Mədəniyyət evləri
və mədəniyyət mərkəzləri dövlətin
mədəniyyət siyasətinə xidmət edir
Tarixən Azərbaycanın müxtəlif şəhərlərində elm, mədəniyyət mərkəzləri, ədəbiyyat ocaqları mövcud olub və bu məkanlarda xalqın tarixində müstəsna rol oynayan şəxsiyyətlər yetişib. Bilirik ki, üzü keçmişlərdən bəri Bakıda, Gəncədə, Şamaxıda, Şuşada, Naxçıvanda, Şəkidə, Təbrizdə, İrəvanda, Dərbənddə və başqa şəhərlərimizdə fəaliyyət göstərən mədəniyyət mərkəzləri böyük mədəniyyət, ədəbiyyat, elm məbədi kimi diqqəti cəlb edir.
Əlbəttə, bu ocaqlarda xalqımızın tarixi, incəsənəti, ədəbiyyatı, söz sənəti təbliğ edilib. Onu da qeyd edək ki, sovet illərində mədəniyyət mərkəzlərinin inkişafına daha böyük önəm verilib. Xalqın maariflənməsində, mədəni səviyyəsinin yüksəlməsində, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə almasında bu məkanlar xüsusi əhəmiyyət daşıyıb.
Müstəqil Azərbaycan dövlətinin çox dəqiq, həssas, hərtərəfli mədəniyyət siyasəti mövcuddur və bu siyasət dövlətin mədəniyyətinin, tarixinin, ədəbiyyatının, bir sözlə, özünün öyrənilməsini, təşviq edilməsini həyata keçirir.
Hazırda həm paytaxtda, həm də bölgələrdə saysız-hesabsız mədəniyyət evi, yeni açılan mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Bir neçə il əvvələ qədər onların fəaliyyətində müəyyən axsamalar, ləngliklər, bir qədər də formallıq müşahidə edilirdisə, indi vəziyyət dəyişib. Mədəniyyət evləri, mədəniyyət mərkəzləri tam gücü ilə işləyir. Çünki dövlətin aydın mədəniyyət siyasəti və mədəniyyətə tükənməz, günü-gündən artan qayğısı var. Bu qayğı siyasətinin də əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Məlumdur ki, müstəqilliyimizin ilk illərində bu qurumlar tamamilə diqqətdən kənarda qalmışdı və bu sahəyə lazımi qayğı göstərilmirdi. Bu səbəbdən də mədəniyyət evlərinin, uşaq və gənclərin yaradıcılıq mərkəzlərinin, klubların əsas otaqları müxtəlif təyinatlı işlər üçün icarəyə verilirdi. Bu mərkəzlərdə fəaliyyət var idisə, o da cəfakeş mədəniyyət adamlarının əməyi, zəhməti sayəsində idi. Ancaq bu durğunluq uzun sürmədi və ümummilli liderin hakimiyyətə qayıtması bu sahədəki problemləri kökündən həll etdi.
Bu gün Bakıda və Bakıətrafı qəsəbələrdə bir neçə mədəniyyət evi, klub, mərkəz fəaliyyət göstərir. Bunlardan Bibiheybət qəsəbə Mədəniyyət evi, Badamdar qəsəbə Mədəniyyət evi, Hüseynqulu Sarabski adına Mədəniyyət evi, İbrahim Əbilov adına Mədəniyyət Mərkəzi, Abbas Mirzə Şərifzadə adına Mədəniyyət Mərkəzi, Şövkət Ələkbərova adına Mədəniyyət evi, V.Məmmədov adına Mədəniyyət evi, Xətai rayon Mədəniyyət Mərkəzi, Nizami rayon Mədəniyyət Mərkəzi, Nizami adına Mədəniyyət Mərkəzi, R.Axundov adına Mədəniyyət evi, Binə qəsəbə Mədəniyyət Mərkəzi, Şağan qəsəbə klubu, Qala qəsəbə klubu, Şüvəlan qəsəbə Mədəniyyət evi, V.Mustafazadə adına Mədəniyyət Mərkəzi, Gürgan Mədəniyyət evi, Mərdəkan Mədəniyyət Sarayı, Türkan qəsəbə Mədəniyyət Mərkəzi,
Zirə qəsəbə Mədəniyyət Mərkəzi, Əmircan qəsəbə Mədəniyyət evi, M.Ə.Sabir adına Bülbülə qəsəbə Mədəniyyət evi,
"8 mart" adına Mədəniyyət evi, Zığ qəsəbə Mədəniyyət evi,
M.A.Əliyev adına Mədəniyyət evi, Q.Abbasov adına Mədəniyyət Sarayı, S.Bəhlulzadə adına Mədəniyyət Sarayı, Ə.Paşayev adına Mədəniyyət evi, Ramana qəsəbə Mədəniyyət evi, Nardaran qəsəbə klubu, H.Abbasov adına Mədəniyyət evi, Pirşağı qəsəbə Mədəniyyət evi, Kürdəxanı qəsəbə Mədəniyyət evi,
Bilgəh qəsəbə Mədəniyyət evi, M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evi, Binəqədi Mərkəzi Mədəniyyət evi,
