Milli-mənəvi dəyərlər və müasirlik

 

Nənəm folklorumuzun, adət-ənənələrimizin bilicisi olub. Arxaik sözlər də nənəmin leksikonunda işlək idi. Nənəmin dilindən eşitdiyim çoxlu bayatı, nağıl, tapmaca var ki, onları sonradan heç bir ədəbiyyatda, tədqiqat əsərində görmədim. Nənəm bir tapmaca deyirdi həmişə:

Araba atlandı,

Qayış qatlandı...

Qum ələndi,

Quyruq bulandı...

(Xəmir)

Çoxları bu bilməcənin açmasını bilmirdi. Çoxlu söz, bayatı, qatı açılmamış tapmacalar, əhvalatlar bilən nənəm yurd- yuvaya münasibətində çox həssas idi və evinə, elinə aid olan hər bir əşyaya dünyanın ən qiymətli bir sərvəti kimi baxırdı. Çehiz sandığını saxlayırdı, atasının ona cehiz verdiyi köz ütüsünü, mis səhəngi, samovarı, nehrəni, kirkirəni, cəhrəni, xananı, mis qazanı, iri məcməyini göz bəbəyi kimi qoruyurdu. Nimdaş xalça-palazın, yırtılmış xurcunun belə qədrini bilirdi. O vaxt çoxu elə başa düşürdü ki, nənəm atasından, qayınatasından qalan kiçik var-dövlətini qıymazlıqdan, ya da simiclikdən, mal-dövlət həvəskarı olduğundan qoruyur... Ancaq sonradan hamı anladı ki, nənəmin yad gözdən qoruduğu, antik mal alanların nəzərindən pünhanladığı mis qazan da, cəhrə də, nehrə də, köz ütüsü də, neçə-neçə elat köçünə şahidlik edən yırtıq xurcun da xalqımızın maddi, milli-mənəvi dəyəridir. Nənəm o vaxt gümüş pullu kəmərini və bir də yeganə qızıl üzüyünü Dağ Borçalıda çox sınaqlı ocaq olan Hacı Xəlil ziyarətinə nəzir vermişdi. Çox yaxşı yadımdadır, nənəm bizim hamımızı 1987-ci ildə Hacı Xəlil baba ziyarətgahına aparmışdı... Bu gün uzaqdan gələn bir işıq kimi gah yanır, gah sönür o ziyarətgahda olduğumuz anların xatirəsi. Ziyarətgah dağın təpəsində yerləşdiyindən, külək tutan bir yer idi. Oradan ayrılanda nənəm Hacı Xəlil baba ziyarətgahı ilə vidalaşdı, ömrünü-gününü bu müqəddəs ocağa fəda edən müridlərlə sağollaşdı, daşı öpüb dedi:

Qalasız,

Şəhər olmaz qalasız.

Mən bu yerdən gedərəm,

Sizi sağlıqla qalasız...

