Xaricdə fəaliyyət göstərən mədəniyyət mərkəzləri - mədəniyyətimizi yaşadan ocaqlar...

 

Azərbaycan dövlətinin inkişafı, iqtisadi-sosial yüksəlişi dünyanın diqqət mərkəzindədir. Dövlətimizin iqtisadi gücü artdıqca onun qüdrəti daha möhtəşəm görünür. Azərbaycanın çoxşaxəli mədəniyyəti, tarixi, ədəbiyyatı bu möhtəşəmliyi bir qədər də cazibəli edir. Bilirik ki, ölkəmizdə baş verənlər, mədəniyyətimizin inkişafı, sahib olduğumuz mənəvi xəzinə xarici ölkələrdə də izlənir. Azərbaycan dövlətinin güclənməsi, artıq bölgədə söz sahibinə çevrilməsi respublikamıza marağı daha da artırır.

O da məlumdur ki, Azərbaycan dövlətinin xətti ilə vətəndən uzaqlarda Azərbaycan mədəniyyət mərkəzləri açılır. O mərkəzlərdə Azərbaycanın tarixi keçmişi, bu günü haqqında böyük məlumatlar var. Bilirik ki, indiyə qədər bir neçə ölkədə Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərir.

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı diqqətçəkən hadisələrdəndir. Məlumatlara görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da sözügedən mərasimdə iştirak ediblər.

Prezident İlham Əliyev mərasimdə çıxış edib. Rəsmi medianın yaydığı məlumata görə, dövlətimizin başçısı Mərkəzin açılışında etdiyi çıxışda bildirib ki, dünya mədəniyyəti paytaxtlarından biri sayılan Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin açılışını iki ölkənin münasibətləri tarixində əlamətdar hadisə kimi qiymətləndirir. Qeyd edək ki, səfər zamanı Avstriya dövlətinin başçısı ilə siyasi-iqtisadi, təhsil, turizm və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi barədə ətraflı fikir mübadiləsi aparılıb və bəyannamə imzalanıb. Rəsmi media yazır ki, ölkə başçımız mədəniyyət sahəsində əməkdaşlığın da uğurla davam etdirildiyini bildirib və Bakıda Qız qalasının bərpasını, həmçinin, respublikamızın paytaxtında müasir Xalça Muzeyinin inşasını da avstriyalı mütəxəssislərin həyata keçirdiklərini qeyd edib. Dövlətimizin başçısı Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin ölkələrimiz və xalqlarımız arasında güclü dostluq və tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Onu da qeyd edək ki, Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin açılış mərasimində iştirak etməkdən şərəf duyduğunu deyən Avstriya parlamentinin vitse-spikeri Frits Noyqebauer ölkələrimiz arasında dostluq münasibətlərinin hökm sürdüyünü vurğulayıb.

Mətbuatın yazdığına görə, Vyanada Azərbaycan Mədəniyyət Mərkəzi Prezident İlham Əliyevin 2012-ci il 16 noyabr tarixli Sərəncamı əsasında Avstriyada ölkəmizin mədəniyyətini təbliğ etmək məqsədilə yaradılıb. Burada Avstriya ictimaiyyətinin Azərbaycanı yaxından tanıması üçün respublikamızın zəngin mədəniyyəti, incəsənəti və turizm imkanları barədə müxtəlif tədbirlərin təşkil olunması nəzərdə tutulub. Mərkəzin fəaliyyət istiqamətlərinə Azərbaycan dili kurslarının təşkili, müraciət edənlərə Azərbaycan müəlliflərinin əsərlərinin toplandığı zəngin kitabxanamediateka ilə xidmət göstərmək də daxildir. Bu mədəniyyət ocağının kitabxanasında qonaqlar Nizami Gəncəvinin, Nəsiminin, Məhəmməd Füzulinin və Azərbaycan ədəbiyyatının digər klassiklərinin, həmçinin müasir ədəbiyyatımızın görkəmli yazıçı və şairlərinin əsərləri ilə tanış ola biləcək.

