Azərbaycan dövlətçilik
tarixinin ADR dövrü...
Göz açdığım qədim torpaq,
Dayağımsan sən dünyada.
Doğma
anam, ey mehriban,
Ey qəhrəman,
Azərbaycan!
Addım-addım
qucağından
Odlu sellər
çağlasa da,
Həsrət
qaldın sən işığa,
Zaman-zaman,
Azərbaycan!
Yadellilər
damla-damla
Al
qanını sordu sənin,
Kimlər
sənin göz dikmədi
Torpağına,
Azərbaycan!
Bayrağını
endirdilər,
Ancaq
özün əyilmədin,
Alqış
bu gün o ucalan
Bayrağına,
Azərbaycan!
Səhər
kimi cavan sənsən,
Tarix kimi qoca sənsən.
Fatehləri
diz çökdürən
Vüqarımsan,
Azərbaycan!
Öz
müqəddəs dağlarından
Günəş
kimi uca sənsən,
Yer
üzündə mənim Odlar
Diyarımsan,
Azərbaycan!
Səhərlərin
qoy açılsın,
Təzə
nurlu bahar ilə,
Gələcəyə
mərd addımla,
Uğurla
get, Azərbaycan!
Şəhidlərin
al qanından,
Lalə
açmış yollar ilə,
İstiqlalın
sabahına
Qürurla
get, Azərbaycan!
Xalq şairi Nəbi Xəzrinin «İstiqlal marşı»
müstəqil Azərbaycanı tərənnüm edən,
onun tarixini pərdə-pərdə açan, dövlət
müstəqilliyimizin sabahına böyük ümidlər təlqin
edən poetik nümunədir. 1918-ci il Azərbaycan
Demokratik Respublikasının (ADR) varisi olan müstəqil Azərbaycan
şanlı tarixə malikdir. Bildiyimiz kimi, 28 may Respublika
Günüdür.
ADR-in bayrağı bayrağımız, himni himnimiz,
dövlət atributları isə vacib dövlətçilik
atributlarımızdır. 97 il əvvəl
qurulan, xalqımıza azadlığı damla-damla
dadızdıran ADR 1918-ci ildə müsəlman Şərqində
ilk dünyəvi demokratik dövlət kimi tarixə
düşüb. 1918-ci il 28 may Azərbaycan
Xalq Cumhuriyyətinin yarandığı gün kimi hər il
qeyd olunur. Onu da vurğulayaq ki, 1990-cı ildən
Respublika Günü dövlət bayramı kimi qeyd edilir.
Tarixçilərin verdiyi məlumata görə, 1917-ci
ildə Rusiyada baş verən fevral inqilabı nəticəsində
Çar İmperiyası devrildi. Ölkədə
çarizmin məzlum vəziyyətə saldığı
xalqların milli hərəkatı başlandı. 1918-ci
il mayın 28-də Azərbaycan Xalq
Cumhuriyyəti (1918-1920)-müsəlman Şərqində ilk
dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıların tarixi
yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi
kimi iz qoyub.
Məhəmməd
Əmin Rəsulzadə və silahdaşları tərəfindən
əsası qoyulan Azərbaycan Xalq Cumhuriyyəti türk və
islam dünyasında ilk parlamentli respublika
və ilk demokratik, hüquqi və dünyəvi dövlət
nümunəsi idi.
Azərbaycan müvəqqəti hökumətinin ilk
başçısı isə Fətəli Xan Xoyski olub. Məlum
olduğu kimi, 10 gün Milli Şura Tiflisdə işlədikdən
sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Qafqaz İslam
Ordusunun köməkliyi ilə Bakı daşnak-rus qüvvələrindən
təmizləndikdən sonra milli hökumət Gəncədən
Bakıya köçüb.
