Tariximizdə Heydər
Əliyev fenomeni
Kainat kimi dünyamızın tarixi də sonsuzdur. O qədər sonsuz ki, bəzən onu insanların sadəcə «baxıb keçdiyi bir pəncərə»yə də bənzədiblər. Tarixin pəncərəsindən bu dünyaya baxıb keçənlərin sayı da sonsuzdur. Bu sonsuzluq zəncirində çox nadir simalar olur ki, onlar sadəcə baxıb keçmir, öz baxışları ilə bəşəriyyətin həyatını dəyişəcək qədər güclü bir iz buraxıb gedir.
Məhz belə şəxsiyyətlərin surəti Tarixin Şərəf Lövhəsində özünə daimi yer qazanır və tarix davam etdikcə onların şərəfli əməlləri də yaşayır. Tariximizdə öz şərəfli yerini tutmuş, milyonlarla insanın qəlbində öz heykəlini ucaltmış və müstəqillik tariximizin əbədiyyət simvoluna çevrilmiş siması Heydər Əliyevdir. O, əbədiyyətə qovuşub, onun yaratdığı tarix isə öz uğurlu yoluna davam etməkdədir. Hər ötən il Heydər Əliyev dühasının böyüklüyünü, möhtəşəmliyini bir daha üzə çıxarır. Zaman Heydər Əliyevin siyasi baxışlarına daha dərin məna qazandırır, onun Vətənimizin indisinə və gələcəyinə çox möhkəm tellərlə bağlı olduğunu daha aydın göstərir. Dövrümüzün ictimai-siyasi reallıqları, geopolitik məkanda baş verən dəyişikliklər və bütün bu təlatümlərin fövqündə dayanan müasir milli dövlətçiliyimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun mükəmməl bir məntiqdən - Heydər Əliyev zəkasından yoğrulduğunu bir daha sübut edir. Böyük siyasi mütəfəkkir kimi, Heydər Əliyevin keçdiyi həyat yolu və bütöv bir xalqın gələcəyini müəyyən edən uğurlu siyasi kursunun kökündə dayanan səbəblər haqqında çoxsaylı dəyərli əsərlər yazılır. Bu araşdırmalarda Heydər Əliyev yeni tarixdə xalqımızın yetişdirdiyi ən böyük düha sahibi kimi xarakterizə olunur və bu şəksizdir. Lakin Heydər Əliyev şəxsiyyətinə təkcə Azərbaycan kontekstində deyil, daha geniş miqyasda - XX əsrin qlobal siyasi aynasında baxmaq, dünya siyasətinin formalaşmasında mühüm rol oynamış siyasi xadimlərlə bir sırada nəzər salmaq onun siyasi portretini daha önəmli cizgilərlə zənginləşdirmiş olar. Məhz bu rakursda biz Heydər Əliyevi bütün ömrü boyu müasir dünya siyasətinin qaynar məkanında, onun yaradıcıları və yönləndiricilərinin ön sıralarında görürük. Xüsusən sovet dövrünün son illərində, kommunist ideologiyasının aqoniyası fonunda yürüdülən Qorbaçov siyasətinə qarşı çıxması və heç kim tərəfindən anlaşılmayan qeyri-müəyyən bir siyasəti dəstəkləməkdən imtina etməsi onu dövrün pozitiv siyasi perspektivlərini düzgün müəyyən edə bilən yeganə sovet siyasətçisi kimi tanıdır. Hadisələrin sonrakı inkişafı da göstərdi ki, Sovet liderləri arasında postsovet məkanında müstəqilləşmə epoxasının zərurətlərini duyan və siyasətdə yeni yolun traektoriyasını dəqiqliklə cıza bilən, yeni dövrün qüsursuz siyasi-ideoloji kursunu ərsəyə gətirən yeganə siyasətçi məhz Heydər Əliyev oldu. Məhz bu baxımdan, öz dövrünün ən xarizmatik dövlət xadimi və ən praqmatik siyasətçisi kimi tanınan Heydər Əliyev ümumbəşəri dəyərlərin daşıyıcısı missiyasına yüksələn universal şəxsiyyət kimi regionun coğrafi sərhədlərinə sığmayaraq ümumdünya kontekstinə çıxır.
