I Avropa
Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti
Paytaxtımızın son zamanlar dünyanın siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilməsi sözsüz ki, beynəlxalq ictimaiyyətin ölkəmizə olan etimadından irəli gəlir. Bu etimadı isə respublikamızda aparılan abadlıq-quruculuq işləri, kompleks islahatlar, ölkənin məxsusi xarici və daxili siyasətinin mövcudluğu şərtləndirib. Danılmaz faktdır ki, humanitar məsələlərdə, xüsusən tolerantlıq və dözümlülükdə dünya üçün örnək olan Azərbaycan, digər sahələrdə də planetin aparıcı dövlətləri sırasındadır.
Qazanılan uğurlardan biri də şübhəsiz ki, idman sahəsini əhatə edir. Qeyd edək ki, ölkə Prezidenti cənab İlham Əliyevin həm də Milli Olimpiya Komitəsinə rəhbərlik etməsi respublikamızı artıq dünyada idman ölkəsi kimi də tanıdıb. I Avropa Oyunlarının (AO) Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi, ilk AO-nun Azərbaycanda keçirilməsi dövlətimizin idmançılara olan qayğısı, onların Olimpiya, dünya, Avropa və regional miqyaslı yarışlarda uğurları, idman infrastrukturları və obyektlərinin müasirləşdirilməsi və digər islahatlarla əlaqəlidir.
Məlum olduğu kimi, I Avropa Oyunlarının keçirilməsini 2012-ci ildə Avropa Oyunları Komitəsi (AOK) paytaxtımıza etimad edib. Həmin səbəbdən Oyunların təşkili və idarə edilməsi AOK və Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) tərəfindən həyata keçiriləcək. Oyunlar 2015-ci il iyun ayının 12-dən 28-dək Bakıda olacaq. Ölkəmiz ümumavropa ailəsinin tarixində ilk dəfə keçiriləcək möhtəşəm idman bayramına hazırlaşır. Qısa müddət ərzində ölkənin idman infrastrukturu təkmilləşdirilərək ən müasir standartlara uyğunlaşdırılıb. Yeni idman obyektləri, kompleksləri yaradılıb, Azərbaycana səfər edəcək idmançı və məşqçilərin, qonaqların yerləşdirilməsi, təhlükəsizlik, nəqliyyat, təchizat və digər məsələlər uğurla həll edilib.
AO-a həm ölkə ictimaiyyəti, həm də dünya və Avropada böyük maraq və dəstək var. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Avropa Oyunları məşəlinin yandırılması mərasimində deyib: "Belə qısa müddət ərzində görülmüş bu qədər işləri hətta ən çılğın arzularımızda təsəvvür edə bilməzdik. Əslində bütün Bakı heyəti hətta Oyunlar başlamazdan öncə dünya rekorduna imza atdı". 2015-ci ilin yanvarında Davosda "Bakı-2015" İlk Avropa Oyunlarının təqdimatı mərasimində çıxışı zamanı isə cənab Hikki demişdi ki, "Bakı-2015" Oyunları Azərbaycanın parlaq idman gələcəyinə aparan yoldur. Bu, həmçinin Avropa üçün dörd ildən sonra növbəti Oyunlara bələdçi hadisədir və Avropa Oyunları konsepsiyasının ən gözəl nümunəsi ola bilər".
Patrik Hikkinin də fikrindən görünür ki, ölkəmiz həm qısa müddət ərzində böyük idman tədbirinə hazırlıq dövrünü başa çatdırmaqla rekorda imza atıb, həm də Avropa Olimpiya Hərəkatının standartlarının formalaşdırıldığı məkan kimi öz adını tarixə yazmağı bacarıb. Ən azından buna görə I Avropa Oyunlarını qəbul etməyə, Oyunların yüksək səviyyədə keçirilməsi üçün genişmiqyaslı tədbirlər görməyə, bütün səyləri bu idman bayramına səfərbər etməyə dəyərdi. Bu, ümumilikdə, Azərbaycan dövləti və xalqının böyük uğuru, həm də siyasi, iqtisadi və humanitar mərkəzə çevrilmiş müasir Azərbaycanı dünya ictimaiyyətinə olduğu kimi tanıtmaq, müstəqillik illərində əldə edilmiş nailiyyətləri və təcrübəni bölüşmək, Qarabağ da daxil olmaqla, ümummilli problemlərimizi Avropa və dünyanın diqqətinə daha yaxından çatdırmaq üçün əlverişli fürsətdir.
