"Elm Haqqında" Qanunun qəbul edilməsi elmin inkişafını stimullaşdırır...
Azərbaycan elminin keçdiyi zəngin və şərəfli yolun tarixi çox qədimlərə, uzaq çağlara bağlıdır. Qədim elm məbədləri, elm mərkəzləri, burada yetişən alimlər, elm xadimləri, sözün əsl mənasında, şərəfli bir işdir. Azərbaycan elminin inkişafında müstəsna rol oynayan alimlər, mütəfəkkirlər özlərindən sonra böyük bir irs qoyublar. Dərin özül üzərində inkişaf edən Azərbaycan elmi bu gün özünün məhsuldar çağlarını yaşayır.
Azərbaycan dövlətinin elmə verdiyi böyük dəyər, bu sahəyə ayırdığı maliyyə vəsaiti kifayət qədər sayıla bilər. Məlum olduğu kimi, bir neçə ildir Elm Fondu fəaliyyət göstərir. Elm Fondu gənc alimlərin yeni tədqiqatlarının stimullaşdırılmasına dəstək olmaqla yanaşı, müxtəlif sahələr üzrə müsabiqələr keçirir. Gənc alimlərin əsərlərinin nəşri, tədqiqatlarının üzə çıxarılması, ixtiralarının maliyyələşdirilməsinə Elm Fondu çox böyük töhfələr verib. Ümumiyyətlə, elmin strategiyasının müəyyən olunması, bunun mövcudluğu elmin irəliləməsinə böyük stimul verir.
Azərbaycan elminin başında Azərbaycan Milli Elmlər
Akademiyası dayanır. Başqa elm ocaqları da, ali məktəblər,
universitet və institutlarda da elmi tədqiqat işləri
aparılır. Amma əsas iş Akademiyada görülür.
Bildiyimiz kimi, bir neçə il idi ki, Azərbaycanda
"Elm haqqında" qanunun qəbul olunmasının vacibliyi
məsələsi müzakirə edilirdi. Alimlərin
əksəriyyəti hesab edirdi ki, bu layihənin qəbulu Azərbaycan
elminə yeni nəfəs gətirəcək.
Artıq "Elm Haqqında" Azərbaycan
Respublikasının Qanunu qəbul olunub. Qeyd edək
ki, qanunda elmin inkişafı istiqamətində bir çox məsələlər
öz əksini tapıb. Sənəddə Azərbaycanda
magistr və doktorantlara həqiqi hərbi xidmətdən
möhlət hüququnun verilməsi məsələsi, özəl
elmi müəssisələrin yaradılması, Azərbaycan
Milli Elmlər Akademiyasına elmi fəaliyyəti maliyyələşdirmək
məqsədilə Azərbaycanın qanunvericiliyində
qadağan olunmayan digər fəaliyyət növləri, o
cümlədən sahibkarlıqla məşğul olmaq
hüququnun verilməsi, ali təhsil müəssisəsinə
"Tədqiqat universiteti" statusunun verilməsi, dövlət
elmi müəssisə və təşkilatlarında
çalışan elmi işçilərin inzibati vəzifə
tutmalarına görə yaş həddi müəyyən
edilməsi, elmi müəssisə və təşkilatlarda
çalışan elmi işçilərin əməkhaqları
hesablanarkən onların əmək stajları və peşə
xüsusiyyətlərinin də nəzərə
alınması və digər bir çox məsələlər
öz əksini tapıb. Onu da bildirək ki,
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin
Hacıyev qanunun əhəmiyyətinin böyük olduğunu
qeyd edib. Sözügedən komitənin sədr
müavini Bəxtiyar Əliyev isə bu qanunun qəbulunun elm və
təhsilin vəhdətini yaradacağını qeyd edib:
"Artıq ali təhsil müəssisələrimiz
həm də bir elm ocağı kimi fəaliyyət göstərəcək".
Professor
Musa Qasımlı mətbuata bildirib ki, bu sənəd Azərbaycan
elminin tarixində müstəsna xidməti olan sənəddir:
"Bu qanun elmimizin inkişafına, həmçinin elm adamlarımızın
sosial rifah halının yüksəlməsinə öz
müsbət töhfəsini verəcək, eyni zamanda elmimizə
yaxşı mənada rəqabət gətirmiş olacaq".
Azərbaycan
Müəllimlər Universitetinin rektoru Aqiyə
Naxçıvanlının fikrincə, "Elm
haqqında" qanun layihəsinin əhəmiyyəti böyükdür
və Azərbaycan elminin inkişafında müstəsna rol
oynayır: "Bildiyiniz kimi, bizim bəzi bölgələrdə
ali təhsil müəssisələrimiz
var, o cümlədən bizim universitetin də yerlərdə
filialları fəaliyyət göstərir. Onlardan
bəziləri özlərini doğrultmadığına, genişlənə
bilmədiyinə görə bağlanıb. Bu zaman, təbii ki, həmin müəssisələrdə
çalışan bəzi elmi dərəcəli
insanlarımız, müəllimlərimiz işsiz qalır və
onlar Bakıya üz tutmalı olurlar. Ona
görə yaxşı olardı ki, həmin elmi dərəcəli
müəllimlər Bakıya gəlməsinlər, onlar
işlədikləri bölgələrdə fəaliyyət
göstərən orta məktəblərə işləmək
üçün göndərilsinlər. Bu
çox yaxşı olardı".
