"Muğam aləmi" Bakı Beynəlxalq Muğam Festivalının tarixi əhəmiyyəti...

 

Azərbaycan milli musiqisi öz zənginliyi, bəşəriliyi, xəlqiliyi ilə diqqət çəkir. Muğam sənəti bu tələblərə tam uyğun olduğundan, onun bir qiymətli inci kimi bütün dünya tərəfindən etiraf edilməsini duymaq bizim üçün xoşdur. UNESCO-nun "Bəşəriyyətin şifahi və mənəvi irsinin şedevrləri siyahısı"nda muğamın yer alması və heyrətamiz musiqi kimi diqqəti cəlb etməsi onun əzəmətindən xəbər verir.

Qeyd edildiyinə görə, hələ keçən əsrin 70-ci illərinin əvvəllərində Sovet İttifaqında UNESCO-nun himayəsi altında keçirilən ənənəvi musiqinin beynəlxalq festivalları Qərb üçün Sovet Şərqinin ənənəvi musiqisini, həmçinin orijinal musiqi mədəniyyəti kimi Azərbaycan muğam sənətini "kəşf edib". Onu da bildirək ki, o vaxtdan Azərbaycan muğamı dünya mədəniyyəti məkanına daxil olmağa başlayır. Məlumatlara görə, 1971-ci ildə UNESCO 50 albomdan ibarət olan "Dünya ənənəvi musiqisinin antologiyası" kolleksiyasına "Şərqin musiqi antologiyası" seriyasında çıxan "Azərbaycan musiqisi" plastinkasını daxil edib. 1975-ci ildə Azərbaycan muğamları yenə də UNESCO tərəfindən "Musiqi mənbələri" seriyasında buraxılıb. Azərbaycan muğamı Andrey Tarkovskinin bütün dünya ekranlarını dolaşan "Stalker" filmində də səslənib.

Onu da vurğulayaq ki, 2008-ci ildə UNESCO Azərbaycan muğamını "Bəşəriyyətin şifahi və mənəvi irsinin şedevrləri siyahısı"na daxil edibbununla da muğamın bədii təkrarolunmazlığını və dünya mədəniyyəti üçün dəyərini təsdiq edib. Məlumat üçün deyək ki, İran rədifi 2009-cu, İraq maqamı, Özbəkistan və Tacikistan şaşmaqomları, Uyğur muğamları 2008-ci ildə UNESCO-ya daxil edilib.

Azərbaycanda muğam sənətinin inkişafı, bu sahəyə göstərilən dövlət qayğısı və diqqət bu sənəti daha da əhəmiyyətli edir. 2013-cü ildə Bakıda keçirilən "Muğam aləmi" Beynəlxalq Muğam Festivalının dünya əhəmiyyətli olduğunu Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə ölkəmizdə 2013-cü ildə keçirilən "Muğam aləmi" Üçüncü Beynəlxalq Muğam Festivalında iştirak edən Çinin Sincan-Uyğur Muxtar Rayonunun "Beautiful girls" musiqi kollektivinin rəhbəri Davud Mamut da vurğulayıb. O qeyd edirdi ki, "Muğam aləmi" Beynəlxalq Muğam Festivalının dünyada əhəmiyyəti əvəzolunmazdır.

Artıq Azərbaycan muğamın gerçək vətəninə çevrilib. Bu da ölkəmizin dünya ənənəvi musiqi aləmində yerini möhkəmlədir, şöhrətini artırır. Bilirik ki, artıq ənənəvi olaraq 2009-cu ildən bu festival keçirilir. Baharın ilk ayında, martda başlayanbir neçə gün davam edən, dünyada ilk dəfə keçirilən "Muğam aləmi" Beynəlxalq Muğam Festivalı 2009-cu ildən təşkil olunur. Onu da qeyd edək ki, birinci festival çərçivəsində keçirilən Beynəlxalq Muğam Müsabiqəsi və Beynəlxalq Elmi Simpoziumda muğamsevərlər, elmi tədqiqatçılar və dünyanın bir çox ölkələrindən - Suriya, İraq, Mərakeş, Özbəkistan, İran, Tacikistan, Qazaxıstan, Misir, Türkiyə, İtaliyaAlmaniyadan dəvət olunan xarici qonaqlar iştirak edirdilər.

Bir məsələni xüsusi qeyd edək ki, bu festival çərçivəsində muğam sənəti bütün tərəflərdən təbliğ edilir. Bura həm alimlər, həm xanəndələr, həm də sənət biliciləri qatılır.

Sözügedən festival daxilində müxtəlif elmi simpoziumlar, tədbirlər keçirilir. 2009-cu il martın 18-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində "Muğam aləmi" Beynəlxalq Festivalı çərçivəsində keçirilən beynəlxalq elmi simpozium buna nümunədir. Muğam bilicilərinin qatıldığı bu elmi tədbir muğamın müzakirəsi üçün daha böyük şərait yaradıb.

