İlaxır çərşənbə, "Yeddi ləvin bayramı", "Həmişə belə" - elin müqəddəs mərasimi...

 

Çərşənbələrin qondarma adları hardan qaynaqlanıb?

Bu gün sonuncu ilaxır çərşənbədir. Türk mifoloji fikrində, bizim adət-ənənələr sistemində, məişətimizdə xüsusi yeri olan Novruza-Yeni Günə qədərki çərşənbələrin sonuncusu ilaxır çərşənbə bir sıra özəllikləri ilə yadda qalır. Novruzun yaxınlaşmasını müjdələyən, bizi ona bir addım da yaxınlaşdıran ilaxır çərşənbə xalqımız tərəfindən qeyd edilir. Bu mərasim bölgələrimizdə çox böyük təntənə ilə keçirilir.

Keçən məqalələrimizdə qeyd etmişdik ki, Novruz çərşənbələrinə müxtəlif adlar verilir, elin onlara verdiyi adları unutdurmağa çalışırlar. Tarix elmləri doktoru, tanınmış türkoloq Güllü Yoloğlu bir neçə il əvvəl "Yeni Azərbaycan" qəzetinə bu haqda fikirlərini bildirib": Azərbaycanda "Novruz ensiklopediyası" çap olunub. Amma nədənsə qəzetlər və televiziyalar bu ensiklopediyadan istifadə etmirlər. Orada çərşənbələrin otuza qədər adı var. Bölgələr üzrə məlumatlar toplanıb. 1947-ci ildə Təhmasib müəllim (Məmmədhüseyn Təhmasib-İ.S) namizədlik dissertasiyası yazıb, orada cəmrələr, oğru buğlar, doğru buğlars. öz əksini tapıb. Həmin ensiklopediyada 4 ünsürlə bağlı heç bir qeyd yoxdur. Bu günlərdə (bir neçə il əvvəl-İ.S) biz bir elmi konfrans keçirdikprofessor Məhərrəm Qasımlı da bu mövzuda geniş açıqlama verdi. O dedi ki, ilk dəfə bu işlə 1988-1989-cu illərdə Ə.Vəzirovun siyasi rəhbərlikdə olduğu dövrdə rastlaşırıq. O aralarda Azərbaycan Dövlət Televiziyasında axır çərşənbə ilə bağlı çıxışlar olurdu. 1990-cı ildə Azərbaycanda qarışıqlıq olduNovruz söhbətləri də yığışdırıldı. Sonradan 1991-ci ildə birdən-birə bütün etnoqraflar, tədqiqatçılar və folklorçular bir kənarda qaldı, həmin vaxt prezidentin müşaviri olan Fuad Qasımzadə hazırlanmış materiallar əsasında televiziyadan ilk dəfə bu çərşənbələrlə bağlı məsələləri xalqa təqdim etdi. Növbəti il eyni ssenari davam etdifolklorçular məəttəl qaldılar ki, bu materiallar hardandır, nə məqsəd güdür? Məhərrəm Qasımlı həmin elmi konfransda söylədi ki, o zaman prezidentə etiraz məktubu da yazılıb ki, bu tendensiyanın qarşısı alınsın. Amma bir səs-səda çıxmayıb. Üstəlik, Azad Nəbiyev özünün bir il əvvəl çap etdirdiyi "Novruz çərşənbələri" kitabını təkzib edən ikinci bir eyniadlı kitabını yazdı və yuxarıda söylədiyim kimi, folklorumuzda su, od, yel, torpaqla bağlı nə ki mövsüm nəğmələri var, həmin kitaba daxil etdi. Azad müəllim ikinci kitabının təqdimatında açıq-aydın yazır ki, bu kitab Fuad Qasımzadənin tövsiyəsi ilə yazılıb. Kitabın ərsəyə gəlməsində isə ona informasiya dəstəyi verən "Kommunist" qəzetinə təşəkkür edir. Fuad müəllimin, bəzi folklorçuların köməyi ilə əsasını qoyduğu o sistem hələ də davam edir. Bütün bunların hamısı efirdə, televiziya vasitəsilə baş verib. Bu gün bütün orta məktəb dərsliklərində bu cür materiallar yer alıb. Bu mənada "böyük yalan" baş verib. Amma bunun qarşısını almağa çalışmalıyıq. Çərşənbələrimizi birmənalı olaraq xalqdan gələn adlarla adlandırmalıyıq.

Mütləq bu məsələyə dövlət səviyyəsində yanaşılmalıdır. Çünki mənəviyyatın, tarixin, etnoqrafiyanın saxtalaşdırılması prosesi gedir".

