II və III Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumlarından dünyaya Azərbaycan mesajları...
Azərbaycan bütün dünya üçün açıq bir ölkədir. Mədəniyyətlərarası şəffaf əlaqələri, dövlətləri birləşdirən sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarlarından biri dövlətimizdir. Dövlətimiz sülh, əminamanlıq, mədəniyyətlərin öz kökünü saxlamaqla başqa mədəniyyətlərlə təmas qurmasına çalışır və bu sahədə də böyük işlər görür.
Məlum olduğu kimi, müasir dövrdə dünya xalqlarının yaxınlaşması, qlobal təhlükələrin qarşısının alınması üçün qüvvələrin birləşdirilməsi və vahid anlamın formalaşdırılması bəşəriyyətin qarşısında duran vacib problemlərdən biri kimi gündəmdədir. Bu gün bəşəriyyətdə cəmiyyətlər, dövlətlər, sivilizasiyalar, fərqli dini areallar arasında ünsiyyətin tənzimlənməsi, onlar arasında vahid münasibətlər sisteminin formalaşması vacibdir, bunun açarı isə mədəniyyətdir. Mədəniyyət vasitəsilə körpülər qurmaq, yeni-yeni əlaqələr formalaşdırmaq, sülhü, humanizmi, multikultralizmi yaymaq və ayaqda saxlamaq olar.
2011-ci ildə ilk dəfə keçirilən, sonra isə ənənəvi xarakter alan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif mədəniyyətlərin, dillərin, dinlərin qovuşuğudur. Bu forumlarda ayrı-ayrı dövlətlərin rəsmi şəxsləri, görkəmli insanlar, mədəniyyət, din xadimləri iştirak edib.
Bilirik ki, II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
2013-cü
ilin 29 may - 1 iyun tarixlərində Bakıda keçirilib. Onu da qeyd edək ki, II Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun əhəmiyyəti çox böyükdür.
Bu tədbirlərdə Azərbaycan dünyaya təqdim
edilir, mədəniyyətimizin bəşəriyyətə
verdiyi incilər haqqında danışılır. Dünyada baş alıb gedən bir çox mədəni,
mənəvi, iqtisadi, elmi problemlər bu forumların əsas
mövzusuna çevrilir.
Məlumat
üçün deyək ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin imzaladığı 2011-ci il 27 may tarixli Fərmanı ilə
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu hər
iki ildə bir dəfə Azərbaycanda keçirilir. Bəlli
olduğu kimi, 2012-ci ilin 25 dekabr tarixində Azərbaycan
Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı
ilə II Dünya Forumunun 2013-cü ilin 29 may - 1 iyun tarixlərində
Bakıda təşkili ilə bağlı Tədbirlər
Planı təsdiq edilib. Qeyd edək ki, ölkəmizdə
artıq üçüncü dəfə keçirilən
forum haqqında Azərbaycan Respublikasının mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev də fikirlərini
bildirib. Onun sözlərinə görə, bu forumun
böyük əhəmiyyəti var: "... Azərbaycan
Prezidentinin himayəsi ilə keçirilən bu forum UNESCO,
BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Dünya Turizm Təşkilatı,
Avropa Şurası, İSESCO, Avropa Şurasının birgə
tərəfdaşlığı ilə təşkil edilən
yeganə platformadır".
Onu da bildirək ki, Bakıda keçirilən
Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunda mütəmadi olaraq ölkə
başçısı iştirak edir. Tolerantlıq nümunəsi
olan ölkəmizdə heç bir dini, milli, irqi
ayrıseçkiliyin olmadığını hər kəs
bilir. Azərbaycan Prezidenti İlham
Əliyevin himayəsi ilə keçirilən 2-ci
Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunun şüarı "Çoxmədəniyyətli
dünyada sülh şəraitində birgə yaşamaq"
olub. Forumun əsas tərəfdaşları
UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa
Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO,
BMT-nin Dünya Turizm Təşkilatıdır.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın
bütün dövrlərdə tolerantlıq məkanı
olduğunu, bu amilin müstəqillik illərində daha da
gücləndiyini bildirib: "Azərbaycanda milli və dini ənənələr
güclüdür". Ölkə
başçısının bu açıqlaması
bütün dünya üçün bir nümunədir.