Milli Məclisin
Elm və təhsil komitəsinin sədri Şəmsəddin
Hacıyev bildirib ki, "Elm haqqında" qanun layihəsi
elmi fəaliyyət sahəsində dövlət siyasətinin
məqsəd və prinsiplərini, elmi fəaliyyətin
subyektlərinin və iştirakçılarının
hüquq və vəzifələrini, elmi fəaliyyətin təşkilati-hüquqi
əsaslarını müəyyənləşdirəcək:
"Qanun layihəsi vətəndaşların əqli
potensialının reallaşması və elmi nailiyyətlərdən
istifadə edilməsində məqsədyönlü fəaliyyətin
həyata keçirilməsi üçün hüquqi zəmin
yaradacaq. Qanun layihəsində elmi
işçinin hüquq və vəzifələri,
attestasiyası, işə qəbul qaydası, elmi dərəcə
və adlar, elmi işçilərin sosial müdafiəsi,
onların mükafatlandırılması, elmi fəaliyyətin
stimullaşdırılması mexanizmləri, beynəlxalq elmi əməkdaşlıq
və digər məsələlər əksini tapıb".
Elm adamlarının əksəriyyətinin bildirdiyinə
görə, "Elm haqqında" qanun layihəsi mükəmməl
hazırlanıb və elm sahəsində olan bütün
münasibətlər sisteminin hüquqi bazasını yaradan
bir sənəd şəklinə gətirilib. Alimlər
hesab edir ki, alimlərin, elmin maraqlarına xidmət edən məsələlərin
hamısı burada əks olunub. Alimlər
bildirir ki, elmin və elmi innovasiya fəaliyyətinin məqsədlərini,
elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini,
elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin
stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi
əsasları təsbit olunub. Alimlərin
fikrincə, bu sahədə yüksək inkişaf etmiş
ölkələrin qanunverici bazası öyrənilib, müəyyən
məqamlar prototip götürülüb və Azərbaycan
şəraitinə, qanunvericiliyinə
uyğunlaşdırılıb.
Milli Məclisin üzvü İlyas İsmayılov da
"Elm Haqqında" Qanunun müsbət tərəflərini
açıqlayıb. İ.İsmayılovun mediada yer alan
fikirlərinə görə, sənəddə müsbət məqamlar
kifayət qədərdir: "Qanunda bir müsbət məqamı
da qeyd etmək istərdim. Qanun layihəsində Azərbaycan
Milli Elmlər Akademiyasının əsas elmi müəssisə
olması təsbit olunsa da, elm sahəsində ali
məktəblərin üzərinə elmi fəaliyyətlə
bağlı ciddi öhdəliklər qoyulur. Yəni əvvəllər
ali təhsil müəssisələrində
yalnız təsərrüfat hesablı elmi-tədqiqat işləri
yerinə yetirilirdisə, indi artıq bu iş tamamilə
yüksək müstəviyə qaldırılır. Bu
gün universitetlərin elmi potensialı böyükdür,
amma təəssüf ki, bundan çox az
istifadə edilir, çünki universitetin əsas fəaliyyət
növü tədris sayılır. Lakin bu
gün dünyada güclü tədqiqatçı
bölümü olan universitet və institutlar reytinq cədvəlində
ilk onluqdadır, bütün elmi tədqiqatların əsas
ağırlıq mərkəzi universitet və institutların
üzərinə düşür və biz bu təcrübədən
mütləq faydalanmalıyıq. Həmçinin
müsbət haldır ki, qanunda elmi fəaliyyətlə məşğul
olan kadrların həvəsləndirilməsi üçün
onlara müəyyən güzəştlərin,
imtiyazların verilməsi ilə əlaqədar konkret maddələr
var. Elmimizə yeni simaların cəlb olunması
üçün qanunda gənc alimləri stimullaşdırmaq
məqsədilə onlara sosial, o cümlədən ipoteka
güzəştlərinin verilməsi nəzərdə
tutulub".
Millət vəkili, Milli Elmlər Akademiyasının
vitse-prezidenti İsa Həbibbəylinin fikrincə də qanun dəyərlidir
və elmin inkişafına hesablanıb.
