Azərbaycan xalqının ənənəvi
neməti - lavaş...
Azərbaycan kulinariyasında önəmli yeri olan lavaşın ilk dəfə nə zaman bişirildiyi haqqında məlumat yoxdur. Bu da ona dəlalət edir ki, türk xalqı var olandan onun əsas qida vasitəsi kimi lavaş da mövcud olub. Yəni insanların çörəyi kəşf etdiyi uzaq çağlara aiddir lavaşın tarixi. Bu gün də süfrələrimizin əziz neməti olan lavaş (fətir, yuxa, yayma-İ.S) tarix boyu xalqımızın azuqə torbasında əsas yeri tutub.
Azərbaycan elat mədəniyyəti olduqca qədim tarixə malikdir. Türk babalarımızın, tərəkəmə-elat tayfalarının arandan dağa, dağdan arana köç etməsi bu gün bir xəyal, şirin bir nağıl kimi gəlir adama. Zaman olub ki, insanlar arandan dağa köçüb, yayı yaylaqda, qışı qışlaqda keçirib. Uzun yolların damarını qıran dəvə karvanları, alma gözlü, qız bir birçəkli bədöy atlar köçün əsas vasitəsi olub. Bir neçə həftə davam edən elat köçü yorulanda dincəlmək üçün münasib yer seçərdi, nənələr, analar ocaq qalayıb, sac asıb lavaş-yuxa salardı, bişmiş bişirərdilər...
O vaxt tərəkəmələrin əsas azuqəsi, qidası çörəyin lavaş növü olardı. Biz özümüz də belə görmüşdük. Uşaqlığı, yeniyetməliyi elat köçlərinə şahidlik edən bizlər o günləri bu gün də qəlbimizdə, xəyalımızda yaşadırıq. Arandan yaylağa köç edən baba-nənələrimiz milli dəyərlərimizin, adət-ənənələrimizin, qədim qida sərvətimizin həm bilicisi, həm də qoruyucusu olublar. Onlardan bizə çox böyük bir xəzinə miras qalıb, bizim də borcumuz onu qorumaq, nəsillərdən nəsillərə ötürməkdir. Müstəqil Azərbaycan dövləti babalarımızın mənəvi-maddi mirasına sahib çıxır, onları qoruyur, mühafizə edir, yaşaması üçün tədbirlər görür, şərait yaradır.
Son illər lavaş mövzusu bədnam qonşularımızın mənimsəmə iddiasından sonra daha çox gündəmə gəlib. Ancaq xam xəyalda olan qonşularımız özləri də yaxşı bilirlər ki, lavaş Azərbaycan xalqına, ümumilikdə türklərə aiddir, onların icad etdiyi, süfrələrə gətirdiyi nemətdir.
Azərbaycan xalqı, Azərbaycan dövləti hər zaman öz dəyərlərinə sahib durmaqla onu yad nəzərlərdən hifz edə bilib. Bəlli olduğu kimi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi lavaşın UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınması üçün artıq bir ildən artıqdır genişmiqyaslı işlər görüb.
Onu da qeyd edək ki, Ermənistan tərəfindən
UNESCO-ya təqdim edilən lavaş erməni çörəyi
kimi qələmə verilib. Bəlli olduğu kimi, ermənilər
lavaşın yalnız onlara məxsus olmasını iddia
edirdilər. Məlumat üçün deyək
ki, Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, AR UNESCO
yanında Daimi Nümayəndəliyi, UNESCO üzrə Milli
Komissiyanın birgə apardıqları qabaqlayıcı tədbirlər
nəticəsində lavaşın erməniləşdirilməsinin
qarşısı alınıb. UNESCO öz qərarında
bu elementin Ermənistan ərazisində də mövcud
olması ilə razılaşıb. Halbuki, Ermənistan tərəfi
həm iclasdan öncə, həm də iclas zamanı israrla
lavaşın erməni çörəyi adı altında
UNESCO-nun Reprezentativ Siyahısına daxil edilməsinə cəhd
göstərirdi. Belə ki, Ermənistanın
lavaşı erməni çörəyi kimi təqdim etmək
cəhdlərinin Azərbaycan və Türkiyə tərəfinin
birgə səyi ilə qarşısı alınıb və
Komitə tərəfindən qəbul edilməyib. İlkin olaraq
baxılması üçün təqdim olunan faylın
adı "Lavash, the preparation, meaning and appearance of
traditional Armenian bread as an expression of culture" ("Lavaş,
ənənəvi erməni çörəyinin
hazırlanması, məzmunu və görüntüsü mədəniyyətin
ifadəsi kimi") olduğuna baxmayaraq, son qəbul edilən
faylın adı "Lavash, the preparation, meaning and appearance of
traditional bread as an expression of culture in Armenia"
("Lavaş, ənənəvi çörəyin
hazırlanması, məzmunu və görüntüsü Ermənistanda
mədəniyyətin ifadəsi kimi") olub. Bununla
da UNESCO qərarında bildirib ki, lavaş bütün regionda
hazırlanır və bu element ermənilərin eksklüziv
çörəyi deyil. Bu barədə Mədəniyyət
və Turizm Nazirliyinin bir il əvvəl
yaydığı açıqlamada bildirilib.
