Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin, musiqisinin beşiyi - Şuşa...

 

İndi o sınıq bir şüşəyə bənzəyir, yadların əl-ayağını, ümidlərini doğrayır, onlara nigarançılıq verir, simsarlıq etmir. Niyə etsin ki... Torpaq da, daş da, yurd da, bir sözlə, ağlımızda nə varsa hamısının yaddaşı var, o yaddaşda izi qalan isə doğmalardı ancaq. İndi qoynunda məskən salan yad nəfəsliləri şüşə kimi doğrayır Şuşamız. 23 ildir ancaq yuxularda görüşürük, şəkillərinə baxıb təsəlli alırıq, yadigarlarını əzizləyirik.

Anamız Azərbaycanın yaralı balasıdır Şuşa, əsirlikdə "xilas, imdad" deyə hayqıran yavrusudur. Şuşanın ermənilər tərəfindən işğalından 23 il ötür, bu 23 ildə Şuşa və şuşalılar, ürəyi bu yurda bağlı olanlar nə qədər əzab-əziyyət, ağrı-acı çəkib. Şuşa yad nəfəsindən darıxır, öz gözəlliyini pünhanlayır yağılardan.

Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin, elminin, musiqisinin beşiklərindən olan Şuşa milyon illər əvvəl də bizim olub, Azərbaycan türklərinin məskəni kimi tarixə düşüb.

Tarixçilər bildirir ki, qədim dövrlərdən mövcud olan şəhər XIII əsrdə monqollar tərəfindən dağıdılıb. Başı bəlalı Şuşam, sənə tarixdə kimlər əl uzatmayıb ki... Yadellilər sənin gözəlliyinə sahib olmaq uğrunda bütün çağlarda mübarizə aparıb, amma sən həmişə bizim olmusan.

Şuşa sözünün etimiologiyasını izah edən tarixçilər bildirir ki, eramızın II əsrində yaşayan qədim Roma tarixçisi Gaius Cornelius Tacitus (Tasit) Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu (latın dilində "ş" səsi yoxdur) şəhərinin olması haqqında məlumat verib. Xalq əfsanəsinə görə, bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu "Şuşa" (şüşə) adlandırıblar.

Şuşanın tarixini tədqiq edən alimlər bildirir ki, dəniz səviyyəsindən 1300-1600 metr yüksəklikdə yerləşən Şuşa şəhərinin cənubunda Qafqazın ən qədim yaşayış məskənlərindən biri yerləşir. XX əsrin 70-ci illərində Şuşa mağara düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı burada paleolit dövrünə aid daş alətlər aşkar olunub. Bu ərazilər tarixi Azərbaycan torpaqlarının-Midiya dövlətinin, Qafqaz Albaniyasının, Qarabağ xanlığının ayrılmaz hissəsidir. Şuşa Qarabağ xanlığının hərbi-strateji əhəmiyyətli və iqtisadi, siyasi, mədəni mərkəzi kimi yaranıb və inkişaf edib.

Şuşanın yeni dövr həyatı isə 18-ci yüzillikdən başlayır. Tarixçilər qeyd edir ki, Şuşa şəhəri XVIII əsrin 50-ci illərinin əvvəllərində Qarabağ xanı Pənahəli xan tərəfindən, Şuşa kəndinin yaxınlığında abadlaşdırılaraq yenidən salınıb. İlk çağlarda Şuşa adı ilə yanaşı, şəhəri xanın şərəfinə Pənahabad adlandırırdılar. Onun hakimiyyəti illərində, 1757-ci ilə qədər burada çoxlu abidə tikilib. Onun oğlu İbrahimxəlil xanın hakimiyyəti illərində şəhər böyüyüb, müdafiə bəndləri və qalalar tikilib. Feodal müharibələri dövründə Şuşa bir neçə dəfə möhkəmlik sınağından uğurla çıxaraq qalib gəlib.