Xoca-Həsən qəsəbə klubu, Aşıq Rza Qobustanlı adına Mədəniyyət evi, Müşfiqabad qəsəbə Mədəniyyət evi,
Korgöz qəsəbə Mədəniyyət evi, Səngəçal qəsəbə Mədəniyyət evi, Çeyildağ qəsəbə klubu, Ə.Əmirov adına Mədəniyyət Sarayı, Hövsan qəsəbə Mədəniyyət sarayı çağdaş dövrümüzdə kifayət qədər işlər görürlər. Onu da qeyd edək ki, müstəqil Azərbaycan mədəniyyətinin inkişafında, təbliğində bu mərkəzlərin yeri ayrıcadır. Adları çəkilən mərkəzlərdə, mədəniyyət evlərində mədəniyyətin ayrı-ayrı sahələri təbliğ edilir, gənclərə öyrədilir. Bu məkanlarda musiqi alətləri ifaçılığı, muğam, saz dərsləri, rəssamlıq, rəqs, tikmə dərnəkləri, kompyuter kursları mövcuddur. Bəllidir ki, mədəniyyət evlərinin əksəriyyətinin ayrıca mahnı və rəqs qrupları, bədii qiraət kursları var. Burada özfəaliyyət qrupları yetişdirilir, onlar müxtəlif tədbirlərdə, əhəmiyyətli yığıncaqlarda, bayramlarda, el şənliklərində iştirak edirlər. Çox vaxt özfəaliyyət kimi baxdığımız bu dərnəklərdən elə səviyyəli ifaçılar çıxır ki, ona ancaq heyrətlənirsən. Bu gün paytaxtda və bölgələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin açılmasında, onların yenidən qurulmasında, onlara yeni binaların tikilməsində, maddi-texniki bazasının yenilənməsində dövlətin rolu ayrıcadır. Dövlət bu sahəyə ciddi maraq göstərir və mədəniyyət profilli qurumların inkişafına dəstək olur.
Azərbaycan dövlətinin başçısı İlham Əliyevin göstərişi ilə müxtəlif bölgələrdə mədəniyyət evləri, mədəniyyət mərkəzləri açılır. Bölgədə mədəniyyətin inkişafı, yerli sənətkarların öz sənətlərini təbliğ etməsi, göstərməsi, öyrətməsi baxımından böyük əhəmiyyət daşıyan bu mərkəzlərin işi göz qabağındadır. Onu da qeyd edək ki, Prezident İlham Əliyevin özü bu mərkəzlərin açılışlarında iştirak edir. İki il əvvəl Masallı Mədəniyyət Mərkəzinin əsaslı təmirdən sonra açılışında cənab Prezident də iştirak edirdi. Bu, Azərbaycan dövlətinin başçısının mədəniyyətə qayğısının böyük təzahürüdür.
Qeyd edək ki, Mədəniyyət Mərkəzi 1956-cı ildə inşa olunub, lakin bu mədəniyyət ocağı istismarda olduğu müddətdə əsaslı təmir edilməyib. Ümumi sahəsi 7300 kvadratmetr olan bina üçmərtəbəlidir. Cənab Prezidentin göstərişi ilə rayonun bu əsas mədəniyyət ocağının əsaslı təmirinə 2011-ci ildən başlanıb. Tikinti işləri Mədəniyyət və Turizm Nazirliyinin xəttilə həyata keçirilib. Rəsmi məlumatlara görə, Mərkəzin foyesində ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə qayğısından bəhs edən fotoguşə yaradılıb. Burada Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına, bu sahədə böyük əmək sərf edən insanlara diqqət və qayğısını əks etdirən fotolar da toplanıb. Sənədlərdə o da qeyd edilir ki, dövlət başçısının Masallıya səfərindən sonra şəhərin inkişafı məqsədilə imzaladığı Sərəncama uyğun olaraq ayrılan vəsait hesabına yenidən qurulan Mədəniyyət Mərkəzinin binası müasir standartlara cavab verir. 358 yerlik tamaşa salonundan və digər yardımçı otaqlardan ibarət Mədəniyyət Mərkəzinin bütün infrastrukturu tamamilə yenidən qurulub.
Mədəniyyət mərkəzlərinin inşası, yaxud onların əsaslı şəkildə təmir-bərpa edilərək yenidən xalqa qaytarılması böyük işdir. Onu bildirək ki, Binəqədi rayonu ərazisində təmirdən sonra Mərkəzi Mədəniyyət evinin də açılışı olub. Binəqədi Mərkəzi Mədəniyyət evinin direktoru Zivər Abbasova mədəniyyət ocağının fəaliyyəti barədə bunları deyib":1901-ci ildə inşa edilən binada ilk dəfədir ki, əsaslı təmir işləri aparılıb, müasir tələblərə cavab verən şərait yaradılıb".
