İpəkçiliyə
dövlət qayğısı və ipəkçiliyin tarixi
şöhrəti...
İpəkçiliyin ilkin ünvanlarından olan və ipək kimi insanları, zəngin mədəniyyəti, xalq sənəti, çoxçalarlı ağız ədəbiyyatı, hazırcavab insanları ilə məşhurdur Şəki, Gəncə, Şamaxı, Şuşa. Bütün bunlar öz yerində, ancaq Şəki ipəyinin şöhrəti əsrlərdir bütün dünyanı, yer üzünü dolaşır. Şəkinin ipəkçiliklə bağlı olduğunu minillərdən bəri yaranıb formalaşan bayatı örnəkləri də ifadə edir.
Palıdın
ipək qurdu,
Dörd
min il yollar yordu.
Qızıl
sırğa, qurd fiqur,
Tarixə şahid durdu.
Şəbəkəm
var qurama,
Puşdu döşək sırama.
İpəyin
soyköküdür,
Qurdla, cabal, barama.
Bir vaxtlar zınqırovlu dəvələr, yorğun
sarvanlar keçərdi bu yerlərdən. "İpək
yolu"nun üstündə yerləşən qədim Azərbaycan
minlərlə, miyonlarla səyyahın, dəvə
karvanının izlərini yaşadır. Kimlərin ayaq
izləri qalmayıb ki, bu torpağın yaddaşında, kimlərin
heyranlığı, heyrətdən doğan nidası
daşların qulağına çökməyib ki... Yaşı minillərlə ölçülən
dövlətçilik tarixim, onun qədər də qədim və
zəngin olan mədəniyyətimiz, yeraltı və
yerüstü sərvətlərimiz yadellilərin marağına
səbəb olub həmişə.
İpəkçilik tarixini öyrənən tədqiqatçıların
verdiyi məlumata görə, Azərbaycanda ipəkçilik
dünyanın bir çox ölkələri üçün
əlçatmaz olan əlverişli iqlim və münasib təbii-coğrafi
şərait əsasında yaranıb və inkişaf edib.
Tədqiqatçılar qeyd edir ki, tut
yarpağının atlas - ipək parça halına gəlməsi
üçün ipəkçilik təsərrüfatı və
sənəti deyilən peşə həm incə, həm də
olduqca çətindir. Yazılanlara görə, ipək
halına gələnə qədər ipəkqurdu bir sıra
mərhələlərdən keçir. Şəki
İpək Cəmiyyətinin laboratoriyasında ipəkqurdu
toxumlarının müayinəsi aparılır. Yerli şəraitə uyğun məhsuldar ipəkqurdu
cinsləri yetişdirilir. Sağlam ipəkqurdu
toxumları aprel ayına kimi qışlama kamerasında
saxlanır. Bu dövr estivasiya dövrü
adlanır. Aprel ayındasa çəkil
ağacları yarpaqlayanda, ipəkqurdu toxumlarını oyatma və
yemləmə prosesi başlanır. İpəkqurdu
toxumu əsasən tut yarpağı ilə qidalanır.
Baramalar yığılaraq müəssisəyə təhvil
verilir. Əgər baramalar vaxtında boğulmazsa, ipəkqurdu
kəpənəyə çevrilir və baramanı deşərək
uçur. Bu da məhsulun ziyan olmasına gətirib
çıxarır. Kəlağayıya,
köynəyə, çeşidli libaslara çevrilən ipək
parçanın bir məhsul kimi ortaya çıxması insan
oğlunun bir çox zəhmətlərə
qatlaşmasını tələb edir. Son
mərhələdə ecazkar bir gözəllik, zəriflik,
incəlik örnəyi kimi insanı valeh edən ipək əslində
gərgin və məşəqqətli zəhmətə
bağlıdır. Şəkinin təbiəti
və əhalisi qədər həssas və ecazkar olan ipəyin
- Şəki ipəyinin də yeri bənzərsiz və
özünəməxsusdur.
