Milli Teatr Günü -
unudulmaz tariximiz...
Səhnə insanı öz dərinliyinə çəkib
ağuşunda itirir. Səhnənin sehri elədir ki, onun
yanıb-sönən işıqları, hətta
qaranlığa qərq olan qucağı da, sükuta
könül verən ab-havası da adamı cəlb edir. Çoxlarımız aktyorların yerində olmaq istəyirik.
Amma onların yerini tutmaq çox çətindir.
Səhnəyə ömür bəxş etmək,
səhnə üçün doğulmaqdır əsas şərt.
Bu isə fədakarlıqdan keçir.
Özün üçün yaşanmayan ömür,
başqaları üçün axıdılan göz
yaşları, ürəkdə şırımlar açan
yad adamların kədəri, dərdi-budur teatr aktyorunun qəlbinə
yüklədiyi möhnət, ağrı-acı...
Hərdən
fikirləşirsən, teatr fədailəri necə qüdrətli
olublarsa, bütöv bir ömrü bu sənətə həsr
ediblər, teatrla yaşayıblar, teatrdan ayrılanda isə əksəriyyəti
infarkt keçirib, dünyasını dəyişib...
Teatr çoxlarımızın sevdiyi məkandır. Elə vaxtlar
olub ki, teatrlar tamaşaçı üzünə həsrət
qalıb, fədakar aktyor və aktrisalar boş zala
oynayıblar. Boş zal...Çox acı
bir mənzərədir. Beş-altı
tamaşaçı üçün də oynayıblar hətta.
Artıq bu günlərlə vidalaşıb
aktyorlar, indi başqa dövrandır. Teatr
sənətinin çiçəkləndiyi,
tamaşaçıların bu sahəyə ciddi meyl göstərdiyi
bir zamandır. Daha aktyorlar boş zala
oynamır. İndi tamaşaçılar
var. Çünki teatrlara dövlət sahib çıxıb.
Mədəniyyət tariximizdə özəl günlər,
hər zaman xatırlanacaq əlamətdar hadisələr çoxdur. 10 mart bu
möhtəşəm günlərdən biri kimi yadda
qalıb. 1873-cü il martın 10-da
Azərbaycan milli teatrı doğulub. Bu
doğuluş bütün Şərqdə böyük bir
tarixə çevrilib. Martın 10-nu
yalnız ömrünü teatra fəda edən sənətkarların
bayramı deyil, həm də qədirbilən
tamaşaçıların bayramıdır. Bu möhtəşəm tarixdə ölkəmizdə
müxtəlif səviyyəli tədbirlər keçirilir,
teatr xadimləri, gənc teatr əməkdaşları təltif
edilir, mükafatlandırılır.
Azərbaycan dövlətinin teatr sənətinə
qayğı və diqqətindən danışarkən bir
sıra məsələləri yada salmalı oluruq.
Məlum olduğu kimi, XIX əsrin 70-ci illərində Azərbaycanda
milli teatrın yaranması mədəniyyət tariximizə
çox böyük hadisə kimi daxil oldu. Bakı
Realnı Məktəbinin teatr həvəskarları
truppası tərəfindən Mirzə Fətəli Axundovun
"Sərgüzəşti-vəziri-xani Lənkəran"
komediyasının tamaşaya qoyulması peşəkar
teatrın əsasının qoyulması kimi yadda qaldı.
Teatrşünasların verdiyi bilgiyə görə,
bu şərəfli işdə həsən bəy Zərdabi
və Nəcəf bəy Vəzirov mühüm rol
oynayıblar.
Məlum olduğu kimi, Azərbaycanda teatr sənəti qədim
ənənələrə malikdir. Xalq arasında müxtəlif meydan
tamaşaları, kukla teatr tamaşaları ("Maral
oyunu", "Kilimarası"), bayram tamaşaları
("Kos-Kosa"), dini səciyyəli tamaşalar ("Şəbih")
və s. geniş yayılmışdı. Hələ
XVII əsrin ikinci yarısında Azərbaycanda olmuş
fransız səyyahı Şarden Çuxursədd bəylərbəyliyinin
İrəvan şəhərindəki iqamətgahında qonaq
olarkən burada ona 3 hissəli bir tamaşa göstərilib.
Bu tamaşa Şardenə o qədər xoş təsir
bağışlayıb ki, onu "Şərqin
operası" adlandırıb. Milli teatrın
inkişafında məşhur xeyriyyəçi-mesenat
H.Z.Tağıyevin böyük xidməti olub. O, Bakı
şəhərində ilk teatr binası inşa etdirib. Tezliklə
Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov,
Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski,
Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov,
Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli,
Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə
xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə
siması yetişib.
Azərbaycanda teatr sənətinin inkişafında
Hacıbəyov qardaşlarının da böyük əməyi
olub.
