Üçüncü çərşənbə "gül
çərşənbə"dir...
Bu gün rəhmətə gedənlərin
ruhu xatırlanaraq qəbir üstünə gedilir...
Tarixən Azərbaycanın müxtəlif şəhərlərində elm, mədəniyyət mərkəzləri, ədəbiyyat ocaqları mövcud olub və bu məkanlarda xalqın tarixində müstəsna rol oynayan şəxsiyyətlər yetişib. Bilirik ki, üzü keçmişlərdən bəri Bakıda, Gəncədə, Şamaxıda, Şuşada, Naxçıvanda, Şəkidə, Təbrizdə, İrəvanda, Dərbənddə və başqa şəhərlərimizdə fəaliyyət göstərən mədəniyyət mərkəzləri böyük mədəniyyət, ədəbiyyat, elm məbədi kimi diqqəti cəlb edir.
Martın ilk ongünlüyünü yaşayırıq. Havadakı təlatüm, dəyişkənlik, günəşin qara buludla mübarizəsi, rüzgarın gündə min rəng alması gözlərimiz qarşısında baş verir. Boz ayın girməsi, "doğru çərşənbələr"in başlanması insanların həyatında dəyişikliklər edir. Əslində, baharı hamı eyni ovqatda qarşılamalı olduğu halda, bu belə olmur, hər kəs öz ruhuna, əhvalına uyğun olaraq baharla görüşməyə can atır. Ancaq babalarımızdan miras qalan ənənəyə görə, insanlar bayram ovqatına ellikcə köklənməlidir. Çünki bayramın mahiyyətində birlik, bərabərlik, doğmalıq, paylaşmaq və şəfqət kimi əzəli qayə dayanır.
Bilirik ki, üzü qədimlərdən bəri Novruza-Yeni Günə qədər olan mərasimlər son illərə qədər incəliyinə qədər keçirilib, bütün tələb olunan ayinlər icra olunub. Üçüncü çərşənbədən sonra Yeni Günə cəmi bir çərşənbə qalır. Bu gün ellikcə üçüncü çərşənbəni qeyd edirik. Başqa çərşənbələrdən mahiyyətinə, daşıdığı məna yükünə, missiyaya görə seçilən bu çərşənbə, bu gün kütləvi deyildiyi kimi, "yel çərşənbəsi" deyil. Yəni el ağzında onun başqa adı var. Bu çərşənbənin əsl adı isə "gül çərşənbə"dir. Nədir "gül çərşənbə"? Professor Məhərrəm Qasımlıya və görkəmli türkoloq Güllü Yoloğluya görə, bu çərşənbənin özəlliyi çoxdur. Onların bildirdiyinə görə, "gül çərşənbə"də rəhmətə gedənlərin ruhu xatırlanaraq qəbir üstünə gedilir. Bu səbəbdən də ona həm də "ölü çərşənbəsi" və ya "ata-baba günü" də deyilir. Bu çərşənbə təmtəraqla, bayram ovqatı ilə qeyd edilməsə də, dünyadan köçən əzizlərimizin ruhunun xatırlandığı, onların yada salındığı gün kimi yadda qalır. Həmin gün ailənin bütün üzvləri, qohum-əqrəba, bir sözlə, camaat ellikcə yığışıb qəbiristanlığa gedir, burada təmizlik işləri aparır, məzarlar təmizlənir, yuyulur, gül-çiçəyə, səməniyə qərq edilir. Türk mifologiyasında, mərasimşünaslığında önəmli olan çərşənbələr bütün cəhətlərinə görə maraqlıdır.
Bu gün "gül çərşənbə"dir və bu çərşənbənin adının hər yerdə belə çəkilməsi çox vacibdir.
Bəzi mərasimşünaslar illərdir xalqın şüuruna, yaddaşına, mərasimlər sisteminə yabançı, qondarma adlar daxil ediblər. Bəzi alimlər qeyd edir ki, üçüncü çərşənbə "yel çərşənbəsi"dir. Türk mifoloji düşüncəsi ilə ziddiyyət təşkil edən bu iddiaya görə, "yel çərşənbəsi"nə el arasında "küləkli çərşənbə", "külək oyadan çərşənbə", "yelli çərşənbə" də deyilir. Bu fikri irəli sürənlər "Qədim etiqadlarda qeyd edilib ki, torpağın altında - "qara nəhrdə" yatmış dörd cür külək yer üzərinə çıxaraq müxtəlif libaslarda özünü göstərir. Mifologiyamızda ağ yel - ağ, qara yel qara, xəzri - göy, gilavar - qırmızı libasda təsvir edilir. "Yel çərşənbəsi" günü yel bu dörd yellə birləşib dünyanı dolaşır, gəzib oyanmış suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir. Şifahi xalq yaradıcılığında yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. Qədim deyimlərə görə, yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovurulmamış buğda götürənin oğlu ölər.
Bundan başqa, inanca görə, "yel çərşənbəsi" gecəsi söyüd ağacının altına gedib niyyət elə və yel babanı çağır. Əgər yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər.