Rəsmi mətbuatda gedən məlumata görə, həmin elmi simpoziumu

Beynəlxalq Festivalın prezidenti, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva açmışdı": Simpoziumun işində iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən paytaxtımıza gələn bütün qonaqlarımıza "Azərbaycana xoş gəlmisiniz!" deyirəm. UNESCO-nu təmsil edən, o cümlədən Beynəlxalq Musiqi Şurasının muğam bölməsində fəaliyyət göstərən qonaqlarımızı xüsusi salamlayıram. Muğamın təhlili, təbliği ilə məşğul olan məşhur alimləri, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarını, muğam ustadlarımızı, bütün muğamsevərləri bu gün bu möhtəşəm tədbirdə görməyə çox şadam. Ümidvaram ki, muğamla bağlı möhtəşəm tədbirin keçirilməsi muğam sənətinin tarixində yeni bir mərhələnin başlanğıcına çevriləcək. Eyni zamanda, muğam sənətinə həsr olunmuş və belə yüksək səviyyədə keçirilən beynəlxalq simpozium muğamın təkcə Azərbaycanın mədəniyyəti və elmi üçün yox, bütün dünya musiqi ictimaiyyəti üçün nə qədər dəyərli, nə qədər maraqlı olduğunun göstəricisidir. Biz azərbaycanlılar hamımız, haqlı olaraq, öz doğma muğamlarımızla fəxr edirik. Hər bir azərbaycanlı üçün muğam xüsusi əhəmiyyət daşıyır. Qərblə Şərq arasında, Böyük İpək Yolu üstündə yerləşən Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkanda əsrlər boyu öz mədəniyyətini formalaşdırıb. Bəzi dövrlərdə biz müxtəlif imperiyaların daxilində yaşasaq da, dinimiz, milli dəyərlərimiz, dilimiz, mədəniyyətimiz bizi bir xalq kimi, millət kimi qoruyub saxlayıb".

M.Əliyeva çıxışında onu da vurğulayırdı ki, Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən biri olan muğam, muğam sənəti bizim milli sərvətimizdir. O qeyd edirdi ki, muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır: "Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Odur ki, desəm, muğam gözəlliyin və məhəbbətin rəmzidir - səhv etmərəm". UNESCO tərəfindən Azərbaycan muğamının "Bəşəriyyətin qeyri-maddi irsinin inciləri siyahısı"na salınmasından danışan Mehriban xanım Əliyeva qeyd edib ki, bizim üçün muğam sənətinin tarixinin hər bir səhifəsi, hər bir anı çox əzizdir, çox doğmadır: "Əsrlər boyu formalaşan bu sənət XX əsrin əvvəllərində xalq şənliklərindən, toylardan, bayramlardan ayrılmayaraq, konsert salonlarında səslənməyə başladı. Həmin dövrdə mərhum Üzeyir Hacıbəyov ənənəvi muğamla müasir Azərbaycan musiqisi arasında körpü yaratdı. Məhz muğamın dərin bilicisi olan bu dahi bəstəkar Şərqin ilk operası olan və keçən il təntənəli şəkildə UNESCO çərçivəsində 100 illiyi (hazırda 106 illik-İ.S) qeyd olunan "Leyli və Məcnun" operasını yaratdı. Bununla da muğam opera teatrı səhnəsinə qədəm qoydu. Eyni zamanda, Üzeyir Hacıbəyov Azərbaycan xalq musiqisinin əsaslarına həsr olunmuş nadir bir əsər yazdı və bu da muğamın qarşısında yeni imkanlar açdı. Muğam prinsiplərinin əsasında musiqi bəstələmək qaydaları aşkar olundubununla da muğamın zəngin xəzinəsi Azərbaycan bəstəkarlarının ilham mənbəyinə çevrildi. Bütövlükdə, demək olar ki, muğam Azərbaycanın musiqi mədəniyyətinin bütün janrlarına təsir göstərdi. Bütün bunlar Fikrət Əmirovun, Niyazinin simfonik muğamlarına, Qara Qarayevin simfonizminə yol açdı və biz XX əsrdə bu uğurları müşahidə etdik. Bu gün biz tarixə nəzər salsaq görərik ki, Azərbaycanın musiqi mədəniyyətində elə bir janr yoxdur ki, orada muğamın təsirini görməyək. Balet, opera, estrada janrı, mahnı janrı, caz - hamısında biz muğamla sintezi, muğamın təsirini hiss edə bilirik. Eyni zamanda, muğam özlüyündə yalnız tarixdə yaşayan bir sənət deyil, muğam özüinkişaf edir, zənginləşir. Son illər ölkəmizdə muğamın inkişafına, təbliğinə, genişlənməsinə, yayılmasına və qorunmasına dair bir çox işlər həyata keçirilib. Mən bu gün çox böyük fəxr hissi ilə demək istəyirəm ki, həm Heydər Əliyev Fondu, həm Azərbaycan Mədəniyyətinin Dostları Fondu bu sahədə öz layiqli töhfəsini verib. Bildiyiniz kimi, son illər biz bir sıra irimiqyaslı layihələr həyata keçirmişik: muğam müsabiqələri, "Qarabağ xanəndələri" muzikal albomunun buraxılması, "Muğam" jurnalının nəşri və sair. Bu sırada "Muğam ensiklopediyası"nın nəşri xüsusi yer tutur. Mən inanıram ki, Azərbaycan muğamına həsr olunmuş bu nəşrin gələcək buraxılışı daha da zəngin, daha da maraqlı olacaq...".