Nənəm oradan ayrılanda yelənli qara kəlağayısının ucu ilə gözlərini silib dedi, bax, babanızın anası, qaynanam da bu məzarlıqda basdırılıb, bunu yadınızdan çıxarmayın. Bu, əsrlər boyu mövcud olan və nənəm kimi insanların canına-qanına hopan mənəvi keyfiyyət idi. Ailə sədaqəti, gəlinin qaynanasının ruhuna bəslədiyi sonsuz hörmət nümunəsidir. Bu gün biz bunu çox nadir hallarda müşahidə edirik. Hacı Xəlil baba ocağı qədim məzarlığın içində məskənləşmişdi... Nənəmdə yurdla vidalaşma, ziyarət etdiyi məkanlarla sağollaşma, halallaşma xasiyyəti vardı. Hər yay Borçalının Başkeçid elinə, Şamdüyə yaylağına çıxardıq, payızda köçümüz arana qayıdanda nənəm ocaq daşı ilə, yurd yeri ilə belə sağollaşırdı. Deyirdi ki, gələn il yenə gələcəyəm, a qara daş, a dəyəmi qurduğum yurd yeri... Təkcə nənəm deyildi, yaşlı insanların hamısı halallığa, əhd-peymana sadiq idilər. Onlara elə gəlirdi ki, daşın da, qayanın da, lap elə qaratikan kolunun da dili, alqışı, qarğışı var. Keçən çağlarda insanlar mənəvi dəyərləri öz həyat devizinə çevirirdi, daha doğrusu, mənəvi dəyərlər onların elə həyat tərzi ilə bağrıbadaş idi. Mövzu mənim xəyalımı elə uzaqlara apardı ki, ona görə bu ştrixləri xatırladım. Milli-mənəvi dəyərlərdən danışarkən birmənalı olaraq ulularımızdan yadigar qalan müqəddəs məfhumları yada salmalı və onlara sahib çıxmağı bacarmalıyıq. İyirmi-otuz il əvvəlki insanlar mənən zəngin olardı, çünki bu adamlar kitablarda rastlaşdığımız müsbət qəhrəmanların həyatdakı özləri idi. Mənəvi dəyərlərdən danışırıqsa, onu da deməliyəm ki, əvvəlki dönəmdə kişi də, qadın da verdiyi sözə əməl edərdi. Bəzən bir sözün həyata keçməsi üçün bir ömrü bada verirdilər... Amma müasir çağda bu məsələlərə elə də əhəmiyyət verilmir. Bəllidir ki, xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi yaşadan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin əsas insani vəzifəsidir. Bu gün milli-mənəvi dəyərlərimizə qarşı çıxmaq təşəbbüsləri və halları olduğu üçün bu vacib məsələnin daim diqqətdə saxlanması zərurəti yaranıb. Tarixi qürur duyduğumuz meyarların, nailiyyətlərimizin üstündən belə asanlıqla xətt çəkmək, onu aşağılamaq istəyinin bəzən baş qaldırması bizi çox qayğılandırır. İlk növbədə hər bir ziyalı əsrlər boyu cilalanmış, zamanın keşməkeşli sınaqlarından çıxmış, ələnmiş, saflaşmış, bu günümüzün həyati tələbatına çevrilmiş, xalqımızın özünəməxsus milli mentaliteti meyarlarına çevrilmiş mənəvi dəyərlər xalqımızın yüksək əxlaqi xüsusiyyətlərinin təcəssümüdür, duz-çörək qədər hamımıza əzizdir. Gizlin deyil ki, böyük ağrılar, itkilər, məhrumiyyətlər hesabına yaşadığımız keçid dövründə itirdiklərimiz çox oldu. Məlumdur ki, uzun, məşəqqətli, tozanaqlı bir yola bənzəyən keçid dönəmi milli-mənəvi dəyərlər sistemində boşluqlar yaratdı. Sözsüz ki, bu zəif nöqtədən istifadə edən ünsürlər yanlış ideologiyaları, qondarmaqurama adətləri, hətta başqa xalqların xarakterik xüsusiyyətlərindən doğan adətləri min illərlə tariximizin