Keçək ilaxır çərşənbəyə və onun xüsusiyyətlərinə. Professor Məhərrəm Qasımlının bildirdiyinə görə, bu gün dilənən bütün diləklər Tanrı dərgahında hasil olur, eşidilir.

M.Qasımlının sözlərinə görə, ilin axır çərşənbəsi Novruz çərşənbələrinin sonuncusudurbununla da bütün çərşənbələr yekunlaşır: "Bu mərasimdə insanlar sabaha, saf ruhla, xoş ovqatla üzü bayrama gedirlər. Bundan sonra bayram mərhələsi gəlir. Həmin gecə insanlar yandırılan ocaqların, axar suyun üstündən atılaraq öz çillələrini oda, suya tökürlər.

El arasında ilaxır çərşənbəyə bir dilək günü kimi baxırlar. İnanca görə, həmin gecə insanların ürəklərində tutduqları arzu və diləklər yerinə yetir. Keçmişdə bayram axşamı üçün xüsusi mərasimlər icra olunurdu. Elə indinin özündə də bu mərasimlər keçirilir. Həmin gecə ərgən (subay) qızlar bir qaba su tökərək suyun içinə üzük, iynə salır, qapı pusurlar (buna qulaq falı deyirlər- M.Q). El adətinə görə, həmin axşam bütün evlərdə ancaq xoş sözlər danışılmalıdır. Ona görə ki, qapıya qulaq asan adam öz niyyətinin hasil olması üçün qapı pusur".

Alim qeyd edir ki, ilaxır çərşənbənin özünəməxsus bir neçə xüsusiyyəti varonlardan biri də süfrəyə yeddi cür nemətin qoyulmasıdır: "İslam öncəsi bu axşam "şin" hərfi ilə başlanan 7 cür nemətlə süfrə bəzədilir. Bəzi yerlərdə buna "7 ləvin bayramı" da deyilir. 7 cür mer-meyvənin, şirniyyatın süfrəyə düzülməsi səbəbindən bunun adı "7 ləvin"dir. İndinin özündə də Ordubadda camaat buna ilaxır çərşənbə yox, "7 ləvin bayramı" deyir. Güney Azərbaycanda, Urmiyə və Təbriz tərəflərdə də bu gün "7 ləvin bayramı" adı ilə tanınmaqdadır. Əski çağlardan belə bir inam gəlir ki, bu bayramda dünyadan köçənlərimizin ruhu ocaq başına gəlir, ona görə də ölən insanın ruhunu şad etmək üçün evdə bişən bişmişdən bir pay da artıq qoyurlar ki, ocaq başına gələn ruh onlardan inciməsin. Bundan əlavə, çərşənbənin səhərisi evdə saxlanan su qabları boşaldılır və yerinə təzə su doldurulur. Təzə su həyət-bacaya, künc-bucağa səpilir. Bu çərşənbənin səhərisindən etibarən üzü bayrama gedən günlərdə tam olaraq çillə artıq arxada qalmış olur".

Təbiət oyanır, canlanır, torpaq nəfəs alır, bitirir, göyərdir, ağaclar çiçəkləyir, insanın ümidləri pöhrələnir.

Folklorşünas Məhəmməd Məmmədov mətbuata bildirib ki, ilaxır çərşənbə bir sıra bölgələrdə, xüsusilə Naxçıvan, Urmiya, Təbrizdə özünün təntənəsi ilə hətta Novruz bayramını geridə qoyur. İlaxır çərşənbənin özünəməxsus adət-ənənələrindən, ayin və oyunlarından danışan alim bildirib ki, bu qudsaldır. Eldən bəllidir ki, ilaxır çərşənbəyə insanlar çox böyük ruh yüksəkliyi ilə, yeni ovqatla başlayır. Bilirik ki, bu çərşənbədə insanlar səhər tezdən bulaq başına və ya su üstünə gedərlər, suyun üzərindən tullanar, ürəklərindəki arzu-diləkləri suya söyləyərlər.

Adətlərdən biriodur ki, ilaxır çərşənbəyə bir neçə gün qalmışdan başlayaraq həyət-baca təmizlənər, çağ-çəpərdə arınma işləri aparılar, küsülülər barışar, nəs danışmazlar.