Azərbaycanın ipəkçilik tarixindən bəhs
edən məlumatlarda bildirilir ki, Azərbaycan qədim
zamanlardan bəri Şərqin ən böyük ipəkçilik
ölkəsi kimi tanınıb və Şirvan əyaləti
Azərbaycanda ən iri ipəkçilik rayonu olub. Bundan başqa, Azərbaycanın
Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa
bölgələrində da ipəkçilik istehsalı
çox inkişaf edib. Bu rayonlarda ipəkdən
çox qəşəng, bəzəkli, naxışlı, zərif
qadın baş örpəkləri istehsal olunub. Azərbaycanda
ipəkçiliyin həm qədim vaxtlarda, həm də
müasir dövrdə əhalinnin əsas fəaliyyət
növlərindən biri olduğunu vurğulayan tədqiqatçılar
qeyd edir ki, fərziyyələrə görə, ipəkçiliklə
bağlı işlərlə burada təxminən 2000 ildən
artıqdır məşğul olurlar. Artıq
V-VI əsrlərdə Azərbaycanın iqtisadiyyatında ipəkçilik
mühüm yer tutub. Tədqiqatçılar
qeyd edir ki, antik dövr alban tarixçisi M.Kalankaytuklu
özünün "Alban tarixi" kitabında Kür
çayı sahillərində çoxlu tut
ağacının bitdiyini, ondan, əsasən, ipək
parça istehsalında xammal kimi istifadə olunduğunu
göstərib. Azərbaycanın təbii
şəraiti bu ölkəni bir çox əsrlər boyu
dünyanın ipəkçilik mərkəzlərindən
birinə çevirib. Şamaxıda, Şəkidə
və Azərbaycanın digər guşələrində
istehsal olunan ipək parçalar zəngin təbiətli
diyarın bütün rənglərinin coşqunluğunu
özündə əks etdirib.
İpəkçiliyin geniş yayıldığı
bölgələrimizin təsnifatını verən alimlər
yazır ki, ipəkçiliyin ünvanlarından biri
Qarabağ olub.
Qeydlərə görə, Qarabağın ipəkçilik
müəssisələri əsasən Şuşa
və Cəbrayıl qəzalarında yerləşib. XX əsrin
əvvəllərində Şuşa qəzasında
12, Cəbrayıl qəzasında isə 5 ipəkəyirən
fabrik var idi. Bu fabriklərin bəziləri maşınla,
buxar qazanları ilə təchiz edilən iri fabriklər idi.
Qarabağın ipəkçilik sənayesində
hətta səhmdar cəmiyyətlər də fəaliyyət
göstərirdi. Belə səhmdar cəmiyyətlərdən
biri hələ XX əsrin başlanğıcında Şuşa qəzasında yaradılıb. Bu səhmdar cəmiyyətin 6 ipəkəyirən, 2
ipəkeşən və 3 baramaboğan fabriki var idi. Bu
fabriklər əsas etibarilə Şuşa
qəzası ərazisində yerləşirdi. Yalnız
iki baramaboğan fabrik - biri Yelizavetpol quberniyasının
Güzlər kəndində və o biri Zaqafqaziya dəmir
yolunun Samtredi stansiyasında idi. Bütün
fabriklər o dövr üçün müasir olan texnika əsasında
qurulmuşdu. Səhmdar cəmiyyətin əsas
kapitalı 500 min manata bərabər idi.
Şirvanda ipəkçiliyin inkişafı ilə
bağlı maraqlı məlumatlar var. Tədqiqatçıların
qeydlərinə görə, XI əsrin 70-ci illərində
Şamaxı şəhərində olmuş İtaliya səyyahı
Kontarini yazırdı ki, bu şəhərdə yüksək
keyfiyyətli ipək parçalar hazırlanır. Həmin
dövrlərdə Şamaxıdan Rusiyaya, İraqa, Suriyaya və
başqa ölkələrə daha çox ipək
aparılırdı. XVI-XVII əsrlərdə
də Şirvan ipək istehsalına görə Yaxın Şərqdə
öz üstünlüyünü saxlaya bilib. Şirvan ipəyinin xeyli hissəsi yenə də
Asiya və Avropanın bir çox ölkələrinə
göndərilirdi. Xarici ölkələrə
satışa göndərilən ipəkdən əlavə məhsulun
xeyli hissəsi daxildə ipək toxuculuğunu təmin etmək
üçün istifadə edilirdi. XVII əsrin 30-cu illərində
Azərbaycanda olmuş Adam Olearinin verdiyi məlumata görə,
burada hər il 10-20 min tay xamna
toplanırdı. Ondan 3000 tay Şirvanın, 2000 tay
Qarabağın payına düşürdü (hər tay təxminən
5,5 pud idi). Deməli, hər il Şirvanda
16,5 min pud, Qarabağda isə 11 min puda qədər xamna
istehsal olunurdu.