Oyunları işıqlandırmaq üçün 700-ə yaxın beynəlxalq, 600-dən artıq yerli media nümayəndəsi akkreditasiya üçün Təşkilat Komitəsinə müraciət edib. Burada jurnalistlərin işini daha operativ, asan və keyfiyyətli etmək üçün müasir tələblərə cavab verən Media Kəndi fəaliyyət göstərəcək. Qeyd edək ki, Oyunların Əməliyyat Komitəsi "Azərkosmos" ASC-ni "Bakı-2015"in rəsmi peyk yayım təchizatçısı elan edib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən "Bakı-2015" Oyunlarının keçiriləcəyi obyektlərin hamısı optik lifil rabitə xətlərinə qoşulacaq. Oyunlar zamanı obyektlərdə davamlı rabitənin təmin olunması üçün dövlət rabitə operatorlarının və digər dövlət qurumlarının mövcud kabel infrastrukturundan istifadə olunacaq.
I AO ərəfəsində Milli Məclis kütləvi idman tədbirləri və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılması, biletlərin müəyyən edilmiş rəsmi tariflərdən yüksək qiymətə satılmasına qarşı qanun, həmçinin kütləvi idman tədbirləri və idman yarışlarının keçirilməsinə mane olmağa görə cərimələr müəyyən edib. Sözsüz ki, bu qanun istər yerli, istərsə də xarici çoxminli tamaşaçını neqativ hallardan qoruyacaq, onların təhlükəsizliyinə şərait yaradacaq.
Hazırda Oyunların təhlükəsizliyi ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən "Təhlükəsiz Şəhər" sisteminin respublika üzrə 2039 nöqtədə 8085, o cümlədən Bakıda 1356 nöqtədə 4224 kamerası quraşdırılıb. DİN Oyunlar zamanı asayişin qorunması sahəsində təcrübə mübadiləsinin səmərəliliyini artırmaq üçün bu ilin martında Avstriya Federal Daxili İşlər Nazirliyinin və Vyana Polis Departamentinin əməkdaşları ilə birlikdə seminar-məşğələlər keçirib, təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparıb.
İqtisadçı-ekspert Rəşad Həsənovun qəzetimizə açıqlamasına görə, Avropa Oyunları strateji layihə olduğu üçün onun gəlirləri yalnız qısa deyil, eyni zamanda uzunmüddətli dövrü əhatə edəcək. Oyunlar keçirilən müddətdə, kiçik və orta sahibkarlar daxil olmaqla, ölkə iqtisadiyyatı bu tədbirdən faydalanacaq. Ümumiyyətlə, iqtisadiyyatçıların yekdil fikrinə görə, Oyunlar Azərbaycan üçün rentabelli olacaq. İqtisadi Sosial İnkişaf Mərkəzi bildirib ki, I Avropa Oyunlarının ölkə iqtisadiyyatına xeyirlərini qiymətləndirən zaman əldə olunan cari və strateji gəlirlərin hesablanmasına ehtiyac var. Cari gəlirlər biletlərin satışı, ölkəyə gələn turistlər və onların Bakıda olduğu müddətdə istər xidmət sektoruna, istərsə də otellərə və digər sektorlara pul xərcləməsi nəticəsində formalaşacaq. Nəzərə alsaq ki, beynəlxalq qiymətləndirmələrə görə, hər turist Azərbaycanda olan zaman bir həftə ərzində orta hesabla min dollara yaxın vəsait xərcləyəcək, deməli, iki həftəlik yarışlarda hər turist Azərbaycanın iqtisadiyyatına 2000 dollar sərmayə yönəldəcək. Buraya Oyunların efir yayımından və müxtəlif reklamlardan gələn gəlirləri də əlavə etmək lazımdır. I AO həm də yeni turistləri ölkəyə cəlb edəcək, ölkəmizin turizm sektorunun inkişafına stimul verəcək.
