Ənənəvi xalq sənəti - misgərlik...
Xalq sənəti xalqın qədimliyini, dövlətçilik ənənələrinin daha dərin qatlara bağlı olduğunu göstərir. Hansı xalqın ki, yaşı minilləri adlayan xalq sənəti növləri yoxdur, demək, o xalq çox kasıbdır. Xalq sənəti əsrlərin süzgəcindən keçərək ustaddan şəyirdə ötürülərək günümüzə qədər gəlib çatıb. Keçən çağlarda hər ustanın, hər sənətkarın özünün emalatxanası, şəyirdləri, davamçıları olardı.
O emalatxanalarda xalq sənəti inciləri yaradılardı. Bu incilər emalatxanalardan bazarlara, ticarət evlərinə, saray və malikanələrə ayaq açardı. Gözəl, gözəl olduğu qədər də unikal olan bu xalq sənəti nümunələri arasında misgərlik xüsusi əhəmiyyət kəsb edirdi. Misgərlərin yaratdığı möcüzə aləmi heyran qoyurdu. Bu gün də misgərlik yaşayır. Məişətdə misgərlik nümunələrinə elə də yer verilmir, amma hesab edirik ki, hər evdə misgərlik nümunəsi olmalıdır.
Sənətşünaslar bildirir ki, misgərlik dəmir dövründən yadigar qalıb. Alimlərin qeydlərinə görə, aparılan tədqiqatlar və həmin sənətin yaşadılması onu deməyə əsas verir ki, Azərbaycanda misgərliyin yaradılması çox erkən dövrlərə təsadüf edir və ölkəmiz onun inkişaf edən mərkəzlərindən biri olub. Sənətşünaslar bildirir ki, bu ərazilərdə tapılan ilk mis metal işləmələrin tarixi Neolit dövrünə aiddir. Miladdan əvvəl VI minillikdə mis əldə edildikdən sonra ondan müxtəlif əşyalar hazırlanıb. Sənətşünaslar qeyd edir ki, bir sənət kimi onun təşəkkülü artıq orta əsrlərdə böyük şəhərlərin misgərlik mərkəzinə çevrilməsinə gətirib çıxarıb. Azərbaycanda misgərliyin hələ erkən dövrlərdən yüksək inkişaf etdiyini bir sıra Avropa ölkələrində, o cümlədən Rusiya muzeylərində saxlanan mis eksponatlar da sübut edir.
Tarixi mənbələrin yazdığına görə, Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayında olan venesiyalı səyyah Kontarin yazırdı ki, burada hər gün hökmdarın ətrafındakı təxminən 400 nəfərə mis qablarda yemək verilir. XX əsrin əvvəllərində Azərbaycan misgərlərinin hazırladığı məmulatlar müxtəlif sərgilərdə nümayiş etdirilərkən yüksək qiymətləndirilib və mükafatlandırılıb. Alimlərin qeydlərinə görə, mis üzərində işləyən sənətkarlar imzalarını onun üzərinə həkk etdikləri üçün dünya muzeylərində saxlanan Azərbaycan mədəniyyətinin bu təkrarolunmaz incilərini başqa xalqların öz adlarına çıxması mümkün deyil. Misdən hazırlanan əl işlərinin 40-dan artıq növü olub və beş qrupda ümumiləşdirilib: xörək, süfrə, su-ağartı qabları və məişət əşyaları.
Mənbələrdə bildirilir ki, Azərbaycanda misgərlik sənətinin mərkəzlərinin Təbriz, Gəncə, Naxçıvan, Şamaxı, Bakı, Ərdəbil, Lahıc (İsmayıllı) və s. olduğu söylənir. XIX əsrdən başlayaraq Lahıc misgərliyin əsas mərkəzinə çevrilib. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, sərpuc, güyüm, teşt, məcməi, sini, dolça, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və s. məmulatlar Orta Asiya, Dağıstan, Gürcüstan, İran, Türkiyə və digər yerlərdə tanınıb.
Azərbaycan xalqı özünün çoxəsrlik tarixi boyunca zəngin və özünəməxsus mədəniyyət yaradıb. Müxtəlif vaxtlarda əcnəbi tacirlər, səyyahlar və diplomatlar bu diyarda olub, burada sənətkarlığın inkişafı haqqında çoxlu maraqlı faktlardan söz açıblar. Misgərliyin əsas mərkəzi hesab olunan Azərbaycanda bu qədim sənət növünün yaşadılması üçün bütün dövrlərdə müəyyən səbəblər olub. Son illər isə həmin səbəblərin sayı azaldıqca misgərlik məişətdə əhəmiyyətini itirmək təhlükəsi ilə üz-üzə qalıb.