Nazirlik rəsmilərinin
sözlərinə görə, ümumiyyətlə qeyd edilməlidir
ki, UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması
Konvensiyasına əsasən, Reprezentativ Siyahıya təqdim
edilən mədəni elementlər həmin elementin hər
hansı xalqa və yaxud dövlətə məxsus
olmasını müəyyən etmir və əslində həmin
elementin həmin ölkənin ərazisində
mövcudluğunu göstərir: "Yəni bir ölkənin
ərazisində müəyyən qrup insan həmin elementin
daşıyıcısıdırsa, həmin ölkənin
hüququ var ki, onu qorumaq üçün UNESCO-ya təqdim
etsin. Belə ki, UNESCO siyahısı mədəni
irsin mənsubiyyətini təyin etmir, onu qorumaq
üçün qəbul edir. Əgər bir neçə
ölkədə həmin mədəni irs
nümunəsi varsa, bu ölkələr hər hansı bir
elementi UNESCO-ya birlikdə çoxmillətli fayl kimi və
yaxud ayrı-ayrılıqda təqdim edə bilər. Komitə çərçivəsində Azərbaycanın
təşəbbüsü ilə region ölkələrinin
nümayəndələrinin birgə görüşü
keçirilib və qərara alınıb ki, növbəti ildə
lavaş region ölkələrinin birgə mətbəx irsi
kimi UNESCO-ya təqdim edilsin".
Onu da
bildirək ki, 2014-cü il noyabrın 23-də
Azərbaycanın mədəniyyət və turizm naziri
Əbülfəs Qarayevin türkiyəli həmkarı Ömər
Çelikin başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşündə bu məsələ
ətrafında da geniş müzakirə aparılıb.
Ömər
Çelik həmin görüşdə bildirirdi ki, Azərbaycan
və Türkiyə lavaş başda olmaq üzrə bir
çox məhsullarını və mədəni irsini
UNESCO-nun Mədəni İrs Siyahısana salmalıdır:
"Koroğlu mövzusunda da birgə iş
görürük. Biri mədəniyyət, digəri
turizm sahəsində davamlı çalışan iki komitə
quracağıq. Bu komitələr altı
aydan bir nazir müavinlərinin rəhbərliyi altında bir
araya gələcəklər. Biz də ildə
bir dəfə bir araya gələrək onların işlərini
nəzərdən keçirəcəyik. Tarixi
İpək Yolu və Dədə Qorqudun tarixi irsinin
canlandırılması mövzusunda birgə layihələr həyata
keçirəcəyik".
Onu da bildirək ki, Azərbaycan Kulinariya
Assosiasiyasının rəhbəri Tahir Əmiraslanov dəfələrlə
lavaşın Azərbaycan milli mətbəxinə aid
olduğunu bildirib.
Prezident
Administrasiyasının sektor müdiri Fuad Axundov da
lavaşın Azərbaycana aid olduğunu mətbuata verdiyi
açıqlamada ifadə edib: "Erməni
lavaşı"nın UNESCO-nun Mədəni
İrs Siyahısına salınması cəhdi ilə
bağlı hadisə dünya ictimaiyyətinin
gözünü bir həqiqətə açmağa imkan
verir. Nə lavaş, nə də erməni
sözünün özünün özlərini erməni
adlandıran haykan xalqı ilə əlaqəsi yoxdur.
Ən əsası odur ki, indiki ermənilərin, əslində
isə haykan xalqının (və ya hay xalqının) əcdadları
Qafqazda yerləşərək həm türklərin
lavaşını ("lay aş" sözündən
yaranıb, lay-lay yemək deməkdir), həm
dolmalarını, kabablarını və digər türk yeməklərini
özününküləşdirdilər, hətta onlar
özlərinə məxsus üslubda erməni məzhəbindən
götürdükləri sözlə özlərini ermənilər
adandırmağa başladılar".
Daha sonra
PA rəsmisi bildirib ki, bu, islam
xalqlarından hansınınsa öz dinini millətin adı
kimi istifadə etməsi və məsələn, özbək
və ya azərbaycanlı deyil, müsəlman adlanması qədər
absurddur.
