Musiqi mədəniyyətimizə
kölgə salan bayağı mahnılar...
Minillər bundan əvvəl yaranan mahnılar var ki, bütün zamanların sərt sınağına dözüm göstərərək xalq mahnıları libasında günümüzə gəlib çıxıblar. Bu mahnıların mətni-sözləri mükəmməldir, dəyərlidir, alt qatı dərindir, zəngindir. Mənası olmayan söz yığını kimə və nəyə lazımdır? Təbii, heç kəsə. Azərbaycanda çox böyük mahnı yaradıcılığı ənənəsi mövcuddur və çox məzmunlu, ifadəli mahnı mətnləri var.
Lakin onların çoxluğuna baxmayaraq, bizi
narahat edən bir sıra məsələlər də yox
deyil. Keçən əsrin 90-cı illərindən
başlayaraq mahnı yaradıcılığı sahəsində
ciddi böhran, qarşısıalınmaz problem yaranmağa
başlayıb. Bu o həddədir ki, indi çox yerdə
bayağı mahnı səslənir. Efirdə, ekranda,
mağazalarda, bir sözlə, bayağı mahnılar bizi hər
yerdə izləyir. Avtobuslarda da bu mahnılar aktualdır.
Əvvəllər sürücülər xüsusi disklər,
albomlar vasitəsilə sərnişinləri "musiqiyə
qonaq" edirdisə, indi ona ehtiyac qalmayıb. Artıq yerli
radioların bir çoxu bayağı mahnıları kütləvi
olaraq yayımlayır. Bayağı mahnı problemi son 20
ilin ən aktual mədəniyyət problemi olaraq qalır. Heç bir məna
daşımayan söz yığınından ibarət olan mətnlər
musiqi mədəniyyətimizə zərər gətirir.
Tanınmış şair və bəstəkarların
bildirdiyinə görə, bəzi müğənnilərə
ciddi mahnı mətnləri lazım deyil. Onlara
bayağı, şit və mənasız söz
yığını olan mahnı mətnləri gərəkdir.
Şair
Vahid Əziz mətbuata bildirib ki, müğənnilərin
çoxu heç nə oxuduğunu dərk etmir:
"Çoxları heç mahnının sözlərini belə
düzgün ifadə edə bilmir. Bilirsiniz niyə?
Mütaliələri yoxdur, kitab oxumurlar".
Bəstəkar
Eldar Mansurovun sözlərinə görə, həvəskar bəstəkarlar
ciddi şairlərə müraciət etmək istəmir:
"Dostlarının, tanışlarının şeirlərinə
mahnı bəstələyirlər".
Bəstəkar
Nadir Əzimov mətbuata bildirib ki, bayağı mahnılar
yazanlar var, amma bu o demək deyil ki, bütün bəstəkarlar
bayağı mahnılar yazır: "Şəxsən mən
ciddi və məşhur şairlərin şeirinə
müraciət edirəm. Özünə və
sənətinə hörmət qoyan bəstəkarlar hər
zaman ciddi mətnlərə üstünlük verir".
Bu gün meydanda olan mahnıların siyahısına
baxsaq görərik ki, onların kütləvi olaraq cəmiyyətə
ixrac edilməsi bizə böyük zərər verir.
Məlum
olduğu kimi, hazırda az qala efirləri
işğal edən
"Qəşəng-qəşəng",
"Şıkı-şıkı baba",
"Mırtdaşaq", "Get hoppan" kimi mahnılar
kifayət qədər bayağıdır və tüfeyli həyat
tərzini təlqin edir.
