Mədəniyyət və Turizm Nazirliyinin
"Bölgələrdən paytaxta"
adlı yeni layihəsi - milli
mədəniyyətimizə verilən dəyər...
Azərbaycan dövlətinin mədəniyyət siyasəti bu sahənin bütün sferalarını özündə əks etdirir. Milli mədəniyyətimizin təbliği, mühafizəsi, onun nəsillərdən-nəsillərə ötürülməsi ənənəsi formalaşıb və bu istiqamətdə görülən işlər təqdirəlayiqdir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi dövlətin mədəniyyət siyasətini həyata keçirir və bu sahədə böyük işlər, yeni layihələr reallaşdırır, maraqlı təklif və ideyalarla çıxış edir.
Verilən ideya isə kağız üzərində qalmır, həyata keçir, insanlara, dövlətə fayda verir.
2015-ci ildə nazirliyin "Bölgələrdən paytaxta" adlı yeni maraqlı, diqqətçəkən layihəsi meydana gəldi. Bu layihə çərçivəsində bölgələrimizi bizə daha yaxından tanıtmaq istiqamətində yaddaqalan işlər görülür. Bildirək ki,
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Bölgələrdən paytaxta" adlı yeni layihəsi Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən həyata keçirilir. Əvvəlcədən qeyd edək ki, 2015-ci il ərzində Masallı, Lənkəran, Şəki, Gəncə, İsmayıllı, Qəbələ, Şəmkir, Quba, Gədəbəy və Abşeron rayonlarının Bakı şəhərində mədəni tədbirlərinin keçirilməsinə başlanıb. Artıq bu istiqamətdə bir neçə tədbir düzənlənib.
Bu silsilədən ilk tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Masallı Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə fevralın 10-da Azərbaycan Dövlət Musiqili Teatrında reallaşıb. Layihə çərçivəsində Azərbaycan mədəniyyətinin tarixi və müasir zənginliklərini və regionların adət-ənənələrini əks etdirən dekorativ tətbiqi sənət ustalarının əl işləri sərgilənəcək, bölgənin turizm imkanları təbliğ olunacaq, incəsənət ustalarının konsertləri təşkil olunub. Məlum olduğu kimi, "Bölgələrdən paytaxta" adlı yeni layihə çərçivəsində hər bir regionun qədim tarixi, ənənələri, incəsənət nümunələri geniş formatda təqdim olunur. Təbii, bölgələrdən gələn saf mədəniyyət, qədim ənənələr üzərində pərvəriş tapan sənətkarlıq nümunələri, folklor musiqisi bizi valeh etməyə bilmir. Sevindirici haldır ki, Bakı sakinləri və şəhərimizin qonaqları bu tədbirlərdə iştirak edir, regionlarımızın zəngin mədəni irsi ilə daha yaxından tanış olur. Bakının bütün dünyanın diqqət mərkəzində olduğu ərəfədə kütləvi mədəni tədbirlərin keçirilməsi diqqətçəkəndir və qonaqlarımız da bu tədbirlərə qatılmaqdan zövq alır.
Son illər burada keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı ilə tez-tez gündəmə gələn Qəbələ rayonunun da mədəniyyəti "Bölgələrdən paytaxta" layihəsi çərçivəsində Bakıda təqdim olunub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət və Turizm Nazirliyinin "Bölgələrdən paytaxta" adlı yeni layihəsi çərçivəsində Qəbələ rayonunun təqdimatı mart ayının 3-də olub. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev və başqaları iştirak ediblər.
"Bölgələrdən paytaxta" layihəsi haqda danışan nazir Qarayev bildirib ki, bu layihə ictimaiyyət nümayəndələri və ziyalılar tərəfindən müsbət qarşılanıb: "Bu layihəyə çox böyük maraq var. Hər bir rayon özünəməxsus nümunələri təqdim edir və bu, regionlarda və paytaxtda yaşayan insanlar tərəfindən rəğbətlə qarşılanır. Düşünürəm ki, hər bir regionun özünəməxsusluğu layihəni uzun müddət yaşadacaq. Masallıdan sonra Qəbələ rayonu mədəni məhsulunu təqdim edir. Qəbələ Azərbaycanda turizmin inkişafı baxımından prioritet rayonlardan biridir. Bu gün Qəbələnin mətbəx nümunələri, folkloru, sənətkarlıq məhsulları təqdim olunur və ümid edirəm ki, bu tədbir hər kəsin marağına səbəb olacaq".