keşməkeşlərində deformasiyaya uğramadan, bu günümüzü gözəlləşdirən, həmişə fəxr duyduğumuz müqəddəs milli-mənəvi dəyərlərimizlə yanaşı, yabançı adət-ənənələri də təbliğ etməyə çalışırlar və çox təəssüf ki, getdikcə bu, geniş vüsət almaqdadır. Əxlaqi dəyərlərimizin toxunulmazlığı həmişə qorumalı olduğumuz elə bir müqəddəs meyarlardır ki, gərək bugünkü sosial-iqtisadi nailiyyətlərimizdən məqsədyönlü istifadə edərək, zamanında dünyaya inteqrasiya edərək qədim mədəniyyətimizin qaynaqlarını, gözəlliklərini bir örnək kimi başqa xalqlara da sevdirək. Çoxlarımız kənd yerlərində böyümüşük, kənddə mənəvi-əxlaqi dəyərlərin göz bəbəyi kimi qorunduğu da faktdır. Azərbaycan xalqının elə ənənələri var ki, şəhərdə də, kənddə də bir əxlaq, mənəvi tərbiyə məktəbi rolunu oynayıb. Bizim ailələrdə ağsaqqal, ağbirçək, böyük sözünə həmişə ehtiram, hörmət olub. Bu da doğrudur ki, Azərbaycanda bir kişinin, ağsaqqalın sözü el-obada möhürlü kağızdan keçərli olub. Söz deyilib və hamı da ona əməl edib. Vaxtilə toyları, şənlikləri, eləcə də yas mərasimlərini el ağsaqqalları, sözü keçərli insanlar idarə edirdi, onların xeyir-duası vacib bir sayılırdı. Bu gün isə müdrik ağsaqqallarımız, söz sahibi olan ziyalılarımız öz məkanından uzaq düşüb, onların sözünə ehtiyac olduğu halda bu insanlar pərdə arxasında qalıb. Onların əvəzinə məclislərdə, xüsusilə geniş təbliğat-təşviqat imkanları olan radio-televiziyada əsasən mənəvi dəyərin nə olduğunu bilməyənlər iştirak edir, sonra da deyirlər ki, özümüz deyib özümüz eşidirik, gənc nəsil bizim sözümüzə əhəmiyyət vermir. Niyə də versin ki? Sənin xalqın adından, onun mənəvi dəyərlərindən danışmaq ixtiyarın varmı? Qətiyyən. Azərbaycan xalqının mental dəyərlərinə çağdaş dövrdə dodaq büzənlər də az deyil. Məsələn, bəziləri düşünür ki, elçilik, nişan nəyə lazımdır, toyu bunlarsız da etmək olar. Bu çürük düşüncəsini də geniş şəkildə təbliğ edir, hətta onlara bu təbliğat üçün geniş auditoriya verirlər. Bəzən adamı acıdan hallardan biri o olur ki, qədim sənət növlərindən, söz xəzinəmizdən söhbət açılır, amma söz xridarları o söhbətdə iştirakdan məhrum edilir. Söz bizim ən böyük mənəvi xəzinəmizdir. Bizim mental dəyərlərimizə söykənc olan sözə ehtiyacımız var, hansı ki, o sərvət bizə ulularımızdan yadigar qalıb. Çoxları deyir ki, keçmişimiz, tariximiz bizim üçün ibrət dərsləridir. Doğru deyirlər, keçmişdən götürüləsi çoxlu dərslər var ki, o bizi milli kökümüzdən ayrılmağa qoymaz. Qloballaşma dalğasının üstümüzə hücum çəkdiyi bir dönəmdə milli-mənəvi dəyərlərimizə, babalarımızın söz xəzinəsinə, ölməz adət-ənənələrinə söykənməliyik. Onları elə qorumalıyıq ki, itib batmasınlar, onlar itsə, bizim də yaşamağımızın mənası olmaz. Minillər uzunu xalqımız böyük mənlik şüuru, əxlaqi dəyərlərə sədaqəti sayəsində, bütün təsirlərə baxmayaraq, öz dilini, dinini, milli adət-ənənələrini qoruyub saxlaya bilib, onu xüsusilə sovetlər dövrünün ideoloji taranlarından aşılanmağa imkan verməyib.