"Yel çərşənbəsi" günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər. Ev əşyaları sürtülüb təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Bu gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır"-deyə yazırlar.
Əlbəttə, onların bu fikirləri camaat arasında geniş yayılsa da, əsl tədqiqat materiallarının üzə çıxarılması bu yalanları yavaş-yavaş sıradan çıxarır.
Güllü Yoloğlu bu iddianı irəli sürənlərə çox dəqiq cavab verib: "Halbuki, 4 ünsürün həyatda oynadığı rol barədə yapon, hind, çin və digər xalqların fəlsəfəsində geniş bəhs olunub. Ona görə mən hesab edirəm ki, 4 ünsürü çərşənbələrə pərçimləmək bizi türk dünyasından qoparır. Doğu Anadolu, Qars, İqdır, Ərzurum, Ərzincan, Xorasan bölgələrində, İran ərazisində yaşayan türklərdə "yalançı", "qara çərşənbə", "ilaxır çərşənbə"lər var. İndi fars etnosuna mənsub ab, atəş, xak, badı bizim çərşənbələrə qondarıblar, heç İranın özündə belə şey yoxdur. İranın bəzi bölgələrində buna boxorlu deyirlər. Yaxud axır çərşənbə baca-baca adlanır. Göyçədə buna təki, Bakıda üskü, Şəkidə cəmlə deyiblər".
Güllü xanımın fikrincə, insanın yaranışında dörd yox, beş ünsürün rolu olub. Alim su, od, yel və torpaqla yanaşı, burada dəmirin də müstəsna rol oynadığını deyir. Türkoloqa görə, insan bu beş ünsürdən yaranıb. Mərhum alim Bəhlul Abdulla deyirdi ki, çərşənbələr 7-dir. Onun 3-ü "oğru", 3-ü "doğru", 1-i "yalançı"dır. "Oğru çərşənbələr" kiçik çilləyə, "doğru çərşənbələr" boz aya düşür. Bu iki ayın arasına düşən isə "yalançı çərşənbə" adlanır. 20-23 ildir gənclərə yanlış olaraq 4 çərşənbənin sıralanma ilə adlanması barədə məlumat verilir.
Bir sıra alimlər qeyd edir ki, Azərbaycanda yüksək əhval-ruhiyyədə keçirilən Novruz bayramı-Yeni Gün və "ilaxır çərşənbə" ilə bağlı son illər etnoqrafların, folklorşünasların fikirləri fərqlidir. Əslində, bu məsələnin kökündən həlli vacibdir.
Güllü Yoloğlu üçüncü çərşənbə haqqında yazır: "Üçüncü çərşənbəyə qədər qar əməlli-başlı əriyir, məzarlıqlara gedən yollar açılmağa başlayır. Uzun qış aylarında dünyasını dəyişmiş yaxınlarının qəbirlərini ziyarət edə bilməyən xalq qəbir üstünə gedir, özlərilə süpürgə, kürək, su, əski, yeyəcəklər, şirniyyat aparır, qəbirləri palçıqdan, çör-çöpdən təmizləyir, yuyur, silir, üzərinə yiyəcəklər, gül-çiçək qoyur, dualar oxuyur. Son illərdə bu mərasimdə mollalar da iştirak edirlər. Geri döndükdən sonra hamı paklanır, axşamçağı ölülərin adına qazan asır, şamlar yandırırlar ki, (axı əvvəllər elektrik işığı yox idi) ruhları işığın vasitəsilə gəlib evi rahat tapsın, adına bişirilənlərdən payını alsın və rahatlıqla geri dönsün. Ruhun yolunu azıb geri dönə bilməməsinin ailədə fəlakətə səbəb ola biləcəyinə inanılır. Bu gecə elə beləcə, yadetmə ilə, xatirələrlə başa çatır. Adətən, mərhumun adını çəkmirlər, onu "rəhmətlik", "baxtsız, yığvalsız", "yeri cənnətlik olmuş", "cavan ölmüş" və bu kimi sözlərlə anırlar".