Bəlli olduğu kimi, Azərbaycan Cumhuriyyəti qısa
ömür sürüb, lakin böyük nailiyyətlər və
qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara
seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini
təmin edən cumhuriyyət o cümlədən milli ordu,
milli pul, demokratikləşmə, milli bank, azad seçkilər,
beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət
tərəfindən Azərbaycan istiqlalının rəsmən
tanınması, Azərbaycanın
bütövlüyünü təmin etmək, iqtisadi islahat və
s. müstəqil Azərbaycan Cumhuriyyəti təmin edib.
Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə
tanıyan ilk dövlət Osmanlı dövləti olub. Həmin tarixi
hadisə 4 iyun 1918-ci ildə baş verib.
Cumhuriyyət
tarixini araşdıran tədqiqatçılar qeyd edir ki,
1918-ci il 9 noyabr tarixində Məhəmməd Əmin
Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik
Respublikasının üçrəngli bayrağı qəbul
edilib. O zamana qədər Azərbaycan Demokratik
Respublikasının bayrağı qırmızı rəngdə
idi.
Azərbaycan Demokratik Respublikası gərgin və
mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay
fəaliyyət göstərə bilib. Tarixçilər
təəssüflə bildirir ki, müstəqil Azərbaycan
Cumhuriyyəti iki yaşına dolmadan bolşeviklərin
hücumuna məruz qalaraq müvəqqəti olaraq devrildi.
Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə
öz tərkibinə daxil etdi. Bolşeviklər
tərəfindən devrilməsinə baxmayaraq, istiqlal
ideyası yenilmədi və 1991-ci ildə Sovet
imperiyasının dağılması ilə Azərbaycan yenidən
öz müstəqilliyini elan etdi.
Dövlətçilik tariximizdə vacib tarixi sənəd
olan İstiqlal Bəyannaməsi Məhəmməd Əmin Rəsulzadənin
iştirakı ilə hazırlanıb. İstiqlal Bəyannaməsində
bildirilir: «1918-ci ilin may ayının 28-də Azərbaycan Milli
Şurası İstiqlaliyyət Bəyannaməsi ilə Azərbaycanın
şimal torpaqlarında Azərbaycan Demokratik Cumhuriyyəti
yarandığını elan etdi. Bu tarixi sənədə
görə, Azərbaycan qonşu xalqlar və dövlətlərlə
dostluq münasibəti quracaq. Müstəqil
Azərbaycan dövlətinin təşkil idarəsi xalq
cumhuriyyətidir. Azərbaycan Xalq Cumhuriyyəti
millət, məzhəb, sinif və cins fərqi görmür və
bütün vətəndaşların siyasi
hüquqlarını təmin etməlidir».
Onu da bildirək ki, 1991-ci ildə SSRİ
dağıldıqdan sonra Azərbaycan özünü Xalq
Cumhuriyyətinin varisi elan edib və ölkənin müstəqilliyi
yenidən bərpa olunub.
Azərbaycan Respublikası Milli Məclisinin saytında
ADR-in Milli Məclisinin tarixi haqda maraqlı qeydlər yer
alıb. Sənəddə
bildirilir ki, Azərbaycan Xalq Cumhuriyyəti Parlamenti (1918-1920-ci
illər) çox çətin və mürəkkəb bir
tarixi dövrdə meydana gəlib: «Rusiyada baş vermiş
1917-ci il fevral inqilabından sonra
Zaqafqaziyada Dövlət Dumasına seçilmiş deputatlardan
ibarət Zaqafqaziyanın idarəsi üzrə xüsusi komitə,
noyabrda isə Zaqafqaziya Komissariatı yaradılır.
Zaqafqaziyadan Rusiyanın Müəssisələr Məclisinə
seçilmiş və bolşeviklərin oktyabr
çevrilişindən sonra orada iştirak edə bilməyən
nümayəndələri 1918-ci il
fevralın 14-də Tiflisdə toplaşırlar və
Zaqafqaziyada ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini
yaradırlar. Zaqafqaziya Seymində və hökumətində
fəaliyyət göstərən hər üç millətin
nümayəndələrindən hər biri öz millətinin
mənafeyini Ümumqafqaz mənafeyindən üstün tuturdu.
