Kinooperator, kinorejissor Valeri Kərimov yaşasaydı 70 yaşını qeyd edəcəkdi...

 

1998-ci il martın 9-da "Ailə"si yarımçıq qalan sənətkar...

 

Muxtar Dadaşov, Xan Babayev, Rasim Ocaqov, Kənan Məmmədov Azərbaycan kinooperatorlarının ön cərgələrində dayanır. Onların açdığı cığırın davamçısı olan bir neçə sənətkar var ki, milli kinomuzu onların iştirakı olmadan təsəvvür etmək çətindir. 70 illik yubileyi mayın 27-də qeyd ediləcək Valeri Kərimov da bu sıraya daxil olan peşəkar kinooperatorlardandır. Belə deyək, kinonun əsas müəllifi rejissor ssenari müəllifidir, amma görən gözü operatordur.

Nə qədər mükəmməl ssenari yazılsa da, quruluşçu rejissor o filmə yüksək səviyyədə quruluş versə də, aktyor oyunu misilsiz olsa da, operator usta olmasa, ortalığa keyfiyyətli filmin çıxması mümkün deyil. Valeri Kərimov ustad adını qazanan, kinolarımıza peşəkar münasibətlə yanaşan, kamerasının gözü ilə onu lentə alan, tarixləşdirən kinooperatorlardan olub. Özü də çəkdikləri ilə birgə tarixə çevrilib, xatirələrdə yaşayır. Həyat özü elə bir filmdir. Adam var ömür filmi çoxseriyalı, adam da var ki, bir seriyalı olur.

Ancaq bu film o qədər zəngin, dolğun, mənalı olur ki, insanlar ondan daha çox nümunə götürə bilir. Zaman özü yetişdirir qəhrəmanları, sənətkarları, ustadları...Onların ömrünü, istedadını, taleyini isə Tanrı verir. Birinə çox, birinə az verir. Əsas odur ki, insan ona verilən ömrü mənalı yaşasın. Adam var az yaşayır, ancaq çox görür, adam da var çox yaşayır, heç kimə faydası dəymir.

Qəhrəmanımız həyatdan doyunca kam ala bilməsə , yaratdıqları ilə insanların yaddaşında, xatirəsində özünə əbədi yaşamaq hüququ qazanıb.

Yarımçıq film...

Azərbaycan dövləti, Mədəniyyət və Turizm Nazirliyi Valeri Kərimov sənətinə hər zaman diqqət və qayğı ilə yanaşıb. Mayın 27-də Dövlət Film Fondunda Azərbaycanın görkəmli kinooperatorukinorejissoru Valeri Kərimovun 70 illik yubileyinə həsr edilən xatirə gecəsi keçiriləcək.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin saytında yer alan məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə keçirilir.

Kinoşünaslar bildirir ki, Azərbaycanın əməkdar incəsənət xadimi, tanınmış kinooperatorkinorejissor Valeri Kərimov operator sənəti baxımından özünəməxsus üslubu ilə seçilən sənətkarlarımızdan biri olub. Professional kinooperator kimi 30-a yaxın film çəkən V.Kərimov bu filmlərdə Azərbaycanın zəngin təbiətini, gözəl guşələrini tərənnüm edib, xalqımızın özünəməxsus xüsusiyyətlərini qabarıq şəkildə göstərməyə çalışıb.

Kinoya gətirən yollar...

Valeri Kərimov doğulanda artıq İkinci Dünya Müharibəsi bitmişdi. 1945-ci il iyunun 26-da Bakıda anadan olan Valeri Kərimov C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına gəlməzdən əvvəl istehsalatda çalışıb, "Bakıtuneltikinti" idarəsində fəhlə işləyib. Fotoqrafiya ilə məşğul olduğu üçün bir qədər sonra yerini dəyişərək kinostudiyaya gəlib. Burada işıqçı işləyən gənc oğlan kinostudiyanın qaynar həyatına tez alışır, rəhbərlik onun işgüzar olduğunu görüb xronika şöbəsinə keçirir, Valeriyə operator assistenti vəzifəsi tapşırılır. 1969-1974-cü illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kinooperatorluq fakültəsində təhsil alan gənc operatorun Bakıya, doğma kinostudiyaya qayıtdıqdan sonra ilk böyük işi "Çarvadarların izi ilə" bədii televiziya filmi olub. Film yazıçı - dramaturq İlyas Əfəndiyevin məşhur "Körpüsalanlar" romanının motivləri əsasında 1974-cü ildə lentə alınıb. Çarvadarlar qədimdə keçilməmiş yerlərdən, təhlükəli cığırlardan yol salıb, yerli sənətkarların hazırladıqları malları uzaq ölkələrə aparan cəsur oğullara deyirdilər. Filmin adı da buradan götürülüb. Əsərin qəhrəmanları ulu babalarının açdığı cığırla gedərək yollar çəkən inşaatçılardır. Filmdə mövzu ilə bağlı çox maraqlı və gözoxşayan mənzərələr var. Operator həmin mənzərələri sevərək lentə alıb, Azərbaycanın təbiətini, zəhmət adamlarını tamaşaçılara sevdirə bilib.