Heydər Əliyevin siyasi fəaliyyəti, əsasən, XX əsrin ikinci yarısı ilə bağlıdır. Bütövlükdə XX əsr bəşər tarixində bir çox təlatümlü hadisələrin baş verdiyi, iki dünya müharibəsinin od ələdiyi, çoxsaylı milli dövlətlərin meydana gəldiyi, siyasi və iqtisadi böhranların qaçılmaz olduğu və eyni zamanda, dünya inkişafına təkan verən proseslərin yaşandığı qlobal ziddiyyətlərlə dolu dramatik yüzillik kimi tarixə düşdü. Baş verən bütün bu proseslər dünyanın bugünkü mənzərəsini ərsəyə gətirməklə yanaşı, həm də siyasətdə aparıcı şəxsiyyətlərin dövlətlərin və bütövlükdə bəşəriyyətin taleyində nə qədər önəmli rol oynadığını göstərdi. Bu yüzillikdə bəşəriyyət məhz tarixi şəxsiyyətlərin sayəsində ziddiyyətli, odlu-alovlu dünyadan sabit və dayanıqlı dünyaya keçid aldı. XX əsrin tarixi məhz şəxsiyyətlərin tarixdəki rolu baxımından ibrətamiz bir dövr oldu. Bu tarixi Çörçillsiz, De Qollsuz, Kennedisiz, Mandelasız və eləcə də Heydər Əliyevsiz təsəvvür etmək mümkün deyil. Tarixi sınaqlar qarşısında öz xalqlarını məhv olmaq təhlükəsindən böyük siyasi məharət hesabına çıxarmağa nail olmuş bu tarixi şəxsiyyətlər XX əsrin müxtəlif dövrlərində təkcə öz ölkələrinin deyil, həm də regionun və bu regionda yaşayan xalqların tarixində dönüş yaratmağa nail oldular. XX əsrin böyük siyasi xadimlərindən biri kimi tanınan Uinston Çörçill siyasi karyerasının ən yüksək pilləsində bütün bəşəriyyəti təhdid edən şər qüvvə ilə - imperialist işğalçılığının ən qəddar forması olan faşizmlə üz-üzə qalmışdı. Faşist Almaniyası artıq Britaniya şəhərlərini, paytaxt Londonu bombalayırdı. Belə bir çətin məqamda düşmənin amansız həmlələrinin qarşısını almaq, təcavüzə məruz qalmış xalqı ruh düşkünlüyündən çıxarmaq, ümummilli müqavimət hərəkatını formalaşdırmaq Britaniya hökumətinin qarşısında duran ən başlıca vəzifə idi. Məhz Çörçillin uzaqgörən siyasi gedişləri və qətiyyətli siyasi duruşu nəticəsində faşist Almaniyasına qarşı çox güclü ingilis cəbhəsini formalaşdırmaq mümkün oldu. Zaman və geosiyasi faktorlar baxımından fərqli olsa da, hadisələrin kökündə dayanan səbəblər və təhlükənin miqyası baxımından müstəqilliyimizin ilk illərində qarşılaşdığımız təhdid və təhlükə ötən əsrin 40-cı illərində Britaniyanın üzləşdiyi təhlükədən çox da fərqlənmir. Öz şovinist ideoloji baxışlarına görə mənfur erməni millətçiliyi faşist düşüncəsindən heç də geri qalmır. Ermənistan rəhbərliyinin Avropa Şurasının tribunasından azərbaycanlılarla ermənilər arasında etnik uyuşmazlığın mövcudluğunu iddia etməsi elə nasistlərin arilərlə başqa millətlərin uyuşmazlıq düşüncəsinin eynidir. Məhz buna görə Azərbaycanın üzləşdiyi təcavüz və ermənilər tərəfindən milli ayrıseçkilik zəminində etnik təmizləmə siyasəti artıq sadəcə milli təhlükəsizliyimizi deyil, eyni zamanda bəşəri dəyərləri təhdid edən, beynəlxalq hüquqa zidd olan təhlükəli tendensiya xarakteri almışdı. Belə bir məqamda erməni faşizminə qarşı ümummilli cəbhəni formalaşdıra bilməsi məhz Heydər Əliyev şəxsiyyətinin qüdrəti idi. Xüsusilə ümummilli liderimizin 1994-cu ilin aprelində düşmən hücumlarının kəskinləşdiyi məqamda xalqa müraciətini xatırlamaq yerinə düşər. Ağdam, Tərtər, Füzuli rayonları istiqamətində erməni qoşun birləşmələrinin aramsız hücumlarını dəf etmək ümummilli səfərbərliyin ən yüksək şəkildə təşkili zərurətini yaratmışdı. Belə bir anda Heydər Əliyevin soyuqqanlı və bir o qədər də qətiyyətli, xalqın vətənpərvərlik hisslərini alovlandıran müraciətindən sonra qısa zaman ərzində cəbhədə əhəmiyyətli dönüş yarandı, düşmən tapdağında olan bir neçə qəsəbə və kəndimiz işğaldan azad olundu. Cəbhədə yaranan dönüş tez bir zamanda düşməni atəşkəs sazişi imzalamağa məcbur etdi. Məhz bu tarixdən başlayaraq, Azərbaycanda daha sistemli və vahid mərkəzdən idarə olunan ordu quruculuğuna start verildi.