Görürsüz, necə parlaq simalar, necə
böyük sənətkarlar teatrın ayağa durmasında,
inkişafında böyük əmək sərf edib. Mənbələrdə
gedən məlumatlara görə, Azərbaycan Xalq Cumhuriyyətinin
yaranması milli teatrın fəaliyyətində də
canlanmaya səbəb olub. Dövlətin fəal
köməyi və müdaxiləsi nəticəsində Azərbaycan
teatrının inkişafında mühüm keyfiyyət dəyişiklikləri
baş verib. Teatrın repertuarına Azərbaycan
tarixi və milli azadlıq mübarizəsi ilə bağlı
yeni əsərlər salınıb. Cumhuriyyət
hökumətinin bu sahədə məqsədyönlü
addımlarından biri də Azərbaycan Dövlət
Teatrının təşkili olub. Bu, Azərbaycan
professional teatrının dövlət teatrı statusu
alması demək idi. Bu teatrın pərdələri ilk
dəfə 1918-ci il noyabrın 4-də Nəriman
Nərimanovun "Nadir şah" faciəsinin tamaşası
ilə açılıb.
Sovet hakimiyyəti illərində Azərbaycanda teatr sənəti
daha da inkişaf etdi. Sovet ideologiyasını və rejimini tərənnüm
edən əsərlərlə yanaşı, xalqın həyatı,
güzəranı, tarixi keçmişi ilə bağlı əsərlər
də repertuarlarda geniş yer almışdı.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
"Azərbaycan Respublikasında "Milli Teatr
Günü"nün təsis edilməsi haqqında"
2013-cü il 1 mart tarixli Sərəncamına
əsasən, hər il martın 10-u ölkəmizdə
"Milli Teatr Günü" kimi qeyd edilir. Azərbaycan
dövlətinin teatr sənətinə göstərdiyi
qayğının miqyası günü-gündən
artır. Bəllidir ki, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev 29 dekabr 2006-cı il tarixində "Teatr və Teatr Fəaliyyəti
Haqqında" Azərbaycan Respublikasının Qanununu
imzalayıb. Prezident İlham Əliyevin 2007-ci
ildə "Azərbaycan teatr sənətinin inkişaf etdirilməci
haqqında" imzaladığı Sərəncam da teatr sənətinə
böyük təkan verib. Sənəddə
qeyd edilir ki, peşəkar milli teatrın sürətli
inkişafı və zaman keçdikcə şaxələnməsi
onun öz coğrafiyasını genişləndirərək
respublikamızın, demək olar ki, bütün bölgələrini
əhatə etməsinə və hər biri müstəqil sənət
ocağı olan yeni teatrların yaranmasına gətirib
çıxarıb.
Ölkəmizdə
vətənpərvərlik duyğularının
aşılanmasında, yüksək mənəvi keyfiyyətlərin,
milli və ümumbəşəri dəyərlərin təbliğində
müstəsna rol oynamış Azərbaycan teatrı gənc
nəslin formalaşmasında əvəzsiz xidmətlər
göstərib: "XX əsrin sonlarında cərəyan edən
mürəkkəb proseslər siyasi, iqtisadi və sosial
böhrana gətirərək, ölkəmizin bütün mədəni
həyatına, həmçinin teatr sənətinə son dərəcə
mənfi təsir göstərib. Teatrın
qarşılaşdığı obyektiv çətinliklər
bu sahədə yaradıcılıq əhval-ruhiyyəsini də
zəiflədib.
Azərbaycan teatr şəbəkəsinə daxil olan
dörd dövlət dram teatrı Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi nəticəsində
erməni silahlı dəstələrinin işğalına məruz
qalaraq, ata-baba yurdlarından didərgin düşməsinə
baxmayaraq, öz fəaliyyətini davam etdirir. Azərbaycanın
dövlət müstəqilliyini bərpa etməsi ilə
qarşısında geniş üfüqlər açılan
milli taetr bu gün döbvlətçilik naminə mədəniyyətimizin
inkişafına töhfələr vermək
iqtidarındadır".
Bəlli
olduğu kimi, sənəddə ölkəmizdəki bir
sıra mədəniyyət sarayları və teatr
ocaqlarında, o cümlədən Heydər Əliyev adına
Sarayda, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan
Dövlət Rus Dram Teatrı və Azərbaycan Dövlət
Kukla Teatrında müasir tələblərə uyğun əsaslı
təmir-bərpa və yenidənqurma işlərinə ciddi
ehtiyac duyulduğu vurğulanırdı. O da məlumdur ki,
artıq burada öz əksini tapan problemlər öz həllini
tapıb, adları qeyd edilən mədəniyyət
ocaqları dövlətin qayğısı sayəsində əsaslı
şəkildə təmir və bərpa edilərək yenidən
tamaşaçıların ixtiyarına verilib.