Prezident İlham Əliyev dəfələrlə
vurğulayıb ki, ölkəmiz həm Avropa Şurası, həm
də İslam Əməkdaşlıq Təşkilatına
üzvdür və bu qurumlarda fəal iş aparır. Dövlət başçısı həmçinin
qeyd edib ki, dünyada Azərbaycanın irəli
sürdüyü təşəbbüslər yüksək
qarşılanır və regionlararası əməkdaşlıq
üçün yaxşı imkan yaradır.
Xalqlar və dövlətlər arasında əməkdaşlığın
gücləndirilməsinin vacib olduğunu hər zaman ölkə
başçısı önə çəkir. Bu baxımdan regional əməkdaşlıq
məsələlərində Azərbaycanın müsbət
təcrübəsinin digər ölkələr
üçün də maraqlı ola biləcəyini
vurğulayan İlham Əliyev forumun əhəmiyyətinin
böyük olduğunu deyib. Prezident İlham
Əliyev bildirib ki, indi multikulturalizmin genişlənməsi
xüsusi əhəmiyyət daşıyır və Azərbaycanda
bu amil əsrlər boyu mövcud olub. "Dünyada
multikulturalizm üçün gözəl imkanlar var" deyən
Azərbaycan Prezidenti mulitikulturalizmin alternativinin
olmadığını bildirib, ölkəmizdə
bütün xalqların, dinlərin və mədəniyyətlərin
nümayəndələrinin bir ailə kimi
yaşadığını vurğulayıb. İndiyə qədər keçirilən forumlarda
Prezident İlham Əliyev çıxışları
zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə də toxunub, işğal olunmuş ərazilərdə
tarixi, dini və mədəni abidələrin ermənilər
tərəfindən dağıdıldığını
bildirib. Ermənistanın işğala son
qoyması ilə bağlı nüfuzlu beynəlxalq təşkilatların
qərarlarını xatırladan dövlət
başçısı vurğulayıb ki, münaqişə
yalnız ölkəmizin ərazi bütövlüyü
çərçivəsində həll olunmalıdır.
Prezident İlham Əliyev ilk forumdan ötən
müddətdə Azərbaycanda mədəniyyətlər və
dinlərarası dialoqla bağlı keçirilən
mühüm tədbirlərdən danışıb. Bildirib ki, Azərbaycan bu cür tədbirləri təkcə
ölkədə deyil, sərhədlərimizdən kənarda
da reallaşdırır.
Onu da qeyd
edək ki, II Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunda BMT-nin Sivilizasiyalar Alyansının rəhbəri,
BMT baş katibinin ali nümayəndəsi
Nasir Əbdüləziz əl-Naser çıxış
edirdi. O da bu tədbirin mədəniyyətlərin
qovuşduğu bir məkanda - Bakıda ikinci dəfə
baş tutmasını Azərbaycan Prezidentinin mütərəqqi
baxışlarının nəticəsi kimi qiymətləndirib:
"Bu forum dünyada mədəni müxtəlifliyin
inkişafına töhfə verir. Sülh, ədalət
və inkişaf naminə səslənən fikirlər beynəlxalq
aləmdə əks-səda doğuracaq".
Bir neçə gün əvvəl isə Bakıda III
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
başa çatıb. Forum "Mədəniyyəti ortaq təhlükəsizlik
naminə paylaşaq" devizi altında keçirilib.