Bu epizodlarda iki fərqli zamanda, dövlətçiliyin məhvolma təhlükəsi ilə üzləşdiyi ən çətin məqamlarda tarixi şəxsiyyətlərin üzərinə götürdüyü missiyanın xalqların taleyində nə qədər mühüm əhəmiyyət kəsb etdiyini görürük. Öz xalqlarının taleyüklü məqamlarında göstərdikləri cəsarət, siyasi qətiyyət və əzmkarlıq keyfiyyətləri hər iki siyasət adamını bəşər tarixində öz dəst-xətti olan görkəmli siyasi xadimlər kimi tanıdır.
XX əsrin aparıcı şəxsiyyətlərindən sayılan Şarl De Qoll «militarist» Avropanın demokratikləşən Avropaya transformasiyasında həlledici rol oynamış siyasi xadimlərdən biridir. Bəzi hallarda aşırı millətçiliyə əsaslanan siyasət yürütdüyü iddia olunsa da, De Qollun XX əsrin ən görkəmli siyasət adamlarından biri olduğunu inkar etmək mümkün deyil. İkinci Dünya müharibəsi zamanında, Fransanın ağır məğlubiyyətlərə düçar olduğu bir vaxtda onun rəhbərliyi ilə yaradılan Azad Fransız Qüvvələri Fransanın nasist Almaniyasına qarşı mübarizəsində başlıca hərəkətverici qüvvə oldu. Xüsusilə De Qollun müharibənin başlanğıc illərində Fransa xalqına davamlı radio müraciətlərinin düşmənə qarşı müqavimət hərəkatının formalaşmasına təkan verən əsas səbəb olduğunu bu günün tarixçiləri və siyasət adamları qələbənin əsas amili kimi dəyərləndirirlər.
Zaman-zaman Azərbaycan dövlətçiliyinə qarşı qəsdlərin, dövlət çevrilişi cəhdlərinin müstəqilliyimizin və gənc dövlətimizin məhv olması təhlükəsini ortaya çıxardığı anlarda Heydər Əliyevin fövqəladə çevikliklə öz qətiyyətli mövqeyini birbaşa xalqa ünvanlaması və bir anda bütün xalqı təhlükəyə qarşı birləşdirməyə nail ola bilməsi də onun siyasi cəsarətinin və xalqla rəhbər arasında qarşılıqlı inamın nadir nümunəsidir. 1994-cü ilin oktyabrında Xüsusi Təyinatlı Polis Dəstəsinin xarici dövlətlərin kəşfiyyat idarələri ilə birgə ölkəmizdə dövlət çevrilişi cəhdinə qarşı Heydər Əliyevin inamlı duruşu yaxın tariximizdə ən parlaq siyasi qətiyyət nümunəsidir. Oktyabrın 4-də axşam radələrində televiziya və radio ilə xalqa müraciət edən Heydər Əliyev böyük natiqlik məharəti ilə dövlətçiliyimizin təhlükə altında olduğunu açıq şəkildə ifadə edərək, milli maraqlarımızın müdafiəsi naminə insanları Prezident Administrasiyasının qarşısına səslədi. Qısa zaman ərzində bu çağırışa səs verən on minlərlə Azərbaycan vətəndaşı Prezident Administrasiyasının qarşısına toplaşaraq dövlətimizin müdafiəsi yolunda Heydər Əliyevlə eyni mövqedə dayandığını ifadə etdi. Məhz belə bir fövqəladə həmrəyliyin yaradılmasını təmin edən xalq-rəhbər birliyi dövlət çevrilişinin qarşısını aldı. Örnək gətirdiyimiz tarixi faktlar yenə də xalqların taleyinin müəyyənləşdiyi həlledici məqamlarda tarixi şəxsiyyət amilinin nə qədər önəmli rol oynadığını göstərir.