Yeni dövr zamanı Şuşanın şəhər kimi inkişafını şərti olaraq üç mərhələyə bölmək olar:

Birinci mərhələ qeyri-sabit şəraitdə 1763-cü ilə qədər davam edib, tikinti işləri bir qədər tələsik aparılıb. Bu dövrdə şəhərin şərq hissəsində doqquz məhəllə salınıb. Pənahəli xanın hakimiyyət dövrünü əhatə edən birinci mərhələdə şəhərin ən qədim məhəlləsi sonralar şəhərin relyefinə uyğun olaraq "Aşağı məhəllə" adlandırılıb. Şuşanın bu ilk məhəlləsi aşağıda adları çəkilən küçələrdən ibarət idi: Çuxur, Qurdlar, Culfa Seyidli, Quyular, Hacı Yusifli, Dördlər qurdu, DördçinarÇöl qala.

İbrahimxəlil xan Cavanşirin hakimiyyəti illərinə (1763-1806) təsadüf edən ikinci mərhələdə Şuşada aparılan tikinti işləri daha keyfiyyətli və möhtəşəm olub. Bu mərhələdə "Yuxarı məhəllə" adlanan ikinci məhəllə formalaşıb. Şəhərsalma üçün əlverişli olan "Aşağı məhəllənin" yerindən fərqli olaraq, buranın ərazisi nisbətən dağlıq olub, sıx meşə ilə örtülüb. Elə buna görə də tələbat yarandıqca ərazi meşələrdən təmizlənir və yerində küçələr salınırdı. Təxminən 40 il ərzində formalaşan "Yuxarı məhəllə"də 8 yeni küçə salınıb. Həmin küçələr aşağıdakılar idi: Xanlıq, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam qabağı, Təzə.

On doqquzuncu əsri əhatə edən üçüncü mərhələdə şəhərin dağlıq-qərb hissəsində yeni məhəllələr salınıb və əslində, bununla Şuşanın bir şəhər kimi formalaşması dövrü başa çatıb. Şəhərin dağlıq ərazidə salınmış "Qazançalı" adlanan üçüncü məhəlləsinin tikintisi 1805-ci ildə Qarabağ xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra salınmağa başlanıb və bütün işlər XIX əsr ərzində davam edib. On iki küçədən ibarət olan bu məhəllə Şuşanın ən çox əhali yaşayan məhəlləsi olub. Mirzə Yusif Qarabaği bu məhəllənin küçələri kimi Mehrili, Qazançalı, Ciləbörd, Dərə, Bağlar və başqalarının adlarını çəkir.

Şuşa-Gəncə qapısı...

XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilib. Onun dövrəsində böyükgüclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayırdılar, burada "Pənahabad" adlanan gümüş sikkə zərb edilirdi. Tədricən qalanın ətrafında yaşayış məhəllələri salındı və beləliklə, Şuşa qalası tez bir zamanda Qarabağ xanlığının paytaxtına çevrildi və 1756-cı ildən 1823-cü ilədək Qarabağ xanlığının paytaxtı olub. Şuşa qalası qədim yaşayış yerinin üzərində inşa edilib. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun arxeoloqları Şuşa qalasının yerində qədim yaşayış məskəni olduğunu, həmin şəhərin XIII əsrdə monqolların basqını nəticəsində dağıdıldığını müəyyən edib.

Tarixçilər yazır ki, Rusiya müstəmləkə hakimiyyəti dövründə Şuşa bütün Qarabağ regionunun inzibatiiqtisadi mərkəzi olubinkişaf edib.

Azərbaycan Demokratik Respublikası dönəmində 1918-ci ilin dekabrında Cəbrayıl qəzasının azərbaycanlı kəndlərinə ermənilərin hücumları genişlənib, 1919-cu ilin əvvəllərində daha dağıdıcı xarakter alıb. Onlar bildirir ki, Şuşa qəzası və Qarabağın siyasi mərkəzi olan Şuşa şəhərində ermənilərin vəhşilikləri daha amansız şəkil alıb.