Millət vəkili Fəttah Heydərov qeyd edib ki, "Bölgələrdən paytaxta" layihəsi, yeni başlamasına baxmayaraq, insanlarda bayram əhval-ruhiyyəsi yaradıb: "Bu gün burada Qəbələdən olan sənətkarlar öz qabiliyyətlərini göstərir və mən bu tədbiri mədəniyyət bayramı kimi qiymətləndirirəm. Regionlardan olan sənətkarların əl əməyinə paytaxtda böyük diqqət var. Bu çox böyük təşəbbüsdür və inanıram, layihənin ömrü uzun olacaq, bundan sonra da uzun müddət davam edəcək".
Tədbirdə Qəbələ rayonunun mədəniyyətini, mətbəxini əks etdirən stendlər və konsert proqramı nümayiş olunub.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin "Bölgələrdən paytaxta" adlı layihəsi çərçivəsində Şəkinin qədim və müasir incəsənəti və mədəni irsi təqdim olunub. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Şəki Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə keçirilən təqdimat tədbirində Azərbaycan baş nazirinin müavini Abid Şərifov, Şəki Rayon İcra Hakimiyyətinin rəhbəri Elxan Usubov, mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, millət vəkilləri, mədəniyyət və ictimai xadimlər iştirak ediblər. Tədbir iştirakçıları bölgənin mətbəxi, yerli xalq sənətkarlarının əl işləri, rayonda fəaliyyət göstərən istehsal müəssisələrinin məhsulları, turizm imkanlarını əks etdirən stendlərlə tanış olublar.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bildirib ki, "Bölgələrdən paytaxta" layihəsinin məqsədi Azərbaycan mədəniyyətinin tarixi və müasir zənginliklərini, regionların sosial-iqtisadi inkişafını, zəngin mədəniyyətini, adət-ənənələrini nümayiş etdirmək və bölgənin turizm imkanlarını təbliğ etməkdir. Vaqif Əliyev ölkənin mədəniyyət mərkəzlərindən biri olan Şəkinin "İpək Yolu" musiqi festivalı kimi beynəlxalq tədbirə ev sahibliyi etdiyini qeyd edib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qədim və zəngin Şəkinin Azərbaycanın tarixinə və mədəniyyətinə verdiyi töhfələrdən danışıb, Şəkidə turizmin yüksək səviyyədə inkişaf etdiyini qeyd edib.
Tədbirdə Şəkinin "Zirvə" xalq instrumental ansamblının müşayiəti ilə konsert proqramı təqdim edilib.
Bu ilin aprel ayının əvvəllərində Mədəniyyət və Turizm Nazirliyinin "Bölgələrdən paytaxta" adlı yeni layihəsinin növbəti sayı zəngin mədəniyyəti, bənzərsiz adət-ənənələri ilə fərqlənən Qubaya həsr edilib.
Tədbirlə bağlı AzərTAC-da gedən məlumata görə, layihə çərçivəsində Qubaya həsr olunan tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi, Quba Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə aprelin 6-da S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında keçirilib.
Tədbir iştirakçıları Quba rayonunun sosial-iqtisadi inkişafını, zəngin mədəniyyətini, adət-ənənələrini, mətbəx nümunələrini, dekorativ tətbiqi sənət ustalarının əl işlərini, bölgənin turizm imkanlarını əks etdirən sərgi ilə yaxından tanış olublar.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Qubanın tarixi keçmişindən, müasir inkişafından söz açıb: "Azərbaycanın dilbər guşələrindən olan Quba hər zaman milli-mənəvi dəyərlərin qorunmasına, gələcək nəsillərə çatdırılmasına, mədəni irsin təbliğinə xüsusi önəm verib. Son illərdə Azərbaycanda mədəniyyət və turizm sahəsinin inkişafı istiqamətində görülən ardıcıl tədbirlər regionlara da öz müsbət təsirini göstərib. Dövlət başçısı tərəfindən qəbul edilmiş regionların sosial-iqtisadi inkişafına təkan verən dövlət proqramlarının icrası nəticəsində bölgələrdə çoxlu sayda yeni muzey, kitabxana, musiqi məktəbi, mədəniyyət mərkəzləri istifadəyə verilib, tarixi abidələrin bərpası istiqamətində mühüm işlər görülüb. Əlamətdar haldır ki, regionlarda respublika səviyyəli tədbirlərlə yanaşı, beynəlxalq tədbirlərin təşkili ənənə halını alıb. Azərbaycanın qədim və zəngin mədəniyyətinin geniş təbliğ edilməsi, regionlararası mübadilənin gücləndirilməsi, bölgələrin mədəni və turizm potensialının nümayiş etdirilməsi məqsədilə cari il ərzində Bakı şəhərində respublikanın şəhər və rayonlarının incəsənət ustalarının "Bölgələrdən paytaxta" adlı mədəni tədbirləri təşkil olunacaq. Bu, yeni layihədir və artıq onun icrasına start verilib".
