Muğam tarixindən - "Osmanlı" muğamının izi ilə...

 

Muğam musiqiləri haqqında çox yazılıb, muğamların tarixi adı, yaranması, variantları barəsində maraqlı fikirlər mövcuddur. Azərbaycan xalq musiqisinin aparıcı qollarından olan muğam nə qədər öyrənilsə də, ayrı-ayrı şöbələri, guşələri təhlil edilsə də, yenə də sirli qalan məqamlar var. Son illər həm yerli telekanallarda, həm radio proqramlarında, həm də sosial şəbəkələrdə qədim tarixə malik olan bəzi muğamlar, onların adları, saz havalarından götürüldüyü haqda maraqlı müzakirələr gedir.

Azərbaycan milli musiqisinin vacib hissəsi olan muğamların tarixi sözsüz ki, qədimdir.

Həm klassik ifaçıların, həm çağdaş ustad xanəndələrin, həm də gənc ifaçıların tez-tez müraciət etdiyi bir muğam var-"Osmanlı" muğamı. Axır zamanlar bir sıra alim və qələm adamları bu muğamın məşhur saz havası "Oğuzoğlu" ("Keşişoğlu"-havanın köhnə adı-İ.S) olduğunu deyir. Muğam ifaçıları isə əksini söyləyir. Bu mövzu ilə əlaqədar olaraq bəzi muğamşünaslarla söhbət etdik, onların söhbətlərindən dəqiq bir nəticə əldə edə bilmədiyimizdən, bu sahənin özünəməxsus araşdırıcısı olan, orijinal fikirləri ilə daim digərlərindən fərqlənən - mənəvi-mədəniyyət (elə maddi-mədəniyyət də-İ.S) tariximizin araşdırıcısı, yazıçı-publisist, dramaturq-ssenarist, sənətşünas-jurnalist, "Qızıl qələm" laureatı Binnət Hümbətoğluna müraciət etdik.

Binnət müəllim bildirdi ki, illərdir bu sahədə araşdırma aparır. Onun sözlərinə görə, "Osmanlı" ("Osmannı") muğamının tarixi qədimdir: "Bir çox sahələr kimi tarix boyu muğam musiqiləri də istər ümumilikdə tarixi-fəlsəfi mahiyyəti, istərsə də detali - ad, söz mahiyyəti, eyni zamanda da səs-ifaçılıq sənəti və mahiyyəti barədə mütəxəssislər (yaxud da qeyri-mütəxəssislər) arasında daim mübahisə obyektinə çevrilib. Təəssüf ki, mübahisə doğuran məsələlərdə fikirlər heç də həmişə üst-üstə düşmür. Götürək elə sizin araşdırma mövzusu kimi seçdiyiniz, bu gün "Osmannı" ("Osmanlı"-İ.S) deyilən musiqi haqqındakı fikirlər kimi: bəziləri bu musiqinin elə "Mani" musiqisi olduğunu qeyd edir və bunu da onunla izah edirlər ki, guya sovetlər dövründə "Osmannı" adını çəkməyin qadağası sayəsində "mani" kimi adlandırıblar. Bəziləri isə tamam əksinə, bu musiqilərin ayrı-ayrılıqda səsi və mahiyyəti olduğunu qeyd edirlər. Bu mövzu üzərində çoxdan işləyirəm və yazını hazırda çapa hazırlanan "Kamus" (Qamus) kitabıma da salmışam".

Asmanu, Usmanu, Amanu, Manu və Osmannı...

