Dövlətçilik
atributlarımız - üçrəngli bayraq, səkkizguşəli
ulduz, gerb, himn - əbədi qürur yerimiz...
(Əvvəli
ötən saylarımızda)
Azərbaycan Demokratik Respublikasının (1918-1920) varisi olan müstəqil Azərbaycan şanlı tarixə malikdir. Bildiyimiz kimi 28 may Respublika Günüdür. ADR-in bayrağı bayrağımız, himni himnimiz, dövlət atributları isə vacib dövlətçilik atributlarımızdır. 97 il əvvəl qurulan, xalqımıza azadlığı damla-damla dadızdıran ADR 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət kimi tarixə düşüb. 1918-ci il 28 may Azərbaycan Xalq Cumhuriyyətinin yarandığı gün kimi hər il keçirilir. Onu da vurğulayaq ki, 1990-cı ildən Respublika Günü dövlət bayramı kimi qeyd edilir.
Azərbaycan Gerbi
Cumhuriyyət tarixini araşdıran tədqiqatçıların verdiyi məlumata görə, müstəqil Azərbaycan Respublikasının Dövlət Gerbinin layihəsi 1918-1920-ci illərdə fəaliyyət göstərən Azərbaycan Xalq Cumhuriyyəti dövründə hazırlansa da, o illərdə onun qanunvericilik səviyyəsində təsdiqi və qəbul edilməsi mümkün olmayıb. Dövlət Gerbinin və möhürünün təsvirinin hazırlanması ilə bağlı müsabiqə elan edilməsi haqqında Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurası iki dəfə qərar qəbul edib. Birinci qərara əsasən, 1919-cu il martın 23-də «Azərbaycan» qəzetində Azərbaycan Xalq Cumhuriyyətinin Dövlət Gerbi və möhürü layihələrinin hazırlanması üçün müsabiqə elan edilib. Hökumətin qərarı ilə Azərbaycanın Dövlət Gerbi və möhürünün ən yaxşı təsvirinin hazırlanması üçün iki mükafat («Ən yaxşı gerb layihəsi»nə görə 1000 rubl, möhürə görə isə 500 rubl) müəyyənləşdirilib. Müsabiqənin müddəti həmin il aprelin 20-dək müəyyən edilmiş və bu işin təşkili və icrasına nəzarət Poçt və Teleqraf Nazirliyinə həvalə edilib. Lakin həmin müsabiqə uğurla nəticələnməyib və müvafiq gerb layihəsi qəbul edilməyib. Buna görə də Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurası 1920-ci il yanvarın 30-da «Azərbaycan Respublikasının Gerbi və möhürünün, milli himninin və hərbi ordenlərinin layihələrinin hazırlanması haqqında» yenidən qərar qəbul edib. Qərarın birinci bəndində hərbi ordenlərin yaradılması üçün müsabiqə elan edilməsi Hərbi Nazirliyə, ikinci bəndində isə milli himnin, Dövlət Gerbi və möhürünün layihələrinin hazırlanması ilə bağlı müsabiqə keçirilməsi isə Xalq Maarif Nazirliyinə həvalə edilib. Bu qərarı əsas tutan Xalq Maarif Nazirliyi 1920-ci il fevralın 19-da «Azərbaycan» qəzetində (19.02.1920, 33 sayında) Dövlət Gerbi və möhürünün təsvirinin, eləcə də milli himnin mətninin layihələrinin hazırlanması barədə müsabiqə elan edib. Müsabiqədə ən yaxşı milli himnin mətni və musiqisi üçün 50 min rubl, gerb və möhürün ən yaxşı təsvirinə görə isə 25 min rubl mükafat təyin edilib. Layihələr Xalq Maarif Nazirliyinə təqdim edilməli, milli istiqlalın ikinci ildönümünədək (28.05.1920) təsdiq edilməli idi. Lakin 28 aprel 1920-ci il rus-sovet istilası və Azərbaycan Xalq Cumhuriyyətinin süqutu buna imkan vermədi.
Azərbaycan Respublikasının müasir Dövlət Gerbinin yaranması
Tədqiqatçılar yazır ki, müasir Dövlət Gerbi Azərbaycan Xalq Cumhuriyyəti dövründə yaradılmış gerb layihəsinin müəyyən dəyişikliklərlə təkrarıdır. Azərbaycanın yeni Dövlət Gerbinin hazırlanması və təsdiqi məsələsinə bir də 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində baxılıb. Üçrəngli milli bayrağın bərpası və qəbulu ilə yanaşı, Dövlət Gerbi və Dövlət Himninin də qəbul edilməsi üçün müsabiqə elan olunması qərara alınıb. Bu məsələləri kompleks halda həll etmək üçün Azərbaycan Respublikasının keçmiş Ali Sovetinə müraciət olunub.