Elm adamlarının bildirdiyinə görə, hər bir
cəmiyyətin inkişaf göstəricisi həmin cəmiyyətin
elm və təhsil səviyyəsi ilə müəyyən
edilir. "Elm haqqında" Azərbaycan
Respublikasının Qanununun qəbul edilməsi bu sahədə
atılan uğurlu addımlardandır. Onu
da deyək ki, son illər AMEA-da ən çox müzakirə
edilən məsələlərdən biri elm sahəsində
yaşanan bəzi problemlər idi. Bu
problemləri qanuni mexanizm olmadan həll etmək çətin
idi. Təhsilin əsasında da bir elmilik
dayandığından, "Elm haqqında" Qanunun qəbulu
bu sahədəki problemlərin aradan qaldırılmasına gətirib
çıxarır. 20 ildən çoxdur
ki, Azərbaycan alimləri fərdi halda, qrup halında, təşkilat
halında Azərbaycan elminin keşiyində dayanaraq, elmi
yeniliklərini dünyada təmsil edirlər. Bir alim, mütəxəssis kimi qürurla deyə bilərəm
ki, ötən illər ərzində Azərbaycan alimlərinin
elmi nəticələri dünyanın ən nüfuzlu elmi-tədqiqat
və universitetlərinin tədqiqatçılarının
aldıqları nəticələrdən zəif olmayıb.
Bəzən zəif maddi-texniki baza ilə
onlardan üstün nəticələr də göstəriblər.
Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun təbiət elmləri kafedrasının müdiri, AMEA-nın Fizika İnstitutunun elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Yusif Alıyev yerli mətbuata bu barədə bildirib: "Əslində "Elm haqqında" Qanunun qəbulu elmdə elə də inqilabi dəyişikliklər etməyəcək. Sadəcə, bu qanun elmin inkişafına mane olan boşluqların, maneələrin aradan qalxmasına xidmət edəcək. Tam məsuliyyətlə deyə bilərəm ki, Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində fəaliyyət göstərən institut və elmi mərkəzlər öz fəaliyyət istiqamətlərini elə bu qanun layihəsinin tələblərində göstərilən müddəalar əsasında qurublar. Məsələn, AMEA Fizika İnstitutunda son illər həyata keçirilən struktur islahatları nəticəsində İnstitutun elmi fəaliyyət istiqamətləri həm forma, həm də məzmunca daha da təkmilləşdirilib. Müştərək beynəlxalq elmi əlaqələr yaradılaraq müasir cihaz və avadanlıqların alınması üçün qrant layihələri işlənib hazırlanıb. Təbii ki, bayaq dediyim kimi, "Elm haqqında" Qanunun qəbulu ilə hər şeyin həll ediləcəyini də düşünmək olmaz. Hətta gələcək illərdə qanunda müşahidə olunan boşluqlar da olacaq. Lakin əsas məsələ bu qanunun qəbul olunmasıdır ki, bu da gündəmə gətirilib. Məni bir alim kimi daha çox sevindirən qanun layihəsində Azərbaycan Milli Elmlər Akademiyasına elmi fəaliyyəti maliyyələşdirmək məqsədilə Azərbaycan qanunvericiliyində qadağan olunmayan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququnun verilməsidir. Bu fəaliyyət nəticəsində alimlərin və mütəxəssislərin maddi rifah halı indikindən daha yüksək olacaq. Bundan başqa, Azərbaycanda özəl elmi müəssisələrin yaradılması məsələsinin də qanunda təsbit olunması müsbət hal kimi qəbul edilməlidir. Amma, fikrimcə, bu özəl elmi mərkəzlərin hansısa formada Azərbaycan Milli Elmlər Akademiyasına tabeçilik bağlılığının olması vacibdir. Əlbəttə, bu elmi mərkəzlər bazar iqtisadiyyatının tələb və təklif prinsipləri əsasında yaradılacağından, burada sağlam elmi rəqabət və fundamental elmi nəticələr əldə ediləcək.
Hətta "Elm haqqında" Qanunda ali təhsil müəssisəsinə "Tədqiqat universiteti" statusunun verilməsi ilə yaradılacaq özəl mərkəzlər üçün kadr potensialının hazırlanması işi nəzərdə tutulur.
Bu kadrlar isə universiteti bitirdikdən sonra özəl elmi mərkəzlərə işə qəbul olunacaq və bir müddətdən sonra mərkəzin maddi imkanları hesabına xarici elmi-tədqiqat mərkəzlərində təcrübə mübadiləsinə göndərilərək daha mükəmməl kadr kimi geri dönəcək. Nəticədə Azərbaycan alimlərinin tədqiqatları dünya elmi mərkəzlərinin diqqət mərkəzində olacaq və qarşılıqlı elmi tədqiqat işləri həyata keçiriləcək".
Alim hesab edir ki, Azərbaycan elminin tərəqqisində "Elm haqqında" Qanun böyük rol oynayacaq. Qanun artıq qəbul edilib, elm müəssisələrində fəaliyyət onun tələblərinə uyğun şəkildə qurulur. Dövlətin elmin inkişafına verdiyi dəyər misilsizdir.
İradə SARIYEVA
Bakı xəbər.-2015.- 12 mart.- S.15.