I AO-ya ölkə daxilində böyük dəstək olduğu kimi, xarici ölkələrdə də kifayət qədər maraq və rəğbət var. Bakıdakı Azərbaycan-Belçika biznes forumuna qatılan Belçika Krallığının xarici ticarət məsələləri üzrə dövlət
katibi Piter de Krem bildirib ki, son iki il yarım ərzində I AO üçün lazımi infrastruktur yaratmaqla Bakı qeyri-mümkün bir işə nail olub. "Əvvəla, bu çox yaxşı bir idman çağırışıdır. İkincisi isə, bu tədbir Azərbaycana xeyli turist cəlb edəcək, ölkənizin Avropada populyarlığını daha da artıracaq... Mayın sonu və ya iyunun əvvəlində bu tədbirin təşkilatçılıq işləri üzrə tanış olmaq üçün Bakıya 120 nəfərdən ibarət nümayəndə heyəti gələcək. Biz Azərbaycanın bu sahədəki təcrübəsindən yararlanmaq istəyirik" deyə belçikalı dövlət katibi bildirib. "Azərbaycan 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsini yüksək səviyyədə keçirib və bu yay Bakıda keçiriləcək I AO-nı da uğurla keçirəcək". Bunu macar ekspert Levente Kozma deyib. "Bakıda keçiriləcək I AO böyük tamaşaçı kütləsi toplayacaq və Azərbaycanın turizm mərkəzi kimi potensialını üzə çıxaracaq" - deyən Yuqoslaviya şahzadəsi Yelizabeta Karaçeoqriyevinin sözlərinə görə, ölkəmizin turizm sahəsi hələ sona qədər üzə çıxarılmayıb. İsveçrəli ekspert Andr Basterin fikri də çox maraqlıdır. O bildirib: "Oyunlar televiziya vasitəsilə dünyanın bir çox ölkələrində yayımlanacaq. O cümlədən Azərbaycana on minlərlə turist gələcək. Təbii ki, bunlar Azərbaycan iqtisadiyyatına müsbət mənada mühüm təsir göstərəcək... Azərbaycan onsuz da beynəlxalq aləmdə böyük nüfuza malikdir. Hesab edirəm ki, bu Oyunlar ölkənizin həm regionda, həm də dünyada daha möhkəm mövqe tutmasına şərait yaradacaq".
Təəssüf ki, xarici anti-Azərbaycan şəbəkə və erməni lobbisi səylərini birləşdirərək 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsində olduğu kimi, I AO-nın keçirilməsinə mane olurlar. Bu dairələr Oyunları boykota çağırır, möhtəşəm idman bayramının əhəmiyyətini azaltmağa çalışır, Oyunları siyasiləşdirərək onun ətrafında birtərəfli informasiya boşluğu yaratmaq, Azərbaycan barədə beynəlxalq ictimaiyyəti qərəzli, təhrif olunmuş şəkildə məlumatlandırmaq istəyirlər. Onlar müstəqil siyasət yürüdən respublikamızı "öz davranışlarına görə yerini göstərmək zamanı gəlib" deyib təhdid etmək qərarına gəliblər. Lakin burada ən maraqlı məqam kampaniyanın əsas fəaliyyət mərkəzinin ABŞ-ın dövlət katibi Con Kerrinin Konqresdəki ofisinin olmasıdır. Bütün bunlar onu deməyə əsas verir ki, cəmiyyətimiz ABŞ və Avropanın bəzi dairələrinin, erməni lobbisinin təşəbbüsü və maliyyə dəstəyi ilə beynəlxalq QHT-lərin ölkəmizə və I AO-ya qarşı həyata keçirdiyi kampaniya ilə üz-üzədir. Qeyd edək ki, kampaniyanın uzunmüddətli xarakter daşıdığı, ölkəmizin dünyada mənfi imicinin formalaşdırılmasına və daxildə ictimai-siyasi sabitliyin pozulmasına yönəldiyi şübhəsizdir. "Rossiya-24" telekanalına müsahibə verən cənab İlham Əliyev bildirib ki, Azərbaycan, Oyunlar yaxınlaşdıqca, bu hadisəni nüfuzdan salma cəhdlərinin daha aydın şahidi olur: "Bu bizdə yalnız təəccüb və heyrət doğurur. Bu nəyə lazımdır? Sanki bu, kimisə, necə deyərlər, cana gətirib ki, Azərbaycan belə Oyunları keçirə bilər...".
Şübhəsiz, müstəqil xarici siyasət yürüdən, fundamental islahatlar aparan Azərbaycanın gördüyü işlərə kölgə salmağa çalışan bu dairələr növbəti qarayaxmalarına baxmayaraq, ölkəmiz bütün beynəlxalq tədbirləri ləyaqətlə həyata keçirdiyi kimi, bu möhtəşəm beynəlxalq idman bayramını da uğurla təşkil edəcək.
Namiq QULİYEV
Bakı xəbər.-2015.- 8-10 may.- S. 12.