Bu kontekstdə Heydər Əliyev və Şarl De Qoll kimi iki tarixi şəxsiyyəti birləşdirən mühüm keyfiyyət - xalqlarının ən çətin anlarında onları dövlətçilik naminə səfərbərliyə ruhlandıran müstəsna natiqlik qabiliyyətlərinin və xalqın onlara sonsuz inamının olmasıdır. Məhz bu keyfiyyət həmin tarixi şəxsiyyətlərin uzaqgörən siyasi gedişlərinə uğur gətirərək toplumun bir ideya ətrafında sıx birləşməsinə rəvac verdi. Eyni zamanda, Şarl De Qoll və Heydər Əliyev bir-birindən fərqli situasiyalarda, lakin eyni müdrikliklə totalitar rejimlərdən demokratik təsisatlara keçməyin tarixi labüdlüyünü vaxtında dərk etdi və bu mütərəqqi prosesin təşkilatçıları oldular.
Məşhur çex dissidenti və siyasətçisi Vatslav Havel Heydər Əliyevlə eyni siyasi dövrün hadisələrinə şahidlik etmiş görkəmli şəxsiyyətlərdəndir. Sovet imperiyasının Şərqi Avropada mövqelərini möhkəmləndirməsindən sonra aktiv siyasi mübarizə meydanına atılan Havel uzun illər regionun kommunist totalitarizmindən qurtulmasında, Şərqi Avropa dövlətlərinin bu imperiyadan asılılığına son qoyulmasında müstəsna rol oynamışdır. Xüsusilə Sovet İttifaqının çökməsi ərəfəsində Şərqi Avropada baş qaldıra biləcək etnik münaqişələrin qarşısını almaq, Çexiya və Slovakiyanın sülh şəraitində müstəqil dövlətlər kimi dünya birliyinə inteqrasiyasına zəmin formalaşdırmaq Vatslav Havelin sülhpərvər siyasətinin prioritet istiqamətləri idi. Vatslav Havellə Heydər Əliyevi birləşdirən ortaq məziyyət isə bu tarixi şəxsiyyətlərin uzun müddət ərzində kommunist ideologiyası sırınan cəmiyyətlərinə demokratik prinsipləri və Avropa dəyərlərini aşılaya bilmək qabiliyyətləridir. Azərbaycan hələ müstəqilliyini bərpa etməzdən əvvəl Sovet ideologiyasının artıq yeni zamanın reallıqları ilə ayaqlaşmadığını və məhvə məhkum olduğunu dəfələrlə bildirən Heydər Əliyev hakimiyyətə dönüşündən sonra demokratik dəyərləri, hüququn aliliyi prinsipini dövlət siyasətinin aparıcı xəttinə çevirdi. Ölkədə hakimiyyətin üç əsas qolunun - qanunvericilik, icra və məhkəmə hakimiyyətinin demokratik prinsiplər əsasında təşkilini təmin etdi, siyasi partiyaların fəaliyyətinə geniş zəmin yaradaraq, hakimiyyətin sağlam siyasi mübarizə yolu ilə formalaşdırılmasının əsasını qoydu.