Həmin Mədəniyyət Mərkəzinin açılışında iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sözlərinə görə, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində son illər Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı istiqamətində mühüm işlər görülüb və çoxsaylı layihələr həyata keçirilib: "Bu gün qədim Binəqədi kəndində əsaslı təmir olunmuş böyük ənənəyə malik olan bir Mədəniyyət evi açılır. İnanıram ki, bir əsrdən çox yaşı olan bu mədəniyyət ocağında formalaşmış ənənələr bundan sonra da davam və inkişaf etdiriləcək. Burada fəaliyyət göstərən instrumental ansambl, rəqs kollektivləri, xalq teatrı daha da yüksək nəticələr əldə edəcək. Gənc nəsil Azərbaycan mədəniyyətinin sirlərini, zənginliyini daha dərindən öyrənəcək".
Nazir onu da qeyd edib ki, mədəniyyətimizin beynəlxalq aləmdə təbliğ olunmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həyata keçirdiyi layihələr hər bir vətəndaş üçün nümunədir: "Azərbaycan xalqının bir sıra mədəni irs nümunələri UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilərək bəşəriyyətin sərvətinə çevrilib. Bu sərvətlərin qorunması, inkişafı, tanıdılması və gələcək nəsillərə çatdırılması qarşımızda duran önəmli bir vəzifədir".
Azərbaycanın hər nöqtəsində fəaliyyət göstərən mədəniyyət evləri, mədəniyyət ocaqları xalqın, dövlətin maraqlarının qorunduğu məkanlardır. Onu da vurğulayaq ki, bu məkanlar vətən sevgisi, dövlətçiliyin qorunması tərbiyəsi məktəbləridir.
Salyanda fəaliyyət göstərən mədəniyyət evi haqda da danışmaq istəyirik. Salyan Rayon İcra Hakimiyyətinin saytında bildirilir ki, qədim Salyanda təhsil və insanların dünyagörüşünün ətraf ərazilərdən fərqli olması, daha doğrusu, inkişaf etməsi burada mədəniyyət sahəsinin formalaşmasına zəmin yaradır. İlk müntəzəm fəaliyyət göstərən "maarifləndirmə" adı altında 1905-ci ildə guşə (klub) yaradılır. Daha sonra bir qədər də təkmilləşdirilərək bədii özfəaliyyət kollektivləri işə başlayır. 1924-cü ildə "Yeni yol" qəzetinin 27 dekabr sayında Ağalarov təxəllüslü müəllif yazırdı ki, salyanlı mədəniyyət işçiləri Astarxanbazarda (Cəlilabadda) mədəni proqramlarla çıxış edib. Ümumiyyətlə, 1920-ci və 1940-cı illər arasında klubda (sonradan mədəniyyət evi adlanacaq) xalq çalğı alətləri ansamblı, bədii qiraətçilər və dram dərnəkləri olub. 1944-cü ildə dram dərnəyinin bazasında Salyan Dram Teatrı yaradılır və 3 il fəaliyyət göstərir. 2 il sonra isə bu günə kimi fəaliyyətdə olan Q. Əsgərov adına "Gənclik" xalq çalğı alətləri ansamblı yaradılır. 1970-ci ildə mədəniyyət evinin nəzdində 3 bədii özfəaliyyət kollektivi və iki dərzi kursu olsa da, sonralar bunların sırası "Güzgü" miniatür teatrı, "Poeziya" qiraət teatrı, kukla dərnəyi, "Cəngi" milli nəfəs alətləri ansamblı, "Muğan" foto-kino həvəskarları klubu ilə genişləndi. 1975-1977-ci illərdə zəhmətkeşlərin özfəaliyyət kollektivlərinə I baxış festivalında "Cəngi" milli nəfəs alətləri ansamblına (ansamblın rəhbəri Mənəf Məmmədov respublikanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülür) və kukla dərnəyinə xalq kollektivi fəxri adı verilir, festivalın laureatı adı və döş nişanları təqdim olunur. Hazırda "Babək" kinoteatrında yerləşən Əlövsət Quliyev adına Mədəniyyət evində "Muğan" foto-kino həvəskarları klubu, "Muğam" xalq musiqisi həvəskarları klubu və 5 xalq kollektivi ("Cəngi" milli nəfəs alətləri xalq ansamblı, "Mahirlər" ailə xalq ansamblı, "Hünər" estrada-sirk xalq kollektivi, Q.Əsgərov adına "Gənclik" xalq çalğı alətləri ansamblı, "Güzgü" musiqili miniatür xalq teatrı) fəaliyyət göstərir.
Bu Mədəniyyət Mərkəzi də dövlət başçısının diqqətindədir və ona da böyük qayğı və diqqət göstərilir. Azərbaycan mədəniyyətinin təbliğində böyük rol oynayan mədəniyyət evlərinə, mədəniyyət mərkəzlərinə bundan sonra da böyük diqqət-qayğı göstəriləcəyinə inanırıq.
İradə SARIYEVA
Bakı xəbər.-2015.- 10 mart.- S.11.