Dövlətçilik
tariximizdən - Atabəylər dövləti...
Müstəqil Azərbaycan Respublikası dərin dövlətçilik ənənələri, kökləri üzərində qurulub, pərvəriş tapıb. Dövlətimizin söykəndiyi, güc aldığı zəngin dövlətlərimiz, şahlıqlarımız olub. Onlardan biri də Atabəylər-Eldəgizlər (Eldəniz-mətnlərdə əsasən bu addan istifadə edilir-İ.S) dövlətidir. Orta əsrlərdə yaranan və uzun illər mövcud olan milli dövlətimiz Atabəylər tariximizdə çox mühüm yer tutur. Bəllidir ki, Səlcuqilərin tənəzzülü dövründə Azərbaycan Atabəyləri dövləti öz müstəqilliyini elan edib. Bu dövlətin yaranması, adı Şəmsəddin Eldənizlə bağlıdır.
Qulluqdan hakimiyyətə gətirən yollar...
Tarixi mənbələrdən bəllidir ki, Eldəniz uşaqlığında qul kimi satılıb və taleyi onu Səlcuqlu sarayına aparıb çıxarıb. Tarixçilərin yazdığına görə, o, ağlı və işgüzarlığı ilə Sultan II Toğrulun diqqətini və rəğbətini qazanaraq əmir titulu alıb. 1136-cı ildə Eldəniz Səlcuq sultanı Toğrulun oğlu Arslanın atabəyi və Azərbaycanın cənub vilayətinin hakimi təyin olunub. O, Sultan II Toğrulun ölümündən sonra onun dul arvadı Möminə Xatunla evlənir və 1136-cı ildə isə Arran hakimi təyin olunaraq Bərdəyə yollanır. Beləliklə, Eldənizlər dövlətinin əsasını qoyur.
Tarixçilərin yazdığına görə, İraq Səlcuq Sultanlığının ictimai-siyasi həyatında mühüm rol oynayan Eldəniz formal surətdə Səlcuqilərə tabe olsa da, XII əsrin 30-cu illərindən müstəqil hökmdar kimi dövləti idarə edir və öz adına sikkə kəsdirirdi. Mənbələr yazır ki, 1152-ci ildə Arran, bir qədər sonra isə Marağa hakimi Xasbəyin idarə etdiyi Ərdəbil Eldənizin hakimiyyətinə keçib. O, Şirvanşahı da asılı vəziyyətə salıb. Şəmsəddin Eldənizin hakimiyyətinin axırlarında dövlətin sərhəddi Dərbənddən Bəsra körfəzinə, Tiflis qapılarından Məkrana, Arran və Şirvan, İraq, Həmədan, Gilan, Mazandaran, İsfahan və Reyə kimi yayılmışdı.
Şəmsəddinin oğlu Məhəmməd Cahan Pəhləvanın dövründə Eldənizlər dövləti daha da güclənib.
Atabəylərin yeni dövrü...
Qızıl Arslan qardaşı Məhəmməd Cahan Pəhləvandan sonra uzun müddət taxt-tacını əldə tutmaq uğrunda mübarizə apardı. İraq Sultanlığının hakimiyyətini əlində cəmləyən Qızıl Arslanın 1191-ci ildə qətlə yetirilməsindən sonra hakimiyyət Cahan Pəhləvanın türk əsilli Qüteybə Xatundan olan oğlu Əbu Bəkr ilə İnanc Xatundan olan oğlu Qutluq İnanc və Əmir Əmiran arasında bölüşdürüldü. Tarixçilər yazır ki, bundan sonra qardaşlar arasında başlayan səltənət mübarizəsi Əbu Bəkrin zəfəri ilə nəticələndi. Ancaq davam edən xarici hücumlar (Xarəzmşahlar, gürcülər və s.) dövlətin süqutuna zəmin hazırlayır. Əbu Bəkr 1210-cu ildə dünyasını dəyişəndən sonra hakimiyyətə gələn qardaşı Özbəyin dövründə (1210-1225) Atabəylər dövlətinin tənəzzülü sürətlənir.
Paytaxtdan paytaxta...
Tarixçilər bildirir ki, Atabəylər dövründə Azərbaycanın Gəncə, Təbriz, Naxçıvan, Marağa, Ərdəbil, Dərbənd, Bakı, Şamaxı, Beyləqan kimi böyük ticarət və sənət mərkəzləri məşhur olub. Bu dövr Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, təsviri incəsənətinin, heykəltəraşlığının, memarlığının, elminin inkişaf etdiyi dövr kimi də xarakterizə olunur. Tarixçilər yazır ki, o vaxt Gəncə və Təbrizin əhalisinin sayı 100 mini ötüb, Naxçıvanın əhalisinin sayı isə 80-100 minə çatırdı. Azərbaycan Atabəylərinin paytaxtı müxtəlif dövrlərdə Gəncə və Naxçıvan şəhərləri olub.