Azərbaycan Respublikası Ali Soveti 1991-ci il 5 fevral tarixli qərarı ilə üçrəngli Dövlət Bayrağını bərpa və qəbul etməklə yanaşı, «Azərbaycan Respublikasının Dövlət Gerbinin ən yaxşı təsviri üçün müsabiqə elan olunması haqqında» (05.02.1991, 20-XII) xüsusi qərar da qəbul edib. Qərara görə, Azərbaycan Respublikasının Dövlət Gerbinin ən yaxşı təsviri üçün 5 min manat mükafat təsis edilib, müsabiqəyə yekun vurulması isə Respublika Ali Soveti Rəyasət Heyətinə həvalə edilib. 1991-1992-ci illərdə müxtəlif mətbuat orqanlarında çoxlu yeni gerb layihəsi çap olunub və 1993-cü ilin əvvəllərində Azərbaycan Respublikasının Milli Məclisində həmin layihələr, eləcə də 1919-1920-ci illərdə hazırlanmış gerb layihəsi müzakirə edilib. Müzakirələrdən sonra Azərbaycan Respublikasının Milli Məclisi 1919-1920-ci illərdə hazırlanmış gerb layihəsini müəyyən düzəliş və təkmilləşdirmələrlə Azərbaycan Respublikasının Dövlət Gerbi kimi təsdiq etdi. Onu da qeyd edək ki, Dövlət Gerbi «Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında» Azərbaycan Respublikasının 19 yanvar 1993-cü il tarixli, 460 saylı Konstitusiya Qanunu ilə təsdiq edilib. Dövlət Gerbindən istifadə qaydaları isə «Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının 23 fevral 1993-cü il tarixli, 516 saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında Əsasnamə» ilə tənzimlənir. Həmin Əsasnaməyə 2 iyul 2002-ci il, 24 dekabr 2004-cü il və 3 mart 2006-cı il tarixlərində müəyyən əlavələr və dəyişikliklər edilib.
Dövlət Gerbindəki simvolların məna və funksiyaları...
Tədqiqatçıların yazdıqlarına istinad edərək qeyd edirik ki, dünya heraldika sənətində dövlət gerblərinin qalxan üzərində verilməsi təcrübəsi geniş yayılıb. Qalxandan dünya xalqları min illər boyu müdafiə, eləcə də milli simvolların nümayiş etdirilməsi məqsədilə istifadə edib. Bu da bəllidir ki, Şərq xalqlarında qalxan milli döyüş alətlərindən biri olub, qəhrəmanlıq simvoludur. Qərbdəkilərdən fərqli olaraq, Şərq qalxanı dairəvi formadadır. Dövlət Gerbinin həmin qalxan üzərində təsvir edilməsi Azərbaycanın Şərq dövləti olduğunu, millətin Şərq sivilizasiyasına mənsubluğunu, xalqın şərqliliyini bildirməyə xidmət edir. Qalxanın içərisindəki dairəvi mavi, qırmızı və yaşıl rəng çalarları Azərbaycan bayrağında ifadə olunan türkçülüyü, müasirliyi və islamçılığı təcəssüm etdirir. Qalxanın ortasında yerləşən səkkizguşəli ulduz günəşin simvoludur. Günəş (eləcə də Ay) dünya heraldika sənətində «əbədi, daimi, sonsuz həyat» mənasındadır. Günəş simvolunun ağ rənglə verilməsi isə «əminamanlıq, sülhsevərlik, barış» mənalarını verir. Günəşin mərkəzində alov təsviri Odlar Yurdu-Azərbaycanı simvolizə edir. Ümumiyyətlə, alov gerbşünaslıqda tərəqqi, inkişaf rəmzi sayılır. Bu simvolda qədim azərbaycanlılarda mövcud olmuş atəşpərəstlik, eləcə də oda sitayişlə bağlı milli (Novruz bayramında oda münasibət) ənənələr də nəzərə alınıb.
Dövlət Gerbinin qabarıq təsviri haqda yazan tədqiqatçı və tarixçilər bildirir ki, Azərbaycan Respublikası Prezidentinin İqamətgahına və xidməti kabinetinə;
Azərbaycan Respublikası Parlamentinin binasına, iclas salonuna və parlament sədrinin xidməti kabinetinə;
Azərbaycan Respublikasının bütün məhkəmələrinin, hərbi tribunallarının binalarına, məhkəmə iclaslarının salonlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi sədrlərinin xidməti kabinetlərinə;
Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda dövlət orqanlarının binalarına;
Azərbaycan Respublikasının diplomatik və ticarət nümayəndəliklərinin, konsulluq idarələrinin binalarına vurulur.