Bəlli olduğu kimi, böyük mədəniyyəti, möhtəşəm dövləti, fundamental elmi olan xalq, sözsüz ki, bütün dünyada tanınmalı, onun mədəniyyəti, tarixi, dili, dəyərləri geniş təbliğ edilməlidir. Azərbaycan mədəniyyəti tarixən Şərq mədəniyyətinin gözü sayılıb. Təsadüfi deyil ki, dünyanı heyrətə salan bir sıra mədəniyyət-incəsənət nümunələri Azərbaycan torpağında yaranıb. Xoşbəxt xalqıq bu baxımdan.

Azərbaycan mədəniyyəti onun minillərlə yaşı olan xalçaçılıq, tikmə, toxuma sənətində, şəbəkələrdə, quramalarda, butalarda, milli musiqisində, sazında, balabanında, tütəyində, neyində, tarında, kamançasında, qavalında əks olunub. Misgərlik, dulusçuluq, oyma, döymə, dəmirçilik və s. xalq sənəti örnəklərində özünü büruzə verib. Mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız bəşəriyyətə çox hədiyyələr verib. Azərbaycan mədəniyyəti tarixən əcnəbiləri cəzb edib, onları sehrinə salaraq özünə məftun edib. Azərbaycan dövləti ərazisində qurulan dövlətlər, xanlıq və sultanlıqlar dövründə də, Azərbaycan Xalq Cumhuriyyəti zamanında da, sovet illərində də, bugünkü müstəqillik çağında da mədəniyyətimiz dövlətimizin maraq dairəsində olub. Müstəqil Azərbaycanın isə hazırda konkret mədəniyyət siyasəti mövcuddur. Mədəniyyət konsepsiyamızın əsasında dövlətə və dövlət müstəqilliyimizə söykənən, milli maraqlarımızı, mədəniyyət ənənələrimizi yaşadan və təbliğ edən bir ideya dayanır. Əsas məsələ isə mədəniyyətimizin dövlət siyasətinin tərkib hissəsi olmasıdır. Mədəniyyətimiz dövlət siyasətimizin əsaslarından birini təşkil edir. Azərbaycan dövlətinin mədəniyyət siyasətinə daxil olan məqamlardan biri milli mədəniyyətimizin başqa ölkələrdə də təbliğ edilməsi, tanıdılması ilə bağlıdır. Azərbaycan xalqı sülhə, dostluğa, mədəni əlaqələrə, qarşılıqlı ünsiyyətə açıq ürəkli xalqdır. Əsas dostlarımızı da mədəniyyətimiz qazandırıb bizə. Mədəniyyətimiz ölkəmizlə yanaşı, xaricdə açılan mədəniyyət mərkəzləri tərəfindən də təbliğ edilir.

İyirmi ildən artıqdır davamlı olaraq xarici ölkələrdə Azərbaycan mədəniyyət mərkəzləri, mədəni əlaqələr dərnəkləri açılır. Onlardan bəhs etməzdən öncə yadınıza 2012-ci ilin sentyabr ayında Parisdə Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə yaradılan Mədəniyyət Mərkəzinin açılış mərasimini salmaq istəyirik. Bu tarixi mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər. Azərbaycan Mədəniyyət Mərkəzinin açılışında iştirak edən dövlətimizin başçısı və xanımı Mərkəzdə yaradılan şəraitlə tanış olublar. Onlara məlumat verilib ki, Parisin mərkəzində - Eyfel qülləsinin yaxınlığında yaradılan Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizin dünya mədəniyyətinin paytaxtında təbliğ olunması istiqamətində atılan ən mühüm addımlardan biridir. Həmin tarixi hadisə haqda rəsmi məlumatlarda deyilirdi: "Xüsusi əhəmiyyəti ilə seçilən bu mədəniyyət hadisəsi dünya gündəminə mədəniyyətlərarası və sivilizasiyalararası dialoq platformasının aparıcı qüvvəsi kimi daxil olan Azərbaycanın ən yüksək səviyyədə tanıdılmasına xidmət edir. Ölkəmizin qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatların bir məkanda təqdim edildiyi Mərkəz Parisin mədəni həyatında fəallığı ilə seçilən Azərbaycanın bu sahədə həyata keçirdiyi fəaliyyətin rəsmiləşdirilməsinə də böyük imkanlar açır. Azərbaycan Mədəniyyət Mərkəzi həm də ölkəmizə sonsuz marağı təcəssüm etdirir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizin xaricdə tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlərin mühüm hissəsi Parisin mədəni həyatı ilə bağlıdır. Yeni mədəniyyət ocağı isə bu sahədə işlərin daha da gücləndirilməsinə, vahid mərkəzdən idarə olunmasına və daha səmərəli fəaliyyətin qurulmasına geniş imkanlar açacaq".

