Babaların izi ilə...

 

Azərbaycan misgərlərinin, sənətkarlarının yaratdığı möcüzəli əsərlər tarixin özü ilə yaşıddır. Sənətşünaslar qeyd edir ki, Təbrizlə yanaşı, bu dövrdə və sonralar Azərbaycanın başqa şəhərlərində də bədii metal sənətkarlığının inkişaf etdiyini göstərən çoxlu faktik nümunələr var. Azərbaycan ustalarının hazırladığı sənət nümunələri dünyanın dörd bir yanına aparılıb, muzeylərə, kolleksiyalara daxil edilib.

Sənətşünasların verdiyi bilgiyə görə, hazırda Amerikada Hararinin şəxsi kolleksiyasında XV əsrə aid çox orijinal bir bürünc istirlab saxlanmaqdadır. Astronomiya elmində istifadə edilən bu cihazı, üzərindəki qeydlərə görə, 1468-ci ildə məşhur Şirvan ustası Şükrullah Müxis hazırlayıb. Bu istirlab öz dövrünə görə yüksək texniki bir cihaz olmaqla bərabər, üzərindəki bəzəkləri ilə də nəzəri cəlb edir. XVI-XVII əsrlərdə metaldan ev avadanlığı, silah və bəzək nümunələri düzəltmək Təbriz, Ərdəbil, Marağa, Naxçıvan, Gəncə, Şamaxı və Bakı şəhərlərində xüsusilə geniş inkişaf edib. Bu dövrdə xaricdə Azərbaycan sənətkarları tərəfindən hazırlanmış silah (xəncər, qılınc, topuz, qalxan) və zirehli geyimlər (başlıq, dirsəklik, dizliks.) xüsusilə geniş şöhrət tapıb. Rus mənbələrində bu əsrlərdə Şamaxıda düzəldilmiş silahların adlarına tez-tez təsadüf edilir. Belə mənbələrin birində rus çarı Boris Qodunova məxsus, Şamaxı sənətkarlarının düzəltdiyi 8 ədəd bəzəkli zirehli başlıqlardan bəhs olunur. Hazırda Kremlin silah palatasında saxlanan XIV əsrə aid bir qalxan xüsusilə diqqəti cəlb edir. Misli görünməyən gözəlliyi olan bu qalxan, deyildiyinə görə, rus çarı M.F.Romanovun müharibə vaxtı özünü qoruduğu silahlardan olub. Sonra bu qalxan məşhur rus sərkərdəsi F.İ.Mstislavskidə olub, 1622-ci ildən isə o öldükdən sonra daimi olaraq rus çarlarının xəzinəsinə verilib. Diametri 50,8 sm olan bu qalxan bütöv qırmızı poladdan döyülərək üzəri xatəmkarlıq üslubunda qızılla bəzədilib. Sənətşünaslar Azərbaycanda düzəldilən bu dövrə aid iki maraqlı əsər haqqında xüsusi danışır. Bunların ikisi də müharibə zamanı zadəganların istifadə etdiyi baş geyimləridir. Bunların biri hazırda Moskvada Silah palatasında, o biri isə İstanbulda saxlanır. İkinci başlığın üzərində onun 1528-ci ildə Şah Təhmasib üçün düzəldildiyi qeyd olunub. Birinci zirehli başlığa ilk dəfə Şamaxıdan rus çarı Boris Qodunova gətirilən silahların siyahısı arasında rast gəlirik. Sonralar bu dəbilqə də bədii qalxan kimi knyaz F.Mstislavskidə olub.

Başlığın bəzəkləri içərisində xəttatlıq sənəti nümunələri də var. Onlar başlığın alın hissəsində enli qurşaqla yerləşdirilib. Burada "Qadir və mərhəmətli Allah naminə" sözləri yazılıb. Azərbaycanda bu əsrlərdə elə yerlər var idi ki, nəinki bir-iki küçə, hətta əhalinin əksəriyyəti misgərlik sənəti ilə məşğul olurdu. Belə mərkəzlərdən biri o vaxtlar Şamaxı xanlığına daxil olan Lahıc idi.