Kultroloqların təhlillərinə görə, müasir cəmiyyətin bütün mədəni fəaliyyətinin başlıca məzmununu və əsas məqsədini təşkil edən "insan şəxsiyyətinin formalaşdırılması prosesi"nin mürəkkəb strukturu eyni zamanda mədəniyyət konsepsiyasının olduqca mürəkkəb strukturunu aydınlaşdırır. Milli-mənəvi dəyərlərin özü böyük bir mədəniyyətin tərkib hissəsidir.

Dəyərlər sistemində başlıca yer tutan bu amil insan yetişdirmək, onu mənəvi dəyərlərə bağlamaqdır. Bu da faktdır ki, xalqımızın müqəddəs nemətləri kimi əziz tutduğu mənəvi-əxlaqi dəyərlər hər məqamda göz bəbəyi kimi qorunmalıdır. Bir sıra xarici ölkələrdən bura yad təsirləri gətirənlər böyük cinayət edir. Müxtəlif təbliğat vasitəsi ilə gəncləri öz milli-mənəvi dəyərlərindən ayırmağa cəhd göstərənlərə qarşı media da, sadə vətəndaşlar da barışmaz olmalıdır. Zərərli ədəbiyyat, nəşrlər gənclərin çevrəsinə gətirilməməlidir. Azərbaycan ailəsi elə qəzetlərə, elə jurnallara abunə olmalıdır ki, ondan hər hansı bir mənəvi zərbə almasın, itki verməsin. Gizlin deyil, bəzi televiziyalardakı eybəcərliklər, şou-biznesin bəzi istedadsız və şəxsiyyətsiz nümayəndələrini, onların guya bariz olan əməllərini təbliğ edən, boş laqqırtıdan başqa bir şeyə oxşamayan verilişlər, porno görüntülər əks olunan reklamlar, kinofilmlər, insan heysiyyətinə ləkə gətirən məqamlar, zorakı filmlərin nümayişi, əslində efiri doldurmaq məqsədi olsa da, sözsüz ki, gənclərimizin əxlaqi dəyərlərinin aşınmasına hesablanmış vasitələrdir. Əcdadlarımızdan bizə qəhrəmanlıq ənənəsi miras qalıb. Gənc nəsildə qəhrəmanlığı tərbiyə etməlidir böyüklər. Bilməlidir ki, xalqımızın zəfər, qələbə gözləntisi var, onu isə bizə gənclərimiz qazandıracaq. Qarabağ müharibəsi başlanar-başlanmaz, igidlərimiz cəbhəyə könüllü yollandılar, onların şücaəti, qəhrəmanlığı indi də yaşayır. İkinci Dünya Müharibəsində böyük igidliklər göstərən babalarımızın şöhrətini unutmaq olmaz. Biz onların davamçılarını yetirməliyik, bunun üçün isə mənəvi, əxlaqi tərbiyə onların əsas könül sirdaşı olmalıdır.

Milli-mənəvi dəyərlər yalnız bu ifadəni hər gün işlətməklə yaşamır, onun tərkibinə daxil olan bütün milli adət və ənənələr, söz xəzinəmiz, hikmət yaradan babalarımızın, övliyalarımızın, fikir adamlarımızın, ictimai xadimlərimizin dəyərləri qorunmalı və təbliğ edilməlidir. Vətən sevgisinin gəncliyə aşılanması, onların vətəni sevə bilməsi bizim üçün ən böyük milli-mənəvi dəyərdir. Ulularımızdan miras qalan mental dəyərləri gənclik yaşatmalıdır. Dövlətimiz milli-mənəvi dəyərlərin təbliğinə daha geniş səviyyədə yer ayırır. Bu gün muğam sənətinin inkişafı, milli teatrın tərəqqisi, aşıq sənətinin daha geniş üfüqlərə çıxarılması, xalçaçılığın, milli kulinariyanın bütün dünyada məşhur olması onu göstərir ki, biz xalq olaraq milli-mənəvi dəyərlərə sahib çıxa bilirik. Bu da onu deməyə əsas verir ki, müasir dövrdə xalqın ayaqda qalması üçün ilk söykəndiyimiz dayaq milli-mənəvi dəyərlər olmalıdır.

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 15-17 may.- S. 12.