Qeyd etdiyimiz kimi, 2009-cu ildən başlayaraq ənənəvi olaraq "Muğam aləmi" Beynəlxalq Festivalı keçirilir. Festival tarixinə nəzər saldıqda görürük ki, Bakıda "Muğam aləmi" II Beynəlxalq Festivalı 2011-ci ildə baş tutub. II Beynəlxalq Muğam Festivalına dünyanın müxtəlif ölkələrindən - ABŞ, Türkiyə, Çin, İran, Özbəkistan, İraq, İordaniya, Yaponiya, Türkmənistan, Rusiya, Hindistan, Tunis və Misirdən tanınmış musiqiçilər və tədqiqatçılar qatılıb. Bu festival çərçivəsində də elmi simpozium təşkil olunubmuğam opera tamaşaları, muğam əsasında yaradılmış simfonik əsərlərdən, klassik Azərbaycan muğamlarından, etno-caz musiqisindən ibarət konsertlər keçirilib, ustad dərsləri təşkil edilib. Milli mədəniyyətimizin və xalq sənətimizin qorunması və inkişafına yüksək diqqət və qayğı göstərən Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyanın 30-a yaxın ölkəsinin muğam biliciləri və ifaçılarını cəlb edən Beynəlxalq Muğam Festivalı bütün dünya tərəfindən maraqla izlənir. Şərq dünyasının ən qiymətli incisi sayılan muğam dünya ictimaiyyətinin nəzərini bir daha Azərbaycana yönəldib. Bildiyimiz kimi, artıq dördüncü dəfədir keçirilən festival çərçivəsində muğama həsr olunan müzakirələr, klassiksimfonik muğamların gözəl ifaları, Beynəlxalq Muğam Müsabiqəsi qaliblərinin unudulmaz çıxışları, məşhur musiqiçilərin konsertləri qədim və həmişəyaşar muğam sənətinin bütün zənginliyini nümayiş etdirərək festival proqramını həm rəngarəng, həm də yaddaqalan edir. 2011-ci ildə keçirilən festivaldan danışırıqsa, burada II Beynəlxalq Muğam Müsabiqəsinin laureatları - Çin Xalq Respublikasının Urumçi şəhərindən olan musiqi qrupu və "Qarabağ şikəstəsi"nin ən yaxşı ifaçısı nominasiyası üzrə mükafatçı, türkiyəli müğənni Yeşim Köksalın da unudulmaz ifasını yada salmaq istəyirik.

Azərbaycan muğamı UNESCO-nun "Dünya İrs Siyahısı"na məhz Mehriban xanım Əliyevanın xidməti sayəsində daxil edilib. Bu, bütün festivallarda qeyd edilən məqamdır.

2013-cü ildə keçirilən "Muğam Aləmi" III Beynəlxalq Muğam Festivalı da yaddaqalan olub. 2013-cü il martın 9-da Bakıda, Heydər Əliyev Mərkəzində "Muğam aləmi" III Beynəlxalq Muğam Festivalının təntənəli açılış mərasimi yəqin ki, çoxlarınızın yadındadır. Tədbirə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva qatılmışdı. Mehriban xanım Əliyeva mərasimi açaraq bildirirdi: "...Artıq üçüncü dəfədir ki, qədim muğam sənəti dünyanın müxtəlif ölkələrindən gələn ifaçıları, sənətkarları, incəsənət xadimlərini, alimləri, musiqisevərləri bir araya toplayır və heç bir sərhədlərə sığışmayan gözəl musiqi bizi on gün ərzində birləşdirəcək, bizə xoş anlar bəxş edəcək...".

2013-cü ildə baş tutan festival bir sıra yenilikləri ilə yadda qalıb. Birinci yenilik ondan ibarət idi ki, muğam müsabiqəsi təkcə xanəndələr arasında keçirilmədi, həmçinin instrumental muğam sənətini əhatə etdi. Digər yenilik ölkəmizin bütün regionlarında fəaliyyət göstərən musiqi məktəblərinin şagirdlərinin bu festivalda iştirak etməsi ilə bağlı oldu. Onlar məşhur xanəndələrlə, ölkəmizə gələn qonaqlarla birgə çıxış etdilər bu da gənc istedadlar üçün əvəzolunmaz bir təcrübə rolu oynadı.

Əvvəlki illərdən fərqli olaraq 2013-cü ildə festival təkcə Bakı şəhərində deyil, Naxçıvanda, Gəncədə, Lənkəranda, Qəbələdə, Şamaxıda, Şirvanda ölkəmizin digər şəhər rayonlarında keçirildi.

 

Ardı var...

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 16 mart.- S.15.