Forumda müzakirələr ilk növbədə BMT Baş
Assambleyası tərəfindən elan olunan 21 may - Dialoq və
inkişaf naminə ümumdünya mədəni müxtəliflik
gününə həsr olunan layihə və proqramlar, eləcə
də mədəniyyətlər arasında etimad və əməkdaşlığın
möhkəmləndirilməsində din, miqrasiya, idman, təhsil,
incəsənət və biznesin buradakı rolu ətrafında
aparılıb. Forumda müxtəlif ölkələrdən
500-dən artıq nümayəndə iştirak edib. Azərbaycan
Prezidenti İlham Əliyevin iştirak etdiyi foruma BMT-nin
Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi
Nasir Əbdüləziz əl-Naser, UNESCO-nun baş direktoru
İrina Bokova, İslam Əməkdaşlıq Təşkilatının
baş katibi İyad bin Amin Mədəni, İSESCO-nun baş
direktoru Əbdüləziz Osman əl-Tüveycri, BMT-nin
Dünya Turizm Təşkilatının baş katibinin turizm və
sülh üzrə müşaviri Amr Abdel-Qaffar qatılıb.
III Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun rəsmi açılışında
çıxış edən Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev "Çox şadam ki, bu gün
Bakıda III Mədəniyyətlərarası Dialoq Forumu
öz işinə başlayır. Bu,
yaxşı göstərici və ənənədir. Biz üçüncü dəfədir ki, bu qlobal
forumu təşkil edirik. Bu, mədəniyyətlərarası
dialoq məsələlərinin müzakirə
olunmasının artan əhəmiyyətini nümayiş
etdirir. Bu gün yüzdən artıq
dövlətin nümayəndələri Bakıdadır.
Bu isə bir daha belə müzakirələrin
vacibliyini təsdiqləyir. Əminəm
ki, mədəniyyətlərarası münasibətlərə
müsbət dinamika verilməsi üçün forumun
keçirildiyi günlərdə dəyərli fikirlər səslənəcək.
Azərbaycan bu sahədə öz səylərini
hər zaman göstərir və xalqları, dövlətləri,
sivilizasiyaları bir araya gətirməyə
çalışır. Azərbaycan
sivilizasiyaların, mədəniyyətlərin və dinlərin
kəsişməsində yerləşir. Biz
Avropa və Asiya arasında yerləşirik. Əlbəttə ki, bu coğrafi yerləşmə
Azərbaycanın mədəni müxtəlifliyində öz
rolunu oynamışdır. Əsrlər
boyu bütün mədəniyyətlər, dinlər və
etnik qrupların nümayəndələri Azərbaycanda
sülh və ləyaqət şəraitində bir ailə
kimi yaşamışlar. Biz fəxr edirik
ki, bu müsbət meyllər müstəqillik illərində
daha da güclənmişdir. Bizim tarixi abidələrə
nəzər salmaq yetər ki, Azərbaycanın mədəni
müxtəlifliyi aydın görünsün. Biz tarixi və mədəni irsimizlə fəxr
edirik. Dünyanın ən qədim məscidlərindən
olan, 743-cü ildə inşa edilmiş məscid Azərbaycanın
qədim Şamaxı şəhərində yerləşir.
Dünyanın ən qədim kilsələrindən
biri - Qafqaz albanlarının kilsəsi Azərbaycanın qədim
Şəki şəhəri yaxınlığındadır.
Pravoslav və katolik kilsələr, sinaqoqlar, atəşpərəstlər
məbədi bizim mədəni irsimizin tərkib hissəsidir və
biz bununla fəxr edirik" deyə bildirən ölkə
başçısı qeyd edib ki, bu gün Azərbaycanda
bütün dinlərin və etnik qrupların nümayəndələri
yaşayır və ölkəmizin uğurlu inkişafına
öz töhfələrini verirlər. Onun sözlərinə
görə, bu bizim ən böyük sərvətlərimizdəndir:
"Biz bundan qürur duyuruq və multikulturalizm dəyərlərinin,
sülh, əməkdaşlıq və
qarşılıqlı anlaşmanın təşviqi
üçün müxtəlif beynəlxalq tədbirlər
keçiririk. Hesab edirəm ki, müsbət
meyllərin güclənməsi üçün dünyada belə
tədbirlərə, açıq müzakirələrə və
fikir mübadiləsinə ehtiyac var. Təəssüflər
olsun ki, bu gün dünyanın müxtəlif yerlərində
baş verənlər dərin narahatlıq doğurur. Biz mənfi istiqamətdə cərəyan edən meyllərin
şahidi oluruq. Bu səbəbdən
ölkələri, sivilizasiyaları və dinləri daha da
yaxınlaşdırmaq üçün hansı işlərin
görülməli olduğunu açıq və səmimi
müzakirə etməliyik. Gərginliyin və
nifrətin azaldılması beynəlxalq gündəmin ən
mühüm məsələlərindəndir. Bizim ölkədə multikulturalizm ənənələri
hər zaman güclü olub və Beynəlxalq Multikulturalizm Mərkəzinin
yaradılması bu dəyərlərin təşviqi istiqamətində
hökumətimizin atdığı daha bir addım idi. Multikulturalizmin alternativi yoxdur. Hesab
edirəm ki, siyasətçilərin, ictimai xadimlərin, beynəlxalq
təsisatların, qeyri-hökumət təşkilatlarının
və medianın bu məsələdə məsuliyyəti
artmaqdadır. Bildiyimə görə,
forumun mövzularından biri məhz ictimai xadimlər və
siyasətçilərin məsuliyyətinə həsr edilib.