Qeyd edək ki, sənəddə xalqımızın
ictimai-siyasi həyatında, mədəniyyətimizin
inkişafında böyük rol oynayan və dolğun fəaliyyəti
ilə milli sərvətə çevrilən Azərbaycan
teatrının maddi-texniki bazasının gücləndirilməsi
və yaradıcılıq potensialının dirçəldilməsi
və teatr təhsili sisteminin
yaxşılaşdırılması məqsədi önə
çəkilib və bu məsələlər də artıq
öz həllini tapıb. Azərbaycan Dövlət Akademik
Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və
Balet Teatrı, Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus
Dram Teatrı və Azərbaycan Dövlət Kukla Teatrı əsaslı
təmir edilib və müvafiq texniki avadanlıqla təchiz
edilib. Bakı şəhərində Azərbaycan Dövlət
Gənclər Teatrının, Azərbaycan Dövlət
Pantomima Teatrının, eləcə də İrəvan
Dövlət Azərbaycan Dram Teatrının və Şuşa Dövlət Musiqili Dram
Teatrının yerləşdiyi binalarda təmir-bərpa
işlərinin həyata keçirilməsi məsələsi
də diqqətdən kənarda qalmayıb. Sənəddə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi nəticəsində erməni silahlı
birləşmələrinin işğalına məruz
qalmış ərazilərdəki Füzuli və Ağdam
dövlət dram teatrlarının hazırda yerləşdiyi
binalarda əsaslı təmir-bərpa işlərinin
aparılmasına dair işlərin də həyata
keçirilməsi qeyd edilib. Bildiyimiz kimi,
artıq 2007-ci ildən bəri teatrların həyatında
böyük dəyişikliklər baş verib. Əlbəttə, dövlət qayğısı
olmasaydı, teatrlarımızı çox çətin
imtahanlar gözləyirdi.
Məlum olduğu kimi, İlham Əliyev Azərbaycan
Dövlət Musiqili Komediya Teatrının əsaslı bərpa
və yenidənqurma işlərindən sonra rəsmi
açılışında iştirak edib. 2013-cü ildə
baş verən bu möhtəşəm hadisə teatrın
inkişafına səbəb olub.
Bəlli olduğu kimi, ölkə həyatının
bütün istiqamətlərində olduğu kimi, mədəniyyət
sahəsi də yüksək səviyyədə dövlət
qayğısı ilə əhatə olunub. Teatrşünaslar
qeyd edir ki, dövlət başçısının mədəniyyətimizə
himayəsi Azərbaycan incəsənətində
yaradıcılıq əhval-ruhiyyəsini artırıb.
Məlumat üçün bildirək ki, Azərbaycan
Dövlət Musiqili Komediya Teatrı yarandığı vaxtdan
etibarən incəsənət tariximizə bir çox qiymətli
səhnə əsəri bəxş edib. Teatr
ölkəmizin zəngin ənənələrə malik
qabaqcıl sənət ocaqlarından birinə çevrilərək
bu gün də tamaşaçıların dərin rəğbətini
qazanmaqdadır.
Heydər Əliyev Fondunun da bu istiqamətdə həyata
keçirdiyi layihələri xüsusi qeyd etmək
lazımdır. Azərbaycanın birinci xanımı,
UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri
Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər
Əliyev Fondunun gördüyü işlər ölkəmizin
mədəni irsinin daha da zənginləşdirilməsinə
və dünyada geniş təbliğinə, gənc
istedadların yetişməsinə böyük töhfələr
verir.
Ümummilli
lider Heydər Əliyev teatr haqqında belə deyib:
"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha güclüdür. Bunlar xalqa daim sənət və xüsusən incəsənət
vasitəsilə aşılanmışdır. Ədəbiyyatın insanlara böyük təsiri
vardır. Ancaq bir var ki, insan hər
hansı bir əsəri özü oxusun, bir də var ki, onu
canlı olaraq səhnədə görsün. Ona görə də teatrın həyatımızda
rolu böyükdür. Teatr müqəddəs
yerdir, tərbiyə ocağıdır, orada
çalışanar fədakardırlar".
"Azərbaycan teatrı 2009-2019-cu illərdə
Dövlət Proqramı" da Azərbaycan teatrının
maddi-texniki bazasının möhkəmləndirilməsi,
rejissor və aktyorların yaradıcılıq
potensialının inkişaf etdirilməsi baxımından əhəmiyyətli
olub. Azərbaycan teatrı dövlətin
qayğısı və peşəkar, fədakar teatr
işçilərinin, əməkdaşlarının,
aktyorların, aktrisaların, rejissorların, rəssamların
zəhməti sayəsində inkişaf edir.
İradə SARIYEVA
Bakı xəbər.-2015.- 11 mart.- S.15.