Tarixçilərin yazdıqlarına görə, Eldənizlərin hakimiyyəti dövrü Azərbaycanın çiçəklənmə dövrüdür. Bu müddətdə şəhərlər abadlaşdırılır, ticarət, sənətkarlıq, heyvandarlıq, əkinçilik həddən artıq irəli gedir. 1225-ci ildə Xarəzmşah Cəlaləddinin hücumları nəticəsində Atabəylər dövləti süqut etdi.
Tarixin izi
ilə...
Tarixçilər yazır ki, Azərbaycan Atabəyləri (Eldənizlər) dövləti Azərbaycan (Kür çayından cənuba), Şimal-Qərbi İran vilayətləri (İsfahan, Rey) və s. yerləri əhatə edirdi. Paytaxtı müxtəlif vaxtlarda Naxçıvan, Həmədan, Təbriz olan dövlətin mühüm şəhərləri-Təbriz, Gəncə, Həmədan, Naxçıvan, Beyləqan, Urmiya, Ərdəbil, Zəncan, Xoy, Şəmkir və s. olub. Əsas təsərrüfat sahələrinə gəlincə, burada əkinçilik, maldarlıq, ipəkçilik, toxuculuq, sənətkarlıq və s. yüksək səviyyədə inkişaf edib. Onu da qeyd edək ki, Eldəgizlər dövlətinin ərazisindən yaxın və Orta Şərqin ticarət mərkəzlərini birləşdirən karvan yolları keçirdi. Eldəgizlər dövlətinin siyasi həyatında iqtidar sahibi olan hərbçilər və ali müsəlman ruhaniləri əsas rol oynayırdılar.
Fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov yazır ki, akademik Ziya Bünyadov "XII-XIII əsrlərdə Atabəylər dövləti" əsərində göstərir ki, Şəmsəddin Eldəniz "Böyük Atabəy (atabəy əl-əzəm) adlanmağa başladı, onun böyük oğlu və sultanın ana tərəfdən qardaşı Nusrətəddin Cahan Pəhləvan sultanın əmir-hacibi oldu, ikinci oğlu Müzəffərəddin Osman Qızıl Arslan isə sultan ordularının ali baş komandanı (əmir-sipahsalar əlkəbir) təyin edildi. Eldəniz özünün bütün əmirlərini dövlətdə yüksək vəzifələrə təyin etdi: "Bu dövrdən başlayaraq, atabəy Eldənizin bütün fəaliyyəti yeni dövlət hakimiyyətinin nüfuzunun möhkəmləndirilməsinə yönəldildi. İraq Sultanlığının tərkibinə daxil olan vilayətlərin və ölkələrin bütün hakimləri, o cümlədən, onun bütün vassalları sultan Arslan şaha və Böyük Atabəyə sədaqət andı içdilər. Ara müharibələri bir müddət dayandı və mənbələrin göstərdiyinə görə, xalq "haqq-ədalət və sakitlik içərisində yaşamağa başladı". Atabəy Şəmsəddin Eldəniz dövlətin müqəddəratının həlledicisi və əsl hakimi idi. Sultan Arslan şah Atabəyin iradəsinin müti icraçısı idi. Onun sultanlıq şərəfi ancaq bununla qurtarırdı ki, adına pul kəsilir və xutbə oxunurdu. Azərbaycan Atabəyləri dövlətinin yaradıcısı Şəmsəddin Eldənizin hakimiyyətinə yekun vurarkən qeyd etmək lazımdır ki, Şəmsəddin Eldəniz ona tabe ərazini genişləndirməyə çalışır və öz müasirləri vilayət hakimlərinin üsulları ilə-əmirlərlə vaxtaşırı ittifaqdan istifadə edərək, həmin anda da, həmçinin, dönükcəsinə və saymazyana hərəkət edirdi. Buna baxmayaraq, Böyük Atabəyin hər şeydən əvvəl mərkəzi hakimiyyətin hərbi qüvvələrinin və maddi ehtiyatlarının möhkəmləndirilməsinə yönəldilən fəaliyyətindəki yaradıcı anlar bizə daha əhəmiyyətli görünür. Eldənizin hakimiyyətinin sonlarına yaxın bütün dövlət quruluşu sisteminin nizama salınması, hər şeydən əvvəl vassalların mərkəzi