Ümumi bir platforma yox idi. Bir
sözlə, yenidən parçalanma məsələsi
labüd idi. Nəhayət, 1918-ci il
may ayının 25-də Zaqafqaziya Seyminin son iclası
keçirilir. Gürcüstan Zaqafqaziya Seymindən
çıxaraq may ayının 26-da öz istiqlaliyyətini
elan edir.
Zaqafqaziya
Seymi dağıldıqdan bir gün sonra, mayın 27-də Azərbaycanın
istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökuməti
yaratmaq üçün Seymin 44 nəfər müsəlman
nümayəndələri Tiflisdə toplanır və Azərbaycanın
idarə olunmasını öz üzərinə götürmək
qərarına gələrək özlərini Azərbaycanın
Milli Şurası elan edirlər. M.Ə.Rəsulzadə
Azərbaycan Milli Şurasının sədri seçilir.
1918-ci il
may ayının 28-də Azərbaycan Milli Şurası Həsən
bəy Ağayevin sədrliyi ilə Azərbaycanın
istiqlaliyyəti haqqında bəyannaməni qəbul edir».
Sənəddə
vurğulanır ki, Azərbaycan Cumhuriyyəti Parlamentinin
çağırılması ilə əlaqədar Azərbaycan
Milli Şurası adından onun sədri M.Ə.Rəsulzadənin
imzası ilə 1918-ci il noyabr ayının 29-da Azərbaycan və
rus dillərində «Bütün Azərbaycan əhalisinə!» müraciətnaməsi dərc edilir.
Parlamentin
açılışı 1918-ci il
dekabrın 3-nə təyin olunsa da, Bakıda fəaliyyət
göstərən rus və erməni milli şuraları əleyhinə
olduqları Azərbaycan Parlamentinin açılmasına hərtərəfli
mane olmaq üçün bu ərəfədə Bakıya gəlmiş
müttəfiq qoşunlarının baş komandanı general
Tomsondan istifadə etməyə
çalışırdılar. General Tomsonla
aparılan danışıqlarla əlaqədar olaraq və qəzalardan
bütün deputatların Bakıya gələ bilməsini nəzərə
alaraq Parlamentin ilk iclasının açılışı
dekabrın 7-nə keçirilir. 1918-ci il
dekabrın 7-si H.Z.Tağıyevin Nikolayev (indiki İstiqlaliyyət)
küçəsində yerləşən keçmiş
Qız məktəbinin binasında müsəlman şərqində
ilk parlamentin birinci iclasının açılışı
oldu. Parlamenti açan Azərbaycan Milli
Şurasının sədri M.Ə.Rəsulzadə
böyük təbrik nitqi söyləyir. Ə.Topçubaşov
Parlamentin sədri, Həsən bəy Ağayev isə sədrin
birinci müavini seçilir.
Parlamentin 3 nəfərdən ibarət katibliyi də
seçilir, Mehdi bəy Hacınski baş katib seçilir. Sonra Azərbaycan
Cumhuriyyəti müvəqqəti hökumətinin sədri
F.X.Xoyski hökumətin fəaliyyəti haqqında hesabat verir
və hökumətin istefasını qəbul etməyi
Parlamentdən xahiş edir.
Parlament F.X.Xoyski hökumətinin istefasını qəbul
edir və yeni hökumətin tərkibini
formalaşdırmağı yenə də ona
tapşırır. Dekabrın 26-da F.X.Xoyski hökumət
proqramı və hökumətin tərkibi barədə
Parlamentdə məruzə edir. Proqram bəyənilir,
yeni tərkibdə hökumətin tərkibinə etimad
göstərilir. Azərbaycan Parlamenti
yarandığı ilk gündən öz işlərini
demokratik cumhuriyyətlərə xas təşkilati prinsiplər
əsasında qurur. Artıq 1919-cu ilin
axırlarına yaxın Parlamentdə 11 müxtəlif partiya
fraksiyası və qrupunu cəmi 96 deputat təmsil edirdi.