İlaxır çərşənbə ilə bağlı bir sıra ayinlər, inanclar mövcuddur. Onlar o qədər çeşidli və rəngarəngdir ki, adam heyran qalır. Doğrudur, bu gün o adət və ayinlərin bir çoxu unudulub, ancaq yaşayanları da var. Bu əsasən bölgələrdə yaşayır və icra olunur. Bəzi mərasimşünaslar qeyd edir ki, ilaxır çərşənbə gününün ertəsi günü ev sahibi bir ovuc buğda götürüb evin damına atarbununla da evinə bərəkət-bolluq arzu etmiş olar. Bundan başqa, ev sahibiya ailə üzvlərindən biri kuzədə bir parça qara kömür, bir ovuc duzbir neçə qara qəpik qoyar, sonra onları damdan atardılar. Deyilənə görə, kömür qara günün, duz acgözlük, gözüşorluluq, qəpik isə yoxsulluğun nişanəsidir. Ona görə də əcdadlarımız bununla özlərini yoxsulluqdanbu kimi şeylərdən qurtarmağa çalışarmışlar. Bu çox maraqlı, eyni zamanda da artıq itməkdə olan bir ənənədir. Əslində, bu cür adətlərin ömürlük yaşaması, yayılması vacibdir. Simvolik məna daşıyan hər bir element öz dəyərini bayram üçün qorumalıdır. Bəzi etnoqraflar yazır ki, bu mərasimin ən mühüm ayinləri əsasən axşam çağlarında icra olunur. Belə bir versiya var ki, üzərlik, tonqallar yandırılır və "ağırlığım-uğurluğum odda yansın" deyilir. Ümumiyyətlə, gecə axar su üstündən atılmaq da adət olub. Çoxlarımız bilirik ki, ilaxır çərşənbə gecəsi evin ağsaqqalı, ağbirçəyi ağaclara daş qoyardılar ki, niyyətləri baş tutsun, həm də o ağac barlı-bəhrəli olsun. İlaxır çərşənbə gecəsi insanlar son dərəcə ehtiyatlı olardı ki, birdən qulaq falına gələn olar. Bayram tonqalına gəlincə, bu vacib bir işdir və yandırılmalıdır. Əvvəllər babalarımız bayram tonqalını əsasən küləşdən yandırardılar. Odundan çox küləş, saman, ot yandırardılar. Həm onun xoş rayihəsi ətrafa yayılardı, həm də insanlar bununla çilləyə, ağrıya, köhnəliyə "yox" deyərdi. Özü də əsas məsələ o idi ki, ilaxır çərşənbədə tonqalı el ağsaqqalları, ailənin böyüyü yandırardı. Bəzi bölgələrdə ilaxır çərşənbətonqal qalayanda yaş ağacdan istifadə olunmazdı. Ərgən qızlar xeyli aralıda arxası qapıya tərəf durub ayaqlarındakı ayaqqabının sağ tayını qapıya doğru atarlar. Əgər ayaqqabının baş tərəfi qapıya doğru düşürsə, bu, həmin il qızın ailə qurub köçəcəyinə işarədir, yox, əgər ayaqqabının arxası qapıya tərəf düşəcəksə, onda qız hələ bir qədər də gözləməli olacaq. İlaxır çərşənbədə qapıpusma və başqa fallar var, insanlar ürəklərində niyyət edib qapı pusarlar. Niyyətləri ilə evdən eşitdikləri sözlər arasında müəyyən uyğunluqlar tapmağa çalışarlar. Bu uyğunluq tapılarsa, o zaman arzularının reallaşacağına inanarlar. Bu bayramda gənclər səhərə qədər yatmazlar, şənlənib, oxuyub-oynayarlar. Bu sonuncu çərşənbədə insanlar qorxuya, çətinliklərə, uğursuzluqlara sinə gərərək yeni ilə təzə bir ruh, sağlam əhval-ruhiyyə ilə çıxmaq arzusunda olarlar.

Folklorşünas alim Məhəmməd Məmmədov mətbuata bildirib ki, bu mərasimlə bağlı bir neçə fal var: "Düzdür, tez-tez fala inan, faldan qalma desək də, bayramda belə adət-ənənə hamımıza maraqlıdır. Deməli, ulduz-iynə falına görə, ilaxır çərşənbədə su ilə dolu kasaya uclarında pambıq sarınmış iki iynə salırlar. Əgər suya düşən iynələr ulduz tərəfdən bir-birinə yaxınlaşırlarsa, deməli, həmin insanın ürəyində tutduğu arzu çin olacaq. Yox, iynələr bir-birindən aralı düşərsə, onda bu, niyyətlərinin baş tutmamasına bir işarədir. Bu bayramda gənc qızlar nişan üzüyünə tük bağlamaqla onu suya salarlar. Sonra üzüyü suyun üzərində saxlayıb, onun neçə dəfə fırlanmağını sayarlar. Üzük neçə dəfə fırlanarsa, demək, gənc qız həmin yaşda ailə həyatı quracaq. İlaxır çərşənbədə sevən oğlanlar sevgilərini etiraf etmək üçün bacadan ucuna balaca dəsmal bağlanmış şal sallayarlar. Şalın ucuna bağlanmış həmin yaylığı evin böyükləri açıb qızın qoluna bağlayarlarsa, bu, razılıq əlaməti demək idi. Əgər razı deyillərsə, həmin dəsmala şirniyyat qoyub onu geri qaytararlar.