Biz bəzi hallarda görürük ki, dini nifrət
süni şəkildə yaradılır. Bəzən
dünyanın müxtəlif yerlərində etnik və dini zəmində
zorakılığın şahidi oluruq və o zaman siyasətçilərin
və vəziyyətə təsir edə bilən insanların
məsuliyyəti artır. Düşünürəm
ki, bu səbəbdən multikulturalizm dəyərlərini birgə
səylərlə təşviq etməliyik. Bilirəm ki, bununla bağlı müxtəlif fikirlər
və bəzən də pessimist ideyalar var. Lakin
multikulturalizmin müsbət nümunələri də var və
Azərbaycan onlardan biridir. Hesab edirəm
ki, multikulturalizmi gələcəyi olmayan məfhum kimi təqdim
etmək təhlükəlidir, əksinə, səylərimizi
dayandırsaq, dünyada vəziyyət daha da pisləşəcək.
Bu səbəbdən artıq dünyada
multikulturalizm mərkəzlərindən biri olaraq tanınan Azərbaycan
kimi ölkələrin nümunəsi yaxşı göstəricidir
ki, multikulturalizm yaşayır və biz müsbət meylləri
stimullaşdırmalıyıq. Bunun
alternativi nədir? Təcridolunma,
ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli
amillərdir ki, onlar artıq bəşəriyyət tarixində
sivilizasiyaların və xalqların fəlakətinə səbəb
olub. Dərin multikulturalizm köklərinə
malik ölkə və xalq kimi, biz qlobal arenada bu müsbət
dəyərlərin təşviqində müvafiq rol
oynamağa çalışırıq. Azərbaycan
müsəlman dünyasına mənsub olan ölkədir,
ancaq eyni zamanda, onun Avropa ilə güclü bağlılığı
var...".
Ölkə
başçısı onu da vurğulayıb ki, mədəni
müxtəliflik və mədəniyyətlərarası
dialoqun təşviqinin ən vacib elementlərindən biri əlbəttə
ki, təhsildir: "Biz təhsilə böyük diqqət
yetiririk və fəxr edirik ki, Azərbaycanda savadlılıq
100 faizə bərabərdir. Təhsil gələcəyin,
inkişafın yoludur. Elə inkişaf
etmiş ölkələr var ki, onlar tərəqqini təbii
sərvətlərlə deyil, təhsil, elm və
texnologiyaların inkişafı sayəsində təmin ediblər.
Eyni zamanda, təhsil ekstremizmə, radikalizmə,
fundamentalizmə, terrorçuluğa qarşı təminatdır.
Bu, müasir həyatın təhlükəli
elementlərinə qarşı sığortadır. Bildiyimə görə, bu mövzu ətrafında
müzakirələr forumun diqqət mərkəzində olacaq
və hesab edirəm ki, Azərbaycanın təcrübəsi də
maraq doğuracaq. Çünki biz də bu
gün təhsil sistemimizi transformasiya edirik və onu beynəlxalq
standartlara çatdırırıq. Biz məmnunuq
ki, gənc nəsil azərbaycanlılar həyatda öz layiqli
yerlərini tutmaq və ölkənin potensialını
gücləndirmək üçün daha çox öyrənmək,
qabiliyyətlərini artırmaq arzusundadırlar. Eyni zamanda, biz fəxr edirik ki, gənc nəsil vətənpərvərdir.