Məlumatlara görə, Mərkəzin binası 1904-cü ildə inşa olunan tarixi tikilidir. Üç min kvadratmetr sahəsi olan Mərkəz Parisdə bir növ Azərbaycanın mədəniyyət ocağı funksiyasını yerinə yetirəcək və ölkəmizlə bağlı müxtəlif humanitar tədbirlərin təşkil olunmasına geniş imkanlar açacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Mədəniyyət Mərkəzinin həyətində dövlət bayrağımızı qaldırıb.

Mərkəzin əsas özəlliyi burada Azərbaycan mədəniyyətinə dair nümunələrin sərgilənməsidir. Müxtəlif ekspozisiya zallarının yaradıldığı Mərkəzdə Azərbaycan tarixini əks etdirən eksponatlar təqdim olunur. Arxeoloji tapıntılardan tutmuş, qədim pullara, silahlara, misgərlik məmulatlarına qədər hər şey burada Azərbaycanın qədim və zəngin tarixindən xəbər verir. Bildiyimiz kimi, son iki ildə qeyd edilən Mərkəzdə davamlı şəkildə Azərbaycan mədəniyyətinin incilərinin sərgisi açılır. Geniş tamaşa auditoriyasını cəlb edən sərgilər Azərbaycan mədəniyyətinin təbliği baxımından çox əhəmiyyətlidir. Məlumat üçün onu da bildirək ki, Azərbaycan xalçaları Mərkəzdəki ekspozisiyanın ən qiymətli inciləri sırasındadır. Milli xalçaçılığımızın bütün istiqamətlərinin nümunələrinin təqdim edildiyi Mərkəzdə yaşı yüz illərlə ölçülən xalçaxalça məmulatlarının geniş çeşidi təcəssüm tapıb. Burada Azərbaycan xalçaçılıq məktəblərinin tarixikeçdiyi inkişaf yolları barədə məlumat verilir. Bundan başqa, Azərbaycan miniatürləri də Şərqin bir parçası olan ölkəmizdə qədimlərdən yaranıb formalaşan rəssamlıq sənəti - miniatür məktəbi barədə ətraflı məlumat verir. Zinət və müxtəlif bəzək əşyalarının, xalq incəsənətinin bütün istiqamətlərinə dair nümunələrin, taxta üzərində oyma sənətinin təqdim olunduğu Mərkəzin ekspozisiyasında Azərbaycan milli geyimləri də diqqəti cəlb edir. Milli ruhu özündə təcəssüm etdirən kuklalar, bürüncdən hazırlanan heykəllər də maraq doğurur.