Bundan başqa, səhər tezdən lal su gətirilir, mərasimdə iştirak edəcək qızlar hərə bir əşyasını, məsələn, sancaqya üzüyünü suya atarlar. Sonra suyun üstünü parçaya güzgü ilə bağlayarlar. Axşamüstü balaca oğlan uşağı suyun ağzını açar, oradakı əşyalardan birini götürər, bu zaman qadınlardan biri üzünü başqa istiqamətə çevirərək müəyyən vəsfi-hal söyləyər. Sonra həmin insanın ürəyində tutduğu niyyət ilə vəsfi-hal arasında bir uyğunluq axtarılar. Bununla da niyyət tutan insanın arzusunun həyata keçib-keçməyəcəyi müəyyənləşdirilər. Növbəti bayram falı isə belədir: iki alma götürüb, ona xəlvəti bir işarə qoyulur. Ürəkdə niyyət edilir, sonra balaca uşağı almalardan birini götürməyə çağırarlar. İşarə qoyulan alma seçilərsə, onda arzu çin olar".

Məlumat üçün deyək ki, ilaxır çərşənbənin ayin və ənənələri ümumi olsa da, hər bölgənin özünəməxsus ayinləri də var.

Azərbaycanda ilaxır çərşənbənin ən yaddaqalan keçirildiyi məkanlardan biri Ordubaddır. Burada tədqiqat işləri aparan etnoqraflar bildirir ki, Ordubadda axırıncı çərşənbə günü "yeddi ləvin" deyilən bir mərasim keçirilir ki, həmin gün şəhərə nabələd olan adam gəlsə, burada nəsə hərbi çaxnaşmanın düşdüyünü zənn edər. Göyə açılan beşaçılanlar, fişənglər, oynanan xalq tamaşaları hər yerdə müşahidə olunur. Rayonun bütün kəndlərindən mərkəzə gələn camaat həmin gün deyib-gülür, şadyanalıq edir, ilk sevinclərini bir yerdə paylaşırlar. Qadınlar evlərdə yeddi cür təamlar hazırlayır, bayram süfrəsinin bol olması üçün bütün imkanlarını ortaya qoyurlar. Divanxanaya yığışan evin kişiləri isə bayram axşamı üçün çöl tədarükü görürlər. Dağlıq ərazi olan bu yerlərdə ilaxır çərşənbə axşamında bütün dağlarda, gündüzlər çıxılması ağıla belə gəlməyən qayalarda tonqallar qalanır. Bu məharətin həyata keçirilməsində məhlələrin bir-biri ilə yarışa çıxdığını desək, yanılmarıq. Bayramın ən maraqlı, yaddaqalan hadisələri kimi papaq atmağı, qapı pusmağı qeyd etməmək olmaz. Cavan qızlar həmin gecə niyyət edib fal açırlar. Gələcəkdə diləklərinin həyata keçməsi üçün dualar edirlər.

Etnoqraflar qeyd edir ki, illərin sınağından çıxan ilaxır çərşənbəyə Bakı kəndlərində, xüsusilə də Maştağada "Həmişə belə" də deyirlər. Maraqlıdır ki, kəndin ağbirçəkləri, ağsaqqalları bu günə bu adı verməklə onu əsaslandırıblar da. Deyilənə görə, ilaxır çərşənbəyə həm də "Həmişə belə" deyilməsi səbəbsiz deyil. Bildirilənə görə, adam ilaxır çərşənbəni hansı ovqatla qarşılayırsa, il boyu həmin əhvalda olur.

Görürsünüzmü, hər bölgə bu mərasimə, müqəddəs günə öz dəyərini verir. İlin ən əziz, müqəddəs günü sayılan, əsl bayram səviyyəsində keçirilən ilaxır çərşənbədə yaddaqalan hallardan biri indi unudulan torbaatma mərasimidir. Bir neçə il əvvələ qədər uşaqlar evlərə torba atardılar. Ondan əvvəlki yüzilliklərdə isə evlərin çoxunun bacası olduğu üçün bacadan evə qurşaq sallayıb bayram sovqatını belə alardılar. Qurşaq, torba ənənəsi artıq geridə qalıb, itirilib. İndi təəssüf ki, uşaqlar ilaxır çərşənbə günü evlərə papaq atır. Bu da haqlı olaraq narazılıqla qarşılanır.

Yaşıllığın, bərəkətin, həyatın nişanəsi, simvolu olan səməni ilaxır çərşənbə günü də süfrəyə qoyulur.

Qudsal gününüz - ilaxır çərşənbəniz mübarək!

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 17 mart.- S.15.