Onu da bildirək ki, layihənin məqsədi həm də yeni-yeni istedadlı gənclərin üzə çıxmasına, tanınmasına və gələcəkdə Azərbaycan mədəniyyətinə böyük töhfələr verməsinə şərait yaratmaqdır.
Aprelin 21-də Şəki, il ərzində isə Lənkəran və Gəncə şəhərlərinin, İsmayıllı, Şəmkir, Gədəbəy və Abşeron rayonlarının mədəniyyətini əks etdirən tədbirlər keçiriləcək. Tədbirlərdə hər bir regionun qədim tarixi, ənənələri, incəsənət nümunələri geniş təqdim olunacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Bölgələrdən paytaxta" adlı yeni layihəsi Bakı sakinlərini regionların sosial-iqtisadi inkişafı, zəngin mədəniyyəti, adət-ənənələri ilə tanış etməkdə davam edir. Bu layihə çərçivəsində Gədəbəyə həsr olunan tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Gədəbəy Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə aprelin 27-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında reallaşıb.
Layihə çərçivəsində Azərbaycan mədəniyyətinin tarixi və müasir zənginliklərini və regionların adət-ənənələrini əks etdirən dekorativ tətbiqi sənət ustalarının əl işləri sərgilənib, bölgənin turizm imkanları təbliğ olunub, incəsənət ustalarının konserti təşkil olunub. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gədəbəyə həsr olunan bu tədbirin əhəmiyyətini vurğulayaraq deyib ki, bu "Bölgələrdən paytaxta" layihəsi çərçivəsində təşkil edilən beşinci təqdimatdır: "Rayon qədim tarixə və mədəniyyətə malikdir. Burada eramızdan əvvəl XII-VII əsrləri əhatə edən Xocalı-Gədəbəy mədəniyyətinin qalıqları olan tarixi mədəniyyət abidələri mövcuddur.
Gədəbəydə inşa edilən elektrik stansiyası, Qafqazda ilk dəmir yolu, həmçinin mis mədənləri Azərbaycanın iqtisadiyyatına töhfədir. Gədəbəy həm də aşıqlar yurdudur".
Nazir qeyd edib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq musiqisi UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov Azərbaycanın dilbər guşələrindən, qədim yaşayış məskənlərindən biri olan Gədəbəyin tarixi abidələri, mədəniyyət nümunələri, ziyalıları barədə məlumat verib.
Rayonun sosial-iqtisadi inkişafı üçün Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlardan söhbət açan icra başçısı rayonda görülən işlərdən, yeni açılan müəssisələrdən danışıb. Həmçinin rayonun turizm üçün əlverişli olduğunu, burada turizm imkanlarının yaradıldığını söyləyib.
Tədbirdə Gədəbəyin sosial-iqtisadi inkişafından, müasir tərəqqisindən, turizm imkanlarından, zəngin mədəniyyətindən bəhs edən videoçarx nümayiş olunub. Tədbirdə Gədəbəy Aşıq Məktəbinin folklor ansamblının ifası maraq doğurub. Sonra rayonun incəsənət ustaları, aşıq ifaçıları və rəqs kollektivləri çıxış ediblər. Onu da bildirək ki, tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov da iştirak edib.
Qeyd edək ki, "Bölgələrdən payxata" layihəsi digər rayonların simasında davam etdiriləcək. Əlbəttə, mədəniyyətimizin, milli dəyərlərimizin, bölgələrdə yaşayan və öz qədimliyini, ilkinliyini qoruyan xalq sənəti nümunələrinin yenidən təqdimatı olduqca maraqlıdır və bu iş çox qiymətlidir.
İradə SARIYEVA
Bakı xəbər.-2015.- 7 may.- S. 15.