Həyat və mübarizə yollarına nəzər saldığımız liderlər fəaliyyət göstərdikləri məkanın coğrafi sərhədlərini aşaraq universal düşüncə sahibləri, dünyanın yeni sosial yaşam, yeni siyasət reallıqlarını ərsəyə gətirən yaradıcı insanlar kimi tanınıblar. Onlar üçün məkan və zaman fərqi yoxdur. Bu baxımdan, Heydər Əliyevin malik olduğu ali insani keyfiyyətlər və siyasi qabiliyyətlər ona istənilən siyasi mühitdə və istənilən coğrafi məkanda siyasi elitanın ən yüksək pilləsində qərarlaşmağı təmin edə bilərdi. Belə bir dühanın məhz Azərbaycan xalqına mənsub olması və özündən sonra bu xalqın tarixində yaradıcı iz və daha uzaq gələcəyə hesablanmış siyasi irs qoyması bütövlükdə xalqımızın milli uğuru və iftixar mənbəyidir.
Müasir dünya tarixində yaradıcı iz qoymuş digər tarixi şəxsiyyətlərlə ortaq məziyyətlər daşıdığı üçün və bəzi hallarda isə həmin siyasi xadimləri belə üstələyən keyfiyyətlərə malik olduğu üçün Heydər Əliyev dünya miqyaslı fenomenal şəxsiyyətdir, Azərbaycan xalqının hər zaman fəxr edəcəyi və həyat yolundan ibrət götürəcəyi böyük bir mütəfəkkirdir.
Bütün oxşarlıqlarla yanaşı, Heydər Əliyev şəxsiyyətinin özünəməxsusluğu da xüsusi əhəmiyyət kəsb edir. O, bir çox siyasətçi müasirlərindən fərqli olaraq, təkcə öz dövrünün deyil, daha geniş zaman çərçivəsində baş verən ictimai-siyasi proseslərin axarını müəyyən edə bilən güclü siyasi iradə sahibi, yeni dünya tarixinin rasional siyasətçisi, uzaqgörən bir dövlət xadimidir. Heydər Əliyev təkcə Gələcəyi görmür, həm də o Gələcəyi yaradırdı: Sabaha doğru gedən yolu açır və insanları o yolla getməyə səfərbər edirdi.
Heydər Əliyevlə eyni zamanda SSRİ-nin siyasi elitasının ən yüksək pilləsində qərarlaşmış siyasətçilər - Leonid Brejnev və Mixail Qorbaçov bu gün siyasət tarixində ən miskin fiqurlar kimi görünür. 18 il ərzində Sovet İttifaqına rəhbərlik etmiş Leonid Brejnevi retrospektiv baxımdan dəyərləndirməli olsaq, onu əslində, Sovet İttifaqının durğunluq dövrünə qədəm qoymasına zəmin hazırlayan siyasətçi kimi xarakterizə etmək mümkündür. Leonid Brejnev başında dayandığı siyasi rejimi yalnız mühafizəkar qaydalarla idarə etməyi bacaran, dövlətin təkamül və tərəqqi qanunlarını bilməyən, istənilən yeniliyi yaxına buraxmayan tipik bir «homo-sovietikus» idi. Onun şəxsində bir siyasət adamı üçün həyati vacib olan siyasi qətiyyət, xarizma, zamanın reallıqlarını düzgün qiymətləndirmək, ictimai-siyasi çağırışlara adekvat reaksiya vermək qabiliyyətini görmək olduqca çətindir. Lakin az sonra eyni siyasi piramidanın kifayət qədər nüfuzlu və məsuliyyətli pilləsində dayanmış Heydər Əliyevin o zamankı və sonrakı həyat yoluna nəzər saldıqda tamamilə fərqli bir mənzərənin şahidi oluruq. Heydər Əliyevin istər Azərbaycan SSR-ə rəhbərlik etdiyi, istərsə də Sovet İttifaqının rəhbərliyində təmsil olunduğu zaman göstərdiyi siyasi əzmkarlıq və yorulmaz siyasi fəaliyyəti ona həmkarlarından tamamilə fərqlənən nadir şəxsiyyət imici qazandırmışdı.