Şəki haqda da tədqiqatçıların
maraqlı qeydlərinə rast gəlmək olur. Bəlli
olduğu kimi, vaxtilə Şəkidə ipəkçiliyin qədim
tarixə malik olması, respublikada ən iri ipək fabriklərinin
burada fəaliyyət göstərməsi nəzərə
alınaraq ilk növbədə Elmi Mərkəzdə ipəkçiliklə
əlaqəli tədqiqatlara başlandı. Yeni, yüksək məhsuldar, xəstəliyə
davamlı və istehsalatın bütün tələblərinə
cavab verə bilən tut ipəkqurdunun xətt, cins və
hibridlərinin yaradılması qarşıya məqsəd
qoyuldu. Ona görə də SSRİ-nin
bütün ipəkçilik rayonlarından, eləcə də
xarici ölkələrdən ipəkqurdu toxumları gətirilib,
hər biri ayrı-ayrılıqda bəslənərək
damazlıq üçün baramalar seçilib
götürüldü. Həmin cinslərin
bioloji və texnoloji göstəriciləri müəyyən
edilərək, çox yüksək keyfiyyətli xətlər
gələcək cinsdaxili seleksiya işlərində tətbiq
edildi. Nəticədə tut ipəkqurdunun
yüksək yaşama qabiliyyətli, baramaları asan
açılan, ipək çıxımı çox olan UN,
UF, Şəki-1, Şəki-2 kimi dörd yeni xətti
yaradıldı. Uzun illər əlaqəli
aparılan tədqiqatlar nəticəsində dörd yeni cinsi
yaradıldı. Qeyd edim ki, yerli şəraitə
uyğunlaşdırılmış bu toxumların
baramalarının yüksək texnoloji göstəriciləri
var. Son illərdə Şəkinin ipəkçilikdə
qazandığı keçmiş şöhrətini
özünə qaytarmaq məqsədilə xeyli işlər
görülür, müəyyən tədbirlər həyata
keçirilir. Şəhər İcra
Hakimiyyəti tərəfindən 2006-cı ilin avqust ayında
keçirilən İpək bayramında nəinki
keçmiş ittifaqın, hətta bir sıra xarici dövlətlərin
nümayəndələrinin iştirak etməsi bu tədbirin
möhtəşəmliyindən xəbər verir. Bu tədbirin yaddaqalan xoş təəssüratı
bu istiqamətdə daha əhəmiyyətli bir addımın
atılması ilə nəticələnib. 2008-ci ildə nəşr edilmiş "Şəki
ipəyi uzaq karvan yollarında" kitabı (Z.Əlizadə,
N.İbrahimov) çapdan çıxıb və çox
böyük oxucu marağına səbəb olub.
Azərbaycanda ipəkçiliyin inkişafı ilə
bağlı dövlətin də dəstəyi var. Milli-mənəvi
dəyərlər sistemimində, milli istehsal sahəsində
mövcud olan bütün xətlərin tərəqqisinə
dövlət diqqət göstərir.
Onu da qeyd edək ki, hələ 2006-cı ildə Azərbaycan
Prezidenti İlham Əliyev "Şəki-İpək"
Açıq Səhmdar Cəmiyyətində olub və öz
tövsiyələrini verib. Prezident İlham
Əliyev müəssisənin indiki vəziyyətindən
razılığını ifadə edib, tövsiyə və
tapşırıqlarını verib. Bildirib
ki, bu müəssisənin məhsullarına həm daxili, həm
də xarici bazarda tələbat böyükdür və ona
görə də istehsalın genişləndirilməsi məqsədəuyğundur.