Bütün partiya fraksiya və qrupları
öz fəaliyyət proqramları haqqında bəyanatlar
verirlər. Bu bəyanatlarda ümumi bir məqsəd var
idi-gənc Azərbaycan Cumhuriyyətinin müstəqilliyi və
ərazi toxunulmazlığını, milli və siyasi
hüquqlarını qoruyub saxlamaq, Azərbaycan xalqının
və hökumətinin digər xalqlar və dövlətlərlə,
xüsusilə qonşu dövlətlərlə dostluq əlaqələrini
yaratmaq və möhkəmləndirmək, respublikada
hüquqi-demokratik dövlət quruluşunu bərqərar etmək,
geniş sosial islahatlar həyata keçirmək, ölkəni
müdafiə edə biləcək güclü ordu yaratmaq.
Cəmi 17 ay fəaliyyət göstərməsinə
baxmayaraq, Azərbaycan Xalq Cumhuriyyətinin Parlamenti
özünün həyatiliyi və yüksək
işgüzarlıq qabiliyyətini sübut etdi. Göstərdi
ki, Azərbaycan xalqı həqiqətən parlament idarəçiliyi
səviyyəsinə yüksəlib. O vaxt Azərbaycan
Cumhuriyyəti müsəlman Şərqində yeganə
parlamentli respublika idi. Bu dövr ərzində Azərbaycan
Xalq Cumhuriyyəti Parlamentinin 145 iclası keçirilib.
İlk iclas 1918-ci il dekabrın 7-də, son
iclas isə 1920-ci il aprelin 27-də olub. Fəaliyyət
müddətində Azərbaycan Cumhuriyyəti Parlamentinin
müzakirəsinə 270-dən yuxarı qanun layihəsi
çıxarılıb ki, onlardan da 230-a yaxını təsdiq
edilib. Parlamentin fəaliyyəti bilavasitə onun nizamnaməsi
rolunu oynayan «Azərbaycan Parlamentinin nakazı (təlimatı)» ilə tənzimlənirdi. Parlamentdə 11
komissiya fəaliyyət göstərirdi: maliyyə-büdcə,
qanunvericilik təklifləri, Müəssisələr Məclisinə
seçkilər keçirmək üzrə mərkəzi
komissiya, mandat, hərbi, aqrar məsələlər:
sorğular üzrə, təsərrüfat-sərəncamverici,
ölkənin istehsal qüvvələrindən istifadə
üzərində nəzarət, redaksiya və fəhlə məsələləri
üzrə komissiyalar. Azərbaycan Xalq Cumhuriyyəti
hüquqi dövlət yaratmaq üçün hakimiyyətin
qanunvericilik, icraedicilik və məhkəmə orqanlarına
bölünməsi prinsipini də nəzərdə tuturdu.
Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin bütövlükdə
fəaliyyəti daha çox ölkənin sosial-iqtisadi və
maliyyə problemlərinin həllinə, ölkənin siyasi və
ərazi toxunulmazlığını təmin etməyə, vətəndaşların
hüquqlarını qorumaq, dövlətin demokratik və
hüquqi əsaslarını möhkəmləndirmək, Azərbaycan
Cumhuriyyətinin dünya dövlətləri tərəfindən
tanınması üçün şərait yaratmaq, onun
xarici ölkələr, ilk növbədə isə yaxın
qonşuları ilə, siyasi, iqtisadi və ticarət əlaqələrini
yaratmağa yönəlmişdi. Eyni zamanda, bu dövr ərzində
vətəndaşlıq haqqında, ümumi hərbi mükəlləfiyyət
haqqında, mətbuat haqqında, Milli Bankın təsisi
haqqında, Bakı Dövlət Universitetinin yaradılması
haqqında, gömrük və poçt-teleqraf xidmətinin təkmilləşdirilməsi
haqqında, məhkəmə qanunvericiliyi haqqında və s.