Bütün siyasi karyerası boyunca Heydər Əliyevə qarşı qısqanc münasibətin, zaman-zaman edilən xəyanətlərin kökündə də məhz onun öz zəhməti ilə qazandığı böyük nüfuzun «təhlükəsi» dayanırdı. SSRİ-nin sonuncu rəhbəri olmuş Mixail Qorbaçovun Heydər Əliyevə qarşı qərəzli münasibəti bunun bariz nümunəsidir. Malik olduğu keyfiyyətlərlə tutduğu siyasi vəzifənin məsuliyyəti arasında dərin uçurum olan bu şəxsin parlaq zəkaya malik bir şəxsiyyətə - Heydər Əliyevə qarşı qərəzli münasibəti də məhz o «təhlükə» duyğusundan qaynaqlanırdı. Nahaq yerə deyilmir ki, zaman tarix boyunca əsl həqiqətləri üzə çıxaran, kimin kim olduğunu tam çılpaqlığı ilə göstərən ən dürüst mizan-tərəzidir. Tarixin üzə çıxardığı ədalət və reallıq isə bundan ibarətdir: Qorbaçov öz adını tarixə böyük bir dövləti dağıdan, əli qana bulaşmış cinayətkar bir şəxs kimi, Heydər Əliyev isə Azərbaycan adlı məmləkəti yenidən quran, onun müstəqilliyini əbədi və sarsılmaz edən şəxsiyyət kimi yazdırdı. Bu da tarixin mizan-tərəzisi!
Sovet İttifaqının süqutundan sonra müstəqilliyini bərpa edən dövlətlərin bugünkü siyasi-iqtisadi durumu, regional və qlobal miqyasda tutduqları yer həmin dövlətlərə başçılıq etmiş şəxslərin seçdikləri siyasi xəttlə birbaşa bağlıdır. Bunu postsovet ölkələrinin keçmiş rəhbərlərinin fəaliyyətinə və həmin ölkələrin bugünkü siyasi-iqtisadi durumuna nəzər saldıqda daha aydın görmək mümkündür. Belə bir müqayisədə də Heydər Əliyev siyasəti öz möhtəşəmliyi ilə üzə çıxır. Həm də bir faktı nəzərdən qaçırmaq olmaz ki, Azərbaycanın yerləşdiyi geopolitik məkan digər postsovet ölkələrindən öz mürəkkəbliyi və həssaslığı ilə fərqlənir. Bu gün Gürcüstanın düşdüyü geopolitik çıxılmazlıq sindromu, aqressiv şəkildə şimal qonşusunun təcavüzünə uğraması və demək olar ki, müdafiəsiz qalması bu ölkənin sabit və tarazlı siyasətə nə qədər ehtiyacı olduğunu bir daha göstərir. Yəqin ki, zamanında ölkədə milli müstəqillik siyasətinin əsası düzgün qoyulsaydı, orada da dövlətin sabit və dayanıqlı inkişafı təmin edilmiş olardı. Ermənistana gəldikdə isə, regionda Rusiyanın forpostu funksiyasını kölə sadiqliyi ilə yerinə yetirən, ümumiyyətlə, heç zaman öz mükəmməl dövlətçiliyini qurmamış və yəqin ki, heç zaman da buna nail olmayacaq bu ölkədə heç bir müstəqil siyasətdən, «parlaq gələcək» vəd edən siyasi düşüncədən, ənənədən və liderlik institutundan danışmaq mümkün deyil. Görünür, bu çürük siyasətin, daha doğrusu, siyasətsizliyin, öz ölkəsini böyük fəlakətlərə sürüklədiyini nə Ermənistan hakimiyyəti, nə də erməni xalqı əməlli-başlı dərk edir. Lap yaxın dövrdə Qərblə Şərq arasında geopolitik çəkişmələrin qurbanına çevrilmiş Ukraynanın da durumu heç ürəkaçan deyil. Bu dövləti 20 ildən çox müstəqillik dövrü ərzində idarə etmiş siyasətçilər tərəfindən yürüdülən siyasi kursun dəyəri, daha doğrusu, dəyərsizliyi bu gün göz qabağındadır. Bütün bu illər ərzində formalaşan kövrək siyasi vəziyyət, xaotik siyasi gedişlər fonunda daim tənəzzülə gedən iqtisadi durum və davamlı hakimiyyət dəyişmələri bu gün Ukrayna dövlətçiliyinin mövcudluğunu belə təhlükə altına alıb. Bir çox cəhətlərinə görə hadisələr Azərbaycan-Ermənistan münaqişəsini də xatırladır. Lakin ən böyük fərq ondan ibarətdir ki, cərəyan edən dramatik hadisələrin səhnəsində bu hadisələri cilovlayıb dayandırmağa və bütün vətəndaşları Ukrayna xalqının milli maraqları ətrafında birləşdirməyə qadir olan siyasi lider yoxdur. Ukrayna xalqının avtoritarizmdən qurtulduğu bu həssas məqamda Ukraynaya məhz onların «Heydər Əliyevi» hava və su kimi lazım idi.