Qeyd edək
ki, lavaş sözünün etimiologiyasına tarixçi, Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) İnsan Haqları
İnstitutunun elmi işçisi, Qafqaz Tarixi Mərkəzinin əməkdaşı
Elşad Əlili aydınlıq gətirib:
"...Xatırladım ki, lavaş sözünün mənşəyinin
qondarma erməni versiyasının ilkin variantında
aşağıda sizə təqdim etdiyim gülünc bir
cümlə yer almışdı: "Erməni Sovet
Ensiklopediyasına görə, lavaş sözü qədim erməni
mənşəli "lav" (yaxşı) və "(xaş"
(yemək) kök sözlərindən ibarətdir".
Görünür, Erməni Sovet Ensiklopediyasında, həqiqətən,
belə gülüş doğuran məlumatlar əks olunub. Lakin lavaşın erməni mənşəli
olması barədə uydurmanı ifşa edən "yalan
detektoru" layihəmizin təqdimatından sonra həmin
cümlə oradan silindi, əvəzinə isə oxucuları
bu sözün mənşəyi barədə yanıltan yeni
uydurma erməni versiyaları təqdim edildi. Məsələn,
məqalədə belə bir cümlə keçir: "Orta əsrlər
erməni ədəbiyyatında lavaş daha çox (laws) və
ya ondan törəyən (los) variantında işlənsə də,
ilkin forma, şübhəsiz, lawa olmalıdır". Guya ki,
ilkin variant lawa olmalıdır, amma ona nədənsə 1698-ci
il ilə 1908-ci illər arasındakı
erməni mətnlərində və ya sözlüklərində
rast gəlinmir. Halbuki, lavaş sözünə türkcə
mətnlərdə, ən azı, XIII əsrdən etibarən
rast gəlinir! Üstəlik, bu söz
Türküstan və Volqa boyundan Balkanlara qədər
bütün türk dilləri və ləhcələrində
qədim dövrlərdən geniş yayılıb!"
Məlumat üçün qeyd edək ki, artıq
Daşkənddəki saytlardan birində qədim Azərbaycan
çörəyi lavaş haqqında məqalə çap
olunub. AzərTAC-ın
məlumatında bildirilir ki, Daşkənddəki sharh.uz
saytında qədim Azərbaycan çörəyi lavaş
haqqında rus dilində məqalə yerləşdirilib:
"Materialda deyilir ki, ta qədimdən lavaş buğda
unundan hazırlanır, xəmirə yalnız duz vurulur, sonra
oxlovda çox nazik yayılaraq oval formaya gətirilir və təndirə
yapılır. Lavaşın uzunluğu 35-90 santimetr, bəzən
bir az da artıq olur. Deyilir
ki, Azərbaycanda təndirin "Çala", "Doyma",
Şirəli", "Qoyma", "Kürə" və
digər növlərindən istifadə edilir. Qeyd olunur ki, kürədə də lavaş
bişirilir və belə çörək dəyirmi formada
olur. Tarixçilərin gəldiyi qənaətə
görə, lavaşın 6 min ildən çox yaşı
var. Məqalədə qeyd edilir ki, lavaşı tək
qadın bişirə bilməz, bu çox çətindir.
Ona görə də qonşulardan ən azı
üç qadın yığılır, biri kündə
tutur, o biri yayır, üçüncüsü isə təndirə
yapır. Növbəti gün o biri
qonşuya çörək bişirilir. Hər
ailə iki, bəzən üç aya çatacaq qədər
lavaş bişirir. Təzə bişiriləndə
yumşaq olan lavaş qaldıqca quruyur, istifadə edilməzdən
15-20 dəqiqə əvvəl sulanır.
Məqalədə
deyilir ki, Mahmud Kaşğarinin məşhur "Divani
Lüğəti-Türk" əsəri, Yusif Balasaqunlunun
"Kutatqu bilik" kitabı, Nizami Gəncəvi, Məhsəti
Gəncəvi və Xaqani Şirvaninin əsərlərində
lavaşın adı çəkilir".
Məlum
olduğu kimi, Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyi, Mədəniyyət və Turizm
Nazirliyi, AR UNESCO yanında Daimi Nümayəndəliyi, UNESCO
üzrə Milli Komissiyanın birgə apardıqları
qabaqlayıcı tədbirlər nəticəsində
lavaşın erməniləşdirilməsinin
qarşısı alınıb. Artıq uzun əsrlər
tarixi olan lavaş bizim öz nemətimiz kimi, halallıq
simvollarından biri olaraq Azərbaycanın, türk
dünyasının adına
tanınır.
İradə SARIYEVA
Bakı xəbər.-2015.- 5 may.- S. 15.