hakimiyyətlə bağlılığının möhkəmləndirilməsi, sözsüz ki, hərbi qüdrətinin gücləndirilməsi ilə bağlı idi. Bir daha yada salaq ki, sultan Məsudun bütün hakimiyyət dövrü əmirlər ittifaqı ilə ara müharibələrində keçmiş və Sultan hökuməti məhz hərbi gücsüzlüyü ucbatından bu mübarizədə sərt və müstəqil mövqe tuta bilmədi. Mərkəzdən qaçan qüvvələrin öz fəaliyyətini davam etdirməsinə, xarici siyasətin mürəkkəbləşdiyi dövrdə əmirlərin mərkəzi hakimiyyətdən müstəqilliyə can atmasının güclənməsinə baxmayaraq, adi sərkərdələrdən olmayan atabəy Eldənizin hərbi qüdrəti ilə sultan suverenliyinin birləşməsi, feodal iyerarxiyasında Böyük Atabəyin birinciliyinin rəsmi tanınması sultanlıq ərazisində siyasi vəziyyətin sabitləşməsinə səbəb olmuşdu. Eldəniz əsas qüvvələrini Gürcüstanla mübarizəyə təsadüfən toplamamışdı və öz hakimiyyətini bərqərar etdikdən sonra, adətən, güclü qonşuları ilə, xüsusən Xarəzmşahlar dövləti ilə uzun münaqişələrdən qaçırdı".
V.Ömərovun qeyd
etdiyinə görə, Eldənizin
ardıcıllığı və fəal gücü,
sultan hakimiyyətinin nüfuzundan
bacarıqla istifadə etməsi və bununla
hakimiyyətin müdafiəçisi və feodal
təşkilatının başçısı kimi yüksək, tədbirli xarici
siyasəti-bütün bunlar göstərir
ki, Azərbaycan Atabəyləri
dövlətinin yaradıcısı öz
dövrünün nəhəng siyasi xadimi olmuş
və sultanın qəyyumu kimi mövqeyindən
müvəqqəti nailiyyətlər üçün
deyil, bir tərəfdən
özünün qoyduğu
sülalənin torpaqlarının genişləndirilməsi, başqa bir tərəfdən
isə, mərkəzi hakimiyyətin qüvvətləndirilməsn
üçün istifadə etdiyinə
körə, həqiqətən uzaqgörənlik edib: "Təsvir etdiyimiz bu vəziyyət mənbələrdə,
o cümlədən, Eldənizin
müasirlərinin əsərlərində qeyd
edilir. Əl-Hüseyni yazır ki, "Bağdad və onun ətrafından başqa,
bütün ölkələr Eldənizin
hakimiyyəti altına düşdülər". İbn əl-Əsir atabəy Eldənizin
Tiflis qapılarından Məkrana qədər
uzanan torpaqlarını daha
ətraflı sadalayır. Tarixçi
yazır: "O, Azərbaycan, Arran və Şirvana, Cibəl ölkəsinə, İraq, Həmədan, Gilan,
Mazandaran, İsfahan və
Reyə yiyələnmişdi. Xilat, Fars, Xuzistan,
Mosul və Kirmanın
hakimləri ona tabe idilər".
Sultanın Azərbaycana hücumu...
V.Ömərov yazır ki, böyük atabəy Eldənizin ölüm xəbəri Cahan Pəhləvana yetişən
kimi, o dərhal Həmədandan Naxçıvana
yola düşdü, dövlət xəzinəsini
və taxt-tacın əmlakını öz nəzarəti altına aldı. Onun qeydlərinə görə,
bütün qoşunları
bir yerə toplayaraq, atabəy hadisələrin sonrakı
gedişini, sultan Arslan
şahın ona qarşı münasibətinin
məqsədini gözləməyə
başladı: "Eldənizin
siyasətindən narazı
qalan İraq əmirləri Cahan Pəhləvanın sultanlığın
paytaxtından getməsindən
istifadə edərək,
sultanı Azərbaycana
hücuma keçməyə
təhrik edirlər. Onlar sultana məsləhət görürlər
ki, "Əgər sən Azərbaycanı azad etsən, oraya etibarlı adamlardan birini hakim təyin edib Həmədana qayıdar,
(oradan) Bağdada gedib onu tutarsan.
Çünki sənin məmlükün-Mosul
hakimi Qütbəddin Mədud ibn Zəngi sənə tabedir və sənə qulluq etməyə gəlir.