Onu da
vurğulayaq ki, "Şəki-İpək" ASC-nin əsası
1929-cu ildə qoyulub və 86 il ərzində istehsal sahələri
genişləndirilib, mərhələ-mərhələ elm və
texnikanın ən son yenilikləri olan avadanlıqlar,
maşınlar, dəzgahlar və sairə
quraşdırılıb.
Bəlli olduğu kimi, ümummilli lider Heydər
Əliyev hakimiyyətə qayıtdıqdan sonra ipək sənayesi
bərpa olundu və bu sahədə yaranan böhran aradan
qaldırılmağa başladı.
Rəsmi mətbuatın yazdığına görə,
ipək şirkətləri Heydər Əliyevin
tapşırığı və sərəncamı ilə
ayağa qalxıb. Belə ki, 2001-ci ildə "Şəki-İpək"
ASC-nin istehsal fəaliyyətinin bərpasına köməklik
məqsədilə dövlət büdcəsindən 400 000
manat vəsait ayrıldı və müəssisə işə
salındı.
Hazırda "Şəki-İpək" ASC-nin rəhbərliyi tərəfindən müəssisə texniki cəhətdən yenidən qurulub, xaricdən baramaaçan avadanlıqları alınaraq quraşdırılıb və istifadəyə verilib, müəssisənin gücü artaraq bir növbəli iş rejimində 45 ton xam ipək istehsalına çatıb, xammala olan tələbatı isə 130 ton quru, yaxud 400 ton yaş barama ödəyəcək. "Şəki-İpək" ASC-nin rəhbərliyi müəssisənin istehsal fəaliyyətinin dayanmaması üçün 2005-2009-cu illərdə xaricdən bir neçə yüz ton quru barama almağa məcbur olub. Bu isə iqtisadi cəhətdən sərfəli deyil. Respublikamızda bu gün ipəkçiliyin inkişafı ilə əlaqədar əsaslı islahatlar aparılmalı, barama istehsalı artırılmalı, "Şəki-İpək" ASC-nin xammala olan ehtiyacı ödənilməli, Azərbaycan ipəyinin əvvəlki şöhrəti özünə qaytarılmalıdır. İpəkçiliyin inkişafı ilə əlaqədar "Şəki-İpək" ASC-nin mütəxəssisləri tərəfindən "Azərbaycan Respublikasında ipəkçiliyin inkişafı konsepsiyası" hazırlanıb, İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim edilib. Hazırda "Şəki-İpək" ASC-də təbii ipək sapdan müxtəlif növ təbii parçalar, baş örtükləri, şərflər, xalçalar və sair hazırlanır. Bu günümüzdə də təmiz təbii ipəkdən hazırlanan bu məhsullar dəbdədir və qadınlar onları sevə-sevə istifadə edir. Azərbaycanın ən qədim ipəkçilik mərkəzi olan "Şəki-İpək" ASC-də yüz faiz təbii ipəkdən hazırlanan saya və güllü müxtəlif çeşidli milli baş örtüklərinin-kəlağayıların istehsalı böyük şöhrət qazanıb.
Azərbaycanda ipəkçiliyin inkişafına dövlət səviyyəsində dəstək verilir və hesab edirik ki, bu sahə tam gücü ilə inkişaf edəcək. Azərbaycan dövlətçilik tarixində, milli-mənəvi dəyərlər sistemində özəl rolu olan bu sahə inkişaf etməlidir ki, Azərbaycanın yenə də ipəkçilik məkanlarından biri olduğu dünyaya yayılsın.
Çox arzu edərdik ki, keçmiş çağlarda olduğu kimi, bu gün də Azərbaycan bütün dünyaya ipək ixrac etsin və Azərbaycan torpağının əzəməti yenidən heyrət yaratsın.
Qeydlərdən də gördüyünüz kimi, artıq bu sahədə irəliləyişlər var və dövlət bu sahəyə ciddi qayğı, dəstək göstərir.
İradə SARIYEVA
Bakı xəbər.-2015.- 6 may.- S. 15.