Vətənpərvərlik insanların ölkəsini
sevməsi deməkdir. Habelə bu, dövlətlər
və xalqlar arasında birliyi gücləndirən amildir.
Biz hər zaman hesab edirik ki, ölkəyə,
xalqa, dinə olan hörmət digərlərinin ənənələrinə
və dəyərlərinə hörmətdən
başlayır. Yalnız bu yolla uğura nail olmaq
mümkündür".
Ölkə
başçısı təəssüflə qeyd edib ki, bu
gün dünyanın müxtəlif yerlərində etnik,
dini, məzhəb zəminində ayrı-seçkiliyi
görürük: "Bu da faciəvi bir haldır. Biz bunu öz qonşuluğumuzda görürük.
Biz, həmçinin, neofaşizm hərəkatı
kimi təhlükəli meyllərin şahidi oluruq. Beynəlxalq ictimaiyyət, onun liderləri bu məsələyə
çox ciddi şəkildə yanaşmalıdırlar. Çünki biz bu döyüşdə qalib gəlməliyik
və bunu yalnız birgə səylərimizlə edə bilərik".
III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser "...Bu il keçirilən Forumun mövzusu "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq"dır. 2015-ci ilin sentyabrında dünya liderləri 17-ci davamlı inkişaf məqsədlərini qəbul etmək üçün toplaşacaqlar. Bu baxımdan Alyansın məramı sülhsevər və inklüziv cəmiyyətlərin qurulması zərurətini qeyd edən 16-cı davamlı inkişaf məqsədinə tam oxşardır. BMT-nin gördüyü işin əksər hissəsi və həmin yeni davamlı inkişaf məqsədləri vasitəsilə həll etməyə çalışdığımız məsələlərin çoxu 2030-cu ilə qədər fəaliyyətimizi istiqamətləndirəcək. Davamlı inkişaf və qlobal təhlükəsizliyə nail olmaq üçün irəliləyişə əngəl törədən bir sıra problemləri aradan qaldırmağa yardım edəcək. Təcridolunma, iqtisadi məhdudiyyətlər, qeyri-bərabərlik, düzgün idarəçiliyin çatışmaması XXI əsrdə dünyamızı zəiflədən sosial ədalətsizlik nümunələrindən biridir. Bu gün biz "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq" mövzusunu müzakirə etdiyimiz zaman müxtəliflik məfhumunu xatırlatmaq çox yerinə düşərdi. Bu zala nəzər saldıqda burada müxtəlif ölkələrdən gəlmiş çoxlu sayda fərqli insanları görürəm. Asiya ilə Avropa arasında yerləşən Azərbaycanın özü müxtəlif irq, din, mədəniyyət və dillərdən ibarət möhtəşəm mozaikadır"-deyə bildirib.
Tarix üzrə fəlsəfə doktoru İbrahim Məmmədov Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu şərh edərkən bildirib ki, Azərbaycan dövlətinin yürütdüyü siyasət, dövlətimizin mədəniyyətlərarası dialoqa əhəmiyyət verməsi qiymətlidir: "...Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təkcə Azərbaycanın deyil, həm də bütün dünyanın həyatında əlamətdar bir hadisə kimi yadda qaldı.
Dünyanın bir tərəfində müharibələr, qanlı toqquşmalar, vətəndaş qarşıdurmaları, terror əməliyyatları, işğallar getdiyi bir zamanda, Azərbaycan humanist ideyaların öndə gedənlərindən biri kimi çıxış edir. Ümumdünya mədəniyyətlərarası dialoqa çağırışın məhz Azərbaycan Respublikasının paytaxtından start götürməsi Azərbaycan xalqının humanist, sülhpərvər xarakterini, həm də onun dövlətinin mövqeyini nümayiş etdirir".
İradə
SARIYEVA
Bakı xəbər.-2015.- 26 may.- S. 15.