Tədqiqatçı Elnur Həsənov mətbuata açıqlamasında bildirib ki, qədim Gəncənin mədəniyyət mərkəzi kimi 3 min illik tarixə malik olduğunu sübuta yetirən mənbələr sırasında, şübhəsiz ki, sənətkarlıq əsərlərinin, daha doğrusu, mənəvi cəhətdən əvəzsiz sayılan maddi mədəniyyət nümunələrinin çox böyük əhəmiyyəti var: "...Qədimlərdən Gəncədə sənətkarlıq o qədər zəngin ənənələrə, tarixə malikdir ki, hətta onların təsnifatını da aparanda çox böyük bir siyahı alına bilər".
Misgər Şəmsəddin Məmmədov misgərliyin qədim sənət növü olduğunu və əsrlər boyu azərbaycanlı ustaların məşğuliyyətinə çevrildiyini qeyd edib.
Onu da vurğulayaq ki, misgərlik də digər qədim sənət növləri kimi problemlərlə üzləşməli olub. Mis qab-qacaqların sayının və çeşidinin azalması təkcə peşəkar misgərlərin barmaqla sayılmasından irəli gəlmir. Şüşə və digər, məsələn, keramika məmulatlarından hazırlanan məhsullara maraq artdıqca mis qablar kolleksiyaçılar tərəfindən toplanır və nəticədə onlar muzey eksponatına çevrilir.
Onu da bildirək ki, qədim zamanlardan qiymətli faydalı qazıntılarla zəngin olan Azərbaycan torpağı tarixən bu ərazidə xüsusi sənətlərin inkişafına böyük imkanlar açıb. Sənətşünaslar bildirir ki, hələ VII əsrdə yaşamış alban tarixçisi Moisey Kalankatuklu öz əsərində Qafqaz Albaniyasının təbii zənginlikləri və faydalı qazıntıları haqqında məlumat verir: "Bu gözəl ölkədən axan Kür çayında xeyli miqdarda müxtəlif balıqlar var... Dağlarda qızıl, gümüş, mis və sarı boyaq çıxarılır...".
Sənətşünaslar qeyd edir ki, bu gün həmin qədim tarixə ölkənin müxtəlif ərazilərindən tapılmış unikal nümunələr də şahidlik edir. Naxçıvan, Mingəçevir, Gədəbəy, Qazax, Gəncə və s. yerlərdən əldə edilmiş metaldan hazırlanmış belə sənət əsərlərinin yaşı 5000 ilə yaxındır. Bu ərazidən tapılmış qab-qacaq, silah və bəzək nümunələri tək bir tarixi fakt kimi deyil, həm də onu yaradan sənətkarın ustalıq bacarığından məlumat verən qiymətli mənbədir.
Bu inkişafın mühüm bir mərhələsi misin kəşfi ilə bağlıdır. Azərbaycanda eneolit dövründə mis tapıldıqdan sonra metal ibtidai icma cəmiyyətinin iqtisadi, təsərrüfat, ictimai və mədəni həyatında görkəmli rol oynamağa başladı.
Məlumat üçün deyək ki, ölkə ərazisində qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri göstərir ki, əcdadlarımız hələ eramızdan əvvəl II minillikdə tuncdan zərif formalı qablar, xəncərlər, baltalar, kəmərlər və s. zinət şeyləri hazırlayırmış. Sənətşünasların verdiyi bilgiyə görə, bu dövrdə tuncdan düzəldilmiş məmulatlar öz dəqiq işlənməsinə və bəzən çox orijinal formalarda olmasına baxmayaraq, əsasən bəzəksiz idi. Abidələr içərisində öz orijinal forması və dəqiq işlənməsi ilə Qarabağın Dolanlar kəndindən tapılmış ikibaşlı tunc maral fiqurunu göstərmək olar. Tuncdan düzəldilmiş qədim dövr abidələrimiz içərisində öz bədiiliyi və sənətkarlığı baxımından diqqəti cəlb edən əsərlərdən biri də kəmərlərdir. Qarabağ, Qazax, Gədəbəy və s. yerlərdən əldə edilmiş bu tunc kəmərlər üzərindəki zoomorf rəsmləri və naxışları ilə adamı valeh edir. Maraqlı burasıdır ki, burada təsvir olunan geyim, silah və məişət əşyalarının eynisinə yunan alimi Strabonun (e.ə. 63-19) Qafqaz əhli haqda verdiyi məlumatlarında da rast gəlirik. Həmin dövrdə Azərbaycanın cənubunda da metal emalı daha yüksək səviyyəyə çatıb. Təbriz şəhərindən təqribən 70 km aralı Urmiya gölü ətrafında yerləşən Həsənli, Qaratəpə, Ziviyə və s. yerlərdən tapılmış nadir sənət əsərləri nəinki qədim Azərbaycanın tarixini və incəsənətini işıqlandıra bilən mühüm əhəmiyyəti olan materiallardır, həm də qədim Yaxın və Orta Şərq mədəniyyətinin inkişafı problemlərinin məsələlərini aydınlaşdıra biləcək çox qiymətli sənəddir.
