Haqq etdiyi Sovet İttifaqı Qəhrəmanı adına qovuşa bilməyən daha bir qəhrəman azərbaycanlı...

 

İkinci Dünya Müharibəsində həlak olan Müslüm Məmmədhüseyn oğlu Məmmədovun oğlu "Bakı-Xəbər" vasitəsilə Putinə müraciət etdi

 

O, atasına Sovet İttifaqı Qəhrəmanı adı verilməsini istəyir

 

Faşizmdən əziyyət çəkən bütün dünya dövlətləri faşizm üzərində qələbənin 70 illiyini qeyd etməyə hazırlaşır. 9 may 1945-ci il tarixə bəşəriyyətin şər üzərində zəfər çaldığı əlamətdar hadisə olaraq düşüb. Keçmiş SSRİ respublikalarından biri kimi Azərbaycan da İkinci Dünya Savaşında iştirak edib və yüzlərlə övladını faşizmlə mübarizədə itirib. 70 il bundan əvvəl qazanılan böyük bir zəfərin şadlığını yaşayanlar indivar, onların ailəsi, yaxınları bu günü bayram edirlər.

İkinci Dünya Müharibəsinin (Böyük Vətən Müharibəsi) ilk günlərindən cəbhəyə yollanan bakılı balası Müslüm Məmmədhüseyn oğlu Məmmədov haqda danışacağıq. Bu günlərdə redaksiyamıza Müslüm Məmmədovun oğlu Əli Məmmədov gəldi. Əli dayı özü ilə publisist-yazıçı Nəriman Həsənəlinin 2000-ci ildə Azərbaycan Respublikası Xatirə Kitabı Nəşriyyatı tərəfindən çap edilən "Gözlə məni ana" kitabını da gətirdi. Bu kitabda Əli Məmmədovun atası Müslüm Məmmədov haqqında geniş xatirə oçerkləri yer alıb. Nəşrdə M.Məmmədovun ailəsinə məktubları, ailəsinin ona yazdıqları, övladlarının ataları ilə bağlı həzin, kövrək xatirələri yer alıb.

"Şanlı əsgər" məktublarında M.Məmmədov ailəsinə "Axı biz haqq yolunda vuruşuruq. Haqq işi həmişə qalib gəlib, indi də qələbə bizimlədir" deyə yazırdı. Ürək-dirək verirdi dörd balasını qoynuna sıxıb yaşayan həyat yoldaşı Fatma xanıma.

Sıravi əsgər, rabitəçi Müslüm Məmmədov və onun bölməsi İkinci Dünya Müharibəsində böyük şücaət göstərib, qəhrəmanlıqla döyüşüb. 20-ci Qırmızıbayraqlı, "Lenin" ordenli dağ-süvari diviziyasında vuruşan yeganə azərbaycanlı Müslüm Məmmədovun qəhrəmanlığı döyüşçü yoldaşlarının, komandirlərinin yaddaşında yaşayıb.

Əli Məmmədov bizə bildirdi ki, atası Bakıdan, Yasamal Rayon Hərbi Komissarlığından müharibəyə yollansa da, onun sənədləri burada yoxdur: "Atam Moskva ətrafından başlayaraq Polşaya qədər böyük bir döyüş yolu keçib. Müslüm Məmmədhüseyn oğlu cəbhəyə Bakıdan getsə də, onun sənədlərini Yasamal Hərbi Komissarlığında tapa bilmədik. Amma Moskva arxivlərində onun haqqında məlumatlar var. Hətta MoskvadaPolşada çıxan ensiklopediyalarda Müslüm Məmmədovdan da yazıblar. Atamın sənədlərinin Bakıda yoxa çıxarılmasında birmənalı olaraq erməni barmağı var. Çünki o illərdə də ermənilər azərbaycanlılara qarşı müxtəlif təxribatlar həyata keçirirdi. Onlar istəmirdilər ki, İkinci Dünya Müharibəsində iştirak edən azərbaycanlıların qəhrəmanlığı haqqında danışılsın. Çox zaman sənədləri bilərəkdən itirirdilər. Müslüm Məmmədov Polşa-Çexiya sərhədində Pişiçina döyüş düşərgəsində həlak olub, özü də atamı çox qəddarlıqla qətlə yetirib faşistlər. Atam 1945-ci il martın 26-da həlak olub. Faşistlər onu doğrayıb. Müharibənin qızğın çağlarında atam bir neçə dəfə ağır yaralanıb, hətta o, Tiflis və Bakıda da hospitalda yatıb, vəziyyəti ağır idi, anam danışır ki, bir barmağı yox idi. Onu tərxis etmək istəyirdilər, amma heç cürə razılaşmayıb, deyib ki, Reyxstaqa bayrağı mən sancacağam. Atam Bakıda Bayıl hospitalında yatanda anam məni də onun yanına aparıb, amma mən onun üzünü elə də xatırlaya bilmirəm. 1946-cı ildə Rusiyadan iki nəfər Bakıya anama başsağlığı verməyə gəlmişdi, onlar atamın döyüş yoldaşları olub. Atamın qəhrəmanlığı, şücaəti, vətənpərvərliyi haqda çox xatirələr danışıblar anama. Yadımdadır, 1945-ci ildə 9 mayı hamı bayram kimi qeyd edəndə anam bizi başına yığıb yas qurmuşdu... Dörd uşaq idik, hamımızı anam böyütdü. 14 yaşımdan məktəbi buraxıb anama kömək etmək üçün işləməyə başladım, çox gec ali təhsil ala bildim".

Əli Məmmədov qeyd etdi ki, atasının komandirləri, döyüş yoldaşları bildirir ki, Müslüm Məmmədov döyüşdə göstərdiyi şücaətə görə üç dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilib, lakin hansısa səbəbdən ona bu adı verməyiblər: "Mən bu məsələ ilə bağlı SSRİ Baş Arxiv İdarəsinə, Qırmızı Aypara Cəmiyyətinə müraciət etmişəm... Atama birinci dəfə III dərəcəli "Kovaler Slavı", sonra isə ikinci dəfə alay rəhbərliyinin təqdimatı ilə II dərəcəli "Kovaler slavı" ordeni verilib. Amma o, Sovet İttifaqı Qəhrəmanı adı almalı idi. Yəni bunu mən demirəm, sənədlər deyir, onunla çiyin-çiyinə vuruşanlar deyir. Lakin burada da erməni əli olub. Ermənilər imkan verməyib ki, Azərbaycan qəhrəmanları layiq olduqları qiyməti alsın".

Əli Məmmədov bildirdi ki, faşizm üzərində qələbənin 70 illiyinin təntənə ilə keçirilməsi İkinci Dünya Müharibəsində faşistlərə qarşı vuruşan Müslüm Məmmədovun övladı kimi onu çox sevindirir: "İllərdir atama Sovet İttifaqı Qəhrəmanı adının verilməsinə çalışıram. Düşünürəm ki, bu onun xatirəsinə bir töhfə olardı. Sizin qəzetiniz vasitəsilə Rusiya Prezidenti Vladimir Putinə müracit edirəm ki, atam Məmmədov Müslüm Məmmədhüseyn oğlunun ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı almasına yardım göstərsin. Atamın vəfatından 70 il keçib, amma onun qəhrəmanlığı yaşayır. Ümid edirəm ki, Rusiya Prezidenti (keçmiş SSRİ-nin varisi Rusiyadır-Ə.M) haqq-ədalətin bərpa edilməsinə çalışacaq. Mənim atam faşizmlə mübarizədə, şərə qarşı müharibədə həlak olub. Nəriman Həsənlinin "Gözlə məni ana" kitabında atamın qəhrəmanlığı, döyüş yolu, döyüş dostlarının xatirələri işıqlandırılıb. Burada kifayət qədər faktlar var ki, onlar Müslüm Məmmədovun Sovet İttifaqı Qəhrəmanı adı alması üçün yetərlidir. Uzun illər idi ki, atamın məzarını ziyarət etmək istəyirdim, amma heç cür alınmırdı. Amma 2007-ci ildə atamın qəbrini görmək üçün Polşaya gedə bildim. Polşa ilə Çexiya sərhədində yerləşən Pişiçinada dəfn edilib Məmmədov Müslüm Məmmədhüseyn oğlu. Atamı orada çox yaxşı tanıyırlar. İnanın, məni elə yüksək səviyyədə qarşıladılar ki, onu sözlə ifadə etmək çox çətindir. Fəxr etdim ki, mənim belə bir atam olub. Mənim qalmağım, istirahətim, gəzməyim üçün böyük şərait yaratdılar. Polşa mediası üçün mətbuat konfransı keçirdim. Hətta həmin mətbuat konfransında da bildirdim ki, atama ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilməsi üçün Rusiya Prezidenti Putina müraciət edirəm, amma həmin xəbəri onlar yaymadı. Faşizmə qarşı döyüşən bütün qəhrəmanların haqqı tanınmalıdır. Bayaq qeyd etdiyimi kimi, İkinci Dünya Müharibəsi zamanı azərbaycanlılara qarşı erməni fitnəsi ilə bir qədər ögey münasibət olub.

Bu mənada ki, qəhrəmanların layiq olduğu qiymət bəzən verilməyib. Mən haqqın qələbə çalacağına inanıram. Necə ki, 70 il əvvəl haqq-ədalət zəfər çaldı, faşizm məhv edildi. Atamın Sovet İttifaqı Qəhrəmanı adı alacağına ümid edirəm. Bu onun ruhunu sevindirər".

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 8-10 may.- S. 13.