Azərbaycan
musiqisinin, musiqi mədəniyyətinin "qara yarası"na çevrilən bu nümunələr
zövqdən, yüksək keyfiyyətdən uzaqdır. Nəzərə alsaq ki, musiqinin əsas işi, vəzifəsi,
funksiyası zövq vermək, əhvalı dəyişmək,
insana ruh verməkdir, barəsində danışdığımız
nəsnələr bundan tamamilə uzaqdır. Onu da qeyd edək ki, bu nümunələr cəmiyyətə
kütləvi şəkildə ixrac edildikcə gənclərin
ona marağı artır. Bəllidir ki,
ucuz musiqinin ardınca gedənlər tamam başqa kəsimin təmsilçiləridir,
ancaq bununla belə, bu "epidemiya" digər qrup gənclərə
də sirayət etməyə bilmir. Bilirik
ki, Azərbaycanda musiqi mədəniyyətinin
inkişafına, zövqlü musiqinin təbliğinə, dəyərli
mahnı mətnlərinin musiqiyə gətirilməsinə
ciddi dəstək verilir. Bu gün Azərbaycanda
kifayət qədər mahnı mətni yazmaqda mahir olan
şairlər var və onların yazdığı mahnı mətnləri
özünə kifayət qədər tamaşaçı cəlb
edə bilib. Amma buna baxmayaraq, bayağı
mahnıların, mahnı mətnlərinin mövcudluğu
bizi narahat edir.
Bu məsələ
ilə əlaqədar Milli.Az xəbər portalına fikir
bildirən xalq artisti Mübariz Tağıyev deyib: "Belə
davam etsə, sənət aləmi uçuruma gedir. Dəhşət burasındadır ki, birmənalı
şəkildə bugünkü müğənnilər,
xüsusilə də gənclər toy bazarına istiqamət
tutublar. Digər tərəfdən,
onları qınamaq da olmur. Çünki
ayrı yol da yoxdur. Onlar istər
yaradıcılıq yeniliklərini reallaşdırmaq, istərsə
də sosial problemlərini həll etmək üçün
maddi vəziyyətlərini tənzimləməlidir. Ancaq bu o demək deyil ki, sənət
bütünlükdə toy bazarına qurban getməlidir.
Çıxış yolu olmasa da, bu problem
gec-tez həllini tapmalıdır. Bugünkü
sənət aləmi nəzarətsiz bir qatara bənzəyir
ki, istiqaməti bəlli deyil. Bu qatarın
son dayanacağı uçurum olacaq. Sənət
aləmində olan gənclər başlı-başına
qalmış yetimləri xatırladır. Kim
necə istəyir, elə də səhnəyə
çıxır, istədiyini oxuyur. Biz bir məqamı
unuduruq ki, müğənnilərin efirdə oxuduğu
mahnılar lent yazısı olduğundan, onlar həm
yaddaşlarda qalır, həm də efir arxivində, bununla
zövqlər korlanır. Məntiqsiz, biədəb
mahnı mətnləri efirlərə ayaq açıb. Mahnı yazan bilinmir, oxuyan bilinmir. Axı mahnıda pillələr nəzərə
alınmalıdır. Müğənni
birdən-birə boğazından bir aktava yuxarı atlana bilməz.
Əslində, səsi olmayanlar üçün
mahnı oxumaq problem deyil. Çünki
onlar pis də olsa, yaxşı da olsa, oxumağa can atırlar.
Amma istedadlılar yaxşı mahnı olmayanda
üzə çıxa bilmirlər. Mən
daha çox istedadlı gənclər, müğənnilər
üçün narahatam. Çünki onlar
mahnıları hiss etmək qabiliyyətinə malikdir. Ancaq problem ondadır ki, bugünkü problemin nə
kökünü tapa bilirlər, nə də həlli yolunu.
Sənət aləmindəki problem bir
günün söhbəti deyil. Bu problem təkcə estrada janrında da mövcud deyil. Məgər xalq musiqisi istədiyimiz səviyyədədir?
Maraqlanın görün, bu gün xalq musiqisi
üslubunda yeni musiqilər yazılırmı? Vaxtilə
Cahangir Cahangirov, Qara Qarayev, Fikrət Əmirov kimi böyük
bəstəkarlar xalq mahnıları üslubunda bəstələri
ilə müğənnilərin
yaradıcılığına müsbət təsir göstərirdilər,
onların repertuarını formalaşdırırdılar. Bu gün necə, belə mahnılar
yazılırmı? Yox.
Çünki hamı hesab edir ki, pul qazanmaq üçün
ya estrada janrında olan mahnılara
müraciət etmək lazımdır, ya da toylarda oynanılan
bayağı mahnılara. Sanki sənət toy
bazarına tərəf üz tutub və müğənnilər
də toydan başqa heç nə görmürlər. Heç klassik musiqilərdən danışmağa
da dəyməz. Klassik mahnılar, əsərlər
yazanlar da görürlər ki, onların zəhmətinə
qiymət verən yoxdur. Ona görə də
yazmırlar. Xaricdə üçhissəli
simfoniyanı yazana təxminən yarım milyon dollar pul
verilirsə, bizdə üçhissəli simfonik əsər
üçün ən yaxşı halda 10 min manat pul veriləcək.