Alim qeyd edir ki, üçüncü çərşənbə haqqında başqa alimlərin də fikirləri mövcuddur. Alimin bildirdiyinə görə, elə alimlər var ki, onlar çərşənbələrin üç olduğunu qeyd edir": Habib İdrisi "Eski İran ve Azerbaycan eyaletinde Nevruz" məqaləsində cəmi üç çərşənbədən danışır: 1)"Qara çərşənbə"; 2)"Külə çərşənbə"; 3)"Axır çərşənbə". Şehran Rehnimun Güney Azərbaycanda beş çərşənbənin olduğunu yazır: 1)"Yalan bohorlu"; 2)"çilə qaçdı"; 3)"çəkər"; 4)"su çərşənbə"; 5) "axır çərşənbə". Bununla belə, o, ilin son çərşənbəsini "ölülər bayramı" adlandıraraq altıncı çərşənbə haqqında danışır. Müəllif dördüncü çərşənbəyə "su çərşənbə" desə də, məhz "axır çərşənbə"də Maki yörəsində sabah o başda bir qız və bir oğlan heç nə danışmadan axşamdan yanan tonqalın külünü yaxındakı çaya, arxa, bulağa aparır, suya atır, əllərindəki tası su ilə dolduraraq evə dönürlər. Sonra isə həmin suda iynə ilə fala baxır, evlənib-evlənməyəcəklərini müəyyənləşdirirlər. "Axır çərşənbə"də həm də səhər tezdən hamı axar suya gedir, üzərindən atılaraq "ağırlığım, uğurluğum düşsün su üstünə" deyirlər. Bu mərasim "su üstü" adlanır. Maraqlıdır ki, Şehram Rehnimun çərşənbələrə ayrı-ayrı ad verərək altı yerə ayırsa da, həm "ölülər bayramı"nı, həm çərşənbə bazarını, həm od üzərindən atılmanı, həm su üstündən atılmanı, falabaxmanın bütün növlərini (qapı pusma, kilit salma, iynə ilə suda falabaxma və s.) məhz "axır çərşənbə"yə aid edir, digər çərşənbələrdəki ayin və mərasimlər haqqında heç nə demir. Gördüyümüz kimi, farsın bilavasitə təsirinin güclü olduğu ərazidə belə "ab-atəş, xak-bad" ünsürlərinin adını çərşənbələrə aid etmir, sıralanmada onu nəzərə almırlar.
Məlumdur ki, hər bölgənin, hər elin öz adəti var. Bu adətlərin yaranmasına coğrafi yerləşim yeri, təbii iqlim şəraiti də təsir göstərir. Adətən, "xəbərçi çərşənbə"də insanlar çöllərə çıxırlar. Yaxınlığında dağ, təpə olanlar oraya çıxır, çöllük, çəmənlik, düzəngah olanlar geniş şənliklər təşkil edir, Günəşi salamlayır, özlərilə gətirdikləri yeyəcəkləri paylaşır, sümüklərini qızdırırlar. "Axır çərşənbə"də kimin yaxınlığında çay var, çaya, kimdə arx var, arxa, kimin yanında bulaq var, bulağa gedir, adətlərə, mərasimlərə dillərinə, ləhcələrinə, şivələrinə uyğun adlar verirlər. Əlbəttə, təbiətdə baş verən dəyişiklikləri, Günəşin öz şüalarını havaya, suya, torpağa yönəltdiyi günləri, çərşənbələri və digər mövsüm və təqvim mərasimlərinin vaxtını bütün xalq izləmirdi. El arasında bilici babalarımız, nənələrimiz vardı ki, onlar elin, obanın təsərrüfatının birbaşa asılı olduğu təbiətdəki dəyişiklikləri, əlamətləri oxuya bilir, ətrafdakıları vaxtlı-vaxtında olacaqlardan hali edirdilər, lap elə Dədə Qorqud kimi. Xalq da onlarla məsləhətləşir, dediklərinə əməl edirdi".
Türkoloq bildirir ki, bir çox türk xalqlarının, ayrı-ayrı bölgə və ölkələrdəki azərbaycanlıların yeni gün, il başı, ilin-ayın axır gecəsi ilə bağlı adətlərini araşdırıb: "... bir daha onların rəngarəngliyinin şahidi olduq. İmkan daxilində, ümumiləşdirməyə çalışdıq və çoxluq çərşənbələrin aşağıdakı sıralanmasına imkan verdi:
1)"Yalançı"; 2)"xəbərçi" (cıdırçı, müjdəçi); 3)"ölü çərşənbəsi" (qara çərşənbə və ya ölülər bayramı); 4)"ilin-ayın axır çərşənbəsi". Çərşənbələriniz xeyirli, gününüz ağ, ruzunuz bol olsun!".
Görkəmli türkoloqun araşdırması, bu yöndə gördüyü işlər Novruza çərşənbələrinin gerçək adlarının və gerçək mahiyyətinin üzə çıxmasına gətirib çıxarır. Hesab edirik ki, xalqın sərvəti, mərasimləri, onların adları olduğu kimi xalqa çatdırılmalıdır. Mərasimlər keçirərkən çox zaman icra etdiyimiz ayinlərin mahiyyətindən xəbərsiz olur, onu kor-koranə şəkildə icra edirik. Ancaq bilməliyik ki, bunlar nə üçün edilməlidir, niyə edilir? Əslində, "qara bayram"ın, "qara çərşənbə"nin, "ata-baba günü"nün, "ölülər bayramı"nın qeyd edilməsinin səbəbi rəhmətə gedən doğmalarımızın xatirəsini yad etməkdir. Dediyimiz kimi, bu çərşənbədə məzarlıqlar təmizlənir, ümumilikdə təmizlik işləri həyata keçirilir. İnsanlar həm evlərində təmizlik edir, həm həyət-bacada arınma işləri görür, həm də mənəvi-ruhi cəhətdən saflaşır, təmizlənir. Dünyadan köçən əzizlərinizin ruhları şad olsun, qəbri nurla dolsun!
Yeni Günə-Novruza qədərki üçüncü -"gül çərşənbə"dir. Qarşıda isə bizi "ilaxır çərşənbə" gözləyir...
İradə
SARIYEVA
Bakı xəbər.-2015.- 10 mart.- S.15.