Sonra əgər sən Bağdadı tutarsansa və Xilafətin minbərlərindən sənin
adınla xütbə
oxunarsa, ölkənin
səması sənin
üçün hər
hansı rəqib və düşməndən
təmizlənmiş olar".
Sultan Arslan şah
da Eldənizin əleyhdarları olan əmirlərlə birlikdə
böyük ordunun başında Azərbaycana
yürüş təşkil
etdi. Lakin Zəncanda sultan xəstələnir,
azarının gücləndiyini
(şiddətləndiyini) və
"həyatının sona
çatdığını hiss edən sultan Həmədana
aparılması əmrini
verir".
Həmədana qayıtdıqdan sonra
sultan şəhərin rəisi
əmir Seyyid Fəxrəddin Əlaəd-Dövlə
Ərəb şahın
qızına evlənir. Eyni zamanda,
o, atabəy Cahan Pəhləvanı öz yanına dəvət edir və onunla
barışır. Dövlətin
idarə olunmasını
ona tapşırdıqdan
az sonra
sultan ölür. Atabəy Cahan
Pəhləvanın ən
görkəmli müvəffəqiyyətlərindən
biri Təbrizin onun hakimiyyətinə birləşdirilməsi olub.
Təbriz Ağ-Sunqur əl-Əhmədilinin
nəslinə mənsub
idi. 1175-ci ilin yayında Təbrizin və qonşu torpaqların hakimi Nüsrətəddin
Arslan-Aba ibn Ağ-Sunqur öldükdən
və onun yerinə varisi Fələkəddin Əhməd
keçdikdən sonra
Cahan Pəhləvan
Ruin-Dej qalasını
muhasirəyə alır.
Qalanı ala bilməyib, mühasirəni
Marağaya keçirir.
Bu vaxt atabəyin
qardaşı Qızıl
Arslan Təbrizi mühasirəyə alır.
Marağa qazısı Sədrəddin
əl-Maraği əhalini
xilas etmək xatirinə şəhəri
təslim verdiyindən,
Cahan Pəhləvan oranı, demək olar ki, döyüşsüz
ələ keçirir.
Burada bağlanmış sülh
müqaviləsinə əsasən,
Cahan Pəhləvan Təbrizə sahib olur, Marağa isə monqolların basqınına
qədər öz sahiblərinin əlində
(ixtiyarında) qalır.
Cahan Pəhləvan Təbrizi iqta sifətilə qardaşına verir.
Atabəy Cahan Pəhləvanın
xarici siyasətində
ən çətin problemlərdən biri dövlətin qərb sərhədlərində asayişi
təmin etmək idi. Məsələnin mürəkkəbliyi ondan ibarət idi ki, həmin
vilayətlərdə Misir
və Suriyanın məşhur hakimi-Əyyubilər
sülaləsinin banisi
Səlahəddin Yusif
(1169-1193) böyük fəaliyyət
göstərirdi. Ona görə
də Cahan Pəhləvan qonşu hakimlərə daima təzyiq göstərir, mübahisəli məsələlərdə
əksər hallarda barışdırıcı və
vasitəçi rolunda
çıxış edir,
hamiliyində olanlara hərbi yardım göstərirdi. Cahan
Pəhləvanın (hakimiyyətinin
əsas yekunu Eldənizlər dövlətinin
xarici siyasət mövqeyinin gələcəkdə
daha da möhkəmləndirilməsindən
ibarət olub. Lakin Atabəyin hakimiyyətinin son dövrlərində
vilayətlərin daxili
vəziyyəti mürəkkəb
idi: sonralar məlum oldu ki, Cahan Pəvləvanın
həyata keçirdiyi
tədbirlərin çoxu
mərkəzi hakimiyyətin
möhkəmlənməsinə eyni dərcədə kömək edə bilməyib".
Gördüyümüz kimi, dövlətçilik
tariximizdə əhəmiyyətli
rolu olan Atabəylər dövləti
şərəfli, böyük,
nümunəvi bir yol keçib. Atabəylərin hakimiyyət illəri Azərbaycan mədəniyyətinin,
ədəbiyyatının, memarlığının intibah
dövrü olaraq tarixi mənbələrdə
öz yerini tutur. Azərbaycanın hər bölgəsində
Atabəylərin izi
var. Naxçıvandakı Möminə Xatun türbəsi o dövrün
unikal abidəsi kimi çağdaş dövrümüzdə də
yaşayır və bu dövlətin möhtəşəmliyindən, əzəmətindən xəbər
verir.
İradə SARIYEVA
Bakı xəbər.-2015.- 15-17 may.- S. 15.