Sovet İttifaqı dağıldıqdan sonra Rusiya da yenidən özünü tapmaq, etimadlı tərəfdaş qismində sivil və beynəlxalq hüquq normalarına əsaslanan yeni siyasi xətt seçmək şansı qazanmışdı. Lakin Boris Yeltsinin gələcək prosesləri düzgün qiymətləndirməyə yetməyən siyasi savadsızlığı və sonrakı dövrlərdə də bu dövlətin gələcək inkişafının kökündə dayanmalı olan milli ideyanın hələ də tapılmaması bu gün Rusiyanı irəli getdiyində də, geriyə döndüyündə də məğlubiyyətə aparıb çıxaracaq bir duruma salıb. Bu gün neo-avrasiyaçılığı yeni imperialist siyasətin mərkəzi xəttinə çevirən və bu ideyanın reallaşmasına uğursuz cəhdlər edən Rusiya beynəlxalq sistemi kifayət qədər dərindən çalxalamaqla özünə və bütün beynəlxalq birliyə ciddi ziyan gətirməkdə və öz xalqını daha böyük fəlakətlərə sürükləməkdədir.
Beləliklə, Heydər Əliyevdən başqa vaxtilə Sovet Politbürosunun tərkibində olmuş bütün siyasətçilərin adlarını Əlahəzrət Tarix qısa müddət ərzində yaddaşlardan sildi. Onlardan heç birinin siyasi irsi və siyasi kursu yeni, müstəqil bir dövlətin həyat yoluna çevrilmədi. Dünya inkişafının perspektivini aydın görən, ona doğru addımlayan və ölkəsini, xalqını ona doğru istiqamətləndirən Heydər Əliyevin uzaqgörən siyasəti isə müasir Azərbaycanın dünya birliyinə təbii inteqrasiyasını təmin edərək onun müstəqilliyini əbədi və dönməz etdi. Bu siyasət, hər şeydən əvvəl, uzunmüddətli sabitliyin bərqərar olunmasına yönəlmişdir; bu siyasət zaman çərçivəsi ilə məhdudlaşmır - gələcəyə hədəflənmişdir; bu siyasət geopolitik maraqları toqquşdurmur, əksinə, həmin maraqların Azərbaycanın milli mənafeləri ilə uzlaşan ideal harmoniyasını yaradır. Məhz bu siyasət hələ uzun illər Azərbaycanın daxili və xarici siyasət doktrinasının özəyini, milli inkişafımızın təməlini təşkil edəcək. Məhz bu cəhətləri Heydər Əliyev siyasətini qlobal siyasət səviyyəsinə yüksəldir, onun özünü isə dünya miqyaslı şəxsiyyətə çevirir.
Heydər Əliyev Azərbaycan xalqının rifahını, milli dövlətçiliyimizin daha da güclənməsini hər şeydən üstün tutan vətənpərvər lider idi. Xüsusilə ömrünün son on ilində Heydər Əliyevin fəaliyyəti hətta bir insan ömrünə sığmayacaq qədər zəngin oldu. Xarici ölkələrə etdiyi davamlı səfərlərlə, daxili və xarici siyasətimizin dayaqlarını yaratmaqla, ümumən, bütün ölkənin yenidən qurulmasına rəhbərlik etməklə, Heydər Əliyev Yeni Azərbaycanın əsasını qoydu. İstənilən xarakterli böhrandan sabitliyə keçidin uzunmüddətli və ağrılı proses olduğu şübhəsizdir. Heydər Əliyevin siyasi dühasının böyüklüyü isə onda idi ki, uzaqgörən siyasi gedişləri ilə bugünkü sürətli inkişafımızın kökündə dayanan sabitliyi qısa zaman kəsiyində bərqərar etməyə nail oldu. Gərgin iş rejiminin səhhətində problemlər yaratmasına baxmayaraq, Azərbaycan uğrunda yorulmaz fəaliyyətini bir an belə dayandırmadı. Yalnız Heydər Əliyevin güclü qətiyyəti, ölkəmizin maraqlarına xələl gətirə biləcək məsələlərdə tutduğu prinsipial mövqeyi Azərbaycana beynəlxalq miqyasda yanaşmanı dəyişdi. Məhz onun yorulmaz səyləri nəticəsində Azərbaycan konservativ, tipik postsovet ölkəsi kimi deyil, beynəlxalq və regional müstəvidə sabit və davamlı inkişaf vəd edən bərabərhüquqlu tərəfdaş kimi tanınmağa başladı.