Məlumata görə, Azərbaycan Mədəniyyət Mərkəzində kitabxana da yaradılıb. Zənginliyi ilə diqqət çəkən bu kitabxanada fransız dilinə tərcümə edilən Azərbaycan ədəbiyyatı külliyyatı təqdim olunur. Bundan başqa, mədəniyyətimizin müxtəlif qollarına dair geniş ədəbiyyat toplusunun cəmləndiyi kitabxana Mərkəzə gələnlərdə ədəbiyyatımız, rəssamlıq sənətimiz və musiqimiz haqqında, ümumiyyətlə incəsənətin digər növləri barədə məlumatların əldə edilməsinə imkan verir. Mərkəzdə gənc rəssamların işləri də təqdim olunur. Odur ki, bu Mərkəzin yaradılması ölkəmizdə inkişaf edən müasir incəsənətin nümunələrinin Fransa ictimaiyyətinə təqdim edilməsi baxımından olduqca əhəmiyyətli hadisədir. Bu həm də Azərbaycanda müasir incəsənətə verilən dəyərin təzahürüdür.

Burada Azərbaycan musiqisinin təbliğinə də geniş yer ayrılıb. Ayrıca muğam zalı yaradılıb, qədim musiqi alətlərinin iştirakı ilə konsertlər də verilir.

Bu Mərkəzdə keçirilən təlimlərdə Azərbaycan mətbəxinin nümunələrinin hazırlanması qaydaları da öyrədilir. Göründüyü kimi, Parisdə açılan Azərbaycan Mədəniyyət Mərkəzi bir elm-mədəniyyət məbədidir. Burada Azərbaycan xalqının həyatına, məişətinə, keçmişmüasir aləminə aid olan bütün nümunələr var. Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, xalçaçılığının, təsviri incəsənətinin, mətbəxinin, musiqisinin cəmləşdiyi Mədəniyyət Mərkəzinin mövcudluğu çox dəyərlidir. Xaricdə oxuyan, Fransada yaşayan soydaşlarımız bu Mərkəzə baş çəkdikcə tariximizlə, mədəniyyətimizlə maraqlanır, böyük bir xalqın bir parçası olduqları ilə fəxr edirlər. Bu Mədəniyyət Mərkəzinin açılması təqdirəlayiqdir. Öz xalqının tarixini gəlib bu Mərkəzdə öyrənir azərbaycanlılar. Elə ailələr var ki, onlar 100 ildir Fransada yaşayır. Onların davamçıları mədəniyyətimizdən xəbərsizdir. Bu Mərkəz o ailələrin davamçıları üçün bir mədəniyyət məktəbi olacaq. Azərbaycanla bağlı kitablar, muğam otağı, xalçaların sərgisi gerçək bir mədəniyyət təbliğatıdır.

Azərbaycandan kənarda milli mədəniyyət mərkəzləri hələ keçən əsrin 90-cı illərinin sonlarından yaranmağa başlayıb. Bu dövrdə o mədəniyyət mərkəzlərinin fəaliyyəti zəif olsa da, sonralar Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun dəstəyilə o təşkilatların bir çoxu yenidən quruldu, bəzilərinin isə fəaliyyəti gücləndirildi.

2008-ci il noyabrın 12-də Özbəkistanın Zərövşən vilayətində Azərbaycan Mədəniyyət Mərkəzi açılıb. Özbəkistanda açılan bu Mədəniyyət Mərkəzi Azərbaycan və özbək xalqının dostluq münasibətlərinin möhkəmləndirilməsinə, qarşılıqlı mədəni əlaqələrin gücləndirilməsinə xidmət edib. Bu Mərkəz də illərdir bir Azərbaycan evi kimi soydaşlarımızı öz ətrafına toplayır. Azərbaycan mədəniyyətini təbliğ edən Mərkəz musiqimizi, mədəniyyətimizi təbliğ edir, yayır.

2000-ci illərdən sonra xaricdə Azərbaycan mədəniyyət-tədris mərkəzlərinin sayı durmadan artmağa başlayıb. Mərkəzlərdə aparılan işlərin əsasında isə Azərbaycan dilinin, mədəniyyətinin təbliği dayanır. Bu sahədə görülən işlər kifayət qədərdir. Hesab edirik ki, bundan sonra bu yöndə işlər davam etdiriləcək.

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 13-15 mart.- S.11.