Lahıcda bu əsrlərdə külli miqdarda məişət əşyası və ev avadanlığı (dolça, satıl, aftafa, sərnic, məcməyi, sərpuz və s.) hazırlanırdı. Lahıcda istehsal olunmuş məhsullar həm kəmiyyət və həm də keyfiyyət etibarilə heço dövrün mərkəzi şəhərlərində hazırlanan məhsullardan geridə qalmırdı. XVIII əsrdə Şəki şəhəri də metaldan ev avadanlığı, bəzək nümunələri düzəltməkdə görkəmli yerlərdən birini tuturdu. Bu əsrlərdə Azərbaycan qadınlarının istifadə etdiyi bəzək nümunələrindən ən geniş yayılanı boyun bəzəkləri idi. Bunlardan: sinəbənd, boğazaltı, çəçik, qarabatdaqs. göstərmək olar. Zərgərlik nümunələrimizin keçmiş ənənələrlə sıx əlaqəsini bu dövrdə düzəldilmiş qadın və kişi kəmərləri xüsusilə əyani bir şəkildə təsdiqləyir. Qeyd etmək lazımdır ki, ümumiyyətlə, kəmər keçmişdə qadın və kişi geyimlərinin ayrılmaz bir hissəsini təşkil edirdi. Araşdırmalar göstərir ki, keçmişdə kəmərlə onu gəzdirən şəxsin vəzifəsini, var-dövlətini, dini əqidəsini, milliyyətini və hətta yaşını belə bilmək olurdu. Sənətşünasların yazdığına görə, XVIII əsrdə Azərbaycanda kəməri həm kişilər, həm də qadınlar taxardılar. Adətə görə, qadınlar enli, kişilər isə nazik kəmərlər taxardılar. Bu əsrlərdə kəmərlər fiqurlu və bəzəkli bürünc, gümüşya qızıl hissələrindən düzəldilərdi. Onların ən gözəl hissəsini toqqalar təşkil edirdi. Toqqalar, adətən, üzəri şəbəkə, qələm işi, bəzən isə daş-qaşla bəzədilmiş enli dördkünc metal hissəsindən ibarət olurdu. Əksər hallarda kəmərin aşağı hissəsinə qadınlarda 23 cərgə qızıl-gümüş pullarya paxlavavari, buta formalı bəzəklər, kişilərdə isə ətəyə qədər uzanan hissəsinin üzərinə müxtəlif fiqurlu metal hissəcikləri taxılmış bir neçə qayış bənd edilirdi.

XVIII əsrdə Azərbaycanda metaldan hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri əsas etibarilə 6 texniki üsulla bəzədilirdi. Bunlar: döymə, basma, qarasavad, şəbəkə, xatəmkalıq və minaçılıqdır. XIX-XX əsrin əvvəllərində isə Azərbaycanda metalişləmə sənətkarlığının əsas etibarilə 3 növü inkişaf edib. Bunlar dəmirçilik, misgərlik və zərgərlik sənəti idi ki, həmin sənət sahələri də öz-özlüyündə ölkənin bədii metal yaradıcılığının inkişafında misilsiz rol oynayıb.

Misgərlər ovlağı - Lahıc...

Misgərlik sənətindən danışarkən, yazımızın digər hissələrində qeyd etdiyimiz kimi, Lahıcı unutmalı deyilik. Dünən də, bu gün də Lahıc misgərlər ovlağıdır.

Sənətşünasların bildirdiyinə görə, XVIII-XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub. Sənətşünaslar yazır ki, Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və sair məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınıb. 1980-ci ildən muzey-qoruğa çevrilən Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qayğı ilə qorunur, sənətkarlıq ənənələri davaminkişaf etdirilir.

Burada yaşayıb-yaratmış misgərlərin, zərgərlərin, sərracların, ahəngərlərin, dülgərlərin, xalçaçıların, həkkakların, nəqqaşların, dabbaqların, çəkmə və çarıq tikənlərin və s. ustaların yaratdıqları maddi-mədəniyyət nümunələri hazırda da dünyanın ən məşhur muzey və kolleksiyalarının ekspozisiyalarını bəzəməkdədir.

1717-1718-ci illərdə usta Nəcəfqulunun düzəltdiyi samovar mütənasibliyi, formasının gözəlliyi, üzərindəki bəzəkləri ilə şöhrət qazanıb. XIX əsrin ortalarında Lahıcda 200-dək misgərlik emalatxanası fəaliyyət göstərib. Lahıc ustaları odlu (tüfəng, müxtəlif tipli tapançalarsair) və soyuq (xəncər, beybut, qılınc, bıçaq və sair) silah hazırlamaları ilə də tanınır. Bu silahlar ornamentlərlə bəzədilir, onlara sənətkarların möhürü vurulurdu.