Azərbaycan el sənətləri tarixində ən zəngin dövrlərdən birini orta əsrlər təşkil edir. Bu dövrdə yaradılmış məişət əşyaları içərisində Mingəçevirdən arxeoloji qazıntılar zamanı tapılmış və hazırda Bakıda Azərbaycan Tarixi Muzeyində nümayiş etdirilən qab-qacaqlar xüsusən maraqlıdır. Bu qablar içərisində gümüşdən düzəldilmiş nimçə öz incə naxışları və gözəl forması ilə həmişə seyrçilərin nəzərini cəlb edir. Milli ənənələrimizə sadiq qalan məişət əşyaları sırasına vaxtilə Dağıstandan tapılmış, hazırda Sankt-Peterburqun Ermitaj muzeyində saxlanan bürünc məcməyini də aid etmək olar. Məcməinin üzərinə döymə üsulu ilə həkk edilmiş gül, çiçək, budaq rəsmləri və onların ümumi kompozisiyası öz üslub xüsusiyyətlərinə görə bu orijinal sənət əsərini VI-VII əsrlərə aid edir. Məcməinin ortasında böyük medalyonda verilən nəbati ornament motivləri xüsusilə diqqəti cəlb edir. Azərbaycan sənətkarları bu əsrlərdə metaldan təkcə məişət əşyaları yox, zərif zinət işləri də hazırlayırdılar. Mil düzündə, Qəbələdə, Mingəçevirdə, Naxçıvanda və s. yerlərdə qazıntı işləri zamanı əldə edilmiş qızıl, gümüş kəmər hissələri, üzük, qolbaq və s. şeylər zərgərliyin Azərbaycanda hələ ilk orta əsrlərə qədər də yüksək səviyyədə olduğunu göstərir. Zərgərliyin ən mürəkkəb texniki üsullarında: şəbəkə, basma, qələm işi və s. bəzədilmiş bu sənət nümunələri öz orijinal formaları və zərif işlənməsi ilə fərqlənir.
Ekspertlər bildirir ki, bu zərgərlik nümunələri üzərində rast gəlinən bəzək ünsürləri, məsələn, aypara, beşguşəli ulduz və s. motivlər dövrümüzə qədər gəlib çatıb və müasir sənətkarlarımız tərəfindən işlənməkdədir.
XI-XV əsrlərdə yaranmış sənət nümunələri içərisində tapılmış metal məmulatları diqqəti cəlb edir. Bu nümunələr əsas etibarilə İçərişəhərdə Şirvanşahlar Sarayı qoruğunda aparılan arxeoloji qazıntılar zamanı əldə edilib. Həmin metal nümunələri içərisində tuncdan düzəldilmiş bədii bir çıraq xüsusilə fərqlənir.
Şirvan ərazisi ilə əlaqədar olan abidələrə Quba rayonundan tapılmış XIII-XIV əsrlərə aid edilən bürünc manqalı da aid etmək olar. Hündürlüyü 30 sm, ağzının dairəsi 131 sm, diametri 41 sm, yarımşar formasında olan bu bürünc manqal öz orijinal forması və ornamental bəzəkləri ilə diqqəti cəlb edir. Manqal üzərindəki yazılar onun misgər Əhməd Məhəmməd oğlu tərəfindən düzəldiyini bildirir. Metalişləmə sənətkarlığı sahəsində bu əsrlərdə Azərbaycanın Beyləqan, Gəncə, Naxçıvan və Təbriz şəhərləri də mühüm mərkəzlərdən sayılır. Arxeoloji qazıntılar zamanı bu yerlərdən əldə edilmiş sənət nümunələri bunu bir daha təsdiq edir. Bu yerlərə aid sənət nümunələri içərisində Beyləqandan (Örənqala) tapılmış bürünc insan, quş fiqurları və hazırda Parisdə "Luvr" muzeyində saxlanan Osman Salman oğlu Naxçıvaninin 1190-cı ildə düzəltdiyi bürünc dolça xüsusilə maraqlıdır. Sadalanan sənət abidələrindən görünür ki, bu əsrlərdə həyat və məişətdə istifadə edilən metal məmulatların əksəriyyəti bürüncdən düzəldilib. XIV-XV əsrlərdə bədii metal sənətkarlığı sahəsində Təbriz şəhəri görkəmli yerlərdən birini tutur. Hələ XIII əsrin II yarısında Azərbaycana gəlmiş məşhur Venesiya səyyahı Marko Polo Təbriz şəhərinin böyüklüyündən, müxtəlif sənətkarlığın inkişafında onun tutduğu mövqedən danışır. Hazırda dünyanın bir çox görkəmli muzeylərində bu əsrlərdə Təbrizdə yaradılmış bir çox orijinal bədii metal sənəti nümunələri nümayiş etdirilir. Bunlardan 1319-cu ildə Yusif ibn Əhməd Təbrizi tərəfindən düzəldilmiş və hazırda Londonda "Viktoriya və Albert" muzeyində nümayiş etdirilən bədii kasa və Sankt-Peterburq Dövlət Ermitajında saxlanan tunc tiyan xüsusilə qeyd edilir.
Ardı var...
İradə
SARIYEVA
Bakı xəbər.-2015.- 13 may.- S. 15.