "Mədəniyyət paytaxtları" layihəsi maraqla izlənir. Xalqın tarixini, folklorunu, mətbəx mədəniyyətini təşviq edən bu cür layihələrin davamlı olmasına ümid edirik.

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 6-9 mart.- S.15.