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri, regionda sabitliyin bərqərar olunmasında oynadığı rol bir çox tanınmış dövlət adamları tərəfindən də aydın şəkildə ifadə olunmuş və yüksək qiymətləndirilmişdir. ABŞ-ın keçmiş prezidenti Corc Buş ümummilli liderimiz haqqında deyirdi: «Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın XXI əsrə müasir dövlət kimi daxil olmasına şərait yaratmışdır». Bu fikirlər Heydər Əliyev tərəfindən yürüdülən siyasətin ölkə daxilində sabitliyə və iqtisadi inkişafa təkan verdiyini ifadə etməklə yanaşı, ümummilli liderimizin bütövlükdə regional müstəvidə kəsb etdiyi sülhyaradıcı və qlobal inteqrasiyaya yol açan fəaliyyətinin əhəmiyyətini bir daha təsdiqləyir.
Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer də Heydər Əliyev haqqında fikirlərini bölüşərkən sabitlik faktorunu xüsusilə vurğulayır: «Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər».
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Heydər Əliyev şəxsiyyətinə Azərbaycan, region və ümumdünya kontekstində yanaşaraq bildirir: «Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur. «Doğrudan da, Heydər Əliyev öz xalqının tarixi köklərinə bağlı olan elə bir şəxsiyyətdir ki, o bütün siyasi fəaliyyəti ərzində türk dünyasının birliyinə, bütövləşməsinə və vahid güc mərkəzinə çevrilməsinə böyük inam bəsləmiş və bu prosesin də davamlı inkişafına çalışmışdır. Yeni türk yüzilliyinin rəmzi başlanğıcı kimi, məhz Heydər Əliyevin təşəbbüsü ilə 2000-ci ildə Bakıda təşkil olunmuş Türk Dövlətləri Başçılarının Zirvə Toplantısı və bu Toplantının sonrakı illərdə artan ideya-praktik nəticələri onun türk dünyasının birliyi naminə göstərdiyi xidmətin parlaq nümunəsidir.
Heydər Əliyev şəxsiyyəti o qədər zəngindir ki, istənilən aspektdən yanaşdıqda onun intəhasız fəaliyyətinin geniş okeanına çıxa bilirsən. Öyrənildikcə öyrənilən, heç zaman tükənməyən Heydər Əliyev irsi, onu müasiri olduğu digər dünya siyasətçilərindən fərqləndirən siyasi dühası, onun yaradıcı zəkası hələ uzun illər çoxtərəfli araşdırmaların mövzusu olacaq. Və hər zaman bu şəxsiyyətin tarixdə oynadığı əhəmiyyətli rol daha dərin və daha geniş məzmunda, daha konseptual şəkildə açılacaq. Amma bir həqiqət heç zaman dəyişməyəcək: Heydər Əliyev müasir Azərbaycanın qurucusu olmaqla yanaşı, tərəqqi və ədalət, sülhpərvərlik və humanizm ideyalarına, bəşəri dəyərlərə əsaslanan geniş spektrli fəaliyyəti ilə bəşər tarixinin yetişdiriyi nadir şəxsiyyətlərdəndir!
Cavanşir
Feyziyev
Milli Məclisin
deputatı,
Bakı xəbər.-2015.- 12 may.- S. 11.
fəlsəfə doktoru