10 min manatın da bir hissəsi vergiyə, əlavə
xərclərə gedərsə, bəstəkara vur-tut 5 min
manat qalır. Bəstəkar bu əsəri ərsəyə
gətirmək üçün bir il əziyyət
çəkir, əvəzində 5 min manat alır. Ancaq mahnı yazan bəstəkar bir günün
içində bir mahnı yazır, müğənnidən 5
min manat alıb cibinə qoyur. Sizcə
burada əsl sənətin inkişafından söhbət gedə
bilərmi? Sənət aləmində
tarazlıq pozulur. Bizim, sizin
danışmağımızla bu problem həllini tapmayacaq.
Bu sahəyə səlahiyyətli orqanlar nəzarət
etməlidir. Sənət aləmi bazara
dönməsin. Biz hara getdiyimizin fərqinə
varmırıq. Bugünkü sənət
aləmi qəbiristanlığı xatırladır. Mən bundan narahatam".
Son illərin bayağı mahnılarının
sırasına baxanda adamı dəhşət
bürüyür.
"Tin
uşaqları" qrupunun oxuduğu, telekanal və
radioların ciddi cəhdlə yaydığı
Səhər
tezdən açılanda pəncərə,
Gözümə
görsənir gözəl mənzərə,
Nazlı
yarım su verəndə güllərə,
Ürəkdən sevinib söyləyirəm mən.
Ay
maşallah, iri-iri gözlərin,
Öldüm, ay Allah, iri-iri gözlərin.
Son illərin yaranan bayağı mahnılarındandır. Bu mahnılar
Azərbaycan musiqi mədəniyyətinə nə xeyir verə
bilər?
Orxan Dəniz və Aşıq Səbuhinin oxuduğu
"Mənim balam bal dadır" nümunəsi də öz
bayağılığına görə heç də
başqalarından geri qalmır.
Mənim
aşkım qısqancdır,
Hər işi davadır, qandır.
Ərköyün, dəlisovdur,
Mələk donlu şeytandır.
Bir neçə müddət ayrı qaldı peşimandır,
Ağlayır gecə-gündüz, göz yaşı dəsmaldadır...
Bu nə mahnıdır? Bu nə sözlərdir? Azərbaycan musiqi mədəniyyətinə başucalığı gətirmir.
Qapı döyülür getdi qəmim, nisgilim,
Kimdi axı mən hardan bilim?
Bəlkə
qayıdıb mənə sevgilim
Yuxumda...
Bayağı musiqi mətnlərindən biri də budur. Təsəvvür edin ki, respublikada kifayət qədər peşəkar musiqiçi, istedadlı şair olduğu halda mahnılar bayağı, mətnlər zəifdir.
Bir
gün yenə geri dönsən,
Məni sevib əzizləsən.
Sənsiz
dünyam heçdir desən
İnanımmı, inanımmı?
Göründüyü kimi, bu mahnıların səviyyəsi çox aşağıdır. İndi mahnı mətnləri yazanların əksəriyyəti çiy sözlərdən yapışır və onu ifadə etməyə çalışır.