Binnət müəllim qeyd edir ki, Asmanu, Usmanu, Amanu, Manu və Osmannı - bu gün bizə məlum olan Muğam (Mukam, Makam) kimi təqdim olunan və bu ad altında cəmləşən 501+1 (bunu ilk dəfə mən müəyyən etmişəm) ilahi-ruhi musiqilər sırasına daxildir: "Təbii ki, maddi-cismi musiqilərin bəziləri öz əsasını bu musiqilərdən - ilahi-ruhi musiqilərdən götürsə də, tam olaraq ilahi-ruhi musiqi sayıla bilməz. Çünki əsasını ilahi qatlardan götürən ruhi-musiqi səslər maddi cismlərin yaratdığı səslərdən dağla-dərə qədər fərqlənir. {Baxmayaraq ki, ilahi-ruhi musiqiləri bu gün hər hansı bir maddi-cismi instrumentdə-alətdə səsləndirmək mümkündür. Çünki ilahi-ruhi musiqilər ilkin olaraq boğaz-səs quruluşu üçün formalaşıb, yaxud da formalaşdırılıb. Bunu təxminən 18-20 min il öncə Nil (Nul) çayı sahillərində mövcud olmuş Ukur (Uyğur) və Ayma (Maya) qohum tayfa birləşmələrinin yaratdığı Saus (Sayıs) mədəniyyətinin qalıqları arasında tapılmış maddi-cismi musiqi alətlərinin nəfəslə üfürülmə zamanı çıxardığı səslər sübut edir. (Bu barədə "Müdrikliyin səlahiyyət zirvəsi" kitabımda qismən məlumat vermişəm-B.H) Eyni zamanda, ilahi-ruhi musiqilərin bizə gəlib çatan ən qədim adlarına elmi şəkildə nəzər yetirəndə görürük ki, bu adlar heç də bu gün qəbul etdiyimiz şəkil və anlayışlardakı kimi, həm də hansısa xalqın dilindən tərcümə edilən məna və mahiyyəti əks etdirmir. Yəni diqqətlə araşdırdıqda məlum olur ki, bu ifadə-cümlələr 10 min illər öncə yaşamış əjdadlarımızın - Ukur, Ruku, Ruk, Uruk; Şumer-Sumer-Remus-Ramus-Musra-Sumra, Akkadlar istisna olmaqla) Adak-Daqqa (Dəkkə); Babil-Babul-Lubab-Bulba (Bulla); As-Sa-Asar-Sara-Araz (Asar-Azər); Bayad-Adbay-Bayda; Tur-Rut-Turqut-Kutur-Rutuk- Turukku-Ukkutur-Turk və s. kod yazı səsləndirmələridir ki, bir neçə hərfi-səslərlə bir neçə sözü və cümləni ifadə edir. Təəssüflə deməliyəm ki, mən öz-özlüyümdə əsasən musiqilərimizə aid olan bu kodlaşdırılmış ifadələrin bəzilərinin hərfi işarələrdəki səs anlayışlarının tarixi-fəlsəfi məna-mahiyyətini qismən müəyyən etsəm də, səs birləşmələrinin müxtəlifliyindən (yerdəyişməsindən) yaranan söz ifadə fərqlərinin mahiyyətini tam tuta bilməmişəm. Məsələn: Asar ifadəsinin əksolunma, güzgü, əksoxunma və heca yerdəyişmələri ilə kodlaşdırılmış yazılı və şifahi səsləndirilmələrinə diqqət yetirdikdə görürük ki, bu yerdəyişmələr baş verdikcə mahiyyət də dəyişir. Nəinki mahiyyət, həm də məna, məzmun, rəng, çalar, tembr və s. də dəyişir. Yəni Asar ifadəsinin qeyd etdiyim kodlaşmış formalarına nəzər saldıqda bunu aydın görürük. Məsələn: Asar (Hisar və Hasar) müasir deyimdə ifadə olunan "Cahargah" dəsgahında şöbə olaraq ifa edilir və "Cahargah" kökünə uyğun səs tembrinə malikdir (Zabulda isə bir az fərqlənsə də, öz çalarını saxlayır). Lakin heca yerdəyişməsi koduna fikir verdikdə: Raas-məlum olur ki, bu musiqi tamam başqa kökdə, başqa çalarda, rəngdə, tembrdə ifadə olunur, eyni zamanda başqa məna, mahiyyət, məzmun kəsb edir. O cümlədən də Sara formasında (Günəş-"apardı sellər saranı") və Sarı gəlin ("Sara gəlin","Sara xanım sarayından baxanda" xalq mahnıları), həmçinin Aras (çay-su üstə ayinlər keçirilməsindən götürülən ad), yaxud "Arasbar" (zərb musiqisi anlayışında olsa da, əsas mahiyyəti-mənası, tək, pak, günəş asları döyüşçüləri və yaxud pak günəş asları döyüşçülərinin ibadət yeri, binası-su nəzərdə tutulur).

Mən Asar musiqisi haqqında onun hərfi işarəsi ilə şifahi səs mahiyyətinin kod açılışını "Müdrikliyin səlahiyyət zirvəsi" kitabımda qismən vermişəm. Fikrim aydın olsun deyə, burada bir daha təkrar etmək istəyirəm: məsələn, A - əsas, tək yaradan Tanrını ifadə edir - işıq mənasında, türklər bu gün də bizim ağ dediyimiz anlayışı ak kimi ifadə edirlər.