Azərbaycan Demokratik Respublikası dövründə Şuşada ermənilərin ən xəyanətkar silahlı qiyamlarından biri 1920-ci il martın 22-də, Azərbaycan xalqının Novruz bayramı günü baş verib. Tarixçilərin yazdığına görə, bu separatçı qiyam Azərbaycanı işğal etməyə hazırlaşan bolşeviklərin sifarişi ilə qaldırılıb. Bu zaman erməni-separatçı qiyamlarının əksər yerlərdə dəf edilməsinə baxmayaraq, onlar Əsgəran qalasını ələ keçirə bildilər. Görülən hərbi-siyasi tədbirlər nəticəsində Azərbaycan Xalq Cumhuriyyəti Qarabağda suveren hüquqlarını bərpa etdi. Lakin ərazisində yaşadıqları dövlətə xəyanət edən ermənilərin Qarabağda separatçı qiyamı və törətdikləri soyqırımlar 1920-ci ilin aprel işğalı ərəfəsində ölkənin şimal sərhədlərinin müdafiəsi işinə ağır zərbə vurdu və müstəqil Azərbaycan dövlətinin - Azərbaycan Xalq Cumhuriyyətinin süqutunu sürətləndirdi.

Tarixçilər yazır ki, 1988-ci ilin fevral ayında Xankəndində DQMV-nin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana birləşməsi tələbi ilə mitinq və tətillər başlanıb. İrəvanda da eyni tələblərlə çıxışlar oldu. Həmin il sentyabrın 18-də ermənilər Xankəndində yaşayan 15 minə qədər azərbaycanlını şəhərdən zorakılıqla çıxararaq, onları Şuşa və ətraf rayonlara köçməyə məcbur etdilər.

Şuşanın işğal edilməsi tariximizin çox ağrılı səhifələrindən biridir. Bəlli olduğu kimi, 8 may 1992-ci ildə Şuşa Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Şuşaya hücumdan bir neçə saat öncə Tehranda İran prezidentinin vasitəçiliyilə Ermənistan və Azərbaycan dövlət başçıları Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş imzalayıb. Tarixçilər bildirir ki, Şuşanın işğalı zamanı 200 nəfər şəhid, 150 nəfər əlil olub, 552 körpə yetim qalıb, 22 minə yaxın insan köçkün düşüb, 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internats. dağıdılıb.

Şuşanın mədəni mühitindən danışmaq da yerinə düşər. Tarixçilərin verdiyi məlumata görə, Şuşada rəsmən qeydə alınan 170 memarlıq və 160 incəsənət abidəsi olub. Məlumatlara görə, şəhərdə Mirzə Salah bəy Zöhrabbəyovun yaşayış evi, Xan qızı Natəvanın evi, Üzeyir Hacıbəyovun ev-muzeyi (Şuşa) və Vaqif türbəsi yerləşirdi. Qarabağ müharibəsi zamanı Hacı Quluların mülkü, Şuşa Realnı Məktəbi, Süleyman Vəzirovun evis. ermənilər tərəfindən məhv edilib.

Məlumatlara görə, şəhərin kənarında dərin Daşaltı dərəsinin yaxınlığında yerləşən Cıdır düzü xüsusilə məşhurdur. Cıdır düzündən bir qədər aşağıda qırx pilləkən deyilən dik pilləli yol Daşaltı çayına aparır. "Xəzinə qala" mağarası da orada yerləşirdi.

Tarixi faktlara nəzər salsaq görərik ki, Şuşa haqqında ən qiymətli fikirlər yazılıb. Böyük maarifçi Firudin bəy Köçərli Şuşanı Zaqafqaziyanın Şirazı adlandıraraq Azərbaycan ədəbiyyatı kitabında yazıb: "Şuşa şəhərinin ab-havasının təsirindən və torpağının bərəkətindən burada çox zürafə, üdabə və şüarə vücuda gəlib. Belə ki, Şuşa qalası Zaqafqaziyanın Şirazı mənzərəsindən olub, ərbabi-zövqü səfa və əhli-hal və sahibi-dil yatağı hesab olunur".