Qədim tarixə malik misgərlik sənəti Azərbaycanda bir vaxtlar geniş yayılıb və sənətkarlar tərəfindən nəinki məişətdə istifadə etmək üçün əşyalar, həmçinin rəngarəng əl işləri, sənət nümunələri də ərsəyə gəlib. Bu gün Masallıda da bu sənəti yaşadanlar var. Çətinliklərə baxmayaraq, misgərliyi qoruyub yaşadanlar da az deyil. Çəkicin mis üzərində çıxardığı bu musiqili səsin sorağına təkcə Masallıdan deyil, qonşu rayonlardan da Boradigah qəsəbəsinə üz tutanlar var. Misgər Füzuli Quliyev əslən bu sahədə daha çox sənətkarların yetişdiyi Lahıcdandır. Artıq 40 ildən çoxdur Masallıya köçən misgər elə o vaxtdan bu ətrafda sənətinin dəqiqliyi və gözəlliyi ilə seçilən sənətkarlardan sayılıb. Emalatxanasında əsasən misdən qazan, məcməyi, tava, teşt və digər qablar hazırlayan misgər deyir ki, əvvəllər bu sahəyə də, elə mis qabların özünə də maraq çox idi. O deyir ki, indi sifarişlər əsasən xeyir-şər məclisləri üçün olur. Lakin, istənilən halda, əvvəlki illərlə müqayisədə maraq yenə də azdır. Elə misgərliyi öyrətdiyi oğlu da sifariş az olduğundan daha bu işlə məşğul deyil.

Elxan adlı misgər yerli mətbuata bildirib ki, misgərlik sənəti onların ailəsində nəsildən-nəsilə ötürülür: "Bu sənətin tarixi, deyilənlərə görə, 500 il əvvələ qədər gedib çıxır. Amma mənim ulu babalarım da 350 il bundan əvvəl bu sənətlə məşğul olub və misgərlik sənətini nəsildən-nəsilə ötürüblər. O zamandan indiyə qədər biz bu peşəni yaşadırıq. Hətta 1993-cü ildə ailəlikcə İsmayıllıdan Bakıya köçdükdən sonra da atam öz sənətinə sadiq qalaraq burada emalatxana açdı. Qardaşlarımla birlikdə mən də atamın əl işlərinə baxaraq misgərlik sənətini öyrəndik. İndi isə bu emalatxanada atama kömək edirəm". Misgər deyir ki, bu sənətin ən gözəl tərəfi 100-150 yaşı olan hər hansı bir əşyaya yenidən can verməkdir: "Əlimdə gördüyünüz bu samovar qədim tarixə malikdir. Söküb yenidən ona həyat vermişəm. Bu, insana xüsusi zövq verir. Samovar hazır olduqdan sonra antik əşya olduğu üçün qiyməti ucuz olmur. Hər hansı mis qabı qalaylamaq çox asandır. Lakin qabı bünövrədən hazırlamaq və onun üzərinə zərif naxışlar salmaq üçün böyük yaradıcılıq və səbr lazımdır".

Mis qazanların əhəmiyyətindən danışan misgər qeyd edib ki, misgərlik sənətinə daha çox Lahıcda qiymət verilir, Bakı əhalisinin çox az hissəsi mis qablar sifariş verir: "Şəhər əhalisi daha çox samovar sifariş verir. Mis qazan sifariş verənlər isə ancaq yaşlı nəslin nümayəndələridir. Gənclərin 95 faizi mis qazanın nə olduğunu bilmir, onun əhəmiyyətini dərk etmir. Amma İsmayıllıda hər evdə mis qazan var. Onlar bilirlər ki, mis qazanda bişən yeməyin dadı da fərqli olur. İsmayıllı əhalisi mis qazanda bişən yeməyi heç nəyə dəyişmir. Çünki mis qabların həm də böyük şəfası var. Mis çaydanlarda içilən sular insanlar üçün şəfalıdır. Çünki mis mikrobların insan orqanizminə keçməsinin qarşısını alır. Su qaynadıqca bu qablar suda olan artıq mikrobları özünə çəkir. Belə qablarda saxlanan su da ləzzət dadır. Lahıclılar alüminium qazanda bişən yeməklərin dadını bəyənmir".

Onu da vurğulayaq ki, Bakıda artıq uzun müddətdir misgərlər məhəlləsi varbura gəlib-gedənlər çox olur.

Qədim xalq sənəti növü olan misgərliyin bu gün də yaşamasına, müasir misgərlərin hazırladığı, bərpa etdiyi qablara indiehtiyac var. Onlar evləri, muzeyləri, şəxsi kolleksiyaları bəzəməlidir. Babalarımızdan əmanət qalan misgərlik sənətinə dövlət səviyyəsində qayğı var. Hesab edirik ki, xalq sənəti növlərinin daha geniş səviyyədə yayılması vacibdir. Ulularımızın əmanətini yaşadaq ki, tariximiz, milli-mənəvi, maddi dəyərlərimiz də yaşasın.

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 14 may.- S. 15.