K - parıltını ifadə edir. R - düşən, səpələnən şəfəqit bildirir. S - sözü və yeri gəldikdə isə səsi bildirir.

Zaman keçdikcə hərf - səs birləşmələrində Ak - böyüklüyü (Tanrının), insanlığa şamil edildikdə (Akka - böyüklər böyüyü, müxtəlif uğramalarda - əkə, aka - ağa, kaka - kaqa, kağa, qağa və s.), As - ilkin olaraq Tanrıya aid olan - qüdrətli söz, bəzi məqamlarda səs sahibliyini, zaman keçdikcə bu ifadə insanlığa şamil edilərək, qüdrətli insanlara birləşməsində və bu xalqın, millətin yayıldığı ərazilərə bütövlükdə Asiya qitəsinə) şamil edilib.

Təəssüflər ki, dilçilərimiz bu sözün həqiqi məna və mahiyyətini açmadan ərəb sözü kimi təqdim edirlər. Lakin tərcüməsinin mahiyyətinə nəzər yetirdikdə görürük ki, sözün əsl mahiyyəti əcdadlarımızın dili, dini, tarixi və mədəniyyətinə aiddir".

Söhbətimizdə bir daha əvvəlki fikrimə qayıdan tədqiqatçı dedi ki, onun bu hərfi-işarə və şifahi səslər üzrə açıqlamaları hələ hər şey demək deyil. "Çünki bu işarələrin, birləşmələrin və yerdəyişmələrin kod formaları dəyişdikcə, onların mahiyyəti və məzmunu da dəyişir. Eyni zamanda, fikir və informasiya anlayışlarında müxtəlifləşir. Ümid edirəm ki, mənim bu açariyyəm gələcək tədqiqatçılara bir istiqamət, bir istinad olacaq"- deyən B.Hümbətoğlu qeyd etdi ki, Usmanu ifadəsi yuxarıda qeyd edilən kimi, As ifadəsi qüdrətli söz-səs sahibi Tanrıya (ilkin olaraq) işarədir.

Binnət müəllimin sözlərinə görə, Manu ifadəsini də onun müəyyən etdiyi qaydada incələdikdə yenə də Tanrı ilə bağlılığı üzə çıxır: "Məsələn: M - maya, əsas; ma-am birləşməsində maya, əsas Tanrı, yaradan qüvvə, işıq tanrı; U - od (ud, udu - günəş, O.Süleymanovun "Az i Ə" (Az i Ya"-İ.S) kitabındakı lüğət - təsnifatdan), N - nur, şölə, Un - birləşməsində isə bu odun (udunun) nuru, şöləsi, başqa bir yanaşma tərzində isə səsi (ünü) ifadə edir. Heca yerdəyişməsi, güzgü oxunuşu, əksolunma, sağdan sola oxuma prinsiplərinə görə sözün kökünü manu olaraq götürsək, ümumi anlayış olaraq As - ların (tayfa xalq olaraq) maya Tanrı oduna aid olduğuna işarədir (yəni Tanrıdan törəyən, Tanrıya aid olan və s.).