Bilirik ki, vaxtilə Səməd Vurğun, Mikayıl Müşfiq, İslam Səfərli, Nəbi Xəzri, Tofiq Mütəllibov, Mirvarid Dilbazi, Rəsul Rza, Cabir Novruz, Süleyman Rüstəm, Zivər Ağayeva, Zeynal Cabbarzadə, Hüseyn Arif, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Fikrət Qoca, Mədinə Gülgün, Nigar Rəfibəyli kimi şairlərin sözlərinə çox qiymətli mahnılar yazılıb... Tanınmış jurnalist Flora Xəlilzadə bu sahədə çox maraqlı fikirlər irəli sürüb: "Əlbəttə, siyahını çox uzatmaq olar. Dediyimiz odur ki, bu şəxsiyyətlərin hər biri mahnı ifaçılığına ciddi yanaşıblar. Bu səbəbdən də onların qələmindən qopan misralar musiqi libasına bürünərək yeni ömür fəth edib. İndi də həmin mahnılar səslənəndə insan bir nostalgiya keçirir. Əslində bütün bu məşhur simaların nəfəsindən yadigar qalan ifalar retro mahnılar səviyyəsinə yüksəlib. Sovet dövründə, həqiqətən, hər kəsin mahnı bəstələmək hüququ yox idi. Bu işi mütləq peşəkar bəstəkar görməli idi. Halbuki, o dövrdə elə müğənnilər, müxtəlif musiqi alətində çalan sənətkarlar, həvəskar bəstəkarlar olub ki, istedadlarının gücünə çox gözəl mahnılar yaradıblar. İfa da edilib, amma heç vaxt bəstəkar kimi adları çəkilməyib. Müstəqilliyimizi qazandıqdan sonra bilinib ki, hansısa bir məşhur mahnının musiqisini Şahid Əbdülkərimov, yaxud Bəhram Nəsibov yazıb, Zeynəb Xanlarova özü bəstələyib. Xalq mahnısı kimi qəbul etdiyimiz neçə nəğmə, təsnif var. Çox sonradan məlum olub ki, onların musiqi yozumunu məşhur xanəndələr - İslam Rzayev, Əlibaba Məmmədov verib. Xalq artisti, görkəmli muğam ustadı Arif Babayevin məlahətlə ifa etdiyi onlarla mahnının adını çəkmək mümkündür ki, musiqisini özü bəstələyib".
Tanınmış yazar qeyd edir ki, yeni mahnılar səslənir, amma əvvəlki effekti vermir: "Sanki yaşıl bir çəmənliyi yad məmləkətlərdən gətirilmiş çayırlarla, tikanlarla doldurublar. Bu solğunluqdan, yoruculuqdan, mənasızlıqdan bezirsən. Elə ki, qarışıq səslərin, gurultuların içində "köhnə" mahnılardan eşidirsən, əhvalın düzəlir. Ən dəhşətlisi də odur ki, təkcə qeyri-peşəkarlar deyil, tanınmış bəstəkarların bəziləri bəsit mətnlərə, məntiqsiz söz yığınına müraciət edir, musiqi bəstələyir, zorla dinləyiciyə sırıyırlar. Mahnı janrının yaranmasındakı ənənələr də, demək olar ki, pozulub. Birdən-birə müəyyən insanlara sanki "istedad" bəxş edilib.
Özü yazır, bəstələyir və
oxuyur. İctimai və şəhərlərarası nəqliyyatda,
yolda-izdə, evlərə iznsiz daxil olan televiziya
ekranlarında, konsert salonlarında, toylarda, mərasimlərdə,
daha haralarda nələr eşitmirsən?! Bəzən də
mahnı adı ilə təqdim olunan söz
yığınındakı qarğışlar adamı dəhşətə
gətirir: "Səni öləsən, qayınana",
"Evin yıxılsın, ay qız", "Azara
düşəsən", "Mənsiz öləsən"
və s. Bir vaxt ara mahnıları kimi epitetlənən, ekrana,
efirə buraxılmayan bəsit mətnlər də var ki, indi
yağışdan sonra cücərmiş göbələklər
kimi hər yeri başına götürüb. "Min bir mahnı"
adlı bir kitab tez-tez nəşr olunur. Burada xalq və
bəstəkar mahnıları toplanıb. Əlbəttə,
Azərbaycan mədəniyyətinə, incəsənətinə
xidmət etmək baxımından belə kitabların nəşri
təqdirəlayiqdir".
Ancaq bununla belə, bu nəşrdə də
bayağı mahnılar yer alıb. Ümumiyyətlə,
mahnı mətnləri sahəsində ciddi problemlər
mövcuddur və hesab edirik ki, bu aradan
qaldırılmalıdır. Zəngin
musiqi mədəniyyəti olan bir xalqın musiqisinə zərbədir
bu bayağı nümunələr. Azərbaycan
dövlətinin musiqi mədəniyyətinə verdiyi dəstək,
göstərdiyi qayğı yetərincədir. Düşünürük
ki, vaxt gələcək bayağı mahnılar itib batacaq...
İradə
SARIYEVA
Bakı xəbər.-2015.- 13-15 mart.- S.15.