Himnimiz...
Azərbaycan Himninin yaranması da Azərbaycan Demokratik Respublikası dövrünə təsadüf edir. 1919-cu ildə dahi bəstəkar Üzeyir Hacıbəyovun şair Əhməd Cavadın sözlərinə yazdığı himn 1992-ci il 27 may tarixindən müstəqil Azərbaycan Respublikasının Himninə çevrilib.
Azərbaycan Marşı-Azərbaycan Respublikasının Dövlət Himni haqda tədqiqatçıların fikirlərinə istinad edərək bildiririk ki, 1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cumhuriyyətinin Nazirlər Şurası Cumhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul edib və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edilib. Tədqiqatçılar yazır ki, Xalq Maarif Nazirliyi dövlət himninin layihəsinin şərtlərini «Azərbaycan» qəzetində dəfələrlə elan edərək bildirib ki, təqdim ediləcək ən yaxşı Dövlət Himni layihəsinə görə 50 min manat mükafat təyin edilir. Müsabiqə iştirakçıları layihələrini həmin ilin may ayının 1-dək Xalq Maarif Nazirliyinin dəftərxanasına təqdim etməli idilər. Müsabiqənin nəticələri mayın 28-dək Azərbaycan Xalq Cumhuriyyətinin ikinci ildönümünə qədər elan edilməli idi. Lakin 1920-ci il aprelin 28-də Azərbaycanın Sovet Rusiyası qoşunları tərəfindən işğalı və Xalq Cumhuriyyətinin süqutu Azərbaycanın milli himninin qəbul olunmasına imkan vermədi. 1992-ci il mayın 27-də parlament «Azərbaycan Respublikasının Dövlət Himni haqqında» Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş «Azərbaycan Marşı» Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq edildi.
Himn haqqında qanun...
Rəsmi sənədlərdə qeyd edilir ki, Azərbaycan Respublikasının Dövlət Himni haqqında 1992-ci il mayın 27-də parlament «Azərbaycan Respublikasının Dövlət Himni haqqında» Qanun qəbul edib. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş «Azərbaycan Marşı» Azərbaycanın Dövlət Himni kimi təsdiq edilib. Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 2 mart tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət Himni haqqında Əsasnamə təsdiq edilib.
Musiqisi...
Tədqiqatçılar yazır ki, Cumhuriyyət illərində Üzeyir Hacıbəyov iki marş yazıb. Onların hər ikisi 1966-cı ildə türk musiqişünası Etem Üngörükün Ankarada nəşr etdirdiyi «Türk marşları» kitabında çap olunub.
Himnin mətn müəllifi haqqında mübahisəli fikirlər...
Bildiyimiz kimi, illərdir Azərbaycan Respublikasının Dövlət Himninin mətn müəllifinin həqiqi kimliyi müzakirə mövzusudur. Rəsmi sənədlərdə onun görkəmli Azərbaycan şairi Əhməd Cavada məxsus olduğu qeyd edilir. Lakin son zamanlar Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun alimlərinin himnin mətninin müəllifliyi barədə apardıqları tədqiqatlar nəticəsində məlum olub ki, 1919-cu ildə Bakıda nəşr olunan «Milli nəğmələr» məcmuəsində himnin sözləri «Cəmo bəy» imzası ilə çap olunub. Bu imza isə ADR dövründə həm parlament, həm də hökumət üzvü kimi fəaliyyət göstərmiş publisist və şair Cəmo bəy Hacınskiyə məxsusdur. Bu mövzu hələ də açıq qalır...
Hesab edirik ki, himnin mətninin hansı görkəmli şəxsiyyətə aid olmasını araşdırıb üzə çıxarmaq alimlərin, tədqiqatçıların işidir. Onu qeyd edə bilərik ki, himnin sözləri də, musiqisi də çox dəyərlidir və bütövlükdə müstəqil Azərbaycanın ruhunu ifadə edir, bizə vətən sevgisini, şəhidlik məktəbi keçən insanlara rəğbəti, vətəni, torpağı sevməyi, bayrağımızı, gerbimizi qoruyub onları uca tutmağı, dövlətimizin müstəqilliyini göz bəbəyimiz kimi qorumağı təlqin edir.
İradə
SARIYEVA
Yazı Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə çap
olunur.
Bakı xəbər.- 2015.- 30 may-1
iyun S. 15.