Yeni filmlər...

Kinoşünaslar deyir ki, kinoya böyük məhəbbəti ilə seçilən Valeri Kərimovun istedadı diqqətdən qaçmır. Belə ki, 1974-cü ildə "Ömrün səhifələri" kinoalmanaxında iki novellanı çəkməyə dəvət alır. "Baladadaşın ilk məhəbbəti" novellasında rejissor F.Əliyevlə, "Nəğmə dərsi"ndə isə rejissor G.Əzimzadə ilə işləyir. Birinci filmdə ilk məhəbbətin təmiz və ülviliyindən söhbət açılır, ikinci filmdə isə şəxsi həyatı uğursuz qurulan gənc fəhlənin balaca oğlu ilə gizli görüş və söhbətlərindən danışılır. Göründüyü kimi, hər iki filmdə gənc qəhrəmanların keçirdikləri hiss və həyəcanlar, onların hadisələrlə bağlı psixoloji vəziyyətləri ön plana çıxarılıb.

Valeri Kərimovun çəkdiyi filmlər müxtəlif janr və mövzudadır. "Alma almaya bənzər", "Yuxu" kinokomediyalarını, lirik-macəra janrında olan "De ki, məni sevirsən", "Qaladan tapılmış mücrü" ekran əsərlərini, detektiv janrda çəkilmiş "Arxadan vurulan zərbə" filmini, "Qızıl uçurum" melodramını, "Qorxma, mən səninləyəm", "Yarımçıq qalmış serenada" musiqili filmlərini, "Ailə" sosial-dramını, müharibə mövzusunda çəkilmiş "Sizi dünyalar qədər sevirdim", müasir mövzuda olan "Bir ailəlik bağ evi", "İlıq dənizdə buz parçası", "Ötən ilin son gecəsi", "Avqust gələndə", "Yay gününün xəzan yarpaqları", "Sürəyya" və s. filmləri buna misal göstərmək olar.

"Qızıl uçurum" - həyat dərsi...

Milli kinomuzda tutduğu yerə görə xüsusi seçilən "Qızıl uçurum" filminə də Valeri Kərimov operatorluq edib. O bu filmi həmkarı Kənan Məmmədovla birgə işləyib. Məlum olduğu kimi, filmdəki əhvalatlar XX əsrin əvvəlində baş verir. O dövrün həyatını ekranda canlandırmaq üçün həm filmin rəssamı, həm də operator kino texnikasının müxtəlif vasitələrindən istifadə edib. Kinoşünaslar qeyd edir ki, burada rəssamla operatorların qarşılıqlı əlaqəsinin və birgə yaradıcılıq fəaliyyətinin nəticəsini görünür. İki müxtəlif başlanğıcın-təsvirin ifadə vasitələri ilə psixologiyanın sintezi müşahidə edilir.

Sakit təbiətin yaratdıqları...

Valeri Kərimovun kamerasının gözü, istedadının gücü ilə bizə təqdim etdiyi filmlərdən biri də "Bir ailəlik bağ evi" filmidir. Kinoşünaslar bildirir ki, filmdəki hadisələr əvvəldən axıra kimi sakit intonasiyada təsvir olunur. Operator Valeri Kərimovun kamerası tələsmədən əvvəlcə filmin baş qəhrəmanı Eldarın evində, sonra dəniz sahilindəki bağ evində cərəyan edən hadisələri lentə köçürür, valideynlərlə övladlar arasında yaranmış problemləri tamaşaçılara çatdırmağa çalışır. Rejissorlar V.Kərimovla birgə işləməkdən razılıq edirdilər. Filmin çəkilişində əsas tənzimləyici sima rejissordur. Bununla belə, onun operatorla birgə işi, fikir birliyinin vacibliyi əsas şərtlərdəndir. Çünki tamaşaçı ekranda baş verən hadisələri operatorun gözü ilə görür. Ona görə də rejissor operatora inanmalı, ona etibar etməlidir. V.Kərimovla işləyən rejissorlar da ona etibar edir, inanırdılar. Valeri Kərimov 36 il Azərbaycan kinosunun inkişafına xidmət edib.

Kinoşünaslar bildirir ki, musiqili film çəkmək çox çətindir, ona görə ki, belə filmlərdə bir sıra musiqi parçaları, mahnılar səslənir. Əvvəlcədən fonoqrama yazılmış bu mahnıları hadisələrin gedişi prosesində aktyorların ifasında səsləndirmək heçasan məsələ deyil. Bunun üçün yaradıcı qrupun, xüsusən də operatorun üzərinə böyük məsuliyyət düşür. "Qorxma, mən səninləyəm" filminə baxarkən bunun nə demək olduğunu bir daha yəqin edəcəksiniz. Burada gözəl musiqivar, sərgüzəştlər, gözlənilməz, qeyri-adi hadisələr də. Hadisələri dinamik inkişaf edən filmin ritmi hər kadrda görünür. Bütün bunları bacarıqla, zövqlə lentə alan operator Valeri Kərimov ekranda Azərbaycanın füsunkar təbiətini, onun mənzərəli dağlarını və vadilərini sevə-sevə təcəssüm etdirib.

Həzi Aslanov haqda filmi...

Kinoşünaslar bildirir ki, Valeri Kərimovun operatoru olduğu, rejissor Rasim İsmayılovun çəkdiyi "Sizi dünyalar qədər sevirdim" bədii filmi çox dəyərlidir. Film Azərbaycan xalqının rəşadətli oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun həyat və döyüş bioqrafiyasından söhbət açır. Ekran əsərində Həzi Aslanovunonun Volqa çayının sahillərindən Pribaltika (Baltikyanı) cəbhəsinədək döyüş yolu keçmiş igid tankçılarının hünəri inandırıcı kadrlarla canlandırılıb. Filmin çəkilişlərinə çoxlu əsgər və hərbi texnika cəlb olunmuşdu. Qeyd edək ki, biz həmin ekran əsərinədək müharibə mövzusunda çəkilən filmlərimizdə bu cür miqyaslı döyüş səhnələrinə rast gəlməmişdik. Film Stalinqrad altında tank döyüşü ilə başlayır. Əlbəttə, belə batal səhnələrini çəkmək çətindir. Kinoşünaslar deyir ki, Kinostudiyamızın bu sahədə təcrübəsi çox olmasa da, baş operator Valeri Kərimov öz köməkçiləri ilə birgə işin öhdəsindən bacarıqla gəlib. Ekspertlər bildirir ki, onun kamerası döyüş səhnələrindən başqa insan qəlbinin hərarətini, döyüntülərini tamaşaçıya çatdırmağa müvəffəq olub, döyüşlərin getdiyi ərazinin təbiətinin gözəlliyini göstərə bilib. Film bütövlükdə Azərbaycan kinematoqrafiyasının uğuru kimi qiymətləndirilib, filmə ümumittifaq baxışı keçirilib. Sovet İttifaqı Qəhrəmanı Adil Quliyev "Bütün həyatı döyüşdür" məqaləsində film barədə yazıb: "Filmin yaradıcıları Belarusiyada, qarlı çöllərdə çoxsaylı hərbi texnika ilə mürəkkəb çəkilişlər aparmışlar. Demək istəyirəm ki, heç bir kadrda bunlar butaforiya kimi görünməmişdir. Döyüş səhnələri Valeri Kərimov tərəfindən yaxşı çəkilmişdir. O, ekranda döyüşün ab-havasını, bunun detallarını verə bilmişdir..." ("Bakinski raboçi" qəzeti, 25 fevral 1986-cı il).

Kinooperatorluqdan kinorejissorluğa...

Arxiv materiallarından bəlli olur ki, Valeri Kərimov son vaxtlar kinoda özünü yeni sahədə - rejissorluqda sınamaq istəyirdi. Böyük zəhmət və istedadla 1989-cu ildə bu istəyinə də nail olan sənətkar "Debüt" studiyasında yazıçı Əkrəm Əylislinin ssenarisi üzrə "Həmyerli" adlı qısametrajlı bədii filmə quruluş verir. Bu dünyada öz yerini necə axtarıb tapmalı, qəlbinin səsini necə eşitməli? Film tamaşaçını bu suallar ətrafında düşünməyə çağırır.

"Ailə" filmi ona ölüm gətirdi...

53 yaşayıb bu həyatda. Ancaq bu 53 ildə çox işlər görüb.

V.Kərimov 1998-ci il martın 9-da "Ailə" filmini çəkərkən qəflətən vəfat edib. Bu ölüm Azərbaycan kinosunun xəzinəsindən böyük bir peşəkarı apardı. Onu da qeyd edək ki,

Valeri Kərimov, peşə fəaliyyəti ilə yanaşı, kino sahəsində təşkilati işlərdə də yaxından iştirak edirdi. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi kimi işinə vicdanla yanaşır, kinomuzun inkişafı naminə hər iki cəbhədə-yaradıcılıq sahəsində və ictimai işlərdə həvəslə çalışırdı. Çünki o, kino adamı idi, kinonun vurğunu idi. Kinonu ürəkdən sevməyən adam onun yolunda fədakarlıq göstərə bilməz. V.Kərimov kinoya könüldən bağlı olduğu üçün qısa ömrünün böyük hissəsini kinoya bəxş edib. Onun ömrü havaya xərclənməyib, kinoya, sənətə, incəsənətə xərclənib. Kinoya həsr edilən ömür isə film kimi keçir - mənalı, məzmunlu, işıqlı, təlatümlü, tufanlı, boranlı, sonda isə günəş doğur...

Ruhunuz şad olsun, Valeri Kərimov, 70 yaşınız mübarək, istedadlı kino adamı!

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 25 may.- S. 12.