sənədlər də parlamentdə müzakirə edilib və
qəbul edilmişdi. Azərbaycan Parlamentinin və
hökumətinin qarşısında duran ən mühüm vəzifələrdən
biri də Azərbaycan istiqlaliyyətinin beynəlxalq aləmdə
tanınması idi. Xarici siyasətdə
ilk addım olaraq Azərbaycan Respublikasının yaranması
barədə dünya ölkələrinin xarici işlər
nazirliklərinə məlumat verilməsi oldu. Lakin paytaxtın Gəncədə yerləşməsi
və xarici dövlətlərdə nümayəndəliklər
yaradılması ilə əlaqədar olan çətinliklər
Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyinin bu məsələ ilə bağlı Osmanlı
dövlətinə müraciət etməsinə səbəb
oldu.
Türkiyə ilə münasibətlərdə əhəmiyyət
kəsb edən Batumi danışıqları artıq müstəqil
respublikaların xarici siyasətində mühüm mərhələ
oldu. 4 iyun 1918-ci il «Osmanlı imperatorluğu hökuməti
ilə Azərbaycan Respublikası arasında dostluq müqaviləsi»
imzalandı».
97 il əvvəl yaranan ADR Azərbaycan
xalqının milli dövlətçilik şüurunun
oyanmasına və onun bir millət kimi formalaşmasına, gələcəkdə
azadlıq və müstəqillik uğrunda mütəşəkkil
siyası mübarizəyə hazırlaşmasına stimul
oldu. Onu da bildirək ki, dövlətin möhkəmlənməsinə
dövrü mətbuat da töhfələr verib. Ədəbiyyatşünaslar qeyd edir ki, Azərbaycan
Demokratik Respublikasının qurulduğu 1918-ci ildə Azərbaycan
xalqı tarixinin ən həyəcanlı günlərini
yaşayırdı. Ədəbiyyat və
sənət bu həyəcana tərcüman olur, milli istiqlal
günlərinə yaxınlaşmanın şövq və
sevinci içində yaşayır, böyük ümidini
bütün həssaslığı ilə tərənnüm
edirdi. Ədəbiyyatşünaslar yazır ki, milli
dövlətin yaranmasına ürəkdən sevinən və
bu böyük tarixi hadisədən vəcdə gələrək
onu öz əsərlərində tərənnüm edən
Azərbaycan yazıçı və şairləri Məhəmməd
Hadi, Hüseyn Cavid, Hacı Kərim Sanılı, Əhməd
Cavad, Abdulla Şaiq, Əmin Abid, Cəlil Məmmədquluzadə,
Üzeyir Hacıbəyov, Seyid Hüseyn, Cəfər
Cabbarlı, Abdulla Sur, Tağı Şahbazi Simurq, Yusif Vəzir
Çəmənzəminli, Firudin bəy Köçərli,
Üm-Gülsüm və İ.Aşurbəyli bilavasitə Azərbaycan
istiqlalına, milli dövlətə, bayrağa, gerbə,
türklük idealına və ümumbəşəri islami dəyərlərə
həsr etdikləri ən yaxşı ədəbi-bədii,
elmi-publisistik, fəlsəfi-tarixi əsərləri bu illərdə
yazıblar.
Bu
dövrdə qızğın fəaliyyət göstərən
«Yaşıl qələmlər» dərnəyinin Məhəmməd
Əmin Rəsulzadə, Ömər Faiq Nemanzadə, Əhməd
Cavad, Üzeyir Hacıbəyli, Əbdürrəhim bəy
Haqverdiyev, Nəcəf bəy Vəzirov, Salman Mümtaz,
Hüseyn Cavid, Abdulla Şaiq, Cəfər Cabbarlı kimi
görkəmli üzvləri var idi. Tarixi mənbələrdə
qeyd edilir ki, Azərbaycan Demokratik Respublikası dövründə
yazılan şeirlər özünü daha bariz şəkildə
göstərir.
Ardı var.
İradə SARIYEVA
Bakı xəbər.-2015.- 27 may.- S. 15.