Unam kimi oxusaq, yenə də Asların maya Tanrının odunun nuru kimi başa düşülər. Un - səs (ün) kimi qəbul etsək, belə alınar ki, Aslar maya Tanrının odunun nurunun səsidirlər (və ya səsinə mənsubdurlar). Əgər bu ifadənin müasir yazılış və deyiliş forması olan - mani - inam kimi qəbul etsək, deməli, Asların inamı kimi anlaşılır Usmanu. Yuxarıda qeyd etdiyim kimi, us - su - odun sözü və ya səsi olaraq qəbul etsək, burada mahiyyət nisbətən dəyişir. Yəni us - ifadəsi tarixin müəyyən dövrlərində artıq ilkin mənasına (söz - səs) yox, el, kütlə, xalq (ulularımız, uluslarımız) mənasını ifadə edir ki, bu da sonradan (us) su (içməli su) söz və mahiyyətinin əmələ gəlməsinə səbəb olub. Bu fikrimin də tarixi əsasları var. Tarixdən məlumdur ki, əcdadlarımız işıq Tanrıya - sonradan onun odu, nuru hesab etdikləri günəşə ibadətləri hövzələrində həyata keçirirdilər. (Nadir hallarda - məqsəd, məram və mahiyyətdən asılı olaraq dağ zirvələrində. P - yüksəklik, Alp, Al-qırmızı, Altay, Aratta və s. bu barədə də kitabda müəyyən qədər məlumat vermişəm). Bu zaman udunun (günəşin) sudakı əksində vəfqiz olunar (yuyunar, qüsullanar, dəstəmazlanar) və sonradan aidiyyəti mərasimi icra edərdilər. Bu cür təqdimatların da nəticəsi sonradan us - su ifadəsinin el, kütlə və daha sonradan isə içməli su anlayışına çevrilməsinə səbəb olub (türklərin səsdən, rəngdən, şəkildən və s. sözyaratma prinsipinə uyğun olaraq. Məsələn, türklərin bağaya fısıldamasına rəğmən tısbağa, şəlalənin səsinə uyğun - şırran, suya Tanrının evi - binası olduğuna inandıqlarına görə Ab - B yazı işarəsi şumerlərdə - bina anlayışını verir və s. Farslar da bunu su anlayışında Midiya ərazisinə gəldikdən sonra şifahi olaraq onlardan götürmüşlər). Sonradan Suvat (v-yuva, yer, mətə; Tanrı, qat, tak, tağ və s.) sözü və anlayışı da bu mərasimlərdən törəyib. Fikrimi yekunlaşdıraraq deyərdim ki, bu da Usmanu ifadə tərzində ümumi anlayışda xalqın, kütlənin, yaradan - maya Tanrıya ibadət etdikləri yer, yuva, mətə bina mənasına gəlir".

Amanu

"Adını yuxarıda çəkdiyim, kitabımda qeyd etdiyim kimi tədqiqatçıların verdiyi məlumatlara görə, təxminən 20 min il bundan öncə yaşamış və yer üzünün şəriksiz milləti olan əcdadlarımızın babaları Amular, onların məskunlaşdığı böyük ada torpaq parçası güclü vulkan püskürməsi zamanı, demək olar ki, tamamən ümmana qərq olduqdan sonra (tədqiqatçılar bu materiki sadəcə Mu qitəsi kimi təqdim edirlər) kiçik adacıqlarda salamat qalmış insanlar ukur (uyğur) və Ayma (maya)lar iki yerə bölündülər: yarısı Nil (Nul) çayı sahillərinə, digərləri isə Kabkasa (Kavkas - Qafqaz), o cümlədən də Xəzər sahillərinə üz tutub, məskən saldılar. Nil (Nul) sahilindəkilər Saus (Sayıs) mədəniyyətini, Xəzər sahilindəkilər isə Kamus (kabus, qamus - indiki Qobustan) və Baku - Ukab, Kuba (indiki Qız qalasının ən qədim adı) mədəniyyətini yaratdılar. Tədqiqatçılar hesab edir ki, bu onların bu yerlərə təkrar gəlişi idi. Bu isə məntiqə uyğundur. Çünki bu gəliş təxminən 18 min il öncəyə təsadüf etdiyi halda, Qobustandakı abidələrin bir çoxunun yaşı 30-50 min ildən isnad verir. Ona görə də ehtimal etmək olar ki, onların sonuncu gəlişi, "Baku - Kuba" və ehtimal ki, indi Xəzərin suları altında qalmış Suma-Amus səs məbədinin yerləşdiyi şəhər ərazisində olub. Çünki həmin dövrdə Nil (Nul) sahillərində Saus (Sayıs) şəhərində belə bir (Amusu - Suma) səs məbədinin varlığı arxeoloji qazıntılar zamanı üzə çıxıb. Bu heç cür ağlabatan deyil ki, eyni tarixə, eyni mədəniyyətə malik olan bir millət başqa yerdə yaşayan millətdaşlarından fərqli mədəniyyət yaratsın. "Qobustan" adı nə qədər təhrif olunsa da, uğrasa da, bu ad Kamus, Qamus, Kabus, Qabus ad ifadələrinin əsas mahiyyətini saxlaya bilib. Tanrı bizi istəyib ki, səs məbədini məhv etsə də, işıq məbədini - Baku, Kuba (Qız qalasını) məbədini qoruyub bizə çatdırıb"- deyən tədqiqatçı hesab edir ki, qeyd etdikləri Amanu söz-ifadəsinə və musiqisinə aidiyyəti olmamış deyil. Onun sözlərinə görə, Asmanu, Usmanu ifadə-söz və musiqisi kimi Amanu ifadə və musiqisinin də mahiyyət anlayışı kökündə Manu ifadəsi durur.

Ardı gələn sayımızda

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 21 may.- S. 15.