Şuşanın inzibati mərkəz olmasına, onun iqtisadi cəhətdən yaxşı inkişaf etməsinə, şəhərin füsunkar təbiətinə və coğrafi mövqeyinə, buranın uzun müddət Azərbaycanın elm, poeziya, xüsusilə musiqi mədəniyyəti mərkəzi olmasına əsaslanaraq xalq şairi Səməd Vurğun yazırdı: "Şuşa təkcə özünün gözəl təbiəti ilə deyil, yüksək, ahəngdar və poetik mədəniyyəti ilə də şöhrət tapıb".

Onu da qeyd edək ki, Azərbaycanın ilk peşəkar pedaqoqu olan görkəmli maarifçi, "Vətən dili"nin (II hissə) həmmüəllifi Səfərəli bəy Vəlibəyov, böyük ədəbiyyatşünas, pedaqoq Firudin bəy Köçərli, tanınmış yazıçılar Süleyman Sani Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, şairə Xurşudbanu Natəvan, şair Qasım bəy Zakir, rəssam Toğrul Nərimanbəyov, heykəltəraş Cəlal Qaryağdı və başqaları bu şəhərdə doğulub.

Şuşanın özünəməxsus mətbəxinə gəlincə, qeyd edək ki, Şuşa mətbəxində qəvli, dolma, yəxni, bozbaş, xaş, kəlləpaça, saciçi, cız-bız, şorbalar və müxtəlif plovlara geniş rast gəlinir.

Azərbaycan musiqisinin beşiyi olan Şuşa mədəniyyətin bayraqdarı kimi zaman-zaman tanınıb. Tarixçilər qeyd edir ki, XIX əsrdə Şuşa Azərbaycanın musiqi mədəniyyəti mərkəzi kimi məşhurlaşıb. Məhz bu dövrdə Qarabağ muğam məktəbi yaranmağa başlayıb. Musiqişünasların bildirdiyinə görə, xalq arasında "Kim oxumağı bacarmırsa, deməli, şuşalı deyil", "Şuşada bələkdəki körpələr də muğamat üstündə ağlar" deyimləri zərbi-məsələ çevrilib. Azərbaycanda ilk "Şərq konserti" də Şuşada 1901-ci ildə keçirilib. O dövrdə muğam ifaçılığı əsasən toy şənlikləri və ziyafətlərlə bağlı olub. XIX əsrin II yarısında Şuşada poeziyamusiqi məclisləri təşkil olunmağa başlayıb.

Şuşanı "Şərqin konservatoriyası" və "Azərbaycanın musiqi beşiyi" adlandırırlar. Bu şəhər Azərbaycanın bir sıra görkəmli müğənnilərinin, musiqiçilərinin, böyük bəstəkarların və dirijorların vətənidir. Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Üzeyir Hacıbəyov, Niyazi, Fikrət Əmirov və Süleyman Ələsgərov bu şəhərdə doğulub.

Şuşada ilk teatr tamaşası 1848-ci ildə səhnələşdirilib. Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun Azərbaycan dilində yazdığı ilk pyeslər bundan sonra mütəmadi olaraq Tiflisdə, Bakıda və Şuşada tamaşaya qoyulmağa başladı. 1870-ci ildə ilk dəfə olaraq Şuşada Azərbaycan teatr sənətinin yaradıcısı Mirzə Muxtar Məmmədov tərəfindən Azərbaycan dilində tamaşa göstərildi. O dövrdə gənc müəllimlərdən Firudin bəy Köçərli, Bədəl bəy Bədəlbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Mir Həsən bəy Vəzirov və məşhur xanəndə Cabbar Qaryağdıoğlu bu tamaşada iştirak etmişlər. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin "Leyli və Məcnun" poeması əsasında Məcnun Leylinin qəbri üstündə səhnəsini musiqili tamaşa kimi 1897-ci ildə Şuşada Cabbar Qaryağdıoğlunun iştirakı ilə Əbdürrəhim bəy Haqverdiyev tamaşaya qoyub.

Mövzunu davam